Musa Qasımov

Qasımlı Musa Cəfər oğlu (28 oktyabr 1957, Hamarkənd, Yardımlı rayonu) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru (1992), professor (1998), Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru (2016-2024), AMEA-nın müxbir üzvü (2017), Azərbaycan Respublikası Milli Məclisinin IV, V, VI, VII çağırışlar deputatı. Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini. [1],[2]

Musa Qasımlı
Şəxsi məlumatlar
Doğum tarixi 28 oktyabr 1957(1957-10-28) (67 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, tarixçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
Elmi adı

Təltifləri "Şöhrət" ordeni — 2017 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı
Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi — 2009
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Musa Qasımlı 1957-ci il 28 oktyabrda Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. 1974-cü ildə orta məktəbi bitirmiş, həmin il Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1979-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Yardımlı rayonunda işləmişdir. 1982–1985-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının əyani aspiranturasında təhsil almışdır. Beynəlxalq münasibətlər tarixi üzrə ixtisaslaşmışdır. 1986-cı ildə namizədlik, 1992-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1986–1992-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında müəllim, baş müəllim, dosent, Tarix fakültəsinin dekan müavini vəzifələrində çalışmışdır. BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professorudur. 1992–1997-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələr şöbəsində işləmişdir. AMEA İctimai Elmlər bölməsinin 2016-cı il 24 iyun tarixli iclasında səsvermə yolu ilə Qafqazşünaslıq İnstitutunun qurucu direktoru seçilmişdir.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə 2010-cu il 7 noyabrda keçirilən seçkilərdə 42 saylı Sumqayıt ikinci seçki dairəsindən, 2015-ci il 1 noyabrda keçirilən V çağırış, 2020-ci il 9 fevralda keçirilən VI çağırış seçkilərində 72 saylı Yardımlı-Masallı seçki dairəsindən millət vəkili seçilmişdir. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, Azərbaycan-Əfqanıstan parlamentlərarası işçi qrupunun sədri,[3] Türkiyə, Kanada, Braziliya, Peru, Meksika, Argentina, Danimarka, Malta, Estoniya, Bosniya və Herseqovina parlamentləri ilə dostluq qrupunun üzvü olmuşdur. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin və Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü olmuşdur.[4] VII çağırış Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçirilən seçkilərdə 75 saylı Yardımlı-Masallı seçki dairəsindən deputat, sentyabrın 23-də Milli Məclis sədrinin müavini seçilmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan tarixinin öyrənilməmiş bir sıra aktual problemlərinin tədqiqi Musa Qasımlının adı ilə bağlıdır:  Azərbaycanın beynəlxalq mədəni əlaqələri (1946–1991), Seyid Cəfər Pişəvəri hərəkatından sonra Cənubi Azərbaycanda yaranmış şəraitin Birləşmiş Millətlər Təşkilatında müzakirəsi, Azərbaycan-Türkiyə diplomatik-siyasi münasibətləri (1920–1922), xarici dövlətlər və Azərbaycan (1920–1922), Birinci Dünya müharibəsi illərində "könüllü" adı altında erməni silahlı bandalarının hazırlanması və fəaliyyətləri, Birinci Dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914–1918), SSRİ-Türkiyə diplomatik-siyasi münasibətləri (1960–1991), Azərbaycan istiqlal mübarizəsi və xarici dövlətlər (1920–1945), "Erməni məsələsi"ndən "erməni soyqırımı"na (1724–1920), Cənubi Qafqaz Rusiya, Türkiyə və Antanta ölkələri arasında (1920–1923), Azərbaycan Respublikasının xarici siyasəti (1991–2003), Azərbaycan parlamentarizmi tarixi, Azərbaycan Respublikasının tarixi (1991–2003; 2003–2021) və b.

Musa Qasımlı Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Gürcüstan, Böyük Britaniya, Avstriyada BMT, Çexiyada ATƏT arxivlərində çalışmış və dəyərli əsərlər yazmışdır. Bu əsərlərin işığında tarixçilər yeni araşdırmalar aparmışlar.

