Xəzər xaqanlığı (türk. Hazarlar; başq. Хазарлар; tatar. Хәзәрләр, Xäzärlär; ivr. כוזרים, Kuzarim; ərəb. خزر, Xazar; ukr. Хоза́ри, Chozáry; rus. Хаза́ры, Hazáry; fars. خزر, Xazar; yun. Χάζαροι) — VII və XI əsrlərdə arasında Xəzər dənizinin ətrafında, Van gölündən Qara dənizə və Kiyevə, Aral gölündən Macarıstana qədər olan torpaqlarda hökm sürmüş,[2] tarixi türk dövləti.[3] Xəzər sözü, kaz kökündən yaranmışdır. "Ka-zar", yəni sərbəst olan, bir yerlə bağlı olmayan mənasına gəlir.[4][5] Naməlum müəllif tərəfindən Qəznəvi hökmdarı Sultan Məhəmmədə həsr olunan Hüdud əl-aləm əsərinə görə Xəzər hökmdarları Ansa sülaləsindəndir[6] və bu sülalə öz növbəsində Mərkəzi Asiyadan gəlmədir.[7][8] Bəzi müəlliflər belə ehtimal edirlər ki, xəzərlər Böyük Hun imperiyasının qəbilələri arasında da olublar.[9] 586-cı ildən sonrakı Bizans mənbələrində xəzərlərə "Türklər" deyə müraciət edilir.[10] Türklərin İslamdan əvvəl Tanrıçılıq dinində olmasına baxmayaraq, 740-cı illərdə xəzərlərin əksəriyyəti yəhudiliyi qəbul etmişdilər. Habelə, Xəzər xaqanlığında paqanizm də geniş şəkildə yayılmışdı.[11] l-Bəlazuri qeyd edir ki, Böyük Boğa vaxtında Şamxor (Şəmkir) şəhəri yenidən quruldu və buraya xəzər əhalisi yerləşdirildi.
Xaqanlıq | |||
Xəzər xaqanlığı | |||
---|---|---|---|
ממלכת הכוזרים | |||
|
|||
|
|||
|
|||
Paytaxt | Bələncər, Səməndər, İdil, Sarkel | ||
Ən böyük şəhər | Sarkel, Tmutarakan | ||
Dilləri | Xəzər dili | ||
Rəsmi dilləri |
Xəzər dili Yəhudi dili |
||
Dövlət dini | Bütpərəstlik, İudaizm, islam, xristianlıq | ||
Ərazisi | 3 000 000 km² (VII əsr)[1] | ||
Əhalisi | 1 400 000 | ||
İdarəetmə forması | Mütləq monarxiya | ||
Xaqan | |||
• 618–628 | Tonq Yabqu | ||
• IX əsrdə hakimiyyətdə olanlar |
Bulan Obadiyah Zəkəriyyə Manasiya Benyamin |
||
• X əsrdə hakimiyyətdə olanlar |
Aaron Yusif David |
||
Vikianbarda əlaqəli mediafayllar |
Türk tarixi XIV əsrə qədər | |||||||
---|---|---|---|---|---|---|---|
Göytürk xaqanlığı 552–744 | |||||||
Qərbi Göytürk | |||||||
Şərqi Göytürk | |||||||
Avar xaqanlığı 564–804 | |||||||
Xəzər xaqanlığı 618–1048 | |||||||
Böyük Bolqar xanlığı 632–668 | |||||||
Dunay Bolqariyası | |||||||
İdil Bolqariyası | |||||||
Türkeş xaqanlığı 699–766 | |||||||
Uyğur xaqanlığı 744–840 | |||||||
Qaraxanlılar dövləti 840–1212 | |||||||
Qərbi Qaraxanlılar | |||||||
Şərqi Qaraxanlılar | |||||||
Peçeneq xaqanlığı 860–1091 |
Kimək xaqanlığı 743–1035 | ||||||
Dəşt-i Qıpçaq 1067–1239 |
Oğuz dövləti 750–1055 | ||||||
Şato sülalələri 923–979 | |||||||
Sonrakı Tan | |||||||
Sonrakı Tszin | |||||||
Sonrakı Xan (Şimali Xan) | |||||||
Qəznəvilər dövləti 963–1186 | |||||||
Böyük Səlcuq İmperiyası 1037–1194 | |||||||
Xarəzmşahlar dövləti 1077–1231 | |||||||
Rum sultanlığı 1092–1307 | |||||||
Dehli sultanlığı 1206–1526 | |||||||
Müəzzilər sülaləsi | |||||||
Xələclər sülaləsi | |||||||
Tuğluqoğulları sülaləsi | |||||||
Məmlük dövləti 1250–1517 | |||||||
Bəhri sülaləsi | |||||||
Digər türk sülalələri
Anadoluda | |||||||
Xəzərlərin paytaxtı 723-cü ilə kimi Səməndər, sonra isə İdil şəhəri olmuşdu. Şəhər Volqa çayının keçmiş adı ilə adlandırılmışdır. X əsrlərdə oturaq əhali əkinçilik, maldarlıq, bağçılıq və bostançılıqla məşğul idi. Xəzərlərdə ovçuluq geniş yayılmışdı, onlar balıqçılıqla da məşğul olmuşdular. Şəhərlərdə sənətkarlıq inkişaf etmişdi.
