40°51′11″ şm. e. 48°23′35″ ş. u.HGYO

İsmayıllı rayonu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bu məqalə İsmayıllı rayonu haqqındadır. Şəhər üçün İsmayıllı səhifəsinə baxın.
Rayon
İsmayıllı

40°51′11″ şm. e. 48°23′35″ ş. u.HGYO


Ölkə
Daxildir Dağlıq Şirvan
İnzibati mərkəz İsmayıllı
İcra başçısı Nahid Bağırov
Tarixi və coğrafiyası
Yaradılıb 24 noyabr 1931
Sahəsi 2 064[1][2] km²
Hündürlük
1.043 m
Əhalisi
Əhalisi 87 867 (2021)[3] nəfər
Rəqəmsal identifikatorlar
ISO kodu AZ-ISM
Telefon kodu +994 20 28
Poçt indeksi AZ3100
Avtomobil nömrəsi 31
Rəsmi sayt
İsmayıllı xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İsmayıllı rayonuAzərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi İsmayıllı şəhəridir. Tərkibinə 1 şəhər (İsmayıllı), 2 şəhər tipli qəsəbə (Lahıc, Basqal) və 106 kənd daxildir. Əhalisi 87867 (01.01.2021) nəfərdir.

İsmayıllı rayonundan tapılmış I–III əsrlərə aid qızıl möhür-üzük. Qafqaz Albaniyası mədəniyyəti. Milli Azərbaycan Tarixi Muzeyi.

Rayonun ərazisi uzun müddət eramızdan əvvəl IV əsrin sonu III əsrin əvvələrində yaranmış Albaniya dövlətinin tərkibində olmuşdur. Tarixi faktlar sübut edir ki, Cavanşirin mənsub olunduğu Mehranilər Girdiman knyazlığını məhz İsmayıllı ərazisində yaratmışdır. Cavanşir də bu nəsildən idi. Rayonun ərazisində Talıstan kəndindən 4 km şimalda, Ağçayın sahilində Cavanşirin adı ilə bağlı qala mövcuddur. Azərbaycanın şimal-mərkəz hissəsində yerləşən İsmayıllı rayonu 1931-ci ildə təşkil olunmuşdur. İlk vaxtlar rayonun inzibati mərkəzi Basqal kəndində olmuş, qısa müddətdən sonra İsmayıllı kəndinə köçürülmüşdür. Rayon təşkil edilənədək onun ərazisinin böyük bir hissəsi Göyçay qəzasının, bir hissəsi Şamaxı qəzasının, kiçik bir hissəsi isə Şəki qəzasının tərkibində olub. İsmayıllı şəhəri 1959-cu ilə qədər kənd, 1967-ci ilə qədər şəhər tipli qəsəbə olmuş, sonra şəhər adını almışdır.[4]

İsmayıllı rayonu 1931-ci il noyabr ayının 24-də yaradılmışdır. 1939-cu ildən 1977-ci ilədək İsmayıllı rayonu Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi, 7 oktyabr 1977-ci ildən 17 oktyabr 1991-ci ilədək İsmayıllı rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il Fərmanına əsasən İsmayıllı rayon Xalq Deputatları Soveti ləğv edilmiş, onun əvəzində İsmayıllı rayon İcra Hakimiyyəti yaradılmış və 1991-ci ilin noyabr ayından bu adla fəaliyyət göstərir.[5]

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]
İsmayıllı rayonu

Rayonun sahəsi 2074 km²-dir. Rayon 40° 35′ və 41° 05′ şimal enliyi, 47° 45′ və 48° 30′ şərq uzunluqları arasında yerləşir. Sahəsinə görə Azərbaycanda 4-cü yerdədir (Kəlbəcər, QubaŞəki rayonlarından sonra). Tərkibinə 1 şəhər (İsmayıllı), 2 şəhər tipli qəsəbə (Lahıc, Basqal) və 106 kənd daxildir. Rayon mərkəzi olan İsmayıllı şəhəri 14 yanvar 1967-ci ildə şəhər statusu almışdır.

Böyük Qafqazın cənub ətəklərində yerləşən İsmayıllı rayonu 6 inzibati rayonla həmsərhəddir. Şimaldan Quba rayonu, şimal-şərqdən Şamaxı rayonu, cənub-şərqdən Ağsu rayonu, cənubdan Kürdəmir rayonu, cənub-qərbdən Göyçay rayonu, qərbdən və şimal-qərbdən isə Qəbələ rayonu ilə əhatələnib.

İsmayıllı rayonu əsasən Baş Qafqaz silsiləsinin cənub yamacında, yüksək və orta dağlıq qurşaqda, Acınohur alçaq dağlığında və Alazan-Həftəran vadisində, qismən Şirvan düzünün şimal hissəsində yerləşir. Rayonun ərazisində ən yüksək zirvələr Baş Suayrıcı silsiləsində Babadağ zirvəsi 3629 m, Əsəddağ 3471m, Qaraburğa 3345m, Şahnəzərdağ 2874 m -dir. Rayon ərazisində Baş Suayırıcı silsilə Babadağa qədər yüksəlir və cənub — şərqə doğru davamında nisbətən alçalaraq 3000 metrdən az olan zirvələrlə müşayət olunur.

Baş Suayrıcı silsiləsinə paralel olaraq cənubda Qovdağ silsiləsi (Qovdağ zirvəsi 2437 m və Qəmçə dağı 2139 m) və Niyaldağ silsiləsi (Yelligədik zirvəsi, 2322 m) yerləşir. Niyal silsiləsi GöyçayAğsuçay dərələri arasında yerləşən "Horst-antiklinorium" formal relyef əmələ gətirərək cənubdan və şimaldan uzun tektonik qırılmalarla əhatələnir və onun hər iki yamacında laylar dik yatır. Silsilənin səthi son neotektonik fəallaşmadan əvvəl uzun müddət denudasiyaya məruz qalmış və burada dik yatımlı layları kəsən düzəlmə səthi yaranmışdır. Girdimançayın sol sahilindən qərbə doğru səthi nisbətən hamarlaşmış Fitdağ yaylası yerləşir (2268 m). Qovdağ silsiləsi Girdimançay və Göyçay çaylarının yuxarı axınlarında yaranan qolları vasitəsilə dərin kanyonvarı dərələrlə parçalanmışdır. Orta dağlıqda Lahıc və Müdrü dağarası çökəklikləri geniş sahə tutur. Relyef Girdimançay dərəsindən şərqə alçalaraq Şamaxı-Qobustan yaylasına keçir.

Niyal silsiləsindən cənubda eni 2–10 km, mütləq hündürlüyü 200–500 m olan Qanıx–Əyriçay vadisi uzanır. Vadinin səthi əsasən çayların cavan yelpikvari gətirmə konusları və qismən mezozoyun çay və sel çöküntülərindən təşkil olunmuşdur. Burada cavan çökmə qatın qalınlığı bir çox ərazilərdə 1000 m-dən artıqdır.

Qanıx-Əyriçay vadisinə paralel cənubda Girdimançayın dərəsinə qədər Acınohur ön dağlığının şərq ətəkləri yerləşir. Daşüz-Əmirvan tirəsinin (829 m) şərq batımının bir qismi rayon ərazisinə daxil olur. Göyçay–Dəvəbatan çayları arasında Uştal və İvanovka yaylası (500–800 m), şərqdə Quşencə yaylası (600–1100 m) yerləşir. Dəvəbatançay və Girdimançay arasında isə zona daralıb alçalaraq demək olar ki, tamamilə itir. Ondan cənubda isə paralel olaraq Qaraməryəm tirəsi (437 m) uzanır. Tirə Dəvəbatan və Girdimançay dərələri ilə bir neçə hissəyə bölünür. Mollaisaqlı, Külüllü dərələri və Girdimançayın məşhur gətirmə konusları burada geniş ərazi tutur. Qaraməryəm tirəsinin cənub- şərqə davamı olan Ləngəbiz silsiləsinin (929 m) şimal-şərq ətəkləri rayonun sərhədləri hüdudları daxilindədir. Rayonun cənub hissəsi Şirvan düzünə qədər uzanır. Bu hissə, əsasən, Küdrü-Şirvan fiziki-coğrafi rayonu daxilində 200 metrədək hündürlükləri əhatə edir.