İlk böyük tədqiqat işi İkinci Dünya müharibəsindən sonra SSRİ dağılanadək olan dövrdə Azərbaycanın beynəlxalq mədəni əlaqələri olmuşdur. Sovet hakimiyyəti illərində Mərkəzin nəzarəti altında həyata keçirilən Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin inkişaf dinamikasının və nəticələrinin zəngin arxiv materialları əsasında tədqiq edilməsi uğurlu başlanğıc olmuşdur. Bakıda nəşr edilən bu monoqrafiya sonralar Gürcüstanda "Artanudci" nəşriyyatında da çap edilmişdir.

Tədqiqatçı Seyid Cəfər Pişəvəri hərəkatından sonra Cənubi Azərbaycanda yaranmış şəraitin yenicə qurulmuş BMT Baş Məclisinin ilk iclasında müzakirəsini araşdırmış və 1993-cü ildə "Azərnəşr"də "Beynəlxalq münasibətlərdə Azərbaycan məsələsi" adlı əsərini nəşr etdirmişdir. Bu, Azərbaycan tarixşünaslığında ilk addım olmuşdur. Professor BMT Baş Məclisində Azərbaycandan olan iki nəfərin — SSRİ-nin BMT-dəki nümayəndəsi A. Vışınskinin və İranın nümayəndəsi, əslən Ordubaddan olan Seyid Həsən Tağızadənin İranda sovet qoşunlarının olmasına dair mübahisələrinin, Cənubi Azərbaycanda ABŞ və sovet siyasətinin mahiyyətini açmışdır. Müəllif yazır ki, Qərbdə belə hesab edirlər ki, soyuq müharibə ilk dəfə Avropada başlamışdır, lakin belə deyildir, soyuq müharibənin ilk anı, ilk böhranı Cənubi Azərbaycan məsələsi olmuşdur. Əsərdə M. Qasımlı yazır: "…uzun illər boyu tarix elmində belə bir qeyri-elmi tezis hakim olub ki, guya beynəlxalq münasibətlərdə "soyuq müharibə"nin başlanmasının təqsirkarı ABŞ və digər Qərb dövlətləridir. İndi "soyuq müharibə" başa çatıb. Onun başlıca təqsirkarı olan sovet imperiyası çöküb və bu müharibədə Qərb dövlətləri qalib gəliblər. …Azərbaycan məsələsi 1946-cı il martın 5-də Böyük Britaniyanın keçmiş baş naziri U. Çörçillin ABŞ-nin Fulton şəhərindəki çıxışı ilə əsası qoyulan "soyuq müharibə"nin ilk toxumlarının səpildiyi və cücərdiyi kəskin beynəlxalq münasibətlərin ən mübahisəli məsələlərindən biri oldu" (səh.24–25). Bu, professor Musa Qasımlının Azərbaycan və dünya tarix elminə gətirdiyi yenilik olmuşdur. Sonralar digər Azərbaycan tarixçiləri Musa Qasımlının bu tezisinin əsasında problemə dair tədqiqatlar aparmış və soyuq müharibənin ilk anının, ilk böhranının Cənubi Azərbaycanda olmasına dair onun konsepsiyasını inkişaf etdirmişlər.

Musa Qasımlı, işğal edilib bolşevikləşdirildikdən sonra SSRİ-nin yaradılmasına qədərki dövrdə Azərbaycanın xarici dövlətlərlə, o cümlədən Türkiyə ilə diplomatik-siyasi münasibətlərini tədqiq etmişdir. Bu illər nisbi müstəqillik illəri olmuşdur. Müəllif bolşevik Rusiyasının Azərbaycanın xarici siyasətinə son qoyduğunu, nümayəndəliklərini bağladığını tədqiq etmişdir. Bakı ilə yanaşı bu kitab digər ölkələrdə də işıq üzü görmüşdür.

