Came məscidi (Bakı)

İçərişəhər Cümə məscidi — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid.

Cümə məscidi
Cümə məscidi
Xəritə
40°21′56″ şm. e. 49°50′08″ ş. u.HGYO
Ölkə Azərbaycan Azərbaycan
Status Ölkə əhəmiyyətli abidə
Şəhər Bakı Bakı
Yerləşir Səbail, İçərişəhər, Asəf Zeynallı küçəsi 51
Aidiyyatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq
Sifarişçi Hacı Şeyxəli Dadaşov
Tikilmə tarixi 1899
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Minarələri 1
Günbəzləri 1
Vəziyyəti Restavrasiya olunub (2006—2010)
İstinad nöm.89
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
KateqoriyaMemarlıq abidələri
Cümə məscidi (İçərişəhər)
Cümə məscidi
İçərişəhərin xəritəsində məscidin yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Came məscidinin görünüşü (1890)

Məscidin divarına həkk olunmuş binanın inşası haqqında olan kitabədə yazılıb:

"709-cu ilin rəcəb ayında[q 1] Əmir Şərəfəddin Mahmud bu tikilini yeniləmək əmri vermişdir".[1]

Kitabə barədə Sara Aşurbəyli Şirvanşahlar dövləti kitabında belə yazır: "Bakı qalasında qədim Cümə məscidinin cənub tərəfindəki divarda ərəbcə yazılmış kitabədə binanın təmir olunduğu xəbər verilir. "Məlik əl-üməra və l-əkabir" (əmirlərin və əyanların məliki) Şərəf əd-Din Mahmud ibn Fəxr əd-Dinin adı çəkilir və h.709 (1309/10)-cu il tarixi göstərilir."[2][3]

Görünür həmin dövrdə məscid təmir edilib genişləndirilmişdir.[4]

Bakı Came məscidinin atəşgah məbədinin yerində inşa olunduğu iddia olunur.[1][5]

Məscid Hicri-qəməri təqvimlə 1024-cü ildə[q 2] təmir edilmişdir.[6]

Bakı Came məscidi 1899-cu ildə uçurulmuş[6] və yerində Bakı milyonçusu, xeyriyyəçi Hacı Şıxəli Dadaşov tərəfindən yenisi inşa edilmişdir.[5]

Bir qədər mürəkkəb biçimli planı Bakı Came məscidinin bir neçə mərhələdə tikildiyini və ətrafı yaşayış məhəllələri ilə əhatə olunmuş məhdud ərazidə genişləndiyini göstərir. Onun başlıca dayaq bölümləri cənub hissəsində kvadrat biçimli ibadət salonu və şimal tərəfində minarədir. Onların arası müxtəlif ölçülü yerləşgə və kiçik iç həyətlərlə doldurulub. Məscidin özəyi və ən əski bölümü ibadət salonudur. İbadət salonu planda kvadrat biçimli olub quruluşuna görə Səlcuqlular dövrünün köşk tipli məscidlərinə bənzəyir. Onun örtüyü də arxaik biçimli idi. İçəridə iri daş lövhələrin üst-üstə kəsişərək yuxarıya doğru daralması yolu ilə yığılan və qaradam tipli yaşayış evlərinin örtü konstruksiyasına bənzəyən günbəz bayırdan konus biçimli olmuşdur. Bayır biçiminə görə bu günbəz XII yüzildə ucaldılan Marağa-Naxçıvan memarlıq məktəbi türbələrinin çadır örtükləri növündəndir. Günbəzin üst bölümünü örtən torvari bəzək motivinə Səlcuq dövrü memarlıq abidələrində (Şəmkir, QarabağlarAtabəylər kompleksinin minarələri, Marağada Qırmızı gümbəz türbəsi və s.) sıx-sıx rast gəlinir. Günbəzin bəzəyində kaşının az işlədilməsi də həmin dövrün əlamətlərindəndir. Bu özümlüklərinə görə, eləcə də minarəsinin kürsülüyünə hörülmüş tikinti kitabələrinin ən əskisinin XII yüzilə aid edilməsini nəzərə alan tanınmış alim Cəfər Qiyasi Bakı Came məscidinin əski günbəzli salonunun həmin əsrdə tikildiyi qənaətinə gəlir.[5]

Otaqları çoxbölməli, düzgün olmayan altıbucaq formalı məscidin qeyri-adi planı, eləcə də kvadrata daxil edilmiş və pilləli qübbələr sistemi ilə örtülmüş nisbətən iri ibadət zalı, binanın daxili məkanının xüsusi gözəlliklə tikilməsinə zəmin yaratmışdır.[1]

Mədrəsə məscid

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Mədrəsə məscid

Son orta əsrlərdə əsasən məscid mədrəsə kimi fəaliyyət göstərmiş bu abidə Came məscidin qalmış hücrələrindən biridir. Hücrələr XV əsrdə Came həyətində tədris məqsədilə inşa olunmuşdur. A. Zeynallı küçəsinin genişlənməsi və yol-tikinti işlərilə əlaqədar XIX əsrin ortalarında Came məscidinin hücrələri dağıdılmış, salamat qalmış hücrələrdən biri məscid mədrəsə kimi istifadə edilmişdir.

