Bulaqbaşı silsiləsi

Bulaqbaşı silsiləsi – Sədərək rayonu ərazisində, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün şimal kənarında alçaqdağlıq tirə. Ermənistan ərazisində Dərələyəz silsiləsinin Saraybulaq qolundan cənub-qərbə ayrılan şaxənin Naxçıvan MR ərazisindəki qurtaracağına cavab verir. Sədərək kəndinin ətraflarından başlayaraq şimal-qərb istiqamətdə 3 km məsafədə uzanır. Əsasən Orta-Üst Devon yaşlı karbonat və terrigen-karbonat süxurlarından təşkil olunmuşdur. Ətəklərində Paleozoy çöküntülərini uyğunsuzluqla örtən Miosen yaşlı çökmə süxurlar və onların üzərində yatan Üst Pleystosenin allüvial-prolüvial törəmələri açılır. Ən yüksək nöqtəsi Ucubiz dağıdır (1210,0 m). Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında, Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının şimal tektonik blokuna aid edilir və geoloji quruluşda şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılmaları ilə kiçik bloklara parçalanmış Bulaqbaşı antiklinal və Ucubiz sinklinal qırışıqları ilə təmsil olunan qalxıma uyğun gəlir. [1]

Bulaqbaşı silsiləsi
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1210,0 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.