İsmayıllı dağları

Geoloji quruluşu

[redaktə | mənbəni redaktə et]

Ərazisi Kaynazoyda baş verən Alp qırışıqlığı zonasına aid olduğu üçün seysmik cəhətdən çox fəaldır. Ərazi Respublikanın üç ən fəal seysmoaktiv qırılma zonasına aid edilir. Belə ki, ərazidə 8–9 bal gücündə zəlzələlər müşahidə olunmuşdur. 1981-ci ilin oktyabrında baş vermiş zəlzələ ərazidə böyük dağıntıya səbəb olmuş və təsərrüfata külli miqdarda ziyan vurmuşdur. Bu səbəblərdən regionda baş verən zəlzələləri müşahidə və tədqiq etmək üçün rayon mərkəzi yaxınlığındakı Talıstan kəndində "Seysmoloji stansiya" tikilmişdir.

Baş Suayrıcı silsiləsi, əsasən, mezozoyun yuratəbaşir yaşlı qalın çöküntülərdən təşkil olunmuşdur. Ərazinin yura yaşlı çöküntüləri Kiçik Qafqazdan fərqli olaraq yalnız çökmə mənşəli süxurlardır. (Kiçik Qafqazda isə vulkanogen-çökmə mənşəli süxurlar daha çox üstünlük təşkil edir). Bu süxurlar Qanıx-Əyriçay vadisində IV dövrün çöküntüləri ilə təmasa gəlir. Niyaldağ silsiləsində isə təbaşir yaşlı şistli çöküntülərlə əvəz olunur. Yura dövrünün çöküntüləri, əsasən, alt və orta qalın qara rəngli şist və qismən qumdaşı laylarından ibarətdir.

İsmayıllıdakı dağ süxurları

Cənub-Şərq hissədə isə şistlər və şist-qumdaşı layları argillitlərlə əvəz olunur. Yuranın əhəndaşı və dolomit qatlarının klippen adlanan böyük "köksüz" (əsas yayılma yerlərindən qopmuş və aralanmış) qayaları və bəzən örtük halında sahələri, iri "qəlpələri" Baş Suayrıcının bəzi yerlərində üzə çıxır. Çay dərələrində (Girdimançay, Göyçay və Ağsuçay) bu qatları kəsərək dərin və dar dərələr — kanyonlar əmələ gətirir.

Qovdağ hissəsi, əsasən, təbaşir dövrünün gilli və gilli-qumdaşılarından ibarət çöküntülərindən, qalan hissələr isə kaynazoyun çökmə mənşəli süxurlarından ibarətdir. Dağlıq hissədə, xüsusilə Lahıc və Müdrü dağarası çökəkliklərində kaynazoy yaşlı cavan çöküntülər mezozoy dövrünün süxurları üzərində transqressiv formada yataraq qalın laylar əmələ gətirir.

Paleogenin oliqosen dövrünün gilli və qumlu-gilli çöküntüləri Girdimançay dərəsində geniş sahələr tutur. Acınohur öndağlığının rayon daxilində olan hissələri başdan-başa kaynazoyun paleogen və qismən neogen (III dövr) çöküntülərindən təşkil olunmuşdur. Neogen mənşəli çökmə süxurlar isə əsasən, depres sahələrdə və Ləngəbiz tirəsində terrigen qatlardan və gillərdən ibarətdir. Sarmat dövrünün dəniz çöküntülərinə Diyallı kəndi yaxınlığında 1200 m yüksəkliklərdə daha çox rast gəlinir.

Bir sıra əyilmə zonalarında pleystosen (IV dövr) çöküntülərinin çox qalın (200–400 m) qatları müşahidə olunur. Buna səbəb ərazidə axan çayların eroziya və nəqletmə qabiliyyətinin sürətli olmasıdır. Yüksək dağlıqda (2800–3000 m) isə ara-sıra buzlaq çöküntülərinə — Moren tirələrinə rast gəlmək olur. Yüksək dağlığın qayalıqlar sahəsində və dik yamacların ətəklərində künclü-bucaqlı ufantılar toplanır. Bir çox yerlərdə qaba (qayalar ətəyində) və nisbətən xırda dənəli (Yura şistlərindən ibarət dik yamacların ətəyində) ufantı konusları vardır. Yüksək və orta dağlıq qurşaqlarda qaya süxurları çıxışlarında daş axınları yamac boyu uzanan ensiz (5–10 bəzən 50–60 m) və uzun (100–200 bəzən 1000–2000 m) "daş axınları" əmələ gətirir. Bu axınların həcmi bəzən 0,5–1 m³, əksərən isə 0,5 m³-dən kiçik künclü – bucaqlı daş kəsəklərindən ibarət olur.

Dağlıq zonanın bütün səthində yuyulma (eləcə də bütöv denudasiya prosesləri) daha intensiv gedir. Dağətəyi və alçaq dağlıqda səthi yuyulmanın intensivliyi 0.10–0.5 mm/il , orta dağlıqda 0.5–1.0 mm/il, yüksək dağlıqda isə 1.0 mm/ildən artıqdır. Cənub-şərq hissədə isə davamsız şist təbəqəsi üzərində yuyulma hətta 3–5 mm/ildən artıq olmasına baxmayaraq, bu ərazilərdə tektonik qalxma prosesi 5–10 mm/ildən çox olduğu üçün dağların yüksəlməsinə səbəb olub.

Girdimançayın Babadağ silsiləsi yamaclarında dib eroziyası üstün olduğundan dar və dərin dərələr – kanyonlar yaradır. Dağətəyi və maili düzənliklərdən keçdikdə Girdiman , Göyçay və Ağsuçayın dərələri tipik qutuvarı-terraslı quruluşu ilə seçilir. Alçaq terraslar akkumulyativ, orta terraslar erozion-akumyativ, yüksək terraslar isə erozion mənşəlidir. Yaşına görə isə çay terrasları yuxarı IV dövrə (40–45 m), orta IV dövrə (130–150 m) və aşağı IV dövrə (250–300 m) aid edilir. Düzənlik hissələrdə akkumulyasiya, xüsusi ilə də çay gətirmə konusları və delüvial-prolüvial maili düzənliklərdən ibarətdir. Bu, əsasən, Qanıx-Əyriçay vadisində daha çox nəzərə çarpır. Girdimançay hətta iki gətirmə konusu yaradır:

  1. Yuxarı gətirmə konusları — Qaraməryəm tirəsinin şimalında
  2. Aşağı gətirmə konusları — Qaraməryəm tirəsindən cənubda

Dağlıq regionda əlverişli geomorfoloji şəraitdə qravitasiya təsiri altında yaranan müxtəlif relyef formalarına — sürüşmələr, uçqunlar, ufantı konuslarına və şleyflərə (dağ süxurlarının kütləvi hərəkəti nəticəsində yaranmış formalar) rast gəlinir.

İsmayıllı rayonunun yolu

Sürüşmələr ərazidə, əsasən, Girdiman, GöyçayAğsuçay hövzələrində daha geniş yayılmışdır. Bu sahələr demək olar ki, bütövlükdə paleogen və neogenin gillərindən ibarətdir. Yamacların dik olması bu prosesi sürətləndirən amillərdən biridir. Ən böyük sürüşmə hadisəsi Lahıc, Qabandağ, Tircan, Ximran, Varna, Cülyan, Müdirsə, Qaraqaya və Bağəli yaxınlığında baş vermişdir. Bəzən sürüşmə kütləsinin çayların tamamilə "boğması" halları da müşahidə olunmuşdur. Yayılmasına görə sahəvi, xətti və frontal, hərəkət mexanizminə görə isə delyapsiz və detruziv, bəzəndə isə dibli sürüşən sürüşmə axınlarına bölünür. Bu tip sürüşmələrə el arasında işqınlar da deyilir. Tircan sürüşməsi 1908-ci il may ayında baş vermişdir. Uzunluğu 5 km, eni 2.5 km olan bu sürüşmə Musa dağının cənub yamacından Bədov (Zərgəran) dərəsinə qədər davam etmişdir. Tircan kəndi demək olar ki, tamamilə dağılmışdır. 1955–1956-cı illərdə burada yenidən sürüşmə hadisəsi müşahidə olunmuşdur.