Xəzərlərin sərhədlərindəki xalqlar və dövlətlər ilə sıx əlaqələri olmuşdur. Xəzərlər Göytürk xaqanlığının tənəzzülü ilə əlaqədar tam müstəqillik əldə etdilər. Xəzərlər Bizans, Sasani, Ərəb imperiyaları ilə sıx əlaqələr qurmuşlar, slavyan qəbilələrini və İdil-bulqarlarını öz hakimiyyətləri altına almışlar.[12]
628-ci ildə Bizans-Sasani müharibəsində Bizansla ittifaqa girən xəzərlər Bizansın üstün gəlməsində önəmli rol oynamışdılar. Sasani-Bizans mübarizəsində Bizansın yanında iştirak edən Xəzər xaqanlığı, Bizans mənbələrinə görə 629-cu ildə Tiflisi ələ keçirdi. Bu isə Sasanilərin Qafqazdakı hərbi nüfuzuna zərbə vurmuş oldu. Bizans imperatoru III Leon 733-cü ildə oğlu Konstantini Xəzər xaqanının qızıyla evləndirdi. Ondan əvvəl Bizans imperatoru Herakleios (VII əsr) xəzərlər ilə bir müttəfiqlik müqaviləsi imzalamışdı.[12]
Xəzər-ərəb əlaqələri isə ən çox müharibə şəklində olmuşdur. İlk toqquşmalarda üstünlük xəzərlərin əlində olsa da, ərəb orduları VIII yüzillikdən sonra xəzərlər üzərində qələbələr əldə etməyə başlamışlar. Nəhayət, 737-ci ildə Xəzər xaqanı ərəblərdən sülh istəmiş və bundan sonra xəzərlər arasında İslam dini yayılmağa başlamışdır.[12]
Xəzərlərin yaşadıqları bölgə ticarət mərkəzi kimi də əhəmiyyətli yer sayılırdı.[12] IX yüzilliyin ortalarında peçeneqlərin İdil-Xarəzm ticarət yolunu ələ keçirmələri ilə əlaqədar başlıca gəlir mənbələrini itirən Xəzər xaqanlığı zəiflədi. Bu vəziyyətdən faydalanan Rus knyazları paytaxt İdilə və Qafqaza hücum etdilər. Ruslarla eyni zamanda Bizans imperiyasının qüvvələri da Xəzər xaqanlığının ərazisinə soxuldular.[13]
Digər türk tayfaları, Bizans və Kiyev-rus knyazlığı ilə aparılan müharibələr, habelə daxili münaqişələr xaqanlığın süqutuna gətirib çıxardı. İqtisadi tənəzzülə uğrayan və bir neçə cəbhədə müharibələr aparan Xəzər xaqanlığı 1048-ci ildə süquta uğradı.
Bu mövzuda araşdırma aparan bəzi SSRİ tarixçilərinin fikrincə, xəzərlər Şimali Qafqazın yerli xalqlarından biridirlər. Ümumi olaraq xəzərlərin etnik mənşəyi ortaq bir qərar yoxdur. Duqlas Morton, Dunlop və Piter Benjamin Qolden kimi tədqiqatçılar isə xəzərlərin telelərdən və ya uyğurlardan olduqlarını qəbul edirlər.[14] Fransız tədqiqatçı və tarixçi Renye Qroset, göytürklərin Jujan xaqanlığının hakimiyyətini ələ keçirməsi nəticəsində xəzərlərin qərbə köçən türk xalqlarından biri olduğunu yazır.[15] Əl-Məsudinin yazır ki, xəzərlər sabarların davamçılarıdır. Həmçinin Bizans və iranlılar tərəfindən "xəzər", eyni zamanda "türklər" kimi adlandırılıblar. D. M. Dunlop, Çin mənbələrində xəzərlərin "Ho-sa-K'o-sa" (çin dili: 突厥可薩部) adlandırıldıqlarını sübut etsə də, P. B. Qolden xəzərlər ilə uyğurlar arasında əlaqənin mümkün olmadığını və onların oğurlar ilə bağlı olduqlarını irəli sürür.[16] Qədim rus mənbələrində xəzərlər "ağ uqrilər", macarlar isə "qara uqrilər" kimi keçirdilər.[17] Yunan tarixiçisi Teofanis qeydlərində xəzərləri "şərqdən gələn türklər" adlandırır.[18] Xəzərlərin müasiri olan ərəb səyyah və coğrafiyaçıları olan İbn Havqəl və əl-İstəxri yazırlar ki, xəzər nə bir millətin, nə də xalqın adı deyil, yalnız paytaxtı İdil olan ölkəyə verilən addır.[19][20]
İstəxri xəzərləri, "ağ xəzərlər"[21] və "qara xəzərlərə" bölür. İstəxri qeydlərində ağ xəzərləri mavi gözlü və qırmızı saçlı olaraq qeyd edir. Qara xəzərləri isə dərilərinin qara rənginə istinadən hindlilərə bənzədir.[22] Bəzi mənbələrdə isə bu bölünmə sinfi bölünmə olaraq göstərilir. Yəni, qara xəzərlər aşağı təbəqə, ağ xəzərlər isə hökmdar təbəqəsi olmuşdur.[23] İbn Rəbbihi yazır ki, xəzərlər qara saçlı, mavi gözlü və açıq dərilidilər.[24] İbn Səd əl-Məğribi də İbn Rəbbihinin fikrinə qatılaraq yazır: "Xəzərlər ağ rəngli, mavi gözlü, qırmızı saçlı və böyük bədənlidirlər".[25]
