Muğam və ya muğamat — mürəkkəb, ideya, emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrı.[1] Muğam yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmişdir.
Azərbaycan musiqisi | |
---|---|
Ümumi mövzular | |
Janrlar | |
Xüsusi formalar | |
Milli musiqi | |
Alt janrlar | |
Media və təqdim etmə | |
Musiqi festivalları | |
Musiqi mediası | Mədəniyyət TV |
Millətçilik və vətənpərvərlik mövzusunda mahnılar | |
Milli himn | Azərbaycan himni |
Azərbaycanda muğamı adətən, muğam üçlüyün müşayiəti ilə xanəndə ifa edir.[2] Belə ansamblın ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır.[2] Dəsgah muğamın küll halında, yəni, onun dəramədinin, bütün şöbə və guşələrinin, eləcə də hər şöbənin təsnif və rəng, yaxud diringələrinin ardıcıl ifa olunması deməkdir.[2] Muğam kompazisiyasına daxil olan şöbələr əsərin musiqi-poetik məzmununu müəyyənləşdirən improvizə reçitavit səpkili vokal melodiyalardan ibarətdir.[2] Bunlar dəqiq ritmə malik mahnı və rəqs epizodları ilə əvəzlənir.[2] Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır.[2]
Muğamların monumental, silsilə formaları, eyni zamanda, ən kiçik detalların son dərəcə cilalanması melodiyanın ifadəlilik imkanlarının əks etdirilməsindəki çoxplanlılıqla fərqlənir.[2] Vokal – instrumental muğamdan fərqli olaraq çox vaxt rəngdə ifa edilmir.[2] Muğamın ifası alətdə mükəmməl çalmağı bacarmaqla yanaşı, həm bütün kompozisiyanın quruluşunun qanunauyğunluqlaqrına, həm də şöbədən-şöbəyə keçidin məntiqinə bələd olmağı tələb edir.[2]
2008-ci ildə Azərbaycan muğamları UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilib. İnsanlığın kainatda tənhalıq hissini təmsil etməsi üçün və kainatda olası hər hansısa inkişaf etmiş sivilizasiyanın tapması məqsədilə NASA, Voyacer qızıl plastinkaya Azərbaycan muğamın yerləşdirərək kosmosa göndərib.[3]
Bəzi mənbələrdə "muğam" sözünün ərəb dilində "məqam" sözündən yaranması qeyd olunur.[4] Yəni, yer, mövqe deməkdir.[4] Birlikdə buna məqamat (muğamat) deyilir.[4] Bu termin bəzi Şərq ölkələrində, həmçinin Orta Asiya və Hindistanda — "makon" adlanır.[4] Avropa ölkələrində isə bu bir not sistemində hər bir çalınma yerinə uyğun olaraq "minor və major qammaları" şəklində ifadə olunur və bu ifadədə işlədilməkdədir.[4]
Tarixçi İlya Məhərrəminin iddiasına görə, muğam sözünün kökü "muğ" sözündən götürülüb.[5] Müəllif qeyd edir ki, məzhəbi din ayinləri musiqi, avaz və ritmlə icra olunurdu və zaman keçdikcə, inkişaf edərək, formalaşaraq, indiki muğam səviyyəsinə gəlib çatmışdır.[5]
Muğam, şöbə və guşə adlarının yaranma tarixi ilə bu günə qədər bir çox musiqişünas və ifaçılar maraqlanır. Muğamlar haqqında elmi traktatlar Şərqin böyük musiqişünasları – Əbdülqədir Marağayi, Səfiəddin Urməvi, əl-Fərabi və başqaları tərəfindən yaranmışdır.[2] Onlar öz elmi əsərlərində muğamların yaranma tarixindən, şöbə və guşələrin bir-biri ilə qarşılıqlı əlaqəsindən, musiqi alətlərində istifadə olunan ifaçılıq ştrixlərindən və bir çox başqa xüsusiyyətlərdən bəhs edirlər.[2] Bütün muğam, şöbə və guşə adlarının yaranma tarixi 4 qismə bölünür:[2]
Say adı ilə bağlı olan muğam və şöbələr bunlardır:[2]
Müasir ifaçılıqda bu muğamlardan yalnız beşi ifa olunur.[2] Zaman ötdükcə, yeni şöbələr, guşələr zənginləşmiş və nəhayət, bu dövrdə öz intişarını tapmışdır. Qeyd olunmalıdır ki, "Yegah", "Dügah", "Segah", "Çahargah" bütöv muğam "Pəncgah" isə şöbə kimi səslənir.[2] Ərəb musiqisində yegah, dügah, segah, çahargah, pəncgah, şeşgah və həftgah səs düzümünün pərdələri kimi adlandırılır.[2] Bu faktı ərəb musiqişünası Fərruk Ammarın yazılarında aydın görmək olar.[2]
Bir çox muğam və şöbə adlarının yaranma tarixi öz yerləri və məkanları ilə əlaqədardır. Qarabağ şikəstəsi, Şirvan şikəstəsi, Salyan şikəstəsi, Şikəsteyi-fars, Arazbarı, Bayatı-şiraz, Bayatı-İsfahan, Bayatı-kürd, Ərak, Ovşarı, Əşiran, Zabul, Heyrat-Kabili, Hicaz, Nəva-Nişapur, Hissar, Xavəran, Mavəraünnəhr, Tehrani, Xarəzmiyyə, Mahur-hindi və bir çoxlarını buna misal göstərmək olar.[2]
Bəzi tarixçilərə görə, muğlar "Avesta" kitabında olan ayinləri dünyada təbliğ etmiş və insanları tək Allahlığa ibadət etməyə çağırmışlar.[6] İbadətlərində müqəddəs kitablardakı "qatlar"ı avazla oxuyarmışlar. Abdulla Faziliyə görə, Zərdüşt ilk dəfə öz ideologiyasını və təriqətinin qayda-qanunlarını şeir halında təbliğ edirdi.[7] Onun şagirdləri də Zərdüştün nəğmə və dualarına oxşar nəğmə və dualar hazırlayırdılar.[7] Rus muəllifi L. S. Vasilyevin "İstoriya reliqiy Vostoka" kitabındakı (10-cu bənd) "Dualizm drevnix İrantsev i Zoroastr" başlığı altındakı (səh. 210–263) yazında qeyd olunur ki,
A.Kristensen göstərir ki, "qaranlıq otaqlarda oddan olan od şölə çəkir, arxasında isə metal alət bərq vurur, ruhanilərin uca və bəzən bəmdən ürəyə yatan zümzümələri eşidənləri ehtizaza gətirir, istər-istəməz özünə cəlb edirdi.[8] |
Mirzə Əliəkbər Dehxuda "Dehxuda lüğəti" kitabında yazır:
Muğam sənəti miladdan əvvəl IX-X əsrlərdə muğlar tərəfindən ifa olunub. Kökü şumer mədəniyyətindən əxz olunub.[9] |
Dərviş Əlinin muğamat haqqında traktatında qeyd olunur ki, orada muğamın ümumbəşəri musiqi olması qabardılaraq, peyğəmbərlərin həyatı ilə əlaqələndirilir.[6] Hüfuzlu musiqiçilərdən Əbdülqədir Marağayiyə, Sufəddin Əbdülmöminə və Üveys Paşanın dediklərinə görə, əvvəlcə daha çox yeddi peyğəmbərin sayı əsasında səkkiz muğam olmuşdur:[10]