Qabandağ (Ximran sürüşməsi də deyilir) sürüşməsi nəinki Azərbaycanda, Böyük Qafqazda (RusiyaGürcüstan əraziləri də daxil olmaqla) ən böyük sürüşmələrdən hesab edilir. 1946-cı ildə ilk sürüşmə olmuş, Qabandağın cənub yamacı 3,2 km-ə qədər cənub-qərbə sürüşmüşdür. 1956-cı ilin martında olan yeni sürüşmə burada Girdimançayın qabağını kəsərək göl yaratmışdır. Sonrakı illərdə çay öz yatağını tədricən bərpa edə bilmişdir. Duvoryan sürüşməsi 1960-cı ilin aprel–may aylarında baş vermiş və uzunluğu 4 km, eni 2 km olan ərazini əhatə etmişdir. Qaraqaya sürüşməsi 1973-cü ilin yazında baş vermişdir. Nəticədə böyük meşə sahəsi Girdimançayın dərəsinə doğru axaraq məhv olmuşdur.

Uçqun, ufantı konusları və şleyflərə yüksək qayalıq-daşlıq qurşaqlarda müntəzəm olaraq rast gəlinir.

Faydalı qazıntıları

[redaktə | mənbəni redaktə et]

Rayonun mineral xammal ehtiyatları içərisində əsas yeri tikinti materialları tutur. Çayların gətirmə konuslarında, alçaq dağlıq zonasında çınqıl, qum, gil, gillicə və vulkan külü yataqları vardır, lakin bu ehtiyatlar, əsasən, rayon ərazisində dəmir-beton, kərpic, keramit, sement, keramzit və tikinti materiallar istehsal olunur. Bu yataqlarda ehtiyatların çox da böyük olmaması əhalinin tikinti sahəsində tələbatlarını tam ödəmir.

Rayonda bentonit gillərinin bir neçə yatağının olması aşkar olunmuşdur. Bu gillərdən boru-prokat istehsalı zamanı qəliblərin düzəldilməsində geniş istifadə etmək imkanları vardır. (Qazax rayonu ərazisindən çıxarılan bentonit gillərindən hal-hazırda bu istiqamətdə istifadə olunmaqdadır).

Bundan başqa Diyallı kəndi yaxınlığında yanar şist yataqları, müxtəlif ərazilərdə müalicə əhəmiyyətli gillər, Tircan kəndi yaxınlığında (Qabandağın dərəsində) gülabi yataqları, "Mədən dərəsi" adlanan Təzəkənd kəndi ərazisində mişar daşı, Talıstan və Diyallı kəndləri arasında böyük həcmdə mərmər yataqları, Cülyan-Həftəsiyab kəndləri ətrafında təbii yanar qaz yataqlarının olması ehtimal olunur.

Rayonun ərazisində, həmçinin, təbii mineral su bulaqları mövcuddur. Böyük Qafqazın cənub yamaclarından süzülüb gələn bu sular, əsasən, Bədo, Həftəsiyab, Diyallı, Namazgah, Lahıc, Gəndov və s. kəndlərində yerləşir. Kimyəvi tərkibinə görə hidrokarbonatlı, sulfatlı, natriumlu, kalsiumlu, maqneziumlu sular tipinə mənsubdur. Dünya şöhrətli alimlərdən M. Ə. Qaşqay və Ə. H. Əsgərov İsmayıllı rayonun mineral sularının müalicə əhəmiyyətini yüksək qiymətləndirmişlər.

Mineroloq Berstmenson 1884-cü ildə "Xaricdə və Rusiyada olan mədən müalicə suları" adlı elmi əsərində ZərgəranLahıc yaxınılığındakı digər mineral suların əhəmiyyətini qeyd etmişdir. Tərkibində müxtəlif minerallar olan bu sular böyük müalicə əhəmiyyətinə malikdir. Bu suların müxtəlif çeşidlərdə qablara dolduraraq rayonda və rayondan kənarlarda satışı təşkil edilmişdir.

İsmayıllı dağları

İsmayıllı rayonu subtropik və qismən mülayim iqlim qurşağında yerləşir. Subtropik zonanın şimal sərhədi rayonun təxminən 550–650 m hündürlüyündən keçir. Bu zonadan yüksəkliyə doğru şaquli qurşaqlıq müşahidə edilir. Düzənlik və dağətəyi hissədə mülayim isti və qismən yarımsəhra-quruçöl, yüksək dağlıqda isə soyuq və dağ tundra tirləri formalaşır.

Yarımsəhra-quruçöl iqlim tipi daxilində rayonun cənub, cənub-qərb və cənub-şərq hissəsində qışı mülayim , qismən yağıntılı, yayı isti-quru keçən yarımsəhra-quruçöl yarımtipi üstünlük təşkil edir.

Ümumi günəş radiasiyasının miqdarı düzənliklərdə, xüsusi ilə də Qanıx-Əyriçay vadisində 125 kkal/ sm²-dən yüksək dağlığa doğru 140–145 kkal/sm² arasında dəyişir. Ən böyük kəmiyyəti Babadağ yaxınlığında 148 kkal/sm²-ə çatır. Orta illik temperatur düzənliklərdə 14°–14.5°, dağətəyi və alçaq dağlıqda 11°–13°, orta dağlıqda 7°–9° , yüksək dağlıqda isə −0°-ə qədər azalır. Baş Suayrıcının yüksək zirvələrində isə hətta −2°–5°-ə qədər enməsi müşahidə olunur. İyulun orta temperaturu düzənliklərdə 22°–25°, orta dağlıqda 20°–15°, yüksək dağlıqda 10°–5°, yanvar ayının orta temperatur göstəriciləri isə düzənliklərdə 0°+4°, dağətəyi və alçaq dağlıqda 0°–3°, orta dağlıqda −3°–6°, yüksək dağlıqda isə −14°–15°-dən aşağı düşür.

Bol günəş enerjisi alan İsmayıllı rayonu ərazisində meyvəçilik və bostan-tərəvəzçilik geniş yayılmışdır. İqlim ehtiyatlarından kurort və istirahət məqsədləri üçün də istifadə edilir. Meşəli dağ yamacları, mülayim iqlim şəraiti sərin mineral bulaqlar şəbəkəsi, olduqca yaylaqlar ilə fərqlənən rayon ərazisinin kurort-istirahət bölgəsi kimi istifadə edilməsinin böyük prespektivləri var. Orta illik yağıntılarının miqdarı 500–1000 mm arasında dəyişir. 2400–2800 m yüksəkliyə qalxdıqca yağıntıların miqdarı artaraq 1400–1500 mm-ə çatır. 2800 m-dən yüksəkdə yenidən yağıntıların miqdarı 900–1000 mm-ə qədər azalır. Düzənliklərdə isə bu kəmiyyət 400–600 mm-dir. Bunun da nəticəsində dağətəyi və yüksək dağlıq ərazilərdə dəmyə əkinçilik üçün geniş şərait yaranır. Ucqar cənubunda isə 400 mm-dən də az yağıntı müşahidə edilir ki, bu da əkinçilikdə suvarmanı qaçılmaz edir. Ərazidən keçən Yuxarı Şirvan kanalının suyundan geniş istifadə olunmaqla məhsul əldə olunur. Həmin ərazilərin bir hissəsi heyvandarlıq üçün qış otlaqlarıdır.

