Bu məqalə Naxçıvan Muxtar Respublikası haqqındadır. Naxçıvan şəhəri üçün Naxçıvan (şəhər) səhifəsinə baxın. |
Naxçıvan, rəsmi adı ilə Naxçıvan Muxtar Respublikası (1920–1923-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası (Naxçıvan SSR), 1923–1924-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924–1990-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (Naxçıvan MSSR)) — Azərbaycan Respublikasının tərkibində muxtar respublika, dövlət. Şimalda və şərqdə Ermənistan Respublikası (sərhəd xəttinin uzunluğu 246 km), qərbdə Türkiyə Respublikası (sərhəd xəttinin uzunluğu 15 km),[2][3][4][5][6][7] cənubda isə İran İslam Respublikası (sərhəd xəttinin uzunluğu 204 km) ilə həmsərhəddir.
Muxtar respublika | |
Naxçıvan Muxtar Respublikası | |
---|---|
Azərbaycan himni |
|
|
|
Ölkə | Azərbaycan |
Daxildir | Azərbaycan Respublikası |
İnzibati mərkəz | Naxçıvan |
Ən böyük şəhərləri | Naxçıvan, Culfa, Ordubad, Şərur |
Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi | Fuad Nəcəfli |
Ali Məclisin sədri əvəzi |
Anar İbrahimov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 9 fevral 1924 |
Sahəsi | 5 502.75 [1] km² |
Hündürlük
|
|
Əhalisi | |
Əhalisi | 468.566 nəfər (2024) |
Əhalinin sıxlığı | 85 nəfər/km² |
Etnik tərkib |
Azərbaycanlılar – 99.72 %, Digər millətlər – 0.28 % Azərbaycan əhalisinin siyahıyaalınması (2019) |
Dini tərkib | Müsəlmanlar |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-NX |
Telefon kodu | +994 60 |
İnternet domeni | .az (nmr.az) |
Avtomobil nömrəsi | 67,68,69,70,71,72,73,74,75 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 9 fevral 1924-cü ildə yaradılmışdır. Naxçıvan MR-in Ermənistan ilə təbii sərhəddini, əsasən Zəngəzur və Dərələyəz silsiləsinin suayırıcıları, Türkiyə və İranla sərhəddini isə Araz çayı təşkil edir. Ərazisi şimal-qərbdən cənub-şərqə doğru 158 km məsafədə uzanır. Naxçıvan Muxtar Respublikasının şimalda ən ucqar nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki Kömürlü dağı (2064 m), ən cənub nöqtəsi isə Araz çayının sol sahilində 600 m yüksəklikdə yerləşən Zerəni dəmir yol stansiyasıdır. Şimaldan cənuba doğru ən böyük məsafəsi 75 km-ə bərabərdir.
1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil olunmuş, 1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı 8-ə endirilmişdi: Baş Noraşen, Qıvraq, Tumbul, Əbrəqunus, Nərimanov, Culfa, Parağa və Ordubad dairələri. 1930-cu ilin birinci yarısında Şahbuz rayonu əlavə edilməklə Şərur, Naxçıvan, Culfa, Ordubad və Əbrəqunis rayonları yaradılmışdır. 1948-ci ildə Əbrəqunis rayonu Culfa rayonu ilə birləşdirildikdən sonra, Naxçıvan MSSR inzibati cəhətdən beş rayona (Naxçıvan (1978-ci ildən Babək), Şərur, Şahbuz, Culfa və Ordubad) bölünmüşdür. 1990-cı il 28 avqustda Azərbaycan SSR Ali Sovetinin fərmanına əsasən Türkiyə ilə həmsərhəd bölgənin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləndirmək məqsədilə, həmçinin ərazinin geostrateji mövqeyi nəzərə alınaraq, Sədərək kəndi və ona məxsus ərazilər əsasında Sədərək rayonu yaradılmışdır. 2004-cü ildə Şərur rayonunun 10 kəndi hesabına Kəngərli rayonu yaradılmışdır.
