Fiziokratiya

Fiziokratiya (fr. physiocrates, q.yun. φύσις — təbiət və κράτος — güc, hakimiyyət, «təbiətin hakimiyyəti» anlamında) — Fransa iqtisadi məktəbi.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Fransua Kene fiziokratizmin əsasını qoymuş və bu məktəbin rəhbəri idi. O, nəinki fiziokratlar məktəbinin əsasını qoymuş, hətta fiziokratizmin iqtisadi və siyasi proqramını formalaşdırmışdır. F.Kenenin ideyalarını və axtarışlarını XVIII əsrin ikinci yarısı Fransasının dövlət xadimi baş maliyyə nəzarətçisi Ann Raber Jak Tyürqo (1727-1781) davam etdirmişdir. Fiziokratizmin ideyalarını P.Dyupon de Nemur, Viktor Mirabo, P.Mersye de la Rivyer, Q.Letron təbliğ edirdilər. Belə ki, həqiqi fiziokratlar məktəbi, öz dövründə adlandırıldığı kimi "iqtisadçılar" məktəbi yaranmışdı.

Fiziokratizmdə olan bu ikililik onların dəyərin mahiyyətini başa düşməməsindən irəli gəlirdi. Belə bir hal onunla əlaqədar idi ki, Fiziokratların nəzəri bazası yox idi, əmtəə və dəyərin təbiətini onlar təhlil etməmişdilər. Fiziokratlar maddi nemətlərin artmasını təbiətin özü ilə əlaqələndirirdilər. Fiziokratların fikrincə kənd təsərrüfatında sərvətin artması istehsal prosesinə sərf olunan istehlak dəyərlərindən çox istehlak dəyərlərinin yaranması təbii amillərin hiss ediləcək dərəcədə artması ilə əlaqədardır.

F.Kene iddia edirdi ki, kənd təsərrüfatı "xalis məhsul" gətirən yeganə sahədir. Məhz buna görə də o izafi dəyəri renta ilə eyniləşdirirdi. Deməli, F.Keneyə görə torpaq rentası "xalis məhsulun", izafi dəyərin yeganə formasıdır.

Fiziokratlar iddia edirdilər ki, sənayedə izafi məhsul yaradılmır, kapitala görə sənayedə mənfəət də yoxdur. Kapitalistlərin gəliri yüksək əmək haqqı kimi izah edilirdi. Onlar belə hesab edirdilər ki, gəlir və fəhlənin əmək haqqı istehsal xərclərinə daxildir. Fiziokratlar, xüsusilə F.Kene belə hesab edirdilər ki, sənayedə yaradılan məhsulun dəyəri onun istehsalına çəkilən xərclərə bərabərdir. Beləliklə, fiziokratlar sənayedə, kənd təsərrüfatında və ticarətdə yaradılan mənfəət kateqoriyasını nəzərə almırdılar.

F.Kene ticarət mənfəətini qeyri-iqtisadi kateqoriya hesab edirdi və göstərirdi ki, ticarət mənfəəti haqq-hesabda aldatma yolu ilə əldə edilir. O, belə hesab edirdi ki, "xalis məhsul" tam mənası ilə torpaq sahibinə çatır, fermerlər guya xalis məhsuldan heç bir hissə almırlar, onlar özlərinin muzdlu fəhlələri kimi əmək haqqı alırlar. Fermerlərin və onların muzdlu fəhlələrinin aldıqları əmək haqqı da istehsal xərclərinə daxildir. Fiziokratların bu ideyasına görə guya fermerlər özləri özlərinə əmək haqqı verirlər. Faktiki olaraq bu o demək idi ki, kənd təsərrüfatında fermer-kapitalistlər və muzdlu fəhlələr eyni adamlardır.

Fiziokratların "xalis məhsul" haqqında olan təlimləri onların məhsuldar və qeyri-məhsuldar əmək haqqındakı konsepsiyaları ilə əlaqədar idi. Fiziokratların bu sahədə olan xidməti ondan ibarət idi ki, siyasi iqtisad elmində onlar əmək məhsuldarlığı anlayışını açıqlamışdılar. Onlar düzgün başa düşürdülər ki, məhsuldar əmək elə bir əməkdir ki, o izafi dəyər yaradır, yəni "xalis məhsul" istehsal edir. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, onlar məhsuldar əməyi kənd təsərrüfatına, əkinçiliyə tətbiq edilən əmək hesab edirdilər. Sənayedə tətbiq edilən əməyi qeyri-məhsuldar əmək adlandırırdılar. Daha dəqiq desək, sənayedəki əmək səmərəsiz əmək kimi qəbul edilirdi. Fiziokratlar iddia edirdilər ki, əmtəələr tədavülə irəlicədən müəyyən olunmuş qiymətlə daxil olurlar. Mahiyyət etibarilə bu o demək idi ki, dəyər istehsalda yaradılır. F.Kene dəyər kateqoriyasını həll etmədən əmtəənin dəyərə və istehlak dəyərinə malik olmasını ayırd edirdi.