Rast muğamı Adəm peyğəmbərdən qalmışdır. O, ilk insanın cənnəti və xamuşluğunu itirdiyi üçün ağlamasını ifadə edir. Üşşaq muğamı insanlığın ikinci atası Nuhdan qalmışdır. Nəva muğamının yaranmasına səbəb Davud peyğəmbər olmuşdur. Hicaz muğamı isə Süleyman peyğəmbərdən qalmışdır. Əraq muğamı ədalətli Yəhya peyğəmbərdən miras qalmışdır. Hüseyni muğamı Yaqub peyğəmbərdən qalmışdır. Buzulik muğamı Baba Ömərdən qalmışdır. Rəhaği muğamına gəldikdə isə bu, Məhəmməd peyğəmbərə Quranın nazil edilməsi zamanlarında yaranmışdır. Belə ki, Məhəmməd peyğəmbər Quranın ayələrini yarı musiqili qaydada Rəhaği muğamı tonunda oxumuşdur.[11] |
Rzaddin Şirvani haqqında XVII əsrdə Şamaxını ziyarət etmiş böyük türk səyyahı Övliya Çələbi "Səyahətnamə"-sində yazır:
Şeşxanə - icad edən Rzaddin Şirvanidir. Bu da telli sazdır. Ud kimi burğu yerləri əyridir. Qolu uddan uzundu, gövdəsinə balıq qursağı çəkilmişdir. Amma pərdələri yoxdur. Altı telli olduğundan şeşxanə adlanır. Çətin bir sazişə də bütün muğamat bunda icra oluna bilər.[12] |
XIV əsrin axırlarına doğru baş verən ictimai, iqtisadi və siyasi dəyişikliklərlə əlaqədar olaraq, musiqi "binasının" (dəstgah) divarları əvvəllər çatlamış və sonralar isə büsbütün uçub dağılmışdır.[13] Yaxın Şərq xalqları uçub dağılmış bu "musiqi binasının" qiymətli "parçalarından" istifadə edərək, özlərinin "lad tikinti" ləvazimatı ilə hər xalq ayrılıqda özünəməxsus səciyyəvi üslubda yeni "musiqi barigahı" tikmişdir.[13] Təbiidir ki, 12 klassik muğamın adları və həmçinin bu muğamların özləri də böyük dəyişikliklərə uğramışdır: əvvəllər müstəqil hesab olunan muğamlar bəzi xalqlarda şöbə halına keçir və yaxud əksinə, əvvəllər şöbə hesab olunan musiqi sonralar müstəqil muğama çevrilir.[13] Yenə də bu qayda ilə, muğam və onun şöbələrinin eyni adları ayrı-ayrı xalqlarda müxtəlif məna ifadə edirdi.[13]
Musiqi binasının möhkəm təməlini təşkil edən 12 sütun 12 əsas muğamı və 6 bürc isə 6 avazatı təmsil edirdi. 12 əsas muğam — Üşşaq, Nəva, Busəlik, Rast, Əraq, İsfahan, Zirəfkənd, Büzürk, Zəngulə, Rəhavi, Hüseyni və Hicaz; 6 avazat isə Şahnaz, Mayə, Səlmək, Novruz, Gərdaniyyə, Güvaştdan ibarət idi.[13]
İndiyədək zamanın və hadisələrin sarsıdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam "Rast"-dır.[13] Bu muğam kökünün möhkəm və məntiqli olması onun adının mə'nasına tamamilə uyğun gəlir.[13] Qədim musiqişünaslar "Rast"-ı muğamların anası adlandırırdılar.[13] "Rast" muğamı yalnız öz adını və səsqatarını deyil, hətta öz mayə (tonika) ucalığını da zəmanəmizə qədər mühafizə etmişdir.[13] Bütün Yaxın Şərq xalqlarında "Rast" muğamının quruluşu və mayə ucalığı eynidir. Bu mayə kiçik oktavanın "sol" səsindən ibarətdir.[13] Aşağıdakı müqayisədən aydın olur ki, indi bizim kicik oktavanın "sol"u adlandırılan ton hələ antik dövrdə "Rast" ladının ucalığını göstərirmiş.[13] Ərəb İran və Avropa musiqişünaslarına görə, qədim yunanlar yeddi səma cisimlərindən hər birinin Pifaqor tərəfindən icad edilmiş 7 tondan birinə müvafiq olduğunu zənn edirlərmiş.[13]
Ton | Yunanca | Ərəb–Farsca |
---|---|---|
mi | Ay | Nəva |
fa | Merkuri (Ütarid) | Busəlik |
sol | Venera (Zöhrə) | Rast |
lya | Günəş | Əraq |
si | Mars (Mərrix) | Üşşaq |
do | Yupiter (Müştəri) | Zirəfkənd |
re | Saturn (Zühəl) | Rəhavi (Rahab) |
Səttar keçən əsrin 1860-cı illərində Tiflisdə verdiyi muğamat konsertləri ilə də böyük şöhrət qazanmışdır. O dövrdə Tiflisdə verilən muğamat gecələrində Səttar tarzən Ağamal ağa Məlikağamalov, kamançaçı Kevork, skripkaçı Mnatsakan ilə çıxış edərdi.[14] Məşhur erməni musiqişünası V. Karqanov yazır:
Mən 1860-cı ilin afişalarında Qafqazın sevimli müğənnisi Səttarın verdiyi konsertin proqrammasını tapdım. Afişada belə bir yazı diqqəti cəlb edirdi:
«4 yanvar bazar ertəsi günü (1860-cı il) buradakı teatrda Ağa Səttar konsert verəcəkdir». Proqram 12 nömrədən ibarət idi. Xanəndəni Şərq musiqi alətlərində: tarda Mnatsakan, dayrədə Ələkbər, qoşanağarada isə Sako müşayiət etmişdir. Mənim fikrimcə, belə bir konsert dinləyicilərdə böyük maraq oyada bilər. Öz zəmanəsinin ən yaxşı xanəndəsi olan Səttarın oxuduğu nəğmələr yerli dinləyicilərə bədii zövq verməklə bərabər, eyni zamanda Asiya musiqisini öyrənən mütəxəssislər üçün gözəl materialdır..[15] |
XX əsrin əvvəllərində xanəndələrin iştirakı ilə verilən musiqili səhnəciklər və "Şərq konsertləri" istər vokal, istərsə də çalğı musiqisi ifaçılığının inkişafına imkan yaratmaqla "Şərq gecələri"nin də təşkilinə meydan açırdı.[16] Tamaşaçıların estetik zövqünə müsbət təsir göstərən "Şərq gecələri"nin proqramı konsertlərə nisbətən bir qədər geniş və çoxcəhətli idi.[16] Əgər konsertlərdə təkcə xanəndələr və aşıqlar iştirak edirdisə, "Şərq gecələri"ndə həm "Şərq konsertinə" yer verilər, həm də kiçik həcmli teatr tamaşaları göstərilər və axırda da rəqs təşkil olunardı.[16] "Şərq gecələri"nin bir üstünlüyü də o idi ki, gecəyə gələn tamaşaçıların milli tərkibi müxtəlif olurdu.[16] Bu isə kütlələrin beynəlmiləl tərbiyəsinə müsbət təsir göstərirdi.[16]
Azərbaycanda ilk "Şərq gecəsi" Bakıda, 1907-ci ilin yanvar ayının 20-də Artistlər Cəmiyyətinin zalında "Müsəlman xeyriyyə cəmiyyəti" tərəfindən şəhər yoxsullarının xeyrinə təşkil olunmuşdur.[16] Dörd şöbədən ibarət olan bu gecədə əsas yer "Şərq konserti"nə verilmişdir.[16] Birinci şöbədə xalq çalğı alətləri orkestri "Arazbarı" ritmik muğamını çalmış, xanəndələr "Gülə-gülə" mahnısını xorla oxumuşlar.[16] Bu dövrdə muğamın özünə görə forma quruluşu vardı.[2] Ən kiçik muğam 5 şöbə və guşədən, ən böyüyü isə 40–50 şöbə və guşədən ibarət olurdu.[2] 1908-ci il yanvarın 12-də Üzeyir Hacıbəyovun "Leyli və Məcnun operası bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur.[17] Operanın musiqisi, əsasən, muğam və təsniflər üzərində qurulmuşdur.[18]