Göytürk xaqanlığı dövründə xəzərlər, Göytürk xaqanlığının qərb qanadını təşkil edirdilər. Göytürklərin dağılmasından sonra, müstəqil olmuş xəzərlər, Kuban çayı və Azov dənizi arasındakı ərazidə məskunlaşmışlar.[26] Xəzərlər buradakı digər türk boylarını da özlərinə tabe etmiş[27] və VII–X əsrlərdə Xəzər dənizi ilə Qara dənizin şimalında hakimiyyət qurmuşlar.[27] X əsr tarixcisi Məsudi yazır ki, iranlıların "xəzər" dedikləri qövmə, türklər "sabar (sabir)" deyirdilər.[28] Xəzər xaqanlığının hakimiyyəti altındakı torpaqlar bir dövrlərdə türklərin qərbdən şərqə doğru böyük köçünün üzərində yerləşdiyi üçün bir çox hun, ogur, fin-uqor və avarlardan olan köçərilər də bu ərazidə məskunlaşırdılar.[29] Xəzərlər haqqında məlumat verən gürcü mənbələrinə görə, xəzərlər bu əraziyə miladdan əvvəlki dövrlərdə gəliblər.[30] Xəzərlərinn tarix səhnəsinə çıxmaları isə II əsrin sonlarına təsadüf edir.[31] 198-ci ildə barsillərlə birləşən xəzərlər, Ərməniyyə ərazisinə hücum etmişlər. Xəzərlər III əsrin əvvələri, IV əsrin ortalarına qədər Ərməniyyədə Bizansa qarşı Sasanilərlə birlikdə döyüşmüşlər. IV əsrin ikinci yarısından başlayaraq Sasanilərin Ərməniyyəni ələ keçirərək onlara xəyanət etməsindən sonra Bizansla birləşərək Sasanilərə qarşı mübarizə aparmışlar. Buna cavab olaraq Sasanilər Qafqazdakı qəbilələri ilə xəzərlərə qarşı birləşdilər.[32]
Atillanın isə 434-cü ildə Hun imperatoru olması ilə xəzərlər bir müddət Qərbi Hun imperiyasına tabe oldular.[33] Ancaq Attillanın ölümündən sonra Hun imperiyasından ayrılan xəzərlər yenidən Sasani torpaqlarına hücum etməyə başladılar. Müqavimət göstərə bilməyən Sasanilər Bizansdan kömək istədilər. V əsrdə xəzərlər Avar xaqanlığına tabe oldular. 558-ci ildən etibarən tez-tez davam edən Sasani-xəzər müharibələri Sasani hökmdarını Dərbənd və Qafqazın keçidlərində bir sıra qalalar və səddlər tikməyə məcbur etmişdir.[34] Getdikcə qüvvətlənən xəzərləri məğlub edə bilməyəcəyini başa düşən Sasani hökmdarı Ənuşirvan, şimal tərəfdən olan təhlükənin qarşısını almaq üçün xəzərlər ilə dostluq münasibətləri yaratdı.[35] Bu dostluq münasibətləri davamlı olmadı. Beləki, Çorpan Tərxanın rəhbərliyi altında 626–627-ci illərdə xəzərlər Bizans ilə birləşərək Araz çayına qədər bütün Şimali Azərbaycanı və Ərməniyyəni ələ keçirdilər. 629-cu ildə Tiflis ələ keçirildi. Beləliklə, Sasanilərlə mübarizədə Xəzər xaqanlığı Bizansın ən yaxşı müttəfiqi oldu. Xəzərlər 582-ci ildə Göytürk xaqanlığı olaraq iki qrupa bölündükdən və Qərb Göytürk xaqanlığının süqutundan sonra müstəqil bir xaqanlığa çevrildilər. 630-cu ildə siyasi və hərbi gücünü sürətlə genişləndirən Xəzər xaqanlığı tam müstəqil oldu.[36][37]
Xəzər-Bizans müttəfiqliyi nəticəsində zəifləyən Sasani imperiyası 632–634-cü illərdə Ərəb xilafətinin qüvvələri tərəfindən dağıldı və İran ərazisi ərəblərin əlinə keçdi. Beləliklə, hakimiyyətini genişləndirməyə çalışan Ərəb xilafəti Ərməniyyə vasitəsilə Qafqaza və Suriya yolu ilə Anadolu ərazisinə soxulmağa başladı. Xəzərlərin ərəblərlə mübarizəsi şiddətli və davamlı olmuşdu. İlk böyük toqquşma 651–652-ci illərdə Xəlifə Ömər dövründə baş vermişdi. Xilafət ordusu Xəzəryanı torpaqları və Dərbəndi tutaraq Xəzər xaqanlığının paytaxtı Bələncərə çatsa da,[38][39] məğlubiyyətə uğrayaraq geri çəkildi. Bələncərin Xilafət tərəfindən işğalından sonra Xəzər xaqanlığının paytaxtı Aşağı İdilə köçürüldü. Əks-hücuma keçən Xəzər qüvvələri isə Ərməniyyəni ələ keçirdilər.[40]
Bu dövrdə Qara dənizin şimalındakı Böyük Bulqar xaqanlığı isə, Xəzər xaqanlığı ilə rəqabət apara bilməyərək parçalandı. Böyük Bulqar xaqanlığının İdil bulqarları və Tuna bulqarlarına ayrılmasından istifadə edən Xəzər xaqanı Dneyprə qədər əraziləri ələ keçirdi.[41] VII əsrin sonlarında Xəzər xaqanlığı Krımı ələ keçirdi. Habelə, ölkənin cənub sərhədindəki Xilafətin Şimali Qafqaza gedən bütün yolları Xəzər xaqanlığının qüvvələri tərəfindən bağlandı. Xilafət ordusu Xəzər qüvvələrinin müqavimətini qıra bilmirdi.[42] 652–656 illərdə Xəlifə Osmanın öldürülməsi nəticəsində Xilafətin daxilindəki qarışıqlıqdan istifadə edən xəzərlər Arrana qədər ərazini ələ keçirdilər.
Xəlifəsi Müaviyə dövründə Qafqazdakı toqquşmalar yenidən canlandı. Ancaq 717-ci ildə Konstantinapola hücuma hazırlaşan Xilafət, Qafqazdakı hərbi əməliyyatları dayandırdı. Xəzərlər 717–718-ci illərdə Şirvana daxil oldular, bir müddətdən sonra isə Azərbaycanın böyük bir hissəsini işğal etdilər.[43] Xilafət ordusu yenidən güc toplayıb hücum etsə də Şimali Qafqaza qədər irəliləyə bilirdi. 731-ci ildə Xəzər xaqanlığı Qafqazda irəliləyən Xilafətə qarşı, böyük sayda hərbi qüvvəylə hücuma keçərək Mosula qədər irəlilədi. Həmçinin Ərməniyyə də ələ keçirildi və vali Cərrah öldürüldü.[44] Yalnız ərəb sərkərdəsi Səid əl-Xarəşinin əks-hücumu nəticəsində xəzərlər geri çəkildilər.