1929-cu il 18 fevralda Zaqafqaziya MİK totalitar inzibati-amirlik şəraitində Naxçıvan MSSR-in doqquz kəndinin – Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, habelə Kilit kəndinin torpaqlarının bir hissəsinin, əkin sahələri və torpaqları ilə birlikdə Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etmişdir. Zaqafqaziya MİK-in Naxçıvanın sərhədləri məsələsinə baxması, Moskva müqaviləsi (1921) və Qars müqaviləsi (1921) sənədlərini imzalayan tərəflərin iştirakı olmadan Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi beynəlxalq hüquq normalarının kobudcasına pozulması olmuşdur.[8]
1 yanvar 2014-cü ilə olan rəsmi məlumatlara əsasən Muxtar Respublikası inzibati cəhətdən yeddi rayon və Naxçıvan şəhər inzibati ərazi dairəsindən ibarətdir; Muxtar Respublikada 6-sı şəhər (Naxçıvan, Ordubad, Culfa, Şərur, Şahbuz və Babək), 7-si şəhər tipli qəsəbə, 206-sı kənd olmaqla ümumilikdə 219 yaşayış məntəqəsi yerləşir.[1][9] Muxtar Respublikanın inzibati mərkəzi qədim Naxçıvan şəhəridir.
Naxçıvan, Qafqazın cənub-şərq hissəsində yerləşir. Onun ərazisi 38°51'-39°47' ş.e. və 44°46'-46°10' q.u. yerləşir. Ərazinin demək olar ki, 75%-i 1000 m-dən yuxarıda yerləşir. Şimalda Dərələyəz, şərqdə Zəngəzur sıra dağları uzanır. Ərazinin Araz çayı boyunca uzanan, cənub və cənub-qərb hissəsi – 600–1000 m hündürlüyündə yerləşən, üçüncü və dördüncü dövr çöküntülərindən ibarət düzənlikdir. Üçüncü dövr çöküntüləri, "bedlend" tipli relyefi yaradan və asan dağılmaya məruz qalan, duzlu lay süxurlarıdır.
Araz çayının sol sahilində yerləşən və üst örtüyü qənbər-çınqıl çöküntülərindən ibarət olan maili düzənliklər, qədim akkumulyasiya sahələridir. Onlar müasir tektonik hərəkətlərin təsiri altında ümumdağ qalxma hərəkətinə qoşulublar və gərgin parçalanmaya məruz qalırlar. Cavan tektonik hərəkətlər öz əksini, Naxçıvan ərazisində geniş yayılmış düzəlmə səthlərinin deformasiyasında, terras səviyyələrinin dəyişməsində, onların Arazın müasir çöküntüləri altında qalmasında və s. tapır.
Naxçıvan ərazisi Zaqafqaziyanın qırışıq-qaymalı silsilələri arasında ən hündürüdür və parçalanmış dağlıq relyeflə səciyyələnir. Ərazinin ən alçaq nöqtəsi Araz çayının dərəsidir – 400 m, ən hündür nöqtəsi isə Qapıcıq dağıdır – 3904 m. Ərazinin orta hündürlüyü – 1400 m-dir. Naxçıvan Muxtar Respublikası şimal-qərbdən cənub-şərqə doğru 158 km məsafədə uzanır və ərazisinin forması düzgün olmayan rombu xatırladır. Onun şimaldan cənuba ən geniş yeri 75 km bərabərdir. Respublikanın şimalda ən ucqar nöqtəsi Saraybulaq sıra dağlarının Şərur rayonu ərazisinə daxil olan qolu üzərindəki Kömürlü dağdır. Zəngəzur sıra dağlarının Soyuq dağdan başlayaraq sıldırım yamacla alçalıb Arazın sol sahilində 600 m çatdığı yerdə yerləşən Zerəni dəmir yol dayanacağı isə respublika ərazisinin ən cənub nöqtəsidir. Muxtar respublikanın qərbdən ən ucqar nöqtəsi Sədərək qəsəbəsindən qərbdə, Araz yaxınlığında yerləşən keçmiş Urmiya kəndi, şərqdə isə Zəngəzur sıra dağlarının cənub qollarından olan Zerəni dağının zirvəsidir.
Naxçıvanın ərazisi, ətrafı hündür dağlarla əhatələnmiş "dərəni" xatırladır. Bunun nəticəsi olaraq, Xəzər və Qara dənizlərinin rütubətli hava axınları bura daxil ola bilmirlər. Məhz bu, yerli relyefə təsir edən, quru və sərt-kontinental iqlimin hökm sürməsinin səbəblərindən biridir.
Relyefinin sərt parçalanması, ərazinin qeoloji quruluşundan (paleozoydan başlayaraq, müxtəlif litoloji tərkibli intensiv dislokasiya süxurların geniş yayılması) və müasir iqlim şəraitindən müəyyən olunur. İqlimin təsiri özünü daha çox relyefin parçalanma səviyyəsində, onun müasir morfoskulpturlarında və denudasyon proseslərin intensivliyində büruzə verir.