Fiziokratlar, o cümlədən F.Kene bazar qiyməti şəraitində tələb və təklif arasında olan nisbətlə məhdudlaşırdılar. Məlumdur ki, fiziokratlar dəyər nəzəriyyəsi yaratmamışlar. Onların belə bir mövqeyi U.Petti və P.Buagilber ilə müqayisədə bir addım geri demək idi. Çünki U.Petti və P.Buagilber dəyərin əsasını əmək təşkil edir ideyasını vermişdilər, fiziokratlar isə bunun əksinə olaraq iddia edirdilər ki, dəyəri torpaq, təbiət yaradır.

F.Kene və ümumiyyətlə, fiziokratlar pul haqqında da heç bir nəzəriyyə yaratmamışdılar. Fransua Kene "Ticarət haqqında", "Sənətkar əməyi haqqında", "Əkinçilik dövlətinin iqtisadi siyasətinin ümumi prinsipləri və bu prinsiplərə qeyd" adlı əsərlərində göstərirdi ki, pul elə bir vasitədir ki, o mübadiləni yüngülləşdirir. O, pul yığımının əleyhinə çıxış edirdi, puldan dəfinə kimi istifadə olunmasını istəmirdi. F.Kene yazırdı ki, pul öz özlüyündə adamların tələbatını ödəmir və pul pul yaratmır. Əgər real sərvət yoxdursa pul sərvəti də səmərəsizdir və faydasızdır. Kene daha sonra göstərirdi ki, pul istehlak olunmur, təkrar istehsal edilmir, lakin daima sərvət mübadiləsi vasitəsi kimi çıxış edir.

F.Kenenin və onun məktəbinin nümayəndələrinin ideyalarının təhlili göstərir ki, əmək haqqı barədə olan merkantilistlərin fikirlərini onlar təkrar etmişlər. F.Kene əmək haqqını fiziki yaşayış minimumu hesab edirdi. O iddia edirdi ki, əmək haqqı adi, elementar tələbatı ödəməli və dəyişməz qalmalıdır.

Fiziokratların kapital haqqında olan nəzəriyyələri isə böyük əhəmiyyət kəsb edir. Merkantilistlər kapital ilə pulu eyniləşdirirdilər, Fiziokratlar isə kapitalın əşya tərkibini təhlil edirdilər. İstehsal xərclərinin təhlili F.Keneyə imkan verirdi ki, kapitalın tərkib hissələrini o ayıra bilsin. Əkinçilik işlərinə hər il sərf edilən xərcləri F.Kene illik avans adlandırırdı (toxum, iş qüvvəsi). Bir neçə il fəaliyyət göstərən kənd təsərrüfatı maşınlarına, tikililərə, mal-qaraya və s. çəkilən xərcləri isə ilkin avans hesab edirdi. F.Kene yazırdı ki, illik avans bir başa və tam şəkildə xərclərə daxildir, ilkin avans isə hissə-hissə istehsal xərclərinə daxil edilir. Lakin, kapitalın belə bir bölgüsünü-illik və ilkin avansı Kene kənd təsərrüfatı istehsalına aid edirdi. Odur ki, kənd təsərrüfatında fəaliyyət göstərən kapitalı o məhsuldar kapital adlandırırdı.

Merkantilistlər kapitalı bir çox tarixi dövrlərə aid kateqoriya adlandırırdılarsa da fiziokratlar belə fikri nəzərə almırdılar.

  • Блауг М. Физиократия // Экономическая мысль в ретроспективе = Economic Theory in Retrospect. — М.: Дело, 1994. — С. 21-27. — XVII, 627 с. — ISBN 5-86461-151-4.
  • Гейсман А., «О сущности физиократического учения и о его значении в истории политической экономии» (1849);
  • Кареев Н. И., Милюков П. Н. Физиократы // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
  • Кенэ Ф., Тюрго А. Р. Ж., Дюпон де Немур П. С. Физиократы. Избранные экономические произведения — М.: Эксмо, 2008.
  • Ларуш Л. Физическая экономика / Шиллеровский институт науки и культуры; [пер. с англ. и подгот. к изд. выполняли: Вознца В. А. и др.] — М.: Научная книга, 1997.
  • Подолинский С. А. Труд человека и его отношение к распределению энергии М.: Белые Альвы, 2005, ISBN 5-7619-0194-3
  • Смит А., «Богатство народов» (кн. IV, гл. 9);
  • Физиократы / Семенкова Т. Г. // Ульяновск — Франкфорт. — М. : Советская энциклопедия, 1977. — (Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров ; 1969—1978, т. 27).
  • Черковец В. Н. Первая экономическая система буржуазной политической экономии (физиократизм) // Всемирная история экономической мысли: В 6 томах / Гл. ред. В. Н. Черковец. — М.: Мысль, 1987. — Т. I. От зарождения экономической мысли до первых теоретических систем политической жизни. — С. 471-478. — 606 с. — 20 000 экз. — ISBN 5-244-00038-1.
  • Чернавский Д. С., Старков Н. И. и др. «Об эконофизике и её месте в современной теоретической экономике» 181 767—773 (2011)
  • Энгельс Ф., «Анти-Дюринг» (отдел 2, гл. X, содержащая оценку Марксом «Экономической таблицы» Кенэ);