Qaradaş (dağ)

QaradaşSədərək rayonu ərazisində dağ (hünd. 1213,8 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün cənub-şərq kənarında, Araz çayının sol sahilində, Dəhnə-Vəlidağ tirəsinin şimal-qərb qurtaracağında zirvə. Sədərək kəndindən 7 km-dək cənub-şərqdədir. Orta Devonun Jivet mərtəbəsinin üst hissəsinə aid Arpaçay lay dəstəsinin karbonat-terrigen çöküntülərindən ibarət yastı təpəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının mərkəzi hissəsini mürəkkəbləşdirən ikincidərəcəli Qaradaş-Bozdağ sinklinalının cənub-şərq qanadında yerləşir. Yamaclarında şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılma pozulmaları izlənilir.[1]

Qaradaş dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1213,8 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.