Naxçıvan MR çayları az suludurlar və bəziləri yayda quruyurlar. Əsas çaylar Arazın sol qollarıdır – Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilançay, Ordubadçay, Qazançay, Kilitçay və s.
Naxçıvan molibden, travertin, polimetallik filizlər, daş duz, civə, tikinti materialları və s. faydalı qazıntılarla zəngindir. Respublika mineral sularla da zəngindir – Badamlı, Sirab, Vayxır, Darıdağ və s.
Torpaq örtüyü nazikdir və əsasən akkumulyativ relyef formalarının üzərində inkişaf edir. Respublikanın düzən və dağlıq ərazilərinin torpaq örtüyü, əsasən kserofitlərdən təşkil olunur. Meşə, demək olar ki, mövcud deyil.
Naxçıvanın ərazisi 5,5 min km2 təşkil edir. Bundan 1,3 min km2 – düzənliklər, 4,2 min km2 – dağlar tutur. Naxçıvan Muxtar Respublikasının paytaxtı – Naxçıvan şəhəridir.
Naxçıvanın cənub və cənub-qərbi, Araz çayı boyunca İran İslam Respublikası və Türkiyə (15 km) ilə, şimal-şərq, şimal və şimal-qərbi, Zəngəzur, Dərələyəz və Saraybulaq sıra dağları boyunca Ermənistan Respublikası (224 km) ilə sərhədlənir.
Naxçıvan MR ilə Ermənistan Respublikasının qərb sərhəddindən Dəhnə və Vəlidağ dağlarının təpəsinə kimi, Arazın İrəvan dərəsinin cənub-şərq hissəsi olan Sədərək maili düzənliyi yayılır. Adı çəkilən təpələrin arasında yerləşən çökəklik "Qurd qapısı" adlanır. "Qurd qapısı"ndan cənub-şərqə, oroqrafik baxımdan Dərələyəz sıra dağının cənub qurtaracağı olan Qıvraq yüksəkliklərinə kimi, daha geniş olan Şərur maili düzənliyi yayılır. Qıvraq yüksəkliklərindən şərqə, Duzdağın yastı yüksəkliyinin qərb yamaclarına kimi, qərb hissəsi Duzdağla və şərq hissəsi Əlincəçay ilə qapanan, Böyükdüz maili düzənliyi yayılır.
Naxçıvan düzənliyindən şərqdə, Araz çayının sol qollarının gətirmə konusları olan və biri-birindən kiçik təpələrlə ayrılan, bəzi yerlərdə Araz çayına yaxın yerləşən, bir neçə kiçik maili düzənliklər yerləşir. Məsələn, bu düzənliklərdən biri Qaradərə çayının mənsəbində, Yaycı kəndinin yanında, başqası – Düylünçayın mənsəbində, lap şərqdə olan ən genişi isə – Ordubad şəhərindən cənubda yerləşir.
Naxçıvan MR-nın ərazisini şərqdən əhatələyən Zəngəzur sıra dağları, meridional istiqamətdə, şimaldan cənuba Qısırdağ dağından Araz çayına kimi, 120 km məsafədə uzanır. Onun orta hündürlüyü 3223 m-dir. Dərələyəz silsiləsi enlilik istiqamətlidir lakin, Naxçıvançayın və Arpaçayın (Qəlinqaya dağının yanında) suayrıcında istiqamətini meridionala dəyişir. Ən qərbdə, İrəvan və Sədərək maili düzənliklərinin qovuşmasında, Araz çayının dərəsinə batan, Saraybulağ sıra dağlarının şərq qurtaracağı yerləşir.1
Naxçıvan Muxtar Respublikasında 7 rayon və şəhər var.
Naxçıvan Muxtar Respublikası, Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. 1995-ci il 12 noyabrda referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir və onun statusu bu Konstitusiya ilə müəyyən edilir.
Naxçıvan MR-ın idarəetmə qaydaları, hakimiyyətin bölgüsü və s. mühüm məsələlər Naxçıvan MR-ın Konstitusiyası ilə tənzimlənir. Bu konstitusiya Azərbaycan Respublikasının Konstitusiya Qanunu formasında qəbul edilir. Naxçıvan MR-ın sonuncu konstitusiyası 29.12.1998-ci ildə qəbul edilib.