722–723-cü illərdə Mərvan ibn Məhəmməd Ərməniyyə və Azərbaycan hakimi təyin olundu. Onun hakimliyi dövründə Xilafət Qafqazda böyük uğurlar qazandı. Döyüşlərdə davamlı qalibiyyət əldə edən ərəblər, Səməndər və Xəzər xaqanlığının digər böyük şəhərlərini ələ keçirdilər.[44] Müharibədə xəzərlərdən itki və əsir çox olduğu üçün Xəzər xaqanı sülh təklifi etdi. Ərəblər Xəzər xaqanının ərəb hökmranlığını və İslamı qəbul etmək şərtilə sülh təklifini qəbul etdilər.[44] Bundan əlavə, paytaxt İdildə iki fəqih qalmalı və əhaliyə İslamı öyrətməli idi, lakin ərəblərin geri dönməsindən sonra Xəzər xaqanı keçmiş dininə döndü. Mərvanın dövründə Xəzər xaqanlığı və Xilafət arasındakı münasibətlər sülh şəklində olmuşdu.[45] Abbasilər hakimiyyətə gəldikdən sonra da böyük dəyişiklik olmadı. 763-cü ildən sonra tərəflər arasında böyük hərbi əməliyyatlar, xırda toqquşmalar ilə əvəz edilmişdi.[46]
Xəzərlərin Xilafət ərazisinə son hücumları xəlifə Harun ər-Rəşid dövründə olmuşdur. Xəlifə xəzər ordusunun qarşısını almaq üçün sərkərdəsi Yezidi Ərməniyyəyə göndərdi. Yezid xəzər ordusunu Ərməniyyədən çıxarmağa müvəffəq oldu.[47] Bundan sonra dövr mənbələrində xəzər hücumlarından danışılmır.
Xəzər xaqanlığı VII əsrdə Krım qotlarını özünə tabe etdi. 787-ci ildə isə Cənubi Krımdakı Doros (indiki Manqup) qalasını da ələ keçirən xəzərlər, qotların Krımdakı hakimiyyətlərinə tamamilə son qoydular.[48] Qara dənizin şimal hssəsinin və Krımın Xəzər xaqanlığı tərəfindən tutulması, Xəzər xaqanlığı və Bizans arasındakı əlaqələrin daha da sıxlaşmasına gətirib çıxarmışdır.[49] Xəzərlərin Krımı tutmasından əvvəl, 695-ci ildə taxtdan salınmış Bizans imperatoru II Yustinian Krım qotlarına sığınmışdı. Qotlar da II Yustinianı Xəzər xaqanı Busirə təhvil verdilər. 704-cü ildə Busir xaqan öz bacısını II Yustinian ilə evləndirdi. Yenidən Konstantinopola dönən II Yustinian hakimiyyəti ələ keçirsə də yenidən taxtdan salındı və öldürüldü.[50]
Ərəb xilafətinə və Sasanilərə qarşı müharibələrdə Xəzər xaqanlığı və Bizans imperiyası arasında müttəfiqlik olmuşdur. Əlaqələri möhkəmləndirmək üçün Bizans imperatoru III Leon, Bihar xaqanın qızıyla evlənmişdir. III Leonun Bihar xaqanın qızından olan oğlu IV Leon atasının ölümündən sonra 775-ci ildə Bizans taxtına çıxmışdır. Qohumluq diplomatiyasının da nəticəsi ilə iki tərəf arasında ticarət əlaqələri inkişaf etdi. 834–835-ci illərdə Xəzər xaqanlığının macarları və peçenəqləri nəzarət altında saxlamaq üçün inşa etdiriyi Sarkel qalasının tikilməsinə Bizans hökmdarı Feofil də dəstək göstərmişdir.[51]
Xəzər-Bizans münasibətləri İmperator I Romanos Bizansın yəhudilərə qarşı olan münasibətilə pozulmuşdur. Beləliklə, Bizansdan qovulmuş bir çox yəhudi Xəzər xaqanlığına sığındı və 932-ci ildə Bizans və xəzərlər arasındakı münasibətlər yenidən pozuldu.[52] Xəzər xaqanı Bizansa cavab olaraq xaqanlıq ərazisindəki xristianları təqib etməyə başladı. Bu xəbər Bizans imperatoru I Romanosa çatdıqda imperator Xəzər xaqanlığına qarşı Kiyev knyazlığı ilə müttəfiqlik əlaqələri qurmağa başladı.[53] Əlavə olaraq Bizans peçeneqlər, uzlar və alanlar ilə birləşərək Xəzər xaqanlığına hücum etsə də məğlub olmuşdur.[54]
Dövrün mənbələri Xəzər xaqanlığı ilə rus-slavyan tayfaları arasındakı əlaqələr haqqında 859-cu ildən sonra məlumat verməyə başlayıblar. İlk məlumatlarda xəzərlərin polyan, severyan, radimiç və vyatiç kimi rus-slavyan tayfalarını özlərinə tabe etdikləri və bac aldıqları haqqındadır. 884-cü ildə bu vəziyyətin qarşısını almaq üçün hərəkətə başlayan Kiyev knyazı Oleq Veşiy, həmin ildə severyanların üzərinə hücuma keçərək xəzərlərə bac vermələrini dayandırmaqlarını tələb etmişdi.[55] 884-cü ildə rus-slavyan tayfaları xəzərlərə qarşı birləşdilər. Tərəflər arasında baş verən hərbi toqquşmalar Xəzər xaqanlığının ağır məğlubiyyəti ilə nəticələndi. 892-ci ildə ruslar 55 gəmisi ilə Xəzəryanı torpaqlara hücuma keçdilər. Ciyl və Deyləm sahillərinə, Təbəristan və Abaskun ərazilərinə ordu çıxardılar. Əhalini qarət etdikdən sonra bol qənimətlə geri döndülər. Slavyanlar Xəzər xaqanlığı ərazisindən keçib getdikləri üçün qənimətin bir hissəsini də Xəzər xaqanına verdilər, lakin Xəzər xaqanının müsəlman əsgərləri, rusların nə etdiklərini öyrənərək, ruslara hücum etmək üçün xaqandan icazəni istədilər. Xəzər xaqanı onların bu tələbinə müsbət cavab verdikdən sonra slavyanlara hücuma keçərək onları darmadağın etdilər.[56]