1922-ci ildə muğamın tədrisi Bakıda açılmış ilk Avropa tipli musiqi tədris müəssisəsinin dərs proqramına daxil edilmişdir.[19] Azərbaycan musiqi tarixində ilk duet Şövkət Ələkbərova ilə Xan Şuşinskinin ifasında lentə alınan "Yaylıq" mahnısıdır.[20] 1925-ci ildə Üzeyir Hacıbəyovun rəhbərliyilə "Muğam şurası" tərəfindən qəbul edilmiş proqramda "Şüştər" səkkiz şöbə və guşəni əhatə edir.[21]
SSRİ-nin yürütdüyü "dəmir pərdə" siyasəti uzun müddət Azərbaycan musiqisi üçün beynəlxalq musiqi məkanına çıxışı bağlamışdı.[19] Xarici mədəni məkanda Azərbaycan muğamının mövqeyinin itirilməsi ilə yanaşı, Azərbaycanın özünün daxilində də keçən yüzilin 1920–30-cu illərin məlum şüarlarında ifadə olunmuş nihilist tendensiya ("doloy tar!", "doloy muğam") tədricən muğam sənətinin ictimai statusunu laxlatdı.[19]
1950-ci illərdən başlayaraq muğam ifaçılığı yeni tərzdə inkişaf etməyə başlayır.[22] Muğam klassiklikdən müasirliyə doğru addımlamağa başlayır.[22] Artıq muğam ifası ilə yanaşı muğam elmi də müasirləşdi və muğam əsrin əvvəlindəki formadan uzaqlaşdı. Ən böyük dəstgah 10–12 şöbə və guşədən ibarət olur.[23] Orta və ali təhsilli musiqi məktəblərində tar və kamançaya ilk növbədə not, sonra isə muğamı öyrədirlər.[23]
1970-ci illərədək olan dövrdə Azərbaycan cəmiyyətində muğamata primitiv sənət kimi baxış tədricən möhkəmlənməyə başlasa da, cəmiyyətin müəyyən bir hissəsində muğamatın populyarlığını azaltmadı.[19]
1970-ci illərin əvvəllərində SSRİ-də UNESCO-nun himayəsi altında keçirilən ənənəvi musiqinin beynəlxalq festivalları Qərb üçün Sovet Şərqinin ənənəvi musiqisini, həmçinin orijinal musiqi mədəniyyəti kimi Azərbaycan muğam sənətinin dirçəlişində rol oynadı.[24] 1971-ci ildə UNESCO 50 albomdan ibarət olan "Dünya ənənəvi musiqisinin antologiyası" kolleksiyasına "Şərqin musiqi antologiyası" seriyasında çıxan "Azərbaycan musiqisi" plastinkasını daxil edib.[24] 1972-ci ildə Nazim Əliverdibəyov Mirzə Şəfi Vazehin şeirləri əsasında "Muğam" baletini yaratmışdır.[24] 1975-ci ildə Azərbaycan muğamları yenə də UNESCO tərəfindən "Musiqi mənbələri" seriyasında buraxılıb.[24] 1970-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqında "etnomusiqişünaslıq" bölməsinin yaradılması, öz növbəsində xalq musiqisinə və muğam sənətinə elmi-yaradıcı münasibətlərin genişlənməsinə təkan verdi.[24] 1977-ci ildə ABŞ-nin NASA-ya aid Voyacer 1 peyki nəticəsində Azərbaycan muğamı kosmosa göndərilib.[25] Amerikalı astronom Karl Saqanın hazırladığı Vocager qızıl plastinkasında Kamil Cəlilovun balaban ilə çaldığı "Muğam" (bəzən "Çahargah ahəngi" adlanır) adlanan kompozisiyası da var idi.[26][27][28][29]
1982-ci ildə Arif Babayev ilk muğam müəllimi kimi Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, 1984-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında çalışmağa başlayıb.[30] 1985-ci ildə Ağdamın Xan Şuşinski adına Muğam məktəbi fəaliyyətə başlayıb.[31] Rafiq Rüstəmlinin 1987-ci ildə məktəbin nəzdində təşkil etdiyi "Qarabağ bülbülləri" ansamblı dövlət tədbirlərində, Azərbaycan Dövlət Filarmoniyasında, televiziyada, hərbi hissələrdə geniş proqramla konsertlər vermişdir.[31]
1990-cı ildə Arif Babayev tarixdə ilk dəfə muğam professoru adı alıb.[30] 1999-cu ildə Azərbaycanın muğam ustası Alim Qasımov UNESCO-nun Beynəlxalq Musiqi Şurasının birinci mükafatını qazanmışdır.[32]
2000-ci illərdə muğamın daha da geniş şöhrət tapması və genişlənməsi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adı ilə bağlıdır.[2] 2003-cü il 7 noyabrda tarixində Azərbaycan muğamı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmuşdur.[32] 2005-ci ildən Azərbaycanda keçirilən televiziya muğam müsabiqələrinə geniş tamaşaçı auditoriyası maraqla baxıb, bu müsabiqələr Azərbaycan ifaçılıq sənətinə Babək Niftəliyev, Məhəbbət Səfərov, Mirələm Mirələmov, Səbinə Ərəbli, Ehtiram Hüseynov kimi yeni istedadlar və gənc ifaçılar bəxş edib.[33] 2008-ci ildə Azərbaycan muğamları UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.[32] 2009-cu il dekabrın 27-də Bakıda, Dənizkənarı Milli Parkda Beynəlxalq Muğam Mərkəzinin açılışı olmuşdur.[34][35] Həmin ilin 18–25 mart tarixində Heydər Əliyev fondunun təşəbbüsü ilə Bakının Heydər Əliyev Sarayında Muğam Dünyası Beynəlxalq musiqi festivalı keçirilmişdir.[36][37]
2010-cu ildən 2014-cü ilə qədər Azərbaycanın radio məkanında "Muğam" radiosu fəaliyyət göstərmişdir.[38] Həmin il, Alim Qasımovun səs sessiyası Devid Vendettanın "Vendetta" albomunda sırada 4-cü olan "I’m your Goddess" mahnısına daxil edilmişdir.[39] 2012-ci ildə Azərbaycan muğamı ilk dəfə İspaniyada səslənib.[40] Konsertdə Qoçaq Əsgərovu tarda Mircavad Cəfərov, kamançada Elnur Mikayılov, balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov müşayiət edib.[40] 2012-ci və 2015-ci ildə Alim Qasımov Amman Kral İslam strateji araşdırmalar mərkəzi tərəfindən tərtib olunan dünyanın 500 nüfuzlu müsəlman siyahısına daxil edilib.[41] 2012-ci il aprelin 16-da Avroviziyanın Azərbaycandakı rəsmi fan-klubu Azərbaycanda ilk dəfə muğam fleşmobu keçirib.[42]
Dəstgah — müəyyən muğam tərkibinə daxil olan bütün şaxələr, şöbələr, guşələr, rədiflər, rənglər və təsniflərin küll halında, məntiqi inkişaf qaydası üzrə mütəşəkkil məcmusu.[43] "Dəstgah" sözü – "dəst" – bütöv, tam, "gah" – yer, mövqe deməkdir.[43] Dəstgah – muğamın vokal-instrumental şəkildə bütün hissələrinin – şöbə, guşə, rəng, təsniflərin tam, bütövlükdə, muğam kompozisiyasının tələbləri səviyyəsində ifası deməkdir.[43] Dəstgahın ən başlıca xüsusiyyəti muğam şöbələrinin və guşələrinin, təsnif və rənglərin məntiqli surətdə ardıcıllaşaraq, silsilə yaratmasından ibarətdir.[43] Bunun da nəticəsində muğam dəstgahlarının özünəməxsus inkişaf dramaturgiyası yaranır.[43] Muğam dəstgahlar bunlardır:[44]