Rayonun enlik boyu mərkəz hissəsini əhatə edən Qanıx-Əyriçay vadisi və ona bitişik cənub hündür yaylaların: Uştal, İvanovkaQuşencə yaylalarının şimal yamaclarında mülayim-isti iqlim tipində qışı quraq, yayı rütubətli mülayim-isti yarım tip formalaşmışdır. Ərazinin 500–1500 metr arası yüksəkliklərini əhatə edən dağətəyi hissədə həmin iqlim tipinin il boyu bərabər yağıntılı yarımtipi mövcuddur. Bu ərazilərdə yağıntıların əsasən il boyu bol düşməsi və düzənlik hissədə yeraltı suların nisbətən səthə yaxın yerləşməsi dəmyə əkinçilik üçün əlverişli şərəit yaradır. Yamacın 1500–2700 m hündürlüklərini əhatə edən orta və yüksək dağlıq hissədə artıq soyuq iqlim formalaşmışdır ki, burada da yağıntılar bütün fəsillərdə bol düşməsi ilə səciyyələnir. Həm alçaqdağlıqda, həm də orta və yüksəkdağlıqda yağıntıların kifayət qədər bol olması əraziyə ilboyu daxil olan hava kütlələrinin yamac boyu qalxaraq soyuması – sədd effektinin yaranmasıdır. Yüksəkdağlıq zonanı Babadağ zirvəsinədək olan hissələrdə dağ-tundra iqlim tipi mövcuddur ki, burada yağıntılar əsasən qar şəklində düşür və müvəqqəti qar və buzlaq zonasını əmələ gətirir.

Rayon ərazisində yağıntıların maksimum miqdarı may və sentyabr aylarına təsadüf edir. Qar örtüyünün ən böyük orta qalınlığı dekabrda dağətəyində 10 sm, orta dağlıqda 20–50 sm , dağlıqda isə 70 sm-dən artıq müşahidə olunur. Mümkün buxarlanma düzənlik və orta dağlıqda 600–800 mm təşkil etdiyi halda, yüksək dağlıqda bu kəmiyyət 300–400 mm, hətta 200 mm-ə düşür.

Ərazisi iqlim rayonlaşdırılmasında Oğuz-İsmayıllı rayonuna aid edilir. Rayon Xəzər dənizi üzərindən keçib gələn Kara, Skandinaviya, Şərqi Avropanın, cənubunda isə Qazaxıstanda yerləşən soyuq hava mərkəzləri və Azor maksimumunun təsirinə məruz qalır. Nadir hallarda hava kütlələri Gürcüstan üzərindən keçərək əraziyə daxil olur. Tropiksubtropikin isti havası əsasən isti fəsildə hakim olur. Sutka ərzində rayonun relyefindən irəli gələn dağ-dərə küləkləri xarakterikdir.

İqlim rayonlaşdırılması baxımından üç yarım rayona bölünür:

  1. Dağətəyi yarımrayonunda orta illik temperatur 110–120 olub əkinçilik üçün çox əlverişli aqroiqlim ehtiyatına malikdir. yanvar 0°–1° (şaxta), iyul 22°–24° , yağıntıları 500–700 mm, maksimum yağıntılı dövr yazın axrı, yayın əvvəli, payızın əvvəli, minimum yağıntılı dövr isə qışdır. İsti dövrdə tez-tez tufan və duman olur. Qar örtüyü hər il olsa da, qarlı dövr qısadır. Dağ-dərə küləkləri hakimdir.
  2. Alçaqdağlıq yarımrayonunda orta illik temperatur 8°–10° , yanvar −2°–4°(şaxta), iyul 18°–21°, yağıntıların miqdarı 800–1000 mm (rejimi əvvəlki rayonla eynidir). Tufan və dumanlı günlərin sayı dağətəyinə nisbətən çoxdur. Leysan yağışlar tez-tez təkrarlanır, bəzən dolu yağır, qar örtüyü bir neçə ay yerdə qalır, dağ-dərə küləkləri hakimdir.
  3. Dağlıq yarımrayonda orta illik temperatur 0°–7°, yanvar 5°–10° (şaxta) , iyul 5°–17°, yağıntıların miqdarı 1000–1300 mm, maksimum yağıntılı dövr yazın sonu, yayın əvvəlidir. Tufan və dumanlı günlər daha çoxdur. Qalın qar örtüyü bir neçə ay davam edir. Dağ-dərə küləkləri ilin bütün aylarında hakimdir.

Göyçay, Girdimançay, Ağsuçay, Pirsaatçay və onların çoxsaylı qolları (Axoxçay, Əyriçay, Lahıcçay, Müdirsəçay, Müdrüçay, Sulutçay və s.) başlanğıcını rayonun şimalından, Baş Qafqazın Baş Suayrıcı silsiləsindən götürərək cənuba doğru dərin dərələrlə kəsərək geniş əraziləri əhatə edir. Əsasən, yuxarı və orta axarlarında qar və yağış suları ilə, orta və aşağı axarlarında isə yağış və yeraltı sularla qidalanır. Çaylar Şirvan düzündə Yuxarı Şirvan kanalına qovuşaraq 120 min hektardan çox ərazinin suvarılmasında istifadə edilir. Yay aylarında suvarmada geniş istifadə olunduğundan demək olar ki, Kürə çatmırlar. Yaz və payız aylarında daşqınlı və selli olur.

Ərazini təşkil edən süxurlar yumşaq çöküntülərdən təşkil olunduğu üçün çayların orta və yuxarı axarlarında dərin kanyonlar əmələ gəlmişdir. Çayların orta axınlarında çoxlu qol qəbul etmələri dərələrinin genişləndirərək vadilərə çevirmişdir. Bu vadilərdə insanlar tarixən sıx məskunlaşmış, əkinçilik və heyvandarlıqla məşğul olmuşlar. Çayların düzənliyə qovuşduğu ərazilərdə isə gətirmə konusları kimi yelpikvarı hündür relyef formaları əmələ gətirmişlər.

Göyçay çayı Azərbaycanda uzunluğu 100 km-dən çox olan 21 çaydan biridir.

  • Göyçay çayı: uzunluğu: 113 km, sutoplayıcı hövzəsinin sahəsi: 1770 km², su sərfi: 12.8 m³/san
  • Girdimançay: uzunluğu: 88 km, sutoplayıcı hövzəsinin sahəsi: 727 km², su sərfi: 8.9 m³/san
  • Ağsuçay: uzunluğu: 72 km, sutoplayıcı hövzəsinin sahəsi: 572 km², su sərfi: 4.5 m³/san
  • Pirsaatçay: uzunluğu: 202 km, sutoplayıcı hövzəsinin sahəsi: 2280 km²

Çaylarda gursulu dövrlərdə (əsasən, yazda və payızda) daşqın və sel hadisəsinin baş verməsi nəticəsində təsərrüfata böyük miqdarda ziyan dəyir və bir çox hallarda sürüşmə hadisələrinə səbəb olur. Böyük Qafqazın Baş Suayrıcı, Qovdağ və Niyal silsilələrinin yumşaq süxurlardan təşkil olunub və ərazidə eroziya prosesinin daha sürətlə gedir. Kiçik Qafqazın subalp və alp çəmənliklərindən 1992-ci ildən istifadə imkanları olmadığı üçün yaylaq heyvandarlığının geniş yayıldığı dağlıq ərazilərdə eroziyanın daha geniş əraziləri əhatə edir. Eroziya-denudasiya prosesinin qarşısını almaq və bir qədər zəiflətmək məqsədilə yamacbərkidici mühəndis-texniki qurğular tikilir və fitomeliorativ tədbirlər görülür.