IX əsrin ikinci yarısından başlayaraq, ruslar Xəzər ərazilərində əsasən ticarətlə məşğul olmağa başladılar. Əldə etdikləri rahatlıq slavyanların Kiyev şəhərini də xəzərlərdən almasına gətirib çıxardı.[48] Habelə, Dnepr çayından Qara dənizə qədər olan böyük ticarət yolları da slavyanlar tərəfindən ələ keçirildi. Xəzərlərin itirdikləri torpaqkardakı slavyan tayfaları da asılıqdan çıxdılar və Xəzər xaqanlığına vergi verməkdən imtina etdilər. 913-cü ildə ruslar Xəzər xaqanından icazə alaraq xaqanlıq torpaqlarından keçmiş və bəzi ərazilərə yürüşlər etmişlər. Razılığa əsasən əldə olunan qənimət bölüşdürülmüşdür, lakin 925-ci ildə rusların Xəzər xaqanından icazəsiz olaraq, xaqanlığın ərazisindən keçməyə başladılar. Bu xəbər Xəzər xaqanına çatdıqda Tmutarakan şəhəri yaxınlığında rusların qarşısını kəsmiş və onları məğlubiyyətə uğratmışdır. 939-cu ildə Kiyev knyazı I İqor yenidən Xəzər xaqanlığı ərazisinə, Tmutarakan şəhərinə hücuma keçdi. I İqorun hücumunun qarşısı alınsa da, yaranmış qarışıqlıqdan istifadə edən Bizans qüvvələrinin qarşısı alına bilmədi. Belə ki, Bizans qüvvələri Krım yarımadasının bir hissəsini ələ keçirdilər. 939-cu ildə Krıma yürüş təşkil edən Xəzər xaqanı II Aaron Bizans qüvvələrini Krımdan çıxardı. 941-ci ildə əks hücuma keçən Bizans donanmasının da qarşısı alındı. 944-cü ildə ruslar, xəzərlərin ərazisindən keçərək o dövrdə Qafqazın mərkəzi sayılan Azərbaycanın Bərdə şəhərinə hücuma keçdilər, kütləvi qırğınlar və qarətlər törətsələr də Xəzər xaqanlığı tərəfindən heçbir cavab tədbiri görülmədi.[57] I Svyatoslav 965-ci ildə Xəzər xaqanlığı üzərinə yürüş təşkil etdi. Yürüş xəzərlərin məğlubiyyətilə nəticələndi və Sarkel şəhəri ruslar tərəfindən ələ keçirildi.[58][59]
IX əsrin ortalarına qədər inkişaf edən Xəzər xaqanlığı əsrin sonlarına doğru zəifləməyə başladı. Beləliklə, xəzərlərin ərazisində və sərhəd bölgələrində yaşayan türklər xəzərlərə qarşı aktivləşdilər. IX əsrin sonlarında qıpçaq və uzların Xəzər xaqanlığına hücumları dəf edilsə də onları tam məğlub etmək mümkün olmadı.[60] 854-cü ildə kəbərlər, sonradan macarlar və bulqarlar xəzərlərin hakimiyyətindən çıxdılar. Həmçinin qərbdəki peçeneqlərin hücumları Xəzər xaqanlığının süqutunun sürətlənməsinə böyük təsir göstərdi. Peçeneqlər 860–880-ci illərdə uzlara qalib gələrək Xəzər xaqanlığı torpaqlarına, Don və Kuban çaylarının sahillərinə köç etmişlər.[61]
Macarlar xəzərlərin hakimiyyətindən çıxdıqdan sonra Xəzər xaqanlığının himayəsi altında Macar dövlətinin (Arpad sülaləsi) əsasını qoydular.[62][63] IX əsrin sonlarında, bulqarlar və peçeneqlərin macarları darmadağın etməsi nəticəsində, macarlar qərbə, indiki Macarıstan ərazisinə köç etdilər.[62] 9-cu əsrin əvvəllərində peçeneqlər yenidən xəzərlərə hücum etsələr də, oğuzların köməyi bu hücumların qarşısını almağa Xəzər xaqanına böyük dəstək oldu. 970-ci ildən etibarən xəzərlərin nəzarətində yaşayan xalqların müstəqilləşməsi və peçeneq, uz, kuman-qıpçaq kimi türk tayfalarının hücumları nəticəsində Xəzər xaqanlığının onsuzda zəifləyən hakimiyyəti daha da ağır zərbə aldı.[64] Xəzərlərdən bəziləri 965-ci ildən sonra Krımda, digərləri isə Xəzər dənizi və Qafqazda öz varlıqlarını davam etdirdilər. Bunun əsas səbəbi isə artıq torpaqların xəzərlərin idarəsi altından çıxması və burada başqa türk tayfalarının yerləşməsi idi.[57] Habelə kuman-qıpçaqların Qərbi Sibirdən Volqa sahillərinə köç etmələriylə xəzərlərin Xarəzm və Türkistanla ticarət əlaqələrinin qarşısı kəsildi.[65] Beləliklə hərbi və iqtisadi cəhətdən zəifləyən Xəzər xaqanlığlına son zərbə kuman-qıpçaqlar tərəfindən vuruldu.[66]
Xəzərlər I Svyatoslavın Kerç boğazını və Qafqazın Kuban sahillərini elə keçirməsinə baxmayaraq Krım ətrafında varlıqlarını davam etdirdilər. Bizans mənbələrinə görə ruslar və digər türk boyları müttəfiqlik quraraq Xəzər xaqanlığının dağılmasına səbəb oldular. Belə ki, 1016–1019-cu illərdə Bizans və Kiyev knyazlığı xəzərlərə qarşı ittifaq qurdular. Bizans imperatoru II Basileiosun göndərdiyi donanmanın köməkliyi ilə Kiyev rus knyazlığı Xəzər xaqanlığının tabeliyində olan Tmutarakan və ətrafını ələ keçirdilər. Müqavimət göstərən xaqan Georgius Tzul isə əsir alındı. Xaqan xristianlığı qəbul etdi və Arbon ləqəbini götürdü. Mstislav bundan sonra Tmutarakan knyazı olmuş və 1022-də ordusuna aldığı xəzərlərin da köməyiylə Kiyevdeki qardaşı I Yaroslava qarşı döyüşmüşdür. 1016-cı ildən sonra müstəqilliklərini Aşağı İdil boylarında, Azov və Krımda kiçik xanlıqlar quraraq davam etdirən xəzərlərə son zərbəni 1030-cu ildə peçeneqlər endirmişdir.[41] 1095-ci ilə aid rus mənbələrində xəzərlər artıq Rus knyazlarına tabe olduqları xatırlanır.[66][67] Xəzər Xaqanlığı Bizans imperatorluğunun da təsirləri səbəbiylə XI əsrdə süqut etmişdir.[51]