Zərbi muğamlar — instrumental müşayiəti dəqiq və sabit ölçülü musiqidən, vokal qismi isə ritmik cəhətdən sərbəst improvizasiya əsasında ifa olunan mürəkkəb və dəyişkən vəznli muğamdan ibarət Azərbaycan orijinal xalq musiqi forması.[45] Zərbi muğamlar bunlardır:
1948-ci ildə bəstəkar Fikrət Əmirov "Şur" və "Kürd ovşarı" simfonik muğamlarında ilkin mənbəyə istinad edərək bu əsərləri özünəməxsus bəstəkarlıq texnikası yaradıcı təxəyyülü ilə zənginləşdirmiş, orkestr boyalarının əlvanlığına nail olmuşdur.[46] 1971-ci ildə O, "Gülüstan-Bayatı-Şiraz" simfonik muğamında muğam şöbələrini kontrakt ardıcıllıq prinsipini saxlamış, meldokiasını kiçik lövhələrlə şərh edərək muğamı sərbəst inkişaf etdirmişdir.[46]
Simfonik muğam – iki musiqi məntiqinin həyata keçirilmiş sintezidir, qavrayışın iki növünün qarşılıqlı əlaqəsidir.[47] Üslub planında simfonik muğamlar avropa coxsəsliyinin və ənənəvi şərq monodiyasının əlaqəsini müvəqqəti-məkan kimi nümayiş etdirir.[47] Tematizm planında, simfonik muğamlarda sitatlar muğam ənənəsinin kanon improvizasiyasına istinad edir.[47] Sitat muğam improvizasiyasını əks etdirir, lakin ənənəvi deyil, ümumiləşmiş, ilkin mənbənin tematik modelinin bəstəkar təfəkkürü ilə fərdiləsimiş şəkildə verilir.[47] Simfonik muğamlarda sitat simvolik əlavə kimi qeyd edilmir. Muğam üslubu müəllif təfəkkürünün ayrılmaz komponentinə çevrilir.[47]
1908-ci ilin 12 yanvarında milyonçu Zeynalabdin Tağıyevin teatrında tamaşaya qoyulan ilk muğam operası böyük müvəffəqiyyət qazandı.[48] Bunun əsas səbəbi Azərbaycan xalqının öz teatr səhnəsində milli operanın işıq üzü görməsini səbirsizliklə gözləməsi idi.[48] Bu operada muğam ilə məşhur klassik süjet uğurla birləşdirilmişdi.[48] "Leyli və Məcnun" Azərbaycanın ilk muğam operası kimi tarixə düşmüşdü.[48] Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" (1916), Müslüm Maqomayevin "Şah İsmayıl" (1916) operaları bu janrın maraqlı nümunələridir.[49] Bu ənənə XX əsrin ikinci yarısında da bəstəkarlar tərəfindən davam etdirilmişdir. Şəfiqə Axundovanın "Gəlin qayası", Cahangir Cahangirovun "Xanəndənin taleyi" operaları bu qəbildəndir.[49] Ramiz Mustafayevin "Vaqif", Vasif Adıgözəlovun "Natəvan" operalarında dövrün görkəmli xanəndələrinin obrazlarını canlandırmaq üçün əsərin musiqi məzmununda muğamlardan istifadə edilmişdir.[49]
1960-cı illərdə Vaqif Mustafazadə muğamın klassik Amerikan caz musiqisi ilə sintezini — "Caz-muğam" janrını yaratmışdır.[50][51] Cazdan fərqli olaraq, caz-muğam metr sistemini təqib etmir.[52] Bu janrda həm ritm, həm ölçülər improvizasiya olunur.[52] Vaqif Mustafazadənin həyat yoldaşı Eliza Mustafazadə Azərbaycanın peşəkar caz-muğam tərzində oxuyan ilk qadınıdır.[53]
Muğam məclisləri XIX əsrin ikinci yarısında Bakı, Şamaxı, Şuşa kimi iri mədəni mərkəzlərdə müxtəlif şəxslər – görkəmli şair və musiqiçilər, mədəniyyət hamiləri – mesenatlar, eləcə də zadəganlar tərəfindən öz saraylarında və kübar salonlarında təşkil olunardı. Bunlar bəzən "musiqi dərnəyi" və ya "musiqi salonu" da adlandırılırdı.
Şuşada "Nəvvabın məclisi", Şamaxıda "Mahmud ağanın dərnəyi", Bakıda isə "Məşədi Məlik Mənsurovun salonu" qeyd olunurdu. Bütün bu musiqi məclisləri əsl musiqi məktəbinə, sənətkarlıq məktəbinə çevrilmişdi. Belə məclislərin əks-sədası təkcə iri şəhərlərdə deyil, əyalətlərdə və hətta kəndlərdə yayılır, buradakı musiqisevərlər tərəfindən də xüsusi muğam məclisləri təşkil olunurdu.[54]
Kor Xəlifənin məktəbi 1883-cü ildən 1893-cü ilə qədər Şuşada fəaliyyət göstərmiş dini xarakterli musiqi məktəbi idi.[55] Məktəb şəhərdə xəlifə vəzifəsində çalışan və dini işlərə nəzarət edən "Kor Xəlifə" ləqəbli Molla Əli Qarabaği tərəfindən açılmışdır.[55] Burada dini elmlər geniş tədris olunsa da, Şərq şairlərinin və mütəfəkkirlərinin əsərləri, klassik muğamlar, onları oxumaq qaydaları, xanəndəlik sənətinin incəlikləri, musiqi nəzəriyyəsi və praktikası, muğam oxumaq, tar, kamança və digər musiqi alətlərində çalmaq da öyrədilir, klassik musiqi əhali arasında geniş tətbiq olunur, şagirdlər kamil musiqişünas, ədəbiyyatçı kimi yetişirdilər.[55] Məktəbdə tez-tez poeziya və muğam müsabiqələri də təşkil edilir, daha çox istedadı olan gənclər üzə çıxardılır, onları həvəsləndirmək üçün mükafat verilirdi.[55] Onillik fəaliyyəti dövründə Kor Xəlifənin məktəbi nəinki Qarabağda, həmçinin qonşu vilayətlərdə və İranda da tanınmışdı.[55] Bu təhsil müəssisəsi Qarabağ əhalisinin mədəni inkişafına böyük təsir göstərmiş, Şuşanın Zaqafqaziyanın musiqi mərkəzinə çevrilməsində mühüm rol oynamışdı.[55]
Ədəbi məclis olan Məclisi Fəramuşan — 1872-ci ildə Mir Möhsün Nəvvabın evində təşkil edilmiş və 1910-cu ilədək fəaliyyət göstərmişdir.[56] Mir Möhsün Nəvvab, Həsənəli xan Qaradaği, Fatma xanım Kəminə, Abdulla bəy Asi, Məşədi Əyyub Baki, Baxış bəy Səbur və b. şairlər məclisin fəal iştirakçıları idilər.[56] Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak edirdilər.[56] "Məclisi-fəramuşan" Azərbaycan musiqisinin və muğam sənətinin inkişafında yeni-yeni xanəndələr və musiqiçilər nəslinin yetişməsində mühüm rol oynamışdır.[55]
Ədəbi-musiqili məclis olan Məclisi-üns – 1864-cü ildə Şuşada, şair Hacı Abbas Agahın evində təşkil olunmuş, Xurşudbanu Natəvanın rəhbərliyi ilə 1897-ci ilədək fəaliyyət göstərmişdir.[57] X. Natəvan, Mirzə Rəhim Fəna, Mirzə Ələsgər Növrəs, Mirzə Həsən Yüzbaşov-Qarabaği, Məmo bəy Məmai, M. S. Piran və b. şairlər məclisin fəal iştirakçıları idilər.[57] Məclisə Qarabağ xanəndələri də dəvət olunur və şairlərin qəzəlləri əsasında muğamlar ifa edirdilər.[57]
Tədris ocağı kimi "muğam məktəbi" ilk dəfə XIX əsrin ortalarında Xarrat Qulu tərəfindən yaradılmışdır. XIX əsrin ortalarında fəaliyyət göstərən bu məktəb əsasən dini məqsədlərə xidmət etmişdir. Xarrat Qulu dini mərasimlərdə (məhərrəmlik təziyəsində) iştirak etmək üçün gözəl səsi olan gəncləri öz məktəbinə cəlb edir, onlara muğamatı və oxumaq qaydalarını öyrədirdi.[58] Lakin inkar olunmaz bir faktdır ki, bu məktəb sonradan muğam tədris edən musiqi məktəblərinin təşkilində nümunə olmuşdur.[58]
Xarrat Qulunun musiqi məktəbi dinə xidmət etsə də, Azərbaycan muğam sənətinin inkişafında mühüm rol oynamış bir sıra ustad sənətkarların yetişməsinə səbəb olmuşdur.[58] Qarabağın ən görkəmli xanəndələri Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbağı Zülalov (Bülbülcan), Keştazlı Həşim, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu və tarzən Sadıqcan həmin məktəbin yetirmələridir.[58]
Xarrat Qulunun vəfatından sonra Şuşada musiqi məktəbində muğamın tədrisi işini Kor Xəlifə adlı musiqiçi, daha sonra Molla İbrahim davam etdirərək, yeni musiqiçilər nəslini yetişdirdi.[59] Şuşa məktəblərində də poeziyanın və musiqinin sirrləri yeniyetmələrə gənc yaşlarından öyrədilirdi.[59] Ona görə də muğamı və şeiri Qarabağın sənətkarları, xüsusən də xanəndələri və instrumental muğam ifaçıları hələ uşaq yaşlarından dərindən bilirdilər.[59]
XIX əsrin axırlarında Şuşada Molla İbrahim adlı bir şəxs musiqi məktəbi yaratmışdır.[55] Bu məktəbdə özündən əvvəl fəaliyyət göstərən musiqi məktəbləri kimi dini xarakterli idi.[55] Bura yalnız gözəl səsli, poeziyaya xüsusi həvəsi olan istedadlı gənclər seçilib götürülürdü.[55] Məktəbdə gənclərə klassik muğamlardan dərs keçilir, fars, ərəb dilləri, dini mərasimlər öyrədilir, Hafiz Şirazi, Nizami Gəncəvi, Sədi Şirazi, Ömər Xəyyam, Məhəmməd Füzuli, Qasım bəy Zakir, Seyid Əzim Şirvani kimi Şərq şairlərinin qəzəlləri tədris olunurdu.[55] Qarabağın bir çox musiqi xadimləri, muğam ustaları, o cümlədən, Bahadur Mehralı oğlu, Bülbül və başqa sənətkarlar musiqi təhsilini Molla İbrahimin musiqi məktəbində almışlar.[55] Məktəb təxminən 1920-ci illərinə qədər fəaliyyətini davam etdirmişdir.[55]
XIX əsrdə Bakı şəhərində və Bakı ətrafı kəndlərdə şair və muğamatçıları öz ətrafına toplayan yığıncaqlar təşkil olunardı.[60] Bunlardan ən böyüyü musiqi məclisinin rəhbəri Məşədi Məlik bəy Mansurov (1838–1909) öz dövrünün açıqfikirli, istedadlı, mədəni şəxslərindən biri və "musiqiçilər ailəsinin" görkəmli nümayəndəsi idi.[60] Məşədi Məlik Mansurovun Bakıda İçəri Şəhərdəki evinin böyük salonunda tez-tez dövrünün məşhur ziyalıları və sənətkarları yığışır, Qarabağdan, Şirvandan, İrandan gələn musiqiçilər bu evin qonağı olurdu.[60][61]
Hacı Hüsü, Əbdülbaqi (Bülbülcan), tarzən Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan), Məşədi Zeynal kimi tanınmış Qarabağ musiqiçiləri Məşədi Məliklə dostluq edirdi.[60] Məclislərdə yerli musiqiçilər iştirak edirdilər. Burada görkəmli xanəndə və musiqiçilərlə yanaşı, gənclər də ifaçılıq məharətini nümayiş etdirir, ustadlardan bəhrələnməyə çalışırdılar.[60] Bu musiqi məclislərində ifaçılıq sənəti barəsində ciddi söhbətlər aparılır, musiqi tarixinə fikir verilirdi.[60] Burada muğamatın nə zaman, kim tərəfindən, hansı şəraitdə yaradılması mövzusu məclis üzvlərini daha çox maraqlandırırdı. Eyni zamanda, hər bir muğam məclisdə ayrıca müzakirə olunurdu. Muğamların tamam-dəstgah və düzgün oxunmasına xüsusi diqqət yetirilərdi.[60]
Şirvanda muğam sənətin nə vaxt intişar tapdığını naməlum qalsa da, regionda yaşamış musiqişünas, ifaçı, xanəndələr haqqında mənbələrdə müəyyən məlumatlar yaşamaqdadır: Məhəmməd İbn Əbubəkir Şirvani (XII əsr), Hacı Nəcəf Şirvani (XIV əsr), Abdulla Şirvani (XV əsr), Zakir İbn Mustafa (XVII əsr).[12]
XIX əsrin ikinci yarısında Şamaxıda məşhur mülkədar Mahmud ağa tərəfindən yaradılan və Şirvan zonasında xanəndəlik sənətinin inkişafında mühüm rol oynayan musiqili poetik məclislər mövcud idi.[62] Çox zaman Mahmud ağanın məclisi adlandırılırdı.[62] Bu dövrdə Şamaxıda Seyid Əzim Şirvaninin başçılıq etdiyi "Beytüs-Səfa" adlı ədəbi məclis də fəaliyyət göstərirdi. Mahmud ağa həmin məclisin üzvlərinə himayədarlıq edirdi. Seyid Əzim Şirvani ilə dostluq əlaqələri saxlayırdı.[62] Özü də şeiri, musiqini çox sevirdi, gözəl tar çalır və muğamları pəsdən oxuyurdu. O, öz malikanəsində musiqili gecələr keçirmək üçün düzəltdirdiyi xüsusi salonda tez-tez xanəndələrin müsabiqəsini keçirir, birinci yerləri tutanlara qiymətli hədiyyələr və mükafatlar verirdi. Mahmud ağanın musiqi məclisinin sədası nəinki bütün Qafqazda, hətta onun sərhədlərindən çox-çox uzaqlarda belə yayılmışdı.[62]
XIX əsrin ikinci yarısında Şamaxıya qonaq gələn bir çox səyyahlar Mahmud ağanın evinə düşürdülər.[62] Fransız yazıçısı Aleksandr Dümanın, rus rəssamı knyaz Qaqarinin və b. bu haqda məlumatları maraq doğurur.[62] Mahmud ağanın musiqi məclislərində yerli musiqiçilərlə birlikdə Tiflis, Qarabağ, İran musiqiçiləri də çıxış edirdilər.[62] Mahmud ağanın ən çox hörmət bəslədiyi və tez-tez Şamaxıya dəvət etdiyi xanəndə Hacı Hüsü və tarzən Sadıqcan olmuşdur.[62] Mahmud ağa öz məclislərinə gənc musiqiçiləri də dəvət edib onlara klassik Şərq musiqisindən təlim verərmiş. Onun məclisi bütün Zaqafqaziyada musiqiçilər üçün bir növ sənətkarlıq məktəbi idi. Burada ifaçılıq təlimi alan və çalğısı bəyənilən hər bir musiqiçi təqdir olunardı.[62]
