Vəkilov Mustafa ağa Məmməd ağa oğlu (25 yanvar 1899, Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 30 aprel 1943, Vojayol[d], Ust-Vım rayonu[d], Komi MSSR[d], Sovet Rusiyası[d], SSRİ) — Azərbaycan Demokratik Respublikası parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Azərbaycanın ilk hüquq professoru, Sarbon Universitetinin məzunu.
Mustafa ağa Vəkilov | |
---|---|
Doğum tarixi | 25 yanvar 1899 |
Doğum yeri | |
Vəfat tarixi | 30 aprel 1943 (44 yaşında) |
Vəfat yeri | |
Atası | Məmməd ağa Vəkilov |
Təhsili |
|
Fəaliyyəti | hüquq professoru[d], universitet müəllimi[d] |
Mustafa Məhəmməd ağa oğlu Vəkilov 25 yanvar 1899-cu ildə Tiflis şəhərində anadan olub. Atası Məhəmməd ağa Vəkilov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin dəftərxana rəisi işləyib. Bibisi Badisəba xanım Vəkilova maarifpərvər ədib Firudin bəy Köçərlinin həyat yoldaşı olub. 1917-ci ildə Tiflis 1-ci kişi gimnaziyasında orta təhsilini başa vurub, həmin il Qafqaz Cəbhəsi Müsəlman Qaçqınlarına yardım üzrə müvəkkil vəzifəsində çalışıb. 1918-ci ildə Azərbaycanın istiqlalı elan ediləndən sonra Tiflisdə Azərbaycan Cümhuriyyətinin daimi nümayəndəliyində tərcüməçi-diplomat vəzifəsində çalışıb. Onun rus, fransız, alman dillərini kamil bilməsi işinin öhdəsindən uğurla gəlməsinə yardımçı olub.[1] Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini hüquq sahəsində davam etdirmək üçün Fransanın Sarbon Universitetinə göndərilmişdir.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənmək üçün 1921–1922-ci illərdə Xalq komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə xaricə ezam olunmuş xüsusi nümayəndənin hesabatında onun 2-ci kursa keçdiyi göstərilirdi. Universiteti bitirdikdən sonra hüquq magistri elmi dərəcəsi almışdır (1924).
Mustafa ağa Vəkilov təhsilini başa vurduqdan sonra Moskvaya, Kremlə gələrək orada MİK-in sədri N. Nərimanovla görüşüb. N. Nərimanov gənc hüquqşünasa Kremldə qalıb ixtisası üzrə işləməyi təklif edib. M. Vəkilov bu təklifi qəbul etməyib və 1924-cü ildə Bakıya qayıdıb. O, Bakıda Konyuktor Bürosunda əvvəlcə katib, sonra isə rəis vəzifəsində işləyib. Vəkilov 1924–1927-ci illərdə Azərbaycanın ədliyyə orqanları, 1927–1937-ci illərdə ali məktəblərində çalışmış, həmçinin elmi-tədqiqat, tərcümə və redaktə işi ilə məşğul olmuşdur.
1928-ci ildə M. Vəkilov öz xahişi ilə Ədliyyə Komissarlığındakı işindən azad edilib. Sonralar, əsasən, 1927-ci ildən dərs dediyi Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində pedoqoji və elmi fəaliyyətlə məşğul olub. AzDETİ təşkil olunduqda ali məktəbdə öz müəllimlik işinə fasilə verərək, buranın sovet quruculuğu və hüquq şöbəsinin aspiranturasına daxil olub. 1930–31-ci tədris ilinin sonlarında aspiranturanı bitirərək (aspiranturasının ilk buraxılışı) hüquq elmi üzrə dosent dərəcəsi alıb. Mustafa ağa Vəkilov iki iri elmi əsərin müəllifidir: "İnqilabdan əvvəlki Azərbaycanda nikah münasibətləri", "Hüquq və əxlaq". Hüquqi mövzularda əsərlər, həmçinin mülki hüquqdan qısa dərslik yazmış, "Rusca-Azərbaycanca lüğət" (Bakı, 1938) tərtib etmişdir.
1935-ci ildə gənc alim Azərbaycan SSR Konstitusiyası türk mətninin redaktoru olub. M. Vəkilov eyni zamanda tərcümə və redaktə işləri ilə məşğul olmuş, 1935-ci ildə professor dərəcəsi alaraq, pedoqoji fəaliyyətini davam etdirib. Beləliklə o, Azərbaycanın professor dərəcəsi alan ilk hüquqşünas alimi olub. 1941-ci ilin yanvarın 25-də XDİK yanında Xüsusi Müşavirədə Mustafa Vəkilova "antisovet-millətçi təşkilatda iştirakına görə" cəzasını islah-əmək düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.
M. Vəkilov 1943-cü il aprelin 30-da sürgündə vəfat edib.