Şaban Kuzquna görə xəzərlərin süqut səbəbləri daxili və xarici olmaq üzrə 2 hissəyə ayrılır. Xarici səbəblərin ən əhəmiyyətlisi, xəzərlərin coğrafi baxımdan son dərəcə əhəmiyyətli bir bölgəni əllərində saxlamalarıdır. Daxili səbəblərin başlıcaları isə; Ölkədə xəzərlərin geniş bir sahəyə yayılmasıyla; din, dil, birliyinin yox olması, hərbi sistemin pozulması və ölkənin passivləşməsi idi.[68]
Qoldenə görə xaqanlığın X əsrin ikinci yarısından sonra süqutu qaçınılmaz idi. Xəzərlərin süqutu İudaizm dinində olduqları üçün deyil, mərkəzləşdirilməyən dövlət quruluşunun yəni köçəri tayfa ittifaqının zəiflikləri və İdil ətrafında dəyişən iqtisadi tarazlıqlarla əlaqədardır.[69] Dövlətin dağılmasından sonra macarlar da daxil olmaqla müxtəlif xalqların arasına dağılan xəzərlərin bir qismi macarların hərbi qulluğuna daxil oldular. Dunlopa görə rusların donanmasının olması və belə bir donanmanın xəzərlərdə olmaması xəzərlərin quruda qazandıqları döyüş üstünlüklərini itirmələrinə gətirib çıxarmışdır.[70]
Xəzər xaqanlığının dövlət idarəetməsi Göytürk xaqanlığının idarə sisteminin davamı olsa da, bəzi fərqli məqamlar özünü göstərirdi. Hüdud əl-aləm əsərinə görə, dövlətin başında duran hökmdar yəni xaqan, Aşina sülaləsindən gəlirdi və qədim türk adətlərinə uyğun olaraq İlahi mənşəli sayılırdı. Buna görə də xaqan olmaq üçün bu sülalədən olmaq lazım idi.[6] Xaqanlıq atadan oğula keçirdi və xaqanların Asena adlı dişi canavarın soyundan olduqlarına inanılırdı.[71] Xəzərlərdə "xaqan qətl etmə" adəti vardı. Ərəb tarixçisi İstəxriyə görə xaqan vəzifəyə başladıqdan sonra müəyyən yaş müddəti müəyyən olunur və bu müddət tamam olduqdan sonra xaqan öldürülürdü.[72] İbn Fədlana görə isə xaqan ən azı 40 il hakimiyyətdə qalırdısa yaşlılığın görə öldürülürdü. Bunun səbəbi isə hökmdarın qocalması, düşünmə və hökm vermə qabiliyyətini itirməsi düşüncəsi idi.[73]
Digər türk dövlətlərində olduğu kimi Xəzər xaqanlığında da xaqanın müqəddəs bir gücü olduğuna inanılırdı. Xalq quraqlıq, qıtlıq və müharibələrdə uğursuzluqla üzləşərdisə bunda xaqanı günahkar hesab edirdilər və bu onun öldürülməsinə səbəb olurdu.[74] Xaqanın köməkçisinə kündür, onun da köməkçisinə çavışqır deyilirdı. Bu şəxslərdən başqa heç kim xaqanın yanına girə bilməzdi. Xaqanın düşmənə qarşı göndərdiyi ordu məğlub olardısa, qaçaraq geri dönənlər öldürülərdi, komandan və xaqan köməkçisi cəzalandırılırdı. Xəzərlərə tabe olan digər qövmlər mərkəzdən göndərilən il-teber və ya tudun deyilən şəxslər tərəfindən idarə olunurdu.[73] Xaqanın həyat yoldaşına digər türk dövlətlərində olduğu kimi xatun deyilirdi. Xaqan öldükdən sonra xüsusi diqqətlə hazırlanmış məzarda dəfn olunurdu.[71] Zaman keçdikdə Xəzər xaqanının mövqeyi zəiflədi. O.Pritsaka görə tarixçi əl-Yəqubinin IX əsrə aid olan yazılarında 799-cu ildə xaqanın həm ən üst səviyyədə idarəçi, həm də ordu komandanı olduğunu, ancaq 833-cü ilə gəldikdə isə səlahiyyətlərini digər bir idarəçi olan "bek"lə bölüşdüyünü yazırdı.[75] İbn Fədlana görə bekin hər cür qadağa qoymağa, cəzalandırmağa, bağışlamağa və dövlət işlərini idarə etməyə səlahiyyəti çatırdı.[76] Buna baxmayaraq yenə o dövrün qaydalarına görə bek sıralamada yalnız titulu kimi qalmış xaqandan sonra, ikinci gəlirdi. Bekin ən önəmli məsuliyyətlərindən biri də ordu komandanlığını yerinə yetirməkdi. Xəzər xaqanlığında idarəetmədə üçüncü pillədə duran şəxsə kender, dördüncü pillədə duran şəxsə isə cavışqar (kenderin vəkili) deyilirdi. Beşinci pillədə isə tərxan qərar tuturdu. Tərxanın vəzifəsi Xəzər xaqanlığı ordularında alay komandanlığını yerinə yetirmək və köməkçi ordulara komandanlıq etməkdi. Eyni zamanda VIII əsrdə Atilin valisi də tarxan titulunu daşıyırdı.[77]