Çay şəbəkəsinin sıxlığı yüksəkliyə görə aşağıdakı şəkildə paylanmışdır:

  • Dağətəyində 0.1–02. km/km²
  • Alçaqdağlıqda 0.50–0.75 km/km²
  • Ortadağlıqda 1–1.5 km/km²
  • Yüksəkdağlıqda isə 0.2–0.5 km/km²

Pirsaat çayı bütün il boyu daşqın mümkün olan çaylar qrupuna daxildir. Qidalanmasının 75–100%-i yağış, 0–25%-i isə yeraltı suların payına düşür. Ərazinin digər çayları isə gursululuq və daşqınlı dövrü yaz və payıza düşən çaylar qrupuna daxildir. Bu çaylar yuxarı axarlarda qalın qar örtüyündən, orta axarlarda isə yeraltı və yağış suları ilə qidalanır. Çaylar orta axınlarda Böyük Qafqaz (Baş Suayırıcı silsilə) və Kür çökəkliyi (Qanıx–Əyriçay vadisi) arasındakı tektonik çatdan keçdiyi üçün burada yeraltı sulardan qaynaqlanan bulaqlardan daha çox qidalanırlar. Bu çayların gursululuq dövrü üç fazaya ayrılır:

  • I faza — yaz və yayın əvvəlini əhatə edir (mart–iyun). Bu fazada çayların əsas gursulu dövrü olduğu üçün illik axım həcminin 45–70%-i keçir və qarların əriməsi zamanı düşən gur yağışlar 3–6 daşqın əmələ gətirir.
  • II faza — yay fazasıdır (iyul–avqust). Bu fazada çayların su sərfi birinci fazada olduğundan xeyli az olsa da, az dəyişkən olur, lakin yay leysanları bəzən çox güclü daşqınlar və sel əmələ gətirir. İllik su sərfinin 10–20%-i bu fazada keçir.
  • III faza — payız və qış aylarını əhatə edir (sentyabr–fevral). Bu fazanın birinci yarısında ara-sıra müşahidə edilən leysan yağışlar zamanı baş verən daşqınlar yaz–yay daşqınlarından xeyli zəif olur. Çayların illik su sərfinin 20–35%-i bu fazanın payına düşür.

Çay sularının bulanıqlıq dərəcəsi 1000–2000 q/m³ arasında dəyişir.

Girdiman, GöyçayAğsuçayın yuxarı axınlarında bərk suxurlardan keçməsinin nəticəsi olaraq çayların yataqlarında çoxsaylı astanalara rast gəlinir ki, bu da şəlalələrin əmələ gəlməsinə səbəb olur. Belə şəlalələrin ətrafında hal-hazırda böyük turizm obyektləri fəaliyyət göstərir.

Gölləri və yeraltı suları

[redaktə | mənbəni redaktə et]

Ərazidə göllər, əsasən, dağlıq hissədə yayılıb, lakin bunların heç birinin sahəsi 1 km²-dən çox deyil. Mənşəyinə görə sürüşmə, uçqun və axmaz göllər qrupuna aiddir. Rayon ərazisindən axan çayların yuxarı və orta axarlarında məcrada və məcradan kənar kiçik və orta ölçülü yüzlərə göl çökəkliyinə rast gəlmək olur. Bu göllərin suyundan kənd təsərrüfatı ilə yanaşı əhalinin məişət ehtiyaclarını ödəmək üçün çox geniş istifadə olunur. Rayonun yüksəkdağlıq hissələrində buzlaq-ekzarasiya mənşəli daha kiçik ölçülü göllər yayılmışdır. Meşə və dağ-çəmən landşaftları ilə əhatələnmiş belə göllərin çox böyük turizm potensialı vardır.

Rayonda coğrafi və hidroloji baxımdan tam tədqiq edilməmiş yüzlərlə kiçik, lakin böyük əhəmiyyətə malik olan göllərdən biri də Qaranohur gölüdür. Göl İsmayıllı şəhərindən 8 km şimal-şərq istiqamətdə TalıstanDiyallı kəndlərinin yuxarı hissəsində yerləşir. Göl dəniz səviyyəsindən 1520 m yüksəklikdə Göyçayçay hövzəsinə aid olan Qaranohur çayının yatağı üzərində yaranmışdır. Böyük Qafqaz dağları Mezozoyun sonu və Kaynazoyda böyük tektonik konvergensiyaya məruz qalaraq formalaşmışdır ki, bu da ərazidə bir çox antiklinal və sinklinalların yaranmasına səbəb olmuşdur. Qaranohur gölünün də tektonik-çay-dərə mənşəli olması güman edilir.

Ərazi geoloji baxımdan əhəngdaşı, gillər, şistlər və qumdaşılardan təşkil olunduğundan yeraltı suların minerallaşma dərəcəsi çoxdur. Bu səbəbdən də gölün suyundan kənd təsərrüfatında istifadə edilməmişdir. Əsas qidalanma mənbəyi yağış və yeraltı sular-bulaqlardır. Gölün yerləşdiyi ərazi başdan-başa dağ-meşə landşaftları ilə əhatə olunmuşdur. Bu baxımdan Qaranohur gölünün çox böyük turizm potensialı vardır. Nəzərə alsaq ki, ərazinin orta illik temperaturu 9°-11 °C təşkil edir və marşrut xəttinin ekzotik ərazilərdən keçməsi bu Göl-Şəlalə kompleksinin çox böyük perspektivlərə malik olmasını sübut edən şərtlərdəndir. Bu kompleks Azərbaycanın ən böyük milli parkı olan Şahdağ Milli Parkının ərazisində yerləşir. Burada göl-şəlalə kompleksi ilə yanaşı fıstıq, vələs, palıd, qaraçöhrə və digər ağac və kol bitkiləri qorunma şəraitindədir.

Rayonun mərkəzi hissəsində enlik boyu dağlıq və ön yayla hissəsinin arasında Qanıx-Əyriçay hövzəsinə aid ərazidə yeraltı suların səviyyəsi yer səthindən 2.2 m-dən 100 m-ə qədər dərinlikdə yatır. Yeraltı suların səthə çox yaxın yerləşdiyi ərazilərdə intrazonal landşaftlara xas olan düzən-meşə-çəmən kompleksləri geniş ərazi tutur. Qovdağ və Niyaldağ silsilələrinin düzənliklə birləşən tektonik çatlarda və dağarası çökəkliklərdə yeraltı sular bulaqlar şəklində səthə çıxır. Dağ meşələri ilə əhatə olunan belə ərazilər turizm baxımından perspektivli zonalar hesab olunur.

Su anbarları və kanalları

[redaktə | mənbəni redaktə et]

Rayonun düzənlik ərazilərini su ilə təmin etmək məqsədilə Aşıqbayram və Yekəxana su anbarı tikilmişdir. Hər ikisi Dəvəbatan çayının yatağında yerləşir. Dəvəbatan çayı Qəzli yaxınlığında Əyriçayın cənubuna ayrılan qoludur.

Aşıqbayramlı su anbarı həcminə və sahəsinə görə respublikada ən ilk tikilən böyük su obyektlərdən biridir. Ərazidə mülayim-isti və yarımsəhra-quruçöl iqlimi şəraitində yetişdirilən istisevər və gəlir gətirən texniki bitkilərin suvarılmasında bu su anbarlarının əhəmiyyəti vardır. Bununla yanaşı həmin su obyektlərində balıqçılıq təsərrüfatı inkişaf etdirilir.

Rayonun şimal-qərbindən başlayaraq Göyçay çayın sol qol sistemini yaradan Ax-ox çaydan çəkilən kanal əsasən rayondaxili ərazilərin suvarılmasında istifadə olunur. Respublika əhəmiyyətli sayılan Yuxarı Şirvan kanalı rayonun cənubundan keçir. Bu kanal vasitəsilə rayonun Küdrü-Şirvan fiziki-coğrafi rayonu ərazisinə düşən hissəsi suvarılır. Ərazidə əsasən taxıl bitkiləri ilə yanaşı quru subtropik meyvə və tərəvəz bitkilərinin də əkini geniş yer tutur.

Ərazinin landşaftları şaquli qurşaqlığa uyğun olaraq paylanmışdır. Belə ki, Şirvan düzünün şimal hissəsini əhatə edən rayonun ucqar cənub – düzən hissəsində iqlimə uyğun olaraq yağıntısı 200–300 mm olan yarımsəhra landşaftları, bir qədər hündür düzənliklərdə yağıntıların 300–400 mm arasında dəyişdiyi ərazilərdə quruçöl landşaftları üstünlük təşkil edir.

