Elastiklik (ing. elasticity) — iqtisadi nəzəriyyədə bir göstəricinin (məsələn, tələb və ya təklif) digər göstəricinin (məsələn, qiymət, gəlir) dəyişməsinə necə reaksiya göstəridiyinin ölçüsüdür.
Bu yalnız bir-birinə təsir edə bilən göstəricilər üçün hesablanır. Elastiklik iki göstəricinin həcmindəki faiz dəyişikliklərinin nisbəti kimi hesablanır. Bu aşağıda göstərilən bəzi suallara cavab tapmaqda kömək edir:
Elastikliyin dərəcəsini əks etdirən ölçü vahidi elastiklik əmsalı adlanır.
Elastiklik dərəcəsindən asılı olaraq göstəricilər arasındakı əlaqə elastik (>1), vahid elastik (=1) və qeyri-elastik (<1), habelə xüsusi hallarda tam qeyri-elastik (=0) və sonsuz elastik ola bilər. Elastik əlaqədə bir göstərici digərinin dəyişməsinə çox həssasdır. Məsələn, məhsulun qiymətinin 10% enməsi həmin məhsula olan tələbi 20% artırır. Qeyri elastik əlaqədə bir göstərici digərinin dəyişməsinə az həssasdır. Məsələn, məhsulun qiymətinin 10% qalxması ona olan tələbi 5% endirir. Vahid elastiklikdə isə bir göstərici neçə faiz dəyişirsə digəridə eyni dərəcədə dəyişir. Məsələn, məhsulun qiymətinin 10% enməsi ona olan tələbi 10% artırır.
Bundan əlavə, elastiklik hər bir nöqtədə eyni deyildir. Məsələn, aşağı qiymət səviyyəsində qiymət dəyişikliyi daha elastikdir, amma yüksək qiymət səviyyəsində bu hal əksinə olur.
İqtisadi nəzəriyyədə elastikliyin ən çox istifadə edilən növləri aşağıdakılardır:
Tələbin qiymət elastikliyi - məhsulun qiymətinin dəyişməsinin ona olan tələbin həcminə nə dərəcədə təsir etdiyini əks etdirir.
Tələb əyrisi alıcıların müəyyən məhsuldan verilən qiymət səviyyələrində nə qədər almaq istədiklərini əks etdirir. Qiymət səviyyəsi dəyişdikdə alıcıların almaq istədikləri məhsulun həmci dəyişir. Amma burada bir sual meydana gəlir. Qiymət azaldıqda satılan məhsulun həcmi də eyni olaraq artacaq yoxsa bu dəyişiklik az və ya çox olacaq? Başqa sözlə, əgər istehsalçı satdığı məhsulun qiymətini 10% azaltsa, məhsuluna olan tələb 5%, 10% yoxsa 20% artacaq? Bu tələbin qiymət elastikliyindən asılıdır. Məsələn, tələb elastikdirsə, qiymətin 10% endirilməsi məhsula olan tələbi 10%-dan çox artıracaq. Əksinə qeyri-elastikdirsə, tələbin həcmi 10%-dən az artacaq. Vahid elastiklik şəraitidirsə, qiymətlərin 10% endirilməsi məhsula olan tələbi 10% artıracaq.
Məhsulların tələb elastikliyinin bir-birindən fərqlənməsini bir neçə amillə bağlayırlar. Bu amillərə nəzər yetirək[1]:
Tələbin qiymət elastikliyini tələbin həcmindəki faiz dəyişikliyinin qiymətin həcmindəki faiz dəyişikliyinə nisbəti kimi hesablanır[1]:
Tələbin qiymət elastikliyi = Tələbin həcmindəki faiz dəyişikliyi/ Qiymətdəki faiz dəyişikliyi
Məsələn, almanın qiymətindəki 5%-lik azalma ona olan tələbin 15% artmasına səbəb olub. Bu halda almanın tələb elastikliyi belə hesablanır:
Tələb. q.e. = 15% / 5% = 3
Təsəvvür edin ki, sizə tələb əyrisində iki nöqtə verilib və soruşulur ki, elastikliyi hesablayın (Bax: Şəkil 1): A nöqtəsi (4 manat; 12 ədəd), B nöqtəsi (6 manat; 8 ədəd).