İstəxriyə görə Xəzər xaqanlığının ordusu 12000 nəfər idi. Əsgərlərin bir qismi istisna olmaqla digərləri nizamlı şəkildə maaş almırdı. Onlar maaşlarını uzun müddətə və nizamlı olmayan aralıqlarla alırdılar. Xəzərlərin muzdlu döyüşçüləri yox idi və şəhərlərin müdafiəsi könüllülər tərəfindən həyata keçirilirdi. Buna baxmayaraq IX əsrin ortalarından başlayaraq ticarətin inkişaf etməsi ilə hərblə məşğul olanların sayı getdikcə azalırdı və bu da muzdlu döyüşçülərin yaranıb saylarının artmasına səbəb oldu.[74] Bundan başqa Xarəzmdən gələn və "arsiya" adlandırılan İran mənşəli müsəlman əsgərlər xaqanın şəxsi mühafizəsini təşkil edirdi. Bundan başqa mənbələrdə Xəzər ordusunda rusların da yer aldığına rast gəlinməkdədir.[78] Xəzər ordusunun dəniz qüvvələri olduğuna isə rast gəlinmir.[79]
Xəzər xaqanlığında vilayət hakimi vəzifəsini yerinə yetirənlər tudun adlanırdı və onlar xaqan tərəfindən təyin olunurdu. Tudunların vəzifəsi vergi yığmaq və gömrüyə nəzarət etməkdi.[80] "Balıqçı" adı verilən yerli sahil mühafizə xidmətləri də mövcud idi. Ancaq bəzi şəhərlərdə tudun və balıqçılarla eyni vəzifələri yerinə yetirən və seçilərək iş başına gətirilən şəxslər də vardı. Babaqhuq (şəhərin atası) adı verilən bu cür idarəçilərdən biri Xersonu 805–840-cı illərdə idarə etmişdi. Başqa bir babaqhuq isə 703-cü ildə Tmutarakanın idarəçisi idi.[81]
Xəzərlərin idarə sistemi rusların qurduğu Kiyev knyazlığına da təsir etmişdi. Rusların kumanlara hücumundan sonra məğlub olmasından bəhs edən İqor dastanında Novqorod-Sverskprensi İqorun titulu "xaqan"dır.[82] Hüdud əl-aləm adlı əsərdə də İqordan "rus xaqanı" şəklində bəhs olunur.[83]
Bütün inanclardan olan insanların məhkəmədə təmsil olunmasını təmin edən və beləliklə tolerantlıq yaradan xəzərlər, nizamlı bir hüquq sistemi qurmuşdular. Ali məhkəmə paytaxtda 4 fərqli inancı təmsil edən 7 baş hakimdən ibarət idi. Atildəki məhkəmədə isə əsasən ticarətlə bağlı şikayətlərə baxılırdı.[84]
Xəzərlərin əsas gəlirlərini ticatətdən əldə etsələr də, ixrac etmək üçün məhsulları az idi. Ən çox bal, yapışdırıcı, arı mumu, un, məxmər və kürk ixrac edilməkdə idi. Ticarət karvanları və ticarət gəmiləri məhsulun onda bir miqdarında vergi verirdilər. Habelə Xəzər dənizindən gələn gəmilərdən də gömrük vergisi alınırdı. Xəzərlər müsəlman və rus tacirlərin ölkə ərazisindən keçmələrinə maneə törətmirdilər. Bu tacirlər əsasən X əsrdə İdil şəhərində davamlı ticarətlə məşğul olmuşdular və bir çoxu şəhərdə məskunlaşmışdılar. İdildən başqa Sakşın şəhəri də mühüm ticarət mərkəzlərindən idi. VIII və XI əsrlərdə Xəzər xaqanlığı ərazisində asayiş və təhükəsizlik qorunduğu üçün tarixdə bu dövr Xəzər sülhü dövrü olaraq adlandırılır.[85][86]
Sarkel qalasından tapılmış əşyalar sübut edir ki, xəzərlərin bir çox qəbilələr və türk cəmiyyətləri ilə böyük iqtisadi-ticarət əlaqələri mövcud olmuşdur. Əlavə olaraq xaqanlıq ərazisində kənd təsərrüfatı, xüsusən də heyvandarlıq yüksək səviyyədə inkişaf etmişdi.[8] Heyvandarlıq əsasən çaylara yaxın ərazilərdə, yəni heyvanların yemlənməsi daha rahat olan ərazilərdə yayılmışdı. Xəzərlər geyim və bir qism ehtiyacları isə Ərəb xilafəti və Bizansdan idxal etməkdə idilər. Xəzər qılınclarına ruslar tərəfindən böyük maraq var idi.[86]
Xəzər xaqanlığının şimal hissəsində taxılçılıq, cənubundə isə heyvandarlıq inkişaf etmişdi. Xaqanlıq ərazisində darı, buğda, arpa, çovdar, çətənə və noxud kimi fərqli bitkiçilik məhsulları yetişdirilirdi.[87] Arxeoloji qazıntılar zamanı xəzərlərə aid yemiş və xiyar toxumları tapılmışdır. Heyvandarlıqda yetişdirilən heyvanlara qoyun, at, eşşək və donuz daxil idi. Kənd təsərrüfatı heyvanlarından başqa dəvəçilik və arıçılıq da inkişaf etmişdi.[88] Bundan başqa qunduz, maral, vəhşi donuz və dovşan da ovlanırdı.[89]
Ticarət fəaliyyəti baxımından inkişaf etmiş Xəzər xaqanlığı, Asiya və Avropa arasında bir çox ticarət marşrutuna nəzarət edirdi. Xəzərlər Xarəzm və hətta İsveç ilə da ticarət əlaqələrinə malik idilər.[89]
Xəzərləri memari və sənət əsərlərinin tağıldığı ən önəmli arxeolojiq mərkəzlər Sarkel, Mayatsko şəhərləri və Salvato kurqanlarıdır.[90] Həmçinin Şimali Qafqazda Don və Dnepr çaylarının hövzələrində mühüm arxeoloji qalıqlar tapılmışdır. Xəzərlərin hakimiyyəti haqqında dövrün tarixi mənbələrində çox məlumat verilmir. Xəzərlər türk olduqları üçün köçəriliklə də məşğul olmuşlar.[91] Əlbəttəki, bu xəzərlərin memarlıq və şəhər quruculuğu fəaliyyətlərinə də öz təsirini göstərməkdə idi. Sovet arxeoloqlarının apardıqları araşdırmalara görə xəzərlər, hunlardan daha fərqli və daha yüksək mədəniyyət səviyyəsinə çatmışlar.[92] Xəzərlərin evləri böyük çadırdan düzəldilirdi. Evin üst hissəsi isə keçə ilə örtülürdü.