Ölkədə ilk dəfə olaraq Birinci Dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasətini Musa Qasımlı tədqiq etmiş və üç cildlik monoqrafiya yazmışdır. Məhz bundan sonra bir sıra tarixçilər ona istinadən Birinci Dünya müharibəsi illərində ayrı-ayrı dövlətlərin Azərbaycan siyasətini araşdırmağa başlamışlar. O, Azərbaycanda ilk dəfə olaraq Qafqaz cəbhəsində "könüllü" adı altında erməni silahlı bandalarının hazırlanması və fəaliyyətlərini tədqiq etmişdir. Bu mövzuya dair bir sıra beynəlxalq elmi simpoziumlarda məruzə etmiş və həmin məruzələr nəşr edilmişdir.

Musa Qasımlı 1920–1945-ci illərdə Azərbayca istiqlal mübarizəsi və xarici dövlətlər problemini araşdırmış, iri həcmli monoqrafiya yazmışdır. Bu əsər 2006-cı ildə İstanbulda "Kaknüs" nəşriyyatında çap edilmiş və Almaniyanın Frankfurt şəhərində keçirilən beynəlxalq kitab sərgi-yarmarkasında ən çox satılan kitablardan biri olmuşdur.

O, 1920–1923-cü illərdə Cənubi Qafqazda Rusiya, Türkiyə və Antanta ölkələri arasında nüfuz uğrunda gedən diplomatik-siyasi mübarizəni də tədqiq etmişdir.

Musa Qasımlı Rusiya imperatoru I Pyotrun məlum fərmanından başlayaraq 1920-ci ildə Ermənistan sovetləşdirilənədək olan dövrdə ermənilərin Azərbaycan ərazilərinə yerləşdirilməsini, torpaqlar ələ keçirmələrini, silahlı bandalar yaratmalarını, böhranlı anlarda mülki türk, müsəlman əhaliyə qarşı törətdikləri qırğınları ən mötəbər arxiv materialları əsasında tədqiq etmiş və iri həcmi monoqrafiya yazmışdır. Monoqrafiya Azərbaycan, rus, türk və ingilis dillərində bir neçə ölkədə nəşr edilmişdir.

O, 1991–2003-cü illərdə Azərbaycan Respublikasının xarici siyasət tarixinə həsr edilmiş iki hissədən ibarət yazdığı monoqrafiya rus dilində də çap olunmuşdur. Bu, ilk fundamental əsər kimi qəbul edilir.

Azərbaycan parlamentarizmi tarixinə həsr edilmiş iki cildlik kitabı da elmi ictimaiyyət tərəfindən müsbət qiymətləndirilmişdir.

İlk dəfə olaraq 1991-2003 və 2003-2021-ci illəri əhatə edən iki cilddən ibarət Azərbaycan Respublikasının siyasi tarixini yazmışdır.

Musa Qasımlının ABŞ, Argentina, Türkiyə, Böyük Britaniya, Almaniya, Rusiya, Ukrayna, Polşa, Rumıniya, Qazaxıstan, Şimali Makedoniya, Moldova, Gürcüstan, İran, Şimali Kipr Türk Cümhuriyyəti, Çexiya Respublikası, BƏƏ, İspaniya və b. ölkələrdə Azərbaycan tarixinin indiyədək araşdırılmayan problemlərinə həsr olunmuş irihəcmli 18 kitabı və nüfuzlu jurnallarda 100-dən çox elmi məqaləsi ingilis, ispan, türk, rus, ukrayn, polyak, rumın, fars və b. dillərdə nəşr edilmişdir. Monoqrafiyaları haqqında xaricdə müsbət rəylər dərc olunmuşdur. Əsərlərinə Amerika, Avropa, Asiya və Afrika qitəsi ölkələrinin alimləri maraq göstərmişlər.