Yarımsəhralarda boz və boz-çəmən torpaqları yayılmış, əsasən, yovşan, kəngiz, yulğun, şorangə bitkiləri və efemerlər inkişaf etmişdir. Bitkilər torpaq səthinin 30–40 %-ə qədərində örtük əmələ gətirirlər. Bu ərazilərdən taxıl, quru subtropik meyvəçilik, tərəvəz-bostançılıqla yanaşı qış otlaqları kimi də istifadə edilir.

Quruçöllər landşaftı əsasən çayların allüvial-prollüvial gətirmələri üzərində inkişaf edir. Burada qəhvəyi, açıq şabalıdı torpaqlar üzərində müxtəlif otlar, xırda kollar yayılmışdır. Ağ ot, şiyavotu, topalotu, yovşan və efemerlər bitki örtüyünün əsasını təşkil etməklə torpaq səthinin 70–80 %-ni örtür. Lakin kəskin pozulmuş çöllərdə çılpaq, yuyulmuş sahələr də mövcuddur. Quruçöllər taxılçılıq, bağçılıq və üzümçülük üçün istifadə edilir.

Dağ çölləri landşaftları dağətəyi zonalarda, əsasən, məskunlaşma mərhələlərində meşələrin qırılması nəticəsində yaranmışdır. Tək-tək ağaclar keçmiş meşələrin canlı şahidləri kimi saxlanılmışdır. Bitki örtüyü torpaq səthinin 70–80%—ni əhatə edir. Bu ərazilərdə şabalıdı, qəhvəyi və qara torpaqlar geniş yayılmışdır. Çöllər çox yerdə antropogen landşaftlarla — dəmyə əkin sahələri və bağlarla əvəz olunmuşdur.

İntrazonal landşaftlar rayonun Qanıx-Əyriçay vadisinə (Alazan-Həftəran) aid olan hissəsində yeraltı suların səthə yaxın olması, daşqın və çaylardan süzülən sularla bağlıdır. Ərazidə, əsasən, düzən-meşə-çəmən və çəmən bataqlıq landşaftları geniş sahə tutur. Bəzi sahələrdə lianalar çox sıx meşəliklər yaratmışdır.

Dağ-meşə landşaftları ortadağlığın enliyarpaqlı meşə və meşədən sonrakı çəmən-kol, alçaqdağlığın və dağ ətəklərinin enliyarpaqlı meşələrini əhatə edir. Bu qurşağın təqribən 1200 m-dək olan hissələri mülayim – isti, daha yüksək qurşaq isə soyuq iqlim şəraitində formalaşmışdır. Bu səbəbdən meşələrin yuxarı hissəsinin tərkibinin əsasını fıstıq və vələs, aşağı hissəsini isə quraqlığa davamlı palıd və digər ağaclar təşkil edir. Yuxarı meşə qurşağı altında qonur, dağətəyi və alçaqdağlığın palıd meşələri altında isə qəhvəyi torpaqlar inkişaf etmişdir.

Hamar yamaclardakı meşələrin çoxu qədim zamanlardan qırılmış və müxtəlif bitkilərlə əvəz olunmuşdur. Həmin meşələrin yerində çəmənliklər, seyrək otlu kolluqlar, bağ-plantasiyalar və əkin sahələri mövcuddur. 700–800 m yüksəklikdən başlamış 1500–2000 m-ə qədər olan nisbətən hamar sahələrdə ağaclardan "azad" olunmuş meşə talalarında birillik ot bitkiləri altında yüksək məhsuldarlığı ilə seçilən dağ-qara torpaqları inkişaf etmişdir. Qonur, qəhvəyi və xüsusilə dağ-qara torpaqlarında dəmyə şəraitində kartof, taxıl, günəbaxan, üzüm və digər bitkilər becərilməkdədir.

Rayonun, əsasən, yüksək dağlıq, qismən ortadağlıq hissəsini soyuq iqlim tipi daxilində dağ çəmənləri qurşağı təşkil edir. 1600–2600 m yüksəkliklər arasında dağ-meşə-çəmən landşaftlarına da rast gəlinir. Meşələrin yuxarı sərhəddi sayılan 2200 m-dən 2700 m-dək hissələrdə adətən birillik və çoxillik hündür çəmən otlarından ibarət subalp çəmənlikləri yayılmışdır. Sıx örtük əmələ gətirən otların hündürlüyü bəzi sahələrdə 1–1,5 m-ə çatır. Ona görə də subalp çəmənlikləri biçənək kimi böyük əhəmiyyətə malikdir. Bu qurşaqda, əsasən, çimli, yumşaq çimli və qaratorpağabənzər torpaqlar inkişaf etmişdir. 2600–2700 m-dən 3000 m-dək yüksəklikləri "alp xalıları" adlanan alçaqboylu bitkiləri ilə subalp çəmənliklərindən fərqlənən alp çəmənlikləri əhatə edir. Alp çəmənlikləri dağ-tundra iqlim tipi daxilində formalaşdığından burada çimli, torflu və ibtidai torpaqlar zəif inkişaf edir. Bu çəmənliklər qiymətli yay otlaqlarıdır.

Bu çəmənliklərdən düzgün istifadə edilməməsi, ilk növbədə mal-qaranın həddən artıq otarılması yamacların eroziyaya uğramasına, çılpaqlaşmasına və otlaqların sıradan çıxmasına səbəb olur.

Baş Suayırıcı silsilənin 3000 m-dən Babadağ zirvəsinə (3629 m) qədər əhatə etdiyi yüksəkdağlıqda subnival qurşaq formalaşmışdır. Bu qurşaq əsasən qayalıqlardan, sıldırımlı çılpaq yamaclardan və müvəqqəti qarlı zirvələrdən ibarətdir. Çılpaq qayalıqlar torpaq örtüyündən məhrumdur. Yalnız çökəkliklərin dibində bəsit nazik torpaq örtüyü yaranır. Ərazi üçün təknəvari troq dərələri, kaarlar, sirklər və akkumulyativ relyef forması sayılan moren tirələri səciyyəvidir.

Rayonun ümumi torpaq sahəsi 217325 ha-dır. Adam başına 3.6 ha (Azərbaycanda 0.2 ha) torpaq sahəsi düşür. Kənd təsərrüfatı üçün yararlı torpaqlar 98070 ha, onlardan əkin yerləri 36460 ha (xüsusilə dəmyə əkinçilik) təşkil edir.

Bitki örtüyü

[redaktə | mənbəni redaktə et]
İsmayıllı rayonunda qızılgül

Bitkilər aləmi relyef-iqlim və landşaft xüsusiyyətlərinə uyğun olaraq düzənlik və dağətəyində çoxillik otlar və kolluqlar, düzən meşələrində böyürtkən, yemişan , ardıc, murdarçanın 3 növü, zirinc, ağəsmə, dağdağan, qoz, alça, albalının 2 növü, itburnunun 14, söyüdün 8, ağcaqayının 7, qovağın 5 növü məlumdur. Orta dağlıqda palıd, qarağac və vələsin 4 növü, fıstıq, şabalıdyarpaq, qaraçöhrə, yabanı püstə (saqqız) , yabanı qızılgül, lianlardan mərəfcə, mayaotu, güyəmə, cır üzüm, doqquzdon, kaprifol, qulançarboyaqotu, dərman bitkilərinin bir neçə növü yayılmışdır.