Sarkel qalasında xəzərlərə aid ləl-cəvahirat, bəzəkli boşaqablar, güzgü kimi bəzək əşyalarının tapılması, xəzərlərdə qızıl və gümüş sənətkarlığının yaxşı inkişaf etdiyini və xəzərlərin bəzək və geyim əşyalarına həssas olduqlarının göstəricisidir.[93] Ümumən xəzərlərin mədəniyyəti və təsirləri sərhəd olduqları bütün xalqlara təsir etmişdir. Məsələn Xristianlığı qəbul etməsi məşhur olan Kiyev knyazı I Vladimir özünə xaqan titulunu götürmüşdür.[94][95]
Rusların pencəkləri qısa, xəzərlər, bulqarlar və peçeneqlərin pencəkləri isə uzun idi. Bu pencəklər, əslində Aşkenazi yəhudilərin XIX yüzildə geyindikləri paltarlara bənzəyən koftalar idi. Türk kişiləri və qadınları saçlarını hörərdilər. VII əsrə aid Çin dilində bir mənbənin yazdığına görə təkcə xaqan saçlarını aça bilərdi. Xaqandan başqa digər əyanlar və döyüşçülər saçlarını hörməli idilər.[96]
Xəzər dili qədim türk dillərinə daxildir (VI–X əsrlər).[97] Xəzər dilində yazılmış heçbir əsər dövrümüzə çatmadığı üçün onların dili haqqında konkret məlumatlar yoxdur. Xəzərlərdən günümüzə çatan iki məktub qalmışdır. Bu məktublar ivrit dilində yazılmışlar. Sənədlərdən hər ikisi Yusif xaqanın dövrünə aiddir. Birinci sənəd Yusif xaqan tərəfindən 960-cı ildə Əməvilərin Kordova əmiri III Əbdürrəhmanın vəziri Hasday ibn Şapruta yazılmışdır. Digərinin qalıqları isə Misirdə tapılmışdır.[6]
Barthold və Minorski kimi rus tarixçilərinin fikrinə görə xəzər dili İdil bulqarlarının dillərinə bənzəyir və dövünüzdəki çuvaş dilinin də bulqar dilinə və xəzər dilinə bənzədiyini nəzərə alaraq xəzər dilini türk dillərinin qolu olan çuvaş dilinə yaxın olduğu fikrini irəli sürmüşlər.[5][98] Ümumən Xəzər xaqanlığı ərazisində başqa türk dillərində də danışılırdı.[99]
Şimali Qafqazda yaşayan qaraçay, balkar və qafqaz dillərində xəzər dilindən sözlər indi də işlədilir. Polşada yaşayan türk xalqlarından olan kəraimlər də yəhudidirlər və qədim xəzər dilində danışırlar.[91]
Xəzər xaqanlığı daxilində bir çox din mövcud olmuşdur. Xəzərlərin ilk və ən uzun ömürlü dinləri Tanrıçılıq dini olmuşdur. Xəzərlər də digər türklər kimi təbiəti müqəddəs hesab edirdilər. Xaqanlıq daxilində erkən meydana çıxan dinlərdən biri də Xristanlıq idi. Müsəlmanlıq isə Ərəb xilafətinin işğalları dövründə Xarəzmdən gələn tacirlər vasitəsilə Xəzər xaqanlığında yayılmışdır. Xəzər xaqanlığının süqutundan sonra xristianlar Rus ortodoks kilsəsi içərəsində əridilər.[100]
Xəzər xaqanlığı ölkənin rəsmi dinini İudaizm elan etsə də onların hansı məzhəbdən olmaları dəqiq bilinmir. Ərəb tarixçisi əl-Məsudinin yazdığına Xəzər xaqanı İudaizm dinini xəlifə Harun ər-Rəşid dövründə qəbul etmişlər. Ancaq "Konstantinin həyatı" adlı əsərə görə Xəzər xaqanı İudaizmi 861-ci ildə qəbul etmişlər.[101] Xəzərlərin İudaizmi necə qəbul etdikləri məlum olmasa da, həmin dövrdə Qərbi Avropada yəhudilərin çox sayda olduğu məlumdur. Həmçinin Sasanilərin və Bizansın da təqibləri nəticəsində Dağıstana çəkilən yəhudilər burada dinlərini yaymağa başlamışdılar. Xəzər xaqanlığına Mesopatomiya və Xarəzmdən də çoxlu sayda yəhudi köç etməkdə idi. Ölkədəki 7 qazıdan 1-i Göy Tanrı (Tanrıçılıq) dinində olanların, 2-si müsəlmanların, 2-si xristianların, digər 2-si isə yəhudilərin məhkəmə işlərinə baxırdı.[102] Bulan xaqanın və Obadi xaqanın dövründə İudaizmin sürətli yayılmasına baxmayaraq[103] xaqanlar bu barədə heçbir səy göstərmir və ölkədə digər dinləri sıxışdırmağa cəhd etmirdilər. X əsrdə artıq xaqanlıq ərazisində İudaizm hakim dinə çevrilmişdir. Ərəb xilafəti qüvvələrinə məğlub olan Xəzər xaqanı çətin vəziyyətdə qalsa da, İslamı qəbul etmiş və Ərəb ordusunun geri dönməsindən sonra yenidən İudaizmi qəbul etmişdir.[44] Ərəblərin geri dönməsindən sonra Xəzər xaqanlığında qalan iki fəqih ölkədə İslamı yaymağa başladılar. Xarəzmin də müsəlman əhalisinin bir hissəsi müharibə şəraiti və xəstəliklərin yayılması səbəbindən Xəzər xaqanlığına sığınmış və sonradan məscid inşa etmək və müsəlmanlarla döyüşməmək şərtilə orduda da xidmət etmişlər.[104][105] Ukraynalı tarixçi Omelyan Pritsak xəzərlərin İudaizmə dönüşünü yəhudi radhanit səyyahlarının və iranlı yəhudi tacirlərin təsirləri ilə əlaqələndirir.[106]
1999-cu ildə Aşkenazi yəhudilərinə aid Y xromosomlarında aparılan genetik araşdırmalar, onların DNA quruluşunun yəhudilər ilə yox, türklər ilə daha yaxın olduğunu sübut etmişdir.[107][108]