Naxçıvan MR–də qanunvericilik hakimiyyətini Naxçıvann MR–in parlamenti – Naxçıvan MR Ali Məclisi, icra hakimiyyətini Naxçıvan MR Nazirlər Kabineti, məhkəmə hakimiyyətini muxtar respublikanın məhkəmələri həyata keçirir.
Konstitusiyaya əsasən, Naxçıvan MR Ali Məclisinin sədri muxtar respublikanın ali vəzifəli şəxsidir. O, Ali Məclisdə seçilir. Naxçıvan MR Ali Məclisi 45 deputatdan ibarətdir. Muxtar Respublikanın şəhər və rayon ərazi vahidləri icra hakimiyyətləri tərəfindən idarə edilir. İcra hakimiyyətlərinin başçıları Naxçıvan MR Ali Məclisi sədrinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunur. Naxçıvan MR–də yerli idarəetmə orqanları – bələdiyyələr fəaliyyət göstərir.
Xəritədə yeri. | Rayon | Mərkəz | İnzibati vahid | Ərazi (km²) | Əhali (1 yanvar 2019 rəsmi əhali təxmini)[10] | Qeyd |
---|---|---|---|---|---|---|
1 | Babək rayonu | Babək | Rayon | 828,42[1] | 75,600[1] | Əvvəllər Naxçıvan adlanan rayon 1991-ci ildə Babək Xürrəminin şərəfinə Babək adlandırılmışdır. |
2 | Culfa rayonu | Culfa | Rayon | 926,30[1] | 46,700[1] | Bəzi mənbələrfə Cuğa da adlandırılır. |
3 | Kəngərli rayonu | Qıvraq | Rayon | 704,89[1] | 32,400[1] | 2004-cü ildə Babək rayonu ərazisinin bir hissəsində yaradılmışdır. |
4 | Naxçıvan şəhəri | Naxçıvan şəhəri | Şəhər | 191,57[1] | 93,700[1] | 1991-ci ildə Babək rayonundan ayrılmışdır. |
5 | Ordubad rayonu | Ordubad | Rayon | 978,99[1] | 50,000[1] | Sovetləşmə dövründə Culfadan ayrılmışdır[11] |
6 | Sədərək rayonu | Heydərabad | Rayon | 163,74[1] | 15,900[1] | 1990-cı ildə Şərur rayonundan ayrılmışdır; ermənilərin işğalı altında olan Kərki kəndi də "de yure" bu rayona tabedir. |
7 | Şahbuz rayonu | Şahbuz | Rayon | 836,58[1] | 25,200[1] | Sovetləşmə dövründə Naxçıvan (Babək) rayonundan ayrılmışdır.[12] |
8 | Şərur rayonu | Şərur | Rayon | 872,26[1] | 116,600[1] | Sovet dövründə Baş-Noraşen, daha sonra isə 1990-cı ilə kimi İliç (Vladimir İliç Leninin şərəfinə) adlandırılmışdır.[13] |
Cəmi | 5502,75[1] | 456,100[1] |
Naxçıvan MR ərazisində zəngin maddi mədəniyyət nümunələrinin aşkar olunması burada qədim daş dövründən başlayaraq ardıcıl yaşayış olduğunu, bu mədəniyyətlər arasında qırılmaz varislik əlaqələrinin olduğunu göstərir[14]. Tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, Naxçıvanda insanlar 1.5 – 2 milyon il bundan əvvəl məskunlaşmışdır. 100 – 35 min il bundan əvvəl Mustye mədəniyyəti dövründə burada ibtidai insanların məskunlaşması davam etmişdir[15]. Şahtaxtı, Osman təpə, Plovdağ yaşayış yerlərində, Qazma mağarasında, Naxçıvançay və Əlincəçay vadilərində, Ordubad rayonu ərazisindəki Kilit mağarasında, İlandağın Cənub ətəyində və digər abidələrdə daş dövrü mədəniyyətinin izləri aşkar olunmuşdur. Arxeoloji qazıntılar nəticəsində Qazma mağarasından, əsasən, çaxmaqdaşı və obsidiandan hazırlanmış Mustye dövrü əmək alətləri, ovlanmış heyvanların çapılıb doğranmış sümükləri aşkar olunmuşdur. Şahtaxtı yaşayış yeri yaxınlığından Aşel mədəniyyəti dövründə hazırlanmış əl çapacağı qeydə alınmışdır.[16]
Naxçıvan şəhərindən 8 km şimal-şərqdə, indiki Kültəpə və Sirab kəndlərinin ərazisində Neolit dövrü (e.ə. VII–VI minilliklər) yaşayış məskənləri yerləşir. Naxçıvanda Yeni Neolit abidələri Sədərək, Osman təpə, Naxçıvan təpə və Uçan Ağılda aşkar olunmuşdur. Naxçıvanda Neolit mədəniyyəti əsasında mis metalın kəşf olunduğunu Eneolit dövrü mədəniyyəti (e.ə. VI–V minilliklər) inkişaf tapmışdır. I Kültəpənin ən qədim mədəni təbəqəsindən mis-mərgümüş qatışıqlı müxtəlif alətlər və bəzək nümunələri əldə edilmişdir. I Kültəpə yaşayış yerinin Eneolit təbəqəsinin alt qatlarında düzplanlı, orta qatda dairəvi və düzplanlı, son mərhələdə üst qatlarda isə yalnız düzplanlı tikinti qalıqlarına rast gəlinmişdir.