Minarə indiki dövrdə

1437-ci ildə ibadət zalının oxu üzrə, məscidin şimal divarında, müsəlmanları namaza çağırmaq üçün eyvan funksiyasını daşıyan stalaktit qurşaqlı, taclı, minarə tikilmişdir.

Minarənin şaquliliyi və ibadət zalının kaşılı günbəzinin konus forması, memarlıq sənətinin inkişafını göstərir və məscidin ümumi kompozisiyasına novatorluq elementi, gətirir. Bu Şirvanşahlar saray kompleksi abidələrində də öz əksini tapmış stilistik istiqamət olmuşdur. Minarənin tarixi Came məscidinin inşasından daha əvvəlki dövrə aiddir. Minarənin, arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş bunövrə daşındakl kitabədə Elxanilər dövlətinin başçısı sultanı Məhəmməd Olcaytunun yarlığının mətni həkk olunmuşdur.[1]

Minarə XIV əsrin görkəmli abidəsi kimi böyük maraq doğurur. Minarə Məhəmməd məscidinin minarəsindən fərqli olaraq, XI əsrdən XIV əsrədək Şirvan memarlığında baş verən dəyişiklikləri aşkar etmək üçün qiymətli material rolu oynayır. Sınıq qala minarəsindən fərqli olaraq bu minarə daha zərif və incədir. Bu minarədə demək olar ki, müdafiə qülləsi olan Sınıq qala minarəsinə məxsus əlamətlər yoxa çıxmışdır. Bununla yanaşı, onlar arasında müəyyən oxşar cəhətlər də var. Minarənin şərəfəsinin alt hissəsində daş üzərində kitabə həkk edilmişdir. Həmçinin, minarədən şərəfəyə keçid hissə də üçqat stalaktitlə həyata keçirilir. Şərəfənin kənarları isə həndəsi fiqurlarla işlənmişdir.[6]

Dəfələrlə bərpa və inşa işləri aparılmış əski Bakı Came məscidi kompleksindən dövrümüzə yalnız İçərişəhərin bu ən uca minarəsi qalmışdır.[4][6]

2016-cı ildən minarədə İçərişəhər DTMQİ tərəfindən təmir-bərpa işləri aparılır.

Cümə məscidi

[redaktə | mənbəni redaktə et]
Daxili görünüşü
Üzərində məscidin təsviri olan poçt markası
Hacı Şıxəli Dadaşov

1899-cu ildə Bakı milyonçusu, xeyriyyəçi, Hacı Şeyxəli ağa Dadaşov xeyriyyə məqsədilə Came məscidinin qalıqlarının yerində tamamilə yeni məscid olan Cümə məscidini tikdirmişdir.[7][8]

Məscid Sovet dövürndə xalça muzeyi olaraq fəaliyyət göstərmişdir.

1990-cı illərdən məscid olaraq fəaliyyətini bərpa edən Cümə məscidi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 2008-ci ildə əsaslı təmir və bərpa edilmişdir.[6]

Cümə məscidinin gecə görünüşü

Məscidin kiçik diametrli günbəzini, mərkəz hissəsində dörd sütunla saxlayan kvadrat formalı ibadət zalı tamamlayır. Binanın memarlığında Şərq və Avropa klassik motivlərindən istifadə olunmuşdur. Girişin portalında Azərbaycan memarlığının əsas prinsipləri əks olunmuşdur: daş üzrə oymalar, geniş naxış palitrası, bədii epiqrafika və s. Əsasən daş üzərində tikinti və naxış işlərinin keyfiyyəti mükəmməldir.[1]

2008-ci ildə tikinti mütəxəssisləri, memarlar və rəssamlar tərəfindən məscid tam bərpa olunmuş, müasir istilik və işıqlandırma sistemləri quraşdırılmışdır.[6] Məscidin divarlarında naqqaşlar əl ilə ornamentlər işləmiş, Qurani-Kərimdən surələr və İslamda müqəddəs olan 5 Əhli-beyt üzvünün adının ərəbcələrini yazmışlar.

  1. H. Q. Rəcəb 709 = M. 12 dekabr 1309–9 yanvar 1310
  2. H. Q. 1024 = M. 31 yanvar 1615–19 yanvar 1616
  1. 1 2 3 4 5 "CÜMƏ MƏSCİDİ VƏ MİNARƏ" (az.)). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. Петрушевский, Земледелие, с.313
  3. Sara Aşurbəyli. Şirvanşahlar dövləti. Bakı, "Avrasiya press", 2006, səh. 251
  4. 1 2 Cəfər Qiyasi. Nizami dövrünün memarlıq abidələri. Bakı: İşıq, 1991, səh. 47
  5. 1 2 3 "Джума мечеть (Ичери-Шечер, Баку)" (rus.)). ourbaku.com. 2022-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  6. 1 2 3 4 5 6 "İçərişəhər "Cümə" məscidi" (az.)). scwra.gov.az. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  7. "2008-ci ildəki təmirdən sonra məscid üzərinə qoyulmuş müasir daş kitabə". 2016-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-02. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  8. "«Metropol» otelinin zirzəmisində kimlər ölümdən xilas edilib?". 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-29. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]