Şamaxıda yetişmiş Mirzə Məhəmmədhəsən, Mehdi, Məbud, Şükür, Davud Səfiyarov kimi xanəndələr, Məhəmmədqulu və Hümayi kimi tarzənlər Mahmud ağanın yetirmələri olmuşlar. O zaman Şamaxı musiqi məclisinin şöhrəti çox uzaqlara yayılmışdı.[62]
Muğam ifaçılığı sənətinin inkişafında qramofon valları xüsusi əhəmiyyətə malikdir.[63] Azərbaycan muğam ifaçıları, müsəlman Şərqində ilk dəfə olaraq, XX əsrin əvvəllərində xarici ölkələrə qastrola çıxmış, Qərbdə, tamamilə başqa dünyagörüşünə və estetik zövqə malik dinləyici auditoriyası qarşısında çıxış edərək, diqqəti cəlb etmişlər.[63] Bunun da sayəsində Avropanın bir sıra iri səsyazma şirkətləri tərəfindən öz ifalarını vallara yazdırmaq üçün dəvət olunmuşlar.[63] XX əsrin təkcə ilk 20 ili ərzində Avropanın bir çox səsyazma firmaları – İngiltərənin "Qrammofon", Fransanın "Pate", Almaniyanın "Sport-Rekord", Rusiyanın "Nogin zavodu" və digər ölkələrin səsyazma şirkətləri Azərbaycan muğamları, təsnifləri, rəngləri yazılmış onlarla val buraxmışdır.[63]
XX əsrin əvvəllərində Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Məşədi Məhəmməd Fərzəliyev, İslam Abdullayev, Məcid Behbudov, Qasım Abdullayev, Seyid Şuşinski və bir çox başqa xanəndələrin səsi qrammofon valına yazılmışdır.[63] Bütün bu xanəndələri əksər hallarda tarda Qurban Pirimov, kamançada Saşa Oqanezaşvili müşayiət etmişlər.[63] Həmin qrammofon valları müxtəlif arxivlərdə: Azərbaycan Respublikasının Dövlət Səs Yazıları Arxivində, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fondlarında və digər arxivlərdə qorunub saxlanılır.[63]
Bu vallarda xanəndələrin oxuduqları "Rast", "Şur", "Dügah", "Mirzə Hüseyn Segahı", "Bayatı-Şiraz", "Mahur", "Qatar", "Bayatı Kürd", "Bayatı-Qacar", "Manəndi-müxalif", "Dəşti", "Vilayəti", "Kürdi-Şahnaz", "Sarənc", "Zabul", "Əşiran", "Çoban bayatısı" muğamları, "Mənsuriyyə", "Qarabağ şikəstəsi", "Arazbarı", "Səmayi-Şəms", "Heyratı", "Osmanı", "Heyratı-Kabili", "Şikəstə", "Heyratı", "Ovşarı" zərbi muğamları, çox sayda təsniflər və lirik xalq mahnıları öz əksini tapmışdır.[63]
Qeyd etmək lazımdır ki, XX əsrin ortalarından qramofon vallarının buraxılışı daha geniş vüsət almışdır. Xüsusilə "Melodiya" firmasında böyük miqdarda səsyazıları meydana gəlmiş, muğam ifaçılarının valları kütləvi tirajla buraxılmışdır.[63] Bu ənənə bu gün də davam etdirilir. Belə ki, muğam ifaçılarının çıxışları müasir texniki vasitələrlə audio, video kassetlərə yazılır, İnternet səhifələrinə daxil edilir.[63] Bütün bunlar muğamların geniş surətdə tədqiqinə də yol açır.[63]
Muğamların nota salınması məsələsi bir çox musiqi alimlərinin diqqət mərkəzində olmuşdur. XX əsdə muğamların Avropa not sistemi ilə yazılması prosesi genişlənmişdir ki, bu da onların öyrənilməsi üçün vacib bir mərhələnin başlanğıcını qoymuşdur.[63] Bu dövrdə müxtəlif ölkələrdə muğamın not yazıları həyata keçirilmişdir.[63] Azərbaycan muğamlarının nota köçürülməsi işi 1920-ci illərin sonlarından geniş vüsət alaraq, tədricən sistemli şəkil kəsb edir.[63] Azərbaycanda ilk dəfə muğamın nota köçürülməsi işi ilə Müslüm Maqomayev məşğul olmuş, 1928-ci ildə Qurban Pirimovun ifasından "Rast" muğamını nota salmışdır (əlyazma).[63] Həmçinin, Niyazi irsinin tədqiqatçıları tərəfindən onun "Rast" və "Şur" dəstgahlarının vokal-instrumental şəkildə Cabbar Qaryağdıoğlunun ifasından nota yazıldığı faktı göstərilir ki, bunlar da bəstəkar üçün, bir növ, yaradıcılıq laboratoriyası olmuşdur.[63]
Muğamların 1936-cı ildə nəşr olunmuş ilk not yazıları – Tofiq Quliyevin "Rast", "Zabul", Zakir Bağırovun "Dügah" muğam dəstgahları tarzən Mənsur Mənsurovun ifasından nota yazılmışdır ki, bu nəşrlər milli musiqişünaslığın inkişafında irəliyə doğru mühüm addım idi.[63] Həmin illərdə həmçinin bir sıra bəstəkarlar – Qara Qarayev Qurban Pirimovun ifasından "Şur" muğamını, Fikrət Əmirov Bilal Yahyadən "Rast", "Segah", "Şur" muğamlarından bəzi şöbələri, Tofiq Quliyev Zülfü Adıgözəlovun ifasında "Rast" muğamını və digər nümunələri nota yazmışlar.[63]
Muğamların nota yazılması işinin yeni mərhələsi 1950–1970-ci illərə təsadüf edir.[63] Bu illərdə bəstəkar Nəriman Məmmədovun muğamları nota yazıb nəşr etdirməsi diqqətəlayiqdir.[63] Bunlar: "Çahargah" və "Hümayun" (Bakı, 1962), "Bayatı-Şiraz" və "Şur" (Moskva, 1962), "Rast" və "Şahnaz" (Bakı, 1963), "Segah-Zabul" və "Rəhab" (Bakı, 1965) instrumental şəkildə, "Çahargah" (Moskva, 1970), "Rast" (Moskva, 1978) vokal-instrumental şəkildə not yazılarıdır.[63] İnstrumental muğamlar görkəmli tarzən Əhməd Bakıxanovun ifasından yazılmışdır.[63] Vokal-instrumental muğamlar isə tarzən Bəhram Mansurovun, xanəndə Hacıbaba Hüseynovun ifasından nota yazılmışdır, təsnif və rənglərin nota salınmasında tarzən Həbib Bayramovun, xanəndələr Yaqub Məmmədov, İslam Rzayev və Əlibaba Məmmədovun ifaçılıq təfsirinə də müraciət edilmişdir.[63] 2000-ci illərdən aid muğamların not yazıları sırasında Arif Əsədullayevin tarzən Elxan Müzəffərovun ifasından yazdığı "Bayatı-Şiraz" və "Hümayun" (2002), "Rast" və "Çahargah" (2004), "Şur", "Şüştər" və "Zabul Segah" (2005) instrumental muğamlarının not nəşrləri xüsusi yer tutur.[63] Tarzən-pedaqoq Əkrəm Məmmədlinin 2010-cu ildə çap olunmuş "Azərbaycan muğamları" adlı not nəşrində isə ustad tarzən Kamil Əhmədovun ifaçılıq üslubuna uyğun olan "Rast", "Bayatı-Qacar", "Mahur-hindi", "Orta Mahur", "Zabul-Segah", "Xaric Segah", "Şur", "Bayatı-Şiraz", "Çahargah", "Hümayun", "Şüştər", "Şahnaz", "Rəhab", "Bayatı-kürd" instrumental muğamlarının not yazıları öz əksini tapmışdır.[63] Bütün bu not yazıları muğam tədrisi üçün zəruri amilə çevrilmişdir.