Böyük Qafqaz vilayətinə aid olan ərazilərdə, yamaclarda sıx meşə örtüyü var. Rayon ərazisinin 67.2 min ha sahəsini əhatə edir. Meşə ərazisində, əsasən, palıd, fıstıqvələs ağacları üstünlük təşkil edir. Endemik bitkilərdən ardıc, qaraçöhrə, xarıbülbül, şümşad gülü adlaan dazı, şabalıdıyarpaq palıd və s. vardır. Rayon ərazisində 500-dən artıq bitki növü yayılmışdır. Böyük su saxlayıcı qabilliyətinə görə bu meşələr eroziya proseslərinin sürətli inkişafının qarşısını alır, lakin, yüksək dağlıq zonanın çılpaq yerlərində sel əmələ gəlmə və sürüşmə ehtimalı çoxdur. Bu da yüksək dağətəyi ərazilərdə əhalinin məskunlaşması üçün bəzi çətinliklər yaradır ki, bu da sel və sürüşmələrə qarşı müxtəlif tədbirlərin həyata keçirilməsini tələb edir.

Rayonun Acınohur-Ceyrançöl öndağlığıLəngəbiz silsiləsi hissəsində intensiv parçalanmış yamaclarda arid seyrək meşələr və kolluqlar geniş yayılmışdır.

Rayonda 1969-cu ildə sahəsi 74 min ha olan İsmayıllı yasaqlığı yaradılmışdır. 1981-ci ildə yasaqlığın tərkibində təbii kompleksi (landşaftı) qoruyub saxlamaq məqsədilə sahəsi 5780 ha olan İsmayıllı qoruğu təsis olunub. Qoruq iki hissədən: dağlıq (800–2250 m yüksəkliklər – 96,3 %) və düzənlikdən (600–650 m yüksəkliklər – 3,7 %) ibarətdir. Düzənlik hissənin 87 %-ni düzənlik meşələri təşkil edir. İsmayıllı qoruğunun cəmi 4 %-i Qovdağ silsiləsinin subalp və alp çəmənlikləri zonasındadır.

Heyvanat aləmi

[redaktə | mənbəni redaktə et]

Ərazidə sürünənlər, gəmiricilərhəşəratlarla yanaşı, 5 dəstəyə aid olan 35 növ məməlidən Zaqafqaziya qonur ayısı, maral, cüyür, dağ kəli, vəhşi qaban, canavar, tülkü, porsuq, kirpi, dovşan, vaşaq, Amerika yenotu; 90 növ quşdan İsgəndər quşu (fır kəklik), buruqboyun ağacdələn, qırqovul, kəklik, qartal, qızılquş, ley, qırğı, quzğun, arıquşu, toğlugötürən, qaratoyuq, zığ-zığ, cüllüt, vağ, bülbül və s. məskunlaşmışdır.

Qoruq Göyçay, Axoxçay və qismən Girdimançay hövzələrini əhatə edir. Qoruq öz geoloji və gemorfoloji quruluşuna görə cənub yamacın qalan hissələrindən ciddi fərqlənmir. Burada yura, xüsusi ilə təbaşir çöküntüləri (gillər, qumdaşı və əhəngdaşı qatları) , qismən paleogen təbəqəli gilləri yayılmışdır. Ərazisi çay dərələri ilə çox parçalanmışdır. Qoruqda məməlilərin 40, sürünənlərin 17, amfiblərin 6, balıqların 4, quşların 104 növü yaşayır.

Quşlardan Qafqaz tetrası, toğlugötürən, berqut, ilanyeyən; məməlilərdən qonur ayı, vaşaq, cüyür, Aralıq dənizi tısbağası, daraqlı triton və çay qızılxallı kumja balığı Qırmızı kitaba daxil edilmişdir.

Meşələrin tərkibi, əsasən, fıstıq, vələs, palıd, qismən ağcaqayın, göyrüş meşəliklərinə də rast gəlinir. Qaraçöhrəşabalıdyarpaq palıd qorunma rejimindədir.

2006-cı ildən İsmayıllı qoruğu da daxil olmaqla rayonun bütün yüksəkdağlıq ərazisi 130508 ha ərazidə yaradılmış Şahdağ Milli Parkı ərazisinə daxil edilmişdir.

İsmayıllı dövlət yasaqlığı

[redaktə | mənbəni redaktə et]

İsmayıllı dövlət yasaqlığı 34,4 min hektar sahədə yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşların qorunması və sayının artırılmasından ibarətdir. Ərazinin bitki örtüyü alp, subalp dağ-çəmən və meşə bitkilərindən ibarətdir. Meşə ilə örtülü sahə, əsasən vələs, fıstıq və palıd ağaclarından ibarətdir. Yasaqlıqda təkə, cüyür, nəcib Qafqaz maralı, köpgər, çöl donuzu, vaşaq, canavar, tülkü, dovşan, çaqqal, meşə pişiyi, yenot, porsuq, dələ və s. heyvanlar, kəklik, qırqovul, turac, alabaxta, bildirçin, boz kəklik, yaşılbaş ördək, cürə, ağ və boz vağ və s.quşlar məskunlaşmışdır.

İri yaşayış məntəqələri

[redaktə | mənbəni redaktə et]

İsmayıllı rayonunda 109 yaşayış məntəqəsi var. Onlardan biri şəhər (İsmayıllı), ikisi şəhər tipli qəsəbə (Lahıc, Basqal) yüz altısı isə yaşayış məntəqələridir.

Lahıc qəsəbəsi öz misgərliyi ilə dünyaya səs salıb. Qədimliyinə görə bu qəsəbə İsmayıllı rayonunun özündən belə qədimdir.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən 1 yanvar 2015-ci il tarixinə İsmayıllı rayonu əhalisinin sayı 84 min nəfərdir.

İsmayıllı rayonunun əhalisi 01.10.2017-ci il tarixə 85975 nəfərdir. İsmayıllı rayonu ərazisində 1 şəhər, 2 qəsəbə və 105 kənd mövcuddur. Əhalinin 27244 (32.43 %) nəfəri şəhərdə, 56766 (67.57 %) nəfəri isə kənddə yaşayır. 

Ərazidə 125 nəfər Qarabağ müharibəsi əlili, 625 nəfər veteranı, 139 şəhid ailəsi, 28 nəfər Böyük Vətən Müharibəsi veteranı, 650 nəfər əmək veteranı, 11 nəfər əməkdar müəllim, 12 nəfər "Tərəqqi", 6 nəfər "Dövlət qulluğunda fərqlənməyə görə" medalına layiq görülmüş sakin yaşayır.

Rayonun müxtəlif yaşayış məntəqələrində Dağlıq Qarabağ və onun ətrafındakı rayonlardan məcburi köçkün düşmüş 871 ailə (3481 nəfər) müvəqqəti məskunlaşmışdır.

İnzibati rayon ərazisinin əhalisi əsasən, türklər, ləzgilər, ruslar və tatlardan ibarətdir. Əhalinin əksəriyyəti Azərbaycan türkləridir. Tatlar əsasən, rayonun dağlıq ərazilərində -Lahıc qəs., Gəndab, Namazgah, Zərnava, Müşkəmir, Müdrü, Əhən, Ərəgit, Brovdal, Zarat və s. kəndlərində yaşayırlar. Məhəmməd Baharlıya görə tatlar Böyük Qafqaza 1600 il əvvəl, Sasanilərin (Yəzdigirdin, Xosrov Ənuşiravanın) dövründə, IV əsrdə imperiyanın şimal sərhədlərini köçəri türk tayfalarının (xəzər, xəylandur, hun, kenq-er, savir) basqınlarının qarşısını almaq və yerli əhali arasında zərdüştçülüyü yaymaq məqsəd ilə İranın cənub və cənub-qərb ərazilərində (İsfahan, Təbiristan, Lahican və s.) Azərbaycanın şimal-şərq ərazilərinə və Xəzər darvazasına köçürülmüşlər."Tat" sözü köçəri türk tayfalarının oturaq tayfalara verdikləri ad əsasında formalaşmışdır. Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə bolşevik təqibindən məhz Lahıcda gizlənmiş, "əsrimizin Səyavuşu" əsərini burada yazmışdır. Ləzgilər Qalacıq, İvanovka, Sumağallı, İstisu, Qurbanəfəndi və s. kəndlərdə yaşayırlar. Rayon mərkəzindən 12 km aralı, Acınohurun ön dağlarında, keçmiş sovet-icma təsərrüfat sistemi ilə yaşayan, əsas sakinləri etnik ruslardan ibarət olan İvanovka kəndi yerləşir. Bunlar Rusiya İmperaturu tərəfindən "Andı, kilsəni, dini mərasimi ali hakimiyyəti qəbul etməyən" insanlar kimi buraya sürgün olunmuş ortodoks (pravoslav) xristianlarının molokan təriqətinə sitayiş edənlərin varisləridir. İvanovka eyniadlı çaxırı, xaması, günəbaxan yağı, bir də keçmiş Sovetlər rtre