İlk növbədə fərz edək ki, qiymət azaldılıb. Bu halda qiymət dəyişikliyi 33,3%, həcmdəki dəyişiklik isə 50% təşkil edib. Bu halda, elastiklik 1,5-ə bərabərdir və məhsul elastikdir.
Sonra isə əksinə edək, qiymətin artdığını düşünək. Bu halda qiymət dəyişikliyi 50%, həcm dəyişikliyi isə 33,3% təşkil edir. Bu halda elastiklik əmsalı 0,66-a bərabərdir və məhsul qeyri elastikdir.
İki eyni nöqtə amma fərqli nəticələr. Bu fərqliliyi aradan qaldırmaq üçün orta nöqtə metodundan istifadə edilir[1]. Bu metod vasitəsi ilə əvvəl verilən iki nöqtənin ortası müəyyənləşdirilir. Bizim misalda bu C nöqtəsidir (5 manat; 10 ədəd).
Bu zaman qiymətdəki və həcmdəki dəyişikliyi C nöqtəsinin göstəriciləri ilə müqayisə edərək faiz dəyişiklikləri aşkarlanır. Bu vaxt qiymətin azaldılmasının və çoxaldılmasının bir fərqi qalmır:
Tələb. q.e. = [(12-8)/10]/[(4-6)/5]= 1
Müxtəlif elastikliyə malik tələb əyriləri vardır. Hətta bir tələb əyrisi üzərində müxtəlif elastikliklər müşahidə edilir (Bax: Şəkil 2)
Tələbin gəlir elastikliyi istehlakçıların gəlirinin dəyişməsinin tələbin həcmini nə dərəcədə dəyişdiyini ölçür. Gəlir elastikliyi tələbin həcminin faiz dəyişməsinin istehlakçıların gəlirinin faiz dəyişməsinə nisbəti kimi hesablanır[1]:
Tələb. g.e. = Tələbin həcmindəki faiz dəyişməsi/Gəlirin həcmində faiz dəyişməsi.
Tələbin çarpaz-qiymət elastikliyi bir əmtəənin qiymətinin dəyişməsinin digər əmtəəyə olan tələbə nə dərəcədə təsir etdiyini ölçür və birinci əmtəəyə olan tələbin həcmində dəyişikliyin ikinci əmtəənin qiymətindəki dəyişikliyə nisbəti kimi hesablanır[1]:
Təklifin qiymət elastikliyi təklifin həcminin qiymət dəyişikliklərinə necə reaksiya verdiyini ölçür[2]. Bu əmtəənin xüsusiyyəti ilə sıx bağlıdır. Belə ki, əgər sahibkar artan tələb qarşısında istehsalını rahatlıqla artıra bilirsə, qiymət elastikdir. Əgər mümkün deyilsə, qeyri-elastikdir.
Məsələn, əgər dağ xizəyinin qiyməti qalxarsa, istehsalçı yeni bir xizək meydancası tikmək məqsədilə dağ kəşf edə bilməyəcəyi üçün burada istehsalın artırılması imkanları məhduddur. Bu səbəbdən bu məhsulun təklifi qeyri-elastikdir. Digər bir məhsula nəzər yetirək. Meyvə şirəsinin qiyməti qalxdıqda, istehsalçı çox rahat bir şəkildə iş rejimini artırır, daha çox xammal cəlb edir və istehsalı artırır. Belə məhsullar elastikdir.
Təklifin qiymət elastikliyi haqqında müəyyən anlayış əldə etdikdən sonra, gəlin onun necə hesablanmasına baxaq[1]:
Təklif.q.e. = Təklifin həcmindəki faiz dəyişikliyi/ Qiymətdəki faiz dəyişikliyi
Tələb əyrisində olduğu kimi təklif əyrisi üzərində də müxtəlif elastikliyə malik nöqtələr vardır(Bax: Şəkil 3).
Miqyas elastikliyi və ya başqa ədəbiyyatlardakı adı ilə istehsal elastikliyi istehsal amillərinin həcmindəki dəyişikliyin istehsal həcminə necə təsir etdiyini əks etdirir. Başqa sözlə, miqyas elastikliyi istehsal həcmindəki faiz dəyişikliyinin istehsal amillərinin həcmindəki faiz dəyişikliklərinə nisbəti kimi hesablanır.[3][4][5][6]