Azərbaycanda muğamı, adətən, muğam üçlüyün müşayiəti ilə xanəndə ifa edir.[2] Belə ansamblın ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır.[2] Dəsgah muğamın küll halında, yəni, onun dəramədinin, bütün şöbə və guşələrinin, eləcə də hər şöbənin təsnif və rəng, yaxud diringələrinin ardıcıl ifa olunması deməkdir.[2] Muğam kompazisiyasına daxil olan şöbələr əsərin musiqi-poetik məzmununu müəyyənləşdirən improvizə reçitavit səpkili vokal melodiyalardan ibarətdir.[2] Bunlar dəqiq ritmə malik mahnı və rəqs epizodları ilə əvəzlənir.[2] Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır.[2]
Muğamların monumental, silsilə formaları, eyni zamanda, ən kiçik detalların son dərəcə cilalanması melodiyanın ifadəlilik imkanlarının əks etdirilməsindəki çoxplanlılıqla fərqlənir.[2] Vokal – instrumental muğamdan fərqli olaraq çox vaxt rəngdə ifa edilmir.[2] Muğamın ifası alətdə mükəmməl çalmağı bacarmaqla yanaşı, həm bütün kompozisiyanın quruluşunun qanunauyğunluqlaqrına, həm də şöbədən-şöbəyə keçidin məntiqinə bələd olmağı tələb edir.[2] Lakin bu halda da muğamı standart şəkildə, formal ifa etmək də olar, çünki keçidləri, tamamlamaları daha maraqlı, musiqiyə şirinlik gətirən çoxlu xallar vurmaqla orijinal səsləndirmək mümkündür.[2]
XIX əsrin məşhur tarzəni Mirzə Sadıq əvvəlcə kamança ifaçısı Ata Bağdagül oğlu ilə birlikdə Şərqin böyük müğənnisi Hacı Hüsünü müşayiət edir, sonra isə şuşalı xanəndə Məşədi İsinin üçlüyünə keçir.[65] 1880-ci ildə onu üçlüyün tərkibində Təbrizə – Nasirəddin şah Qacarın oğlu Müzəffərəddin Qacar Mirzənin toy məclisinə dəvət edirlər.[65] Toyda çox sənətkarlar çalıb-oxuyur.[65] Lakin Hacı Hüsü ən yaxşı xanəndə, Sadıqcan isə ən gözəl tarzən sayılaraq, fəxri "Şiri-Xurşid" ordeni ilə təltif olunur.[65]
1970-ci illərdə muğam üçlüyü yeni bir formatda meydana çıxmışdır. Belə ki, məşhur bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi Vaqif Mustafazadə 1977-ci ildə "Muğam" caz üçlüyünü yaratmışdır.[66] Və ardınca bu üçlüyə rəhbərlik edərək Tallin və Tiflisdə keçirilmiş festivalların laureatı olmuşdur.[66]
1987-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində ilk muğam triosu yaradılmışdır ki, onun adı "Cabbar Qaryağdıoğlu adına muğam üçlüyü" idi.[67] Tərkibi xalq artistləri Möhlət Müslümov (tarzən), Fəxrəddin Dadaşov (kamançaçı) və Zahid Quliyevdən (xanəndə) ibarət idi.[67] Sonrakı illərdə bu muğam üçlüyü bir çox xanəndələrlə işləmiş, dünyanın bir çox ölkələrində qastrol səfərlərində olmuşdur.[67] Müxtəlif xanəndələri müşayiət edən üçlüyün ifasında xarici ölkələrdə bir sıra disklər buraxılmışdır.[67]
1992-ci ildə ildə xanəndə Ağaxan Abdullayev, tarzən Zamiq Əliyev və kamançaçı Ədalət Vəzirov birlikdə "Zülfü Adıgözəlov adına muğam üçlüyü" yaratmışdır.[68] Bu trio İranda, İraqda Məhəmməd Füzulinin 500 illiyi ilə bağlı YUNESKO-nun tədbirlərində çıxış etmişdir. 1997-ci ildən bu trioya Ağaxan Abdullayevin əvəzinə tanınmayan, tələbə qız Simarə İmanova daxil olmuş[68] və onlar "Şərq bülbülü muğam üçlüyü" adı ilə çıxış etmişlər.[69] Üçlük 1997-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş "Şərq təranələri" festivalında iştirak edərək 46 ölkə musiqiçiləri arasında ən ali mükafat olan "Qran-Pri"yə layiq görülmüşdür.[68] Üçlük uğurlu qələbəsiylə dünyaya Azərbaycan musiqisini bir daha tanıtdırır. Üçlüyün uğurlu çıxışı və parlaq qələbəsi münasibətilə o zamanki ölkə rəhbəri – Azərbaycan Prezidenti Heydər Əliyev qalibləri qəbul edir və onların hər üçü "əməkdar artist" fəxri adına layiq görülür.[70] Bundan sonra dövlət tədbirlərini bu muğam üçlüyü bəzəməyə başlayır. Muğam üçlüyü dövlət tədbirlərində öz layiqli yerini tutur və mütəmadi olaraq ölkə rəhbərliyi tərəfindən dəstəklənir.
Xanəndəlik sənətinin inkişafı muğam musiqisi ilə sıx əlaqədardır.[14] Əsl xalq yaradıcılığından ibarət olan bu musiqi əsrlər boyu şifahi halda nəsildən-nəslə keçərək böyük və zəngin irs yaratmışdı.[14] SSRİ xalq artisti Bülbül muğamların inkişafını məhz xanəndəlik sənəti ilə bağlayırdı:
...Azərbaycan klassik muğamlarının inkişaf tarixi onların ifaçıları ilə sıx əlaqədardır. Fasiləsiz olaraq saat yarım, iki saat uzanan oxumaları yaradan müğənnilər ancaq Azərbaycanda olmuşdur. Səttar, Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər, Əbdülbağı, Seyid Şuşinski məhz belə müğənni olmuşlar. Yuxarıda adları çəkilən xanəndələr-«dəstgah» adı altında proqram əsər yaratmışlar. Azərbaycan muğamlarını məharətlə ifa etməklə xanəndələr empirik yollarla əsrdən əsrə keçən, zəmanələrin sınaqlarından çıxıb-gələn orijinal oxumaq məktəbi yaratmışlar. Bu orijinal məktəb Zaqafqaziyada olduğu kimi, bütün Yaxın Şərqdə böyük hörmət qazanmışdır.[71] |
XX əsrin əvvəllərinə qədər varlı ailələr xanəndələri, ortabab və şəhər yoxsulları isə zurnaçılar dəstəsini, kənd əhli isə aşıqları öz şənliklərinə dəvət edirdilər.[72] Lakin böyük toylara həm xanəndə, həm də aşıq dəstəsi çağırar və növbə ilə oxudardılar.[72]
Xanəndələr arasında xalq musiqisinə, nəğmə və qomaya meyl 1905-ci il inqilabından sonra güclənmişdir.[73] Rusiyada burjua-demokratik inqilabının başlanması Yaxın Şərq xalqlarının, o cümlədən Azərbaycan xalqının siyaci-ictimai həyatında da dönüş yaratdı.