Etnik
qrup
1939-cu il[6][7] 1959-cu il[8] 1970-ci il[9] 1979-cu il[10] 1999-cu il[11] 2009-cu il[12]
Əhali % Əhali % Əhali % Əhali % Əhali % Əhali %
türk 30 234 57.65% 28 889 71.02% 39 171 75.92% 43 627 78.96% 61 190 84.82% 68 448 86.28%
ləzgi 3 149 6.00% 3 255 8.00% 4 883 9.46% 5 788 10.48% 7 722 10.70% 8 076 10.18%
rus 4 460 8.50% 4 017 9.88% 3 768 7.30% 3 213 5.82% 2 514 3.49% 2 024 2.55%
kürd 4 0.01% 1 0.01% 382 0.53% 498 0.63%
türk 1 0.01% 244 0.34% 194 0.25%
ukraynalı 157 0.30% 58 0.11% 25 0.03% 9 0.01%
tatar 21 0.04% 25 0.05% 8 0.01% 22 0.03% 7 0.01%
yəhudi 300 0,57% 46 0,11% 15 0.03% 155 0,28% 15 0,02% 7 0,01%
dağ yəhudisi 217 0.42%
erməni 6 683 12.74% 4 038 9.93% 3 308 6.41% 2 377 4.30% 5 0.01%
avarlar 4 0.01% 4 0.01% 8 0.01%
gürcülər 9 0.02% 6 0.01% 13 0.02% 7 0.01%
udilər 7 250 13,82% 2 0.01%
tatlar 40 0.08%
almanlar 46 0.09%
talışlar 37 0.07%
digər 90 0.17% 428 1.05% 93 0.18% 64 0.12% 25 0.03% 67 0.08%
cəmi 52 445 100% 40 679 100% 51 596 100% 55 249 100% 72 144 100% 79 330 100%

Görkəmli şəxsləri

[redaktə | mənbəni redaktə et]

İqtisadi xarakteristikası

[redaktə | mənbəni redaktə et]

İsmayıllıda taxılçılıq, heyvandarlıq, üzümçülük, meyvəçilik, tütünçülük və s. sahələr inkişaf etdirilmişdir. Ərazidə xalça fabriki, şərab, şirə zavodları, ət-süd emalı kombinatları və digər müəssisələr vardır. Rayonda "Qız Qalası", "Green House", "Qaranohur" kimi məşhur istirahət mərkəzləri fəaliyyət göstərir. Rayon mərkəzində "Beynəlxalq Bank", "Kapital Bank","Accessbank", "Deka Bank" və "Muğan Bank"ın rayon filialları və ATM-lər həmçinin "Cred Agro" kredit təşkilatı (Kənd təsərrüfatı üçün) mövcuddur.

Kənd təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Rayonda 1995-ci illə müqayisədə 2001-ci ildə kartof istehsalı 41 dəfə (3497 ton), tərəvəz 12.4 dəfə (4973 ton), taxıl 2,2 dəfə (65683 ton), meyvə və giləmeyvə məhsulları 49 dəfə (7151 ton), buğda 2,3 dəfə (46194 ton) artmışdır. Bu qeyd olunanlarla yanaşı, baxılan dövrdə rayonda üzüm bağları 2711 ha və məhsul istehsalı isə 5931 ton azalmışdır. Rayonun kənd təsərrüfatı sahəsində yuxarıda qeyd olunan əsas bitkiçilik məhsullarının istehsalında məhsuldarlıq hər hektarda müvafiq dövrdə kartof üzrə 38,6, tərəvəz 55,7, taxıl 7,9, meyvə və giləmeyvə məhsullarında 113,6, buğda istehsalında isə 11,3 sentner artmışdır. Rayonda heyvandarlıq məhsullarının istehsalında da müəyyən dəyişikliklər müşahidə olunmuşdur. Belə ki, rayonda iri buynuzlu mal-qaranın sayı 1995-ci illə müqayisədə 2001-ci ildə 10104 baş, inək və camışların sayı 6474 baş, qoyun və keçilərin sayı isə 50447 baş artmışdır. Bununla yanaşı müvafiq dövrdə ət məhsulları (kəsilmiş ət) 1599 ton, yumurta 2164 min ədəd və süd istehsalı isə 3263 ton azalmışdır.

Maddi-mədəni irsi

[redaktə | mənbəni redaktə et]
İsmayıllı rayonunun xəritəsi.
— şəhərlər, — kəndlər
— arxeoloji obyektlər, — türbələr, — məscidlər,
— körpülər, — qalalar,
— dağlar, — çaylar, — göllər, — qoruqlar
  1. Ümumi məlumat. — Azərbaycan Respublikasının inzibati–ərazi vahidləri. — İnzibati kənd rayonları (01.01.2006), səhifə 12. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə. ISBN 9789952441017
  2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası – İnzibati ərazi vahidləri : İsmayıllı rayonu [ölü keçid]
  3. "İsmayıllı rayonu — Rayon haqqında". ismayilli-ih.gov.az. Azərbaycan Respubli̇kası İsmayillı Rayon İcra Haki̇mi̇yyəti̇. 10 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2021.
  4. "Arxivlənmiş surət". 2010-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-25.
  5. "İsmayıllı rayonu — Tarixi". ismayilli-ih.gov.az. Azərbaycan Respubli̇kası İsmayillı Rayon İcra Haki̇mi̇yyəti̇. 10 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 may 2021.
  6. Ethno-Caucasus, Этнодемография Кавказа: Население Исмаиллинского района по переписи 1939-го года Arxivləşdirilib 2018-10-16 at the Wayback Machine — yoxlanılıb: 21.04.2018
  7. Всесоюзная перепись населения 1939 года. Национальный состав населения районов, городов и крупных сел союзных республик СССР. Азербайджанский ССР >> Исмаиллинский Arxivləşdirilib 2018-10-16 at the Wayback Machine // Источник: РГАЭ РФ (быв. ЦГАНХ СССР), фонд 1562, опись 336, Д. Д. 966–1001 ("Национальный состав населения по СССР, республикам, областям, районам"), Д. Д. 256–427 (табл. 26 "Национальный состав населения районов, районных центров, городов и крупных сельских населенных пунктов") — yoxlanılıb: 21.04.2018
  8. Ethno-Caucasus, Этнодемография Кавказа: Население Исмаиллинского района по переписи 1959-го года Arxivləşdirilib 2018-10-16 at the Wayback Machine — yoxlanılıb: 21.04.2018
  9. Ethno-Caucasus, Этнодемография Кавказа: Население Исмаиллинского района по переписи 1970-го года Arxivləşdirilib 2018-10-16 at the Wayback Machine — yoxlanılıb: 21.04.2018
  10. Ethno-Caucasus, Этнодемография Кавказа: Население Исмаиллинского района по переписи 1979-го года Arxivləşdirilib 2018-10-16 at the Wayback Machine — yoxlanılıb: 21.04.2018
  11. Population statistics of Eastern Europe Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine: Ethnic composition of Azerbaijan by 1999 census Arxivləşdirilib 2015-06-27 at Archive.today — yoxlanılıb: 21.04.2018
  12. Population statistics of Eastern Europe Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine: Ethnic composition of Azerbaijan by 2009 census Arxivləşdirilib 2015-06-27 at Archive.today — yoxlanılıb: 21.04.2018