Musa Qasımlının və əsərlərinin adı 55 ölkədə nəşr edilən kitab və məqalələrdə çəkilmişdir. Əsərlərinə ABŞ, Çili, Böyük Britaniya, Fransa, İspaniya, Avstriya, İsveçrə, Macarıstan, Polşa, Rumıniya, Litva, Estoniya, Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Gürcüstan, Türkiyə, İraq, Hindistan, Keniya və b. ölkələrdə 368 dəfə istinad olunmuşdur. H10 indeksinə sahibdir. Bu, Azərbaycan tarix elminin böyük uğurudur. Azərbaycanda və xarici ölkələrdə nəşr edilən və maraqla qarşılanan əsərləri ona dünya beynəlxalq münasibətlər tarixi elmi dairələrində şöhrət gətirmiş, görkəmli tarixçi alim olaraq tanıtmışdır.

1983–2024-cü illərdə Azərbaycanda keçirilən 50-dən çox elmi konfransda məruzələr etmişdir. 1987–2024-cü illərdə 50-dən çox beynəlxalq elmi konfransda – Orlando, San-Fransisko, Los-Ancelos (ABŞ), Plovdiv (Bolqarıstan), Krakov, Varşava (Polşa), Bilkent, İstanbul, Ankara, Elazığ, Ərzurum, İqdır, Ardahan, Trabzon, İzmir, Ədirnə, Bandırma, Əskişəhər, Uşak, Bitlis, Malatya, Kayseri, Kahramanmaraş, Giresun, Bayburt, Antalya, Alanya (Türkiyə), Moskva, Yekaterinburq, Nijni Novqorod, Rostov-Don, Qroznı, Mahaçqala (Rusiya), Tiflis, Batum (Gürcüstan), Qazimaqosa, Lefkoşa, Girne (Kipr), Tehran, Təbriz (İran), Vilnüs (Litva), Odessa, Kiyev (Ukrayna), Türküstan, Astana (Qazaxıstan), Tallin (Estoniya), Amsterdam (Hollandiya), Frankfurt, Köln, Berlin, Dortmund, Bielefald, Hamburq (Almaniya), Skopye (Şimali Makedoniya), Vyana (Avstriya), Budapeşt (Macarıstan) və b. ölkələrdə dəfələrlə etdiyi məruzələrlə Azərbaycan tarix elmini layiqincə təmsil etmişdir.

Ali məktəblər üçün Beynəlxalq münasibətlər tarixi dərs vəsaitinin, iki hissədən ibarət Avropa və Amerika ölkələrinin müasir tarixi dərsliyinin və fənn proqramının müəllifidir. Orta Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin (Türkiyə) üzvüdür. "Romanian Euroasian Studies" (Rumıniya), "Qafqaz və Mərkəzi Asiya araşdırmaları", "Turan SAM", "Türk bilimi", "Atatürk yolu" (Türkiyə), "Qafqaz i mir" (Gürcüstan), "Evropeyski istoriçhı studii: naukoviy jurnal" və "Amerikanska istoria ta politika: naukoviy jurnal" (Kiyev, Ukrayna) elmi jurnallarının redaksiya heyətinin üzvüdür.

ABŞ-nin Vircinya ştatının Fairfax şəhərindəki George Mason Universitetində araşdırma proqramı üzrə çalışmışdır (2004). SSRİ Siyasi Elmlər Assosiasiyasının, SSRİ Elmlər Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət tarixi Elmi Şurasının üzvü (1987–1991), Azərbaycan EA Tarix İnstitutunda fəaliyyət göstərən ixtisaslaşdırılmış doktorluq Müdafiə Şurasının həmsədri (1997–1999), Təhsil Nazirliyi Elmi Metodik Şurası tarix bölməsinin (1997–1999), Dərslikləri Qiymətləndirmə Şuarsının (2009–2014), Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix və siyasi elmlər ixtisası üzrə Ekspert Şurasının (2004–2007), BDU-da fəaliyyət göstərən Müdafiə Şurasının üzvü olmuşdur.

Musa Qasımlının rəhbərliyi altında 27 nəfər fəlsəfə doktoru, 3 nəfər doktorluq dissertasiyası işini müdafiə etmişdir. Onların arasında xarici ölkə vətəndaşları da vardır.