Eneolit dövrü oturaq əkinçi-maldar qəbilələr Naxçıvançay, Arpaçay vadilərində və digər ərazilərdə məskunlaşmışlar. Eneolit dövrü I Kültəpə, Uçan Ağıl, Ovçular təpəsi, Damlama, Xələc yaşayış yerlərində və Sədərəkdə tədqiq edilmişdir. Bu dövrdə Naxçıvanda əsas təsərrüfat sahələri kimi əkinçilik və maldarlıq, eləcə də mütalişləmə, dulusçuluq, daşişləmə, toxuculuq və sair sənət sahələri inkişaf tapmışdı. Arxeoloji materiallar göstərir ki, bütün Eneolit dövrü ərzində Azərbaycan, eləcə də qədim Naxçıvan əhalisi ilə Mesopotamiya arasında əlaqələr olmuş, burada Dalmatəpə mədəniyyəti formalaşmışdır.[17]
Tunc dövründə (e.ə. IV – II minilliklər) qədim Naxçıvan qəbilələrinin iqtisadi, ictimai və mədəni həyat tərzində böyük təkamül baş vermişdir. Naxçıvanda da etnik proseslər güclənmiş və iri tayfa ittifaqları yaranmışdır. I Kültəpə və II Kültəpə, Maxta, Ovçular təpəsi, Daşarx və sair Kür-Araz mədəniyyəti abidələrində aparılmış arxeoloji tədqiqatlar göstərir ki, e.ə. IV minilliyin II yarısı-III minillikdə Naxçıvan qəbilələrinin əkinçilik, maldarlıq mədəniyyəti yeni inkişaf mərhələsinə qədəm qoymuş, texniki tərəqqi yüksəlmiş, əmək alətlərinin çeşidi və keyfiyyəti daha da artmışdır. Bu dövrdə tuncun geniş tətbiqi mühüm rol oynamışdır. Bu dövrdə türkdilli tayfalar Naxçıvanda formalaşmışdır.[19]
Yaxın Şərq ölkələri ilə Azərbaycanı, eləcə də bütün Qafqazı əlaqələndirən əsas yolların kəsişdiyi əlverişli mövqedə yerləşən iri tayfa ittifaqları mərkəzləri iqtisadi, mədəni cəhətdən yüksəldi və nəticədə III minilliyin sonlarında Naxçıvanda ilkin şəhər mərkəzləri yarandı. Belə şəhər mərkəzlərindən olan II Kültəpədə, Şahtaxtı, Naxçıvan şəhəri, Qızılburunda Naxçıvan təpə, Bülov qayada arxeoloji tədqiqatlar aparılmışdır. Tunc dövründə Naxçıvan yüksək incəsənəti ilə Yaxın Şərq dünyasında tanınmışdır. Gəmiqaya təsviri sənət abidələri, bədii tərtibatlı boyalı qablar (Boyalı Qablar mədəniyyəti), tunc məmulatları və sair Naxçıvanın qədim tayfalarının həyat tərzini, dini – ideoloji və fəlsəfi estetik dünyagörüşünü əks etdirir.
E.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində Naxçıvan ərazisinin tarixi mürəkkəb ictimai – siyasi hadisələrlə zəngin olmuşdur. Bu dövrdə Azərbaycan ərazisində Xocalı – Gədəbəy arxeoloji mədəniyyətinin formalaşması prosesi getmişdir. Naxçıvan ərazisində bu mədəniyyətə aid abidələr I Kültəpə, Şahtaxtı, Kolanı, Sarıdərə, Haqqıxlıq, Bəyəhməd, Qarabulaