Məhəmməd məscidi və ya Sınıqqala məscidi — Bakının dövrümüzə çatmış ən qədim məscidi. İki: yeraltı və yerüstü mərtəbələrdən ibarət olan məscid binası X–XI əsrlərdə inşa edilmişdir.[1]
Məhəmməd məscidi | |
---|---|
40°21′55″ şm. e. 49°50′04″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İçərişəhər, Mirzə Mənsur küçəsi, 42 |
Aidiyyatı | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
Memar | Məhəmməd ibn Əbu-Bəkr |
Tikilmə tarixi | 1078—1079 |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Vəziyyəti | Bərpa olunub. |
Rəsmi sayt | icherisheher.gov.az |
Tipi | Mədəni |
Kriteriya | vi |
Təyin edilib | 2000 |
İstinad nöm. | 958 |
Dövlət | Azərbaycan |
Region | Avropa və Şimali Amerika |
İstinad nöm. | 2.1 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məscidə Sınıqqala məscidi adı 1723-cü ildə rusların Bakını top atəşinə tutmasından sonra verilib. Xəzər sahili boyunca işğalçı yürüşlərə çıxmış I Pyotrun artilleriyası həmin ilin 26 iyununda Bakını atəşə tutanda şəhərin ən qocaman məscidinin minarəsi də zədələnmişdir. Top mərmisinə qala bürcü kimi davam gətirən minarəyə xalq "Sınıq qala" adını vermişdir. Abidənin ilkin adı bəlli deyil. Məscidin şimal tərəfindəki kufi xətti ilə yazılmış kitabədə deyilir:
Rəhimli və Rəhman olan Allahın adı ilə. Bu məscidin binasını (tikməyi) əmr etdi Ustad ər-rəis Məhəmməd ibn Əbu Bəkr Dörd yüz yetmiş birinci il[2]"
Mütəxxəsislərin bir çoxu Məhəmməd Əbu Bəkr oğlunu məscidin memarı sayır. Tanınmış alim Cəfər Qiyasi isə katibin mətnindən Məhəmməd Əbu Bəkr oğlunun məscidin sifarişçisi olduğu, özü də həmin şəxsin şəhər rəisi olduğu anlaşılır deyə qeyd edir.[4]
Sınıqqala Bakının salamat qalan ən əski məscidi, minarəsi isə Quzey Azərbaycan minarələrinin ən qocamanıdır. XX əsrin əvvəllərinə kimi Sınıqqala bir mərtəbəli məscid olmuşdur və onun tutumu uca minarəsinə nisbətdə kiçik görünmüşdür. İki yandan ona yapışdırılmış binalardan azad olduqdan sonra, abidənin alt daqı üzə çıxdı. Minarə ilə məscid binasının ilkin uyarlığı bərpa edildi.
Arxeoloq F.Ə İbrahimov 1988-ci il arxeoloji qаzıntılаrı ilə məscidin gözlənilməz iri həcmli sаhə quruluşunu kəşf еtdi. Hər zaman аlçаq fоrmаsı ilə qəbul оlunаn minаrə indi kvаdrаt binövrə üzərində tikilmiş mükəmməl tikili kimi cаnlаndı. İbаdət zаlının аltındаn dаş çаtmа qübbə ilə örtülmüş аnаlоji tipli оtаq аşkаr оlundu. Оtаğın аlt təbəqəsinin аltındа islаmа qədər dini аyinlərin еlеmеntləri izlənildi. Arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri bu otağın məhz antik dövrdə inşa edildiyini ehtimal etməyə əsas verir. Gümаn еdilir ki, məscid burаdа islаmаqədər fəаliyyət göstərən аtəşgаhın bünövrəsi üzərində ucаldılıb. Bu otaqdan aşkar olunmuş kapitelli sütunlar Bakı tarixinin qədimliyini subut edən əsaslı dəlillərdəndir.[5]
Məscidin tikildiyi enişli relyefdən bacarıqla yararlanan memar bənzərsiz məkan quruluşu olan iki mərtəbəli, tək minarəli məscid binası yaratmışdır. Altı qatı tağbənd örtülü, güney fasada çıxan bir qapısı və iki kiçik pəncərə gözü olan dördbucaq planlı yerləşgədir. Onun sal qaya altında olan quyusu, bəzi arxeoloji materiallar antik dövrün sonu və ilk orta əsrlərə aid edilmişdir. Onu da deyək ki, ilkin araşdırmalarda Məhəmməd məscidinin daha əski bina – atəşgah üzərində yenidən tikilməsi faktı qeydə alınmışdı.
Üst qatdakı ibadət salonu (sahəsi 40 m²) planına və mühəndis həllinə görə alt qatı təkrar edir. Salonun quzeyə baxan qapısı önündə kiçik bir yerləşkə – astana, yan qısa tərəflərinin hər birində içəriyə genişlənən kiçik pəncərə gözü var. Güney divarın ortasındakı mehrab tağçasının yanlarında iri pəncərə gözləri açılmışdır. Bu səbəbdən Məhəmməd məscidinin sivri tağbəndlə örtülən ibadət salonu kifayət qədər işıqlandırılır.
Şirvan-Abşeron memarlıq məktəbinin başlıca prinsiplərindən biri – binaların içərisi ilə bayır tutumu arasında birliyin olması Məhəmməd məscidinə də xasdır. Ölçü kiçikliyinə baxmayaraq memar tikilini bölünməz, bütöv şəkildə həll etməmişdir. Əksinə o, binadakı funksional bölgüdə tam yararlanaraq dinamik məkan quruluşu yaratmağa çalışmışdır. Məzmunu bilərəkdən belə mürəkkəbləşdirməkdə müəyyən ibtidailik duyulsa da, bu abidənin təkcə planına deyil, məkan quruluşuna da bədii oynaqlıq vermişdir. Məhəmməd məscidinin kompozisiya ifadəliyini bu bəzəksiz qapalı kütlələrin biçim plastikliyi və qarşılıqlı uyarlığı yaradır. Memarlıq kütlələrinin olduqca məntiqli və sərbəst düzülüşü, eləcə də hörgü işinin yarıyonulu daşlardan aparılması, məscidə zəngin işıq-kölgə effekti, heykəlvari bədiilik vermişdir.
Məhəmməd məscidinin kompozisiya dominantı – minarə ibadət salonun tutumu ilə fiziki bağlılıqda deyil. Buna, eləcə də ibadət salonunun ölçücə kiçikliyinə əsaslanan bəzi araşdırmaçılar məscid binasının minarədən sonra tiklidiyini iddia edirlər.[6]
Məscidin minarəsi silindr şəklində olub, yuxarıya getdikcə daralır. Mütəxəssislərin fikrincə, tutduğu mövqeyə görə bu minarədən müşahidə məntəqəsi kimi istifadə edilmişdilər. Minarənin yuxarı hissəsini əhatə edən iri stalaktitlər burada təkcə bəzək elementi rolunu oynamır, eyni zamanda konstruktiv xarakter daşıyaraq daş eyvanı saxlayır. Eyvanaltı daşların üzərində gözəl həndəsi ornamentlər yonulmuşdur. Minarənin XI əsrdə tikildiyi ehtimal olunur.[7]
İslamın yayıldığı ilk dövrlərdə minarələr şəhər quruluşunda dinin başlıca simvolu olduğundan məscidlərin minarələri çox iri və əzəmətli tikilirdi. Ölçü iriliyi onların bina quruluşuna üzvi şəkildə daxil edilməsinə imkan vermirdi. Samirədəki Mütəvəkkil məscidinin bəlli Malviyyə minarəsi (IX əsr), Orta Asiyanın X – XII əsr minarələrində bu cəhət aydın duyulur. Səlcuqlular dövrünün bizə bəlli olan Azərbaycan minarələri (Savə Came məscidi, Şəmkir Cümə məscidi, Ərdəbil Cümə məscidi) də ayrıca dayanan olmuşdur. Sonralar İslam dinin dayanıqlaşması ilə bağlı məscid quruluşları təkamül prosesi keçirir və bu proses minarələrin ölçü və biçimlərinə, eləcə də bina quruluşunda yerləşmə tərzinə təsir göstərir. Minarələr incələşərək məscid kompozisiyasının ayrılmaz bölümünə çevrilir.
Zəngin dekorativ elementlərlə bəzədilmiş bir otaqlı ibadət zalına şimal tərəfdən çox da böyük olmayan vestibül birləşir. Qala divarının mərkəzi oxunda daşla şəbəkə şəklilli bağlanmış bir cüt pəncərə var. Oxvarı taxtabanla tamamlanan zal həm Şərq və Qərb tərəfdən çata bənzər ornamentli pəncərələrlə bəzədilmişdir. Maraqlı faktdır ki, Bakı-Abşeron memarlığı üçün yad olan bişmiş kərpiclə lentvari şəkildə tağbəndin çərçivəsi boyunca ornament quraşdırılmışdır.
Məscidə bitişik şəkildə qaldırılmış silindirik formalı minarə yuxarıdan stalaktitli karniz üzərinə oturdulmuş daş şəbəkəli azançı (müəzzin) eyvanı ilə tamamlanır. Minarə daxilində quraşdırılmış dolama (spiralşəkilli) daş pilləkənlər ibadət zalının döşəməsindən başlanır. Minarənin müəyyən yüksəkliyində məscidin damına keçmək üçün qapı vardır. Dama iri daş plitələr döşənmişdir. Minarənin yuxarı hissəsində stalaktik kəmər boyu ərəb dilində kufi xətlə Quran ayəsi yazılmışdır. Minarənin özülü alçaq və kvadrat formadadır.
Məscidin cənub fasadı, kəskin şəkildə qabarmış yarımsilindrik həcmli mehrab və minillik daş divar fonunda, çatma pəncərələrlə təmsil olunmuş, uzanmış proporsiyalar şəklində canlanır. Məscidin həcm kompozisiyasının dinamikasını ətraf tikililəri kölgədə qoyan minarə təmsil edir. Abidədə aparılmış bərpa işləri üzərində epiqrafik yazısı olan bu qədim məscidinin memarlıq simasını bütövlüklə canlandırdı.
Məscidin cənub fasadı yarımdairə həcmli mehrabla və minillik divar fonunda oxvari tağbənd pəncərələrlə dartılmış proporsiyalar şəklində özünü göstərir. Məscidin dinamik kompozisiya fonunda ucalan minarə ətraf tikililər arasında hakim mövqedə durur. Bərpa işləri zamanı Şirvan-Abşeron memarlıq məktəbinin bütün mahiyyəti bu məscidin simasında açıldı. İçəri şəhər hələ də orta əsr abidələrində qiymətli memarlıq irsinin açılmayan saxlanc yeridir. Ona görə də çox da böyük olmayan bu yerlərin hər qarışında yeni bina hissələri, sürprizlər meydana çıxır.
Bütün orta əsr Bakı məscidləri kimi Məhəmməd mscidinin də ölçü kiçikliyi şəhərin öz ölçüsü və funksiyası ilə bağlı olmuşdur. Memarlıq əsərindən daha çox bütöv kütlədən yonulmuş heykəltəraşlıq əsərinə bənzəyən məscidin sərt əzəmətində XI əsr Bakısının qala şəhərliyi əks olunmuşdur.
YUNESKO-nun Ümumdünya irsi, obyekt № 958 ing. • rus. • fr. |