Kənd toylarında, məclislərində xanəndə də xalqın sevimlisi oldu. Böyük müğənni Cabbar Qaryağdıoğlundan sonra bu nəcib təşəbbüsə Malıbəyli Həmid, Zabul Qasım, Şəkili Ələsgər, İslam Abdullayev və Seyid Şuşinski kimi sənətkarlar qoşuldular. Onlar xalq kütlələri arasında artıq fars təsnifləri deyil, Azərbaycan dilində təsniflər oxuyurdular.[14] Bu xanəndələr muğam oxuyarkən Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin, Seyid Əzim Şirvaninin, Qasım bəy Zakirin və Xurşidbanu Natəvanın qəzəllərindən istifadə edirdilər.[14] Dəstgahlarda Azərbaycan şairlərinin qəzəl və qoşmalarından istifadə edilməsi muğam sənətini xalqa daha da yaxınlaşdırırdı, lakin onu da demək lazımdır ki, xanəndə dəstəsinin kənd məclislərinə çağırılması aşıq dəstələrini sıxışdırdı.[74] Çünki xanəndə dəstəsində olan tar, kamança, dəf və qoşanağara xüsusi tembrə malik olmaq etibarilə saz və zurnadan geniş və zəngin idi.[14]
Türk musiqişünası Rauf Yektabəy Qafqaz musiqisinə aid yazılarında Mirzə Sadıq (Sadıqcan) sənətkarlığına və onun tara etdiyi yeniliklərə yüksək qiymət verərək yazmışdır:
Sadığın musiqiçilik şöhrəti bütün Qafqaza yayılmışdı. Tarzənlikdə dahi olan Sadıq 5 simli tara 6 sim əlavə edib onu zənginləşdirmişdir.[75] |
Rauf Yektabəy Sadığı dövrünün bir çox böyük xanəndələri ilə müqayisə edərək üstünlüyü ona vermişdir:
Tarzən Sadıqdan sonra Qafqazda Hacı Hüsü, Məşədi İsi, Yusif, Həsənçə, Dəli İsmayıl, Həşim və Əbdülbaqi adlı xanəndələr şöhrət qazanmışlarsa da, lakin bunların heç biri Sadıq dərəcəsinə çatmamışlar.[75] |
Sadıq Azərbaycan muğamına da bir sıra yeniliklər gətirmişdir.[14] O, "Segah" muğamını inkişaf etdirərək, tarın qoluna "Zabul" pərdəsini, "Mirzə Hüseyn segahı"na isə "Müxalif"i əlavə etmiş, "Mahur" muğamını təkmilləşdirmişdir.[14] Əfrasiyab Bədəlbəyli Sadıqcanın tara və muğamata gətirdiyi yenilikləri yüksək qiymətləndirərək yazırdı:
Əgər muğamatın ifası sahəsində tarın musiqi alətləri içərisində birinci yer tutduğunu nəzərə alsaq Mirzə Sadığın kəşf etdiyi yeniliklərin, nəticə etibarı ilə Azərbaycan musiqisi tarixində böyuk bir dönüş yaratdığını təsdiq etmiş olarıq. Demək olarki, Mirzə Sadıqdan başlayaraq Azərbaycan muğamatının mahiyyəti, onun ifadə vasitələri, təsir qüvvəsi və muğamatı ifa etmək üslubu yeni bir pilləyə qalxmış oldu. Mirzə Sadıq Azərbaycan musiqisi tarixində yeni bir səhifə açdı.[76] |
Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur.[77]
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2005-ci və 2009-cu illərdə buraxılmış Azərbaycanın 1 manatlıq əsginasları üzərində və 2006-cı ildə buraxılmış Azərbaycanın 1 qəpiyi üzərində muğam üçlüyünün musiqi alətləri təsvir olunmuşdur. Muğam və onun inkişafına həm də poçt markaları həsr etmişdir.
Əsrlər boyu musiqi sənətinin mühüm sahəsini təşkil edən muğamlar xalqın bütün həyatı ilə, onun mənəvi dünyası ilə sıx bağlıdır. Azərbaycan ədəbiyyatında muğama aid çoxlu ədəbi əsərlər həsr olunub. Muğamın tarixi və təsviri Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında, Bəxtiyar Vahabzadənin "Muğam" silsəlisindən olan şeirlərdə əks olunmuşdur:[78]
Həsrət yaşı, hər ləhzə qılır bənzimizi saz,
Bu pərdə kim, nəsnə bizə olmadı dəmsaz.
Üşsaq meyindən qılalı işrəti – "Novruz",
Ta "Rast"a gələ "Cəngi-Hüseyni"də sərəfraz.
Bu "Çahargahı" lütf qıl, ey hüsnü "büzurgi",
Kuçik dəhanından bizə, ey dilləri-Tənnaz.
Zəngülə sifət nalə qılmaz zar "Segaha",
Çün əzmi – "Hicaz" eyləyə məhbubi-xoşavaz.
Ahəngi- "Sifahan" qılır ol nami – "Əraqi",
"Rəhavi" yolunda yenə canın qıla pərvaz.
Könlümü "Hisar" eylədi ol ruhi – Mübərriğa,
Gəl olma "Müxalif" bizə, ey dilbəri – "Şahnaz".
Çün "Şurə" gəlib eşq sözün qıla Nəsimi,
Şövqündən anın cusə gəlir Sədiyi-Siraz.
"Leyli və Məcnun", Bəxtiyar Vahabzadə[78]
Xanəndə və hürufi dərvişlərin avazı ilə İmadəddin Nəsiminin aşağıdakı qəzəli bütün Yaxın Şərqdə XIV əsrdə ifa olunan muğamları, muğamların şöbə və guşələrini bütün incəliklərinə qədər sadalamışdır.[12] Qəzəlin birinci beytində əvvəl "Novruz"; "Rast"; sonra "Hüseyn"-i; ikinci beytində "Çahargah"; "Segah", "Hicaz", dördüncü beytdə "Əraq"; "Rəhavi"; beşinci beytdə "Hisar"; "Mübərrigə"; "Müxalif" göstərilir.
Azərbaycan muğamı 1979-cu ildə Andrey Tarkovskinin "Stalker", Yuli Qusmanın "Qorxma, mən səninləyəm", Hüseyn Seyidzadənin "O olmasın, bu olsun" filmlərində səslənib.[79]
Azərbaycan kinematoqrafında muğama həsr olunan filmlərdən "Şur", "Təsnif", "Muğam (1976)", "Qarabağ bülbülləri", "Muğam (1995)", "Naməlum səs", "Muğam (2001)", "Havalansın Xanın səsi", "Mahur-hindi", "Bayatı şiraz", "Teymur Əmi", "Mənsuriyyə", "Sara Qədimova", "Nəriman Əliyev", "Məclisi üns", "Ağaxan", "Muğamda yaşayan səs", "Muğamda yaşayan səs" və "Muğamat var olan yerdə…"-ni qeyd etmək olar.
"Muğam üçlüyü" azərbaycanlı rəssam (məsələn, Toğrul Nərimanbəyov[80]) və heykəltəraşların (məsələn, Zakir Əhmədov[81]) geniş işlədiyi mövzudur. Həmçinin, geyim kolleksiyalarında da qaval, tar və kamançadan ibarət bu üçlüyün əks olunduğu geyimlər nümayiş və təqdim olunmuşdur.[82] Bundan başqa, misal üçün tikmə ustası Mehriban Xəlilzadə iynə ilə "Muğam üçlüyü" əsərini yaratmışdır.[83][84] Bu mövzuda Səmədağa Cəfərovun saxsı boşqab üzərində çəkdiyi "Muğam üçlüyü" də diqqəti cəlb edir.[85]
Xan Şuşinski · Hacıbaba Hüseynov · Yaqub Məmmədov | ||||
Qədir Rüstəmov · Ağaxan Abdullayev · Mənsum İbrahimov |
Bəhram Mansurov · Allahyar Cavanşirov · Mənsur Mənsurov |