Xarici ölkələrdə aşağıdakı kitabları nəşr edilmişdir:

  1. Uluslararası ilişkilerdə Güney Azerbaycan meselesi (40-lı yıllar). Ankara: Asena nəşriyyatı, 1997. — 80 s. (Türkiyə).
  2. Azərbaycan-Türkiyə diplomatik-siyasi münasibətləri (aprel 1920-ci il – dekabr 1922-ci il). Təbriz:Təbriz nəşriyyatı,1999 (fars dilinə çevirəni Əli Daşqın). 7,5 ç/v.(fars dilində). (İran).
  3. Азербайджан в международных культурных связях (1946–1990). Тбилиси: Изд. Артануджи, 2005.- 298 s. (Gürcüstan).
  4. Azerbaycan türklerinin milli mücadele tarihi. 1920–1940. İstanbul: Kaknüs nəşriyyatı, 2006. — 704 s. (Türkiyə).
  5. СССР-Турция: от нормализации отношений до новой холодной войны.1960–1979-е гг. Москва: ИНСАН, 2008. −576 с. (Rusiya).
  6. Турция-СССР: от переворота до распада. 1980–1991. Москва: ИНСАН, 2010. — 418 с. (Rusiya).
  7. SSCB-Türkiye ilişkileri. Türkiyede 1980 Darbesinden SSCB-nin Dagılmasına kadar. İstanbul: Kaknüs, 2012. — 464 s. (Türkiyə).
  8. Украинско-азербайджанские политические отношения: история и современность. Киев:Издательский дом Дмитрия Бураго,2012. −160 с. (О. Купчик, А. Дамиров). (Ukrayna).
  9. Türkiye-Sovyet Sosyalist Cumhuriyetleri Birliği ilişkileri. Ankara: Atatürk Araştırmaları Merkezi Yayınları, 2013. — 599 s. (Türkiyə).
  10. Анатолия и Южный Кавказ в 1724–1920-е гг.: в поисках исторической истины. Москва: ИНСАН, 2014. — 550 с. (Rusiya).
  11. Kafkaslarda ermeni sorunu. 1724–1920. Ankara: İpek Universitesi yayınları, 2014. — 484 s. (Türkiyə).
  12. Азербайджан, Армения и Турция в 1920–1994 гг.: реальная история. Москва: ИНСАН, 2016. – 616 с. (Rusiya).
  13. . Внешняя политика Азербайджанской Республики (1991–2003 гг.). I часть. Москва: ИНСАН, 2016. – 704 с. (Rusiya).
  14. Внешняя политика Азербайджанской Республики (1991–2003 гг.). II часть. Москва: ИНСАН, 2016. – 724 с. (Rusiya).
  15. Ermeni sorunu ve büyük devletler. 1724–1920. Ankara: Astana yayınları, 2017. — 480 s. (Türkiyə).
  16. Azerbaycan, Ermenistan ve Türkiye: gerçek tarih arayışı. 1920–1994. Ankara: T. C. Atatürk Araştırma Merkezi, 2019. – 642 s. (Türkiyə).
  17. The Post-Soviet Conflicts: The Thirty Years’ Crisis. North Carolina-Greensboro: Lexington Books, 2020.- 398 p. (coaut.) (ABŞ).
  18. Başlangıçtan günümüze Türkiye-Azerbaycan ilişkileri. Ankara: Türk Tarih Kurumu yayınları, 2023.- 862 s. (kollektiv) (Türkiyə).

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni (28.10.2017), "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı (2024) ilə təltif edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı (2009), Qazaxıstan Respublikası Elmlər Akademiyasının xatirə medalı (10.11.2017), Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2008)" Azərbaycan Respublikasının yubiley medalı (27.05.2018), Azərbaycan parlamentinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin "Parlament" medalı (2018), Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sərəncamı ilə " Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı (09.07.2019), Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı (14.08.2019) ilə təltif edilmişdir.

  1. "AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  2. "Onlar vitse-spiker seçildi". 2024-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-24.
  3. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.
  4. "Qasımlı Musa Cəfər oğlu". Azərbaycan Respublikası Milli Məclisinin saytı (az.). meclis.gov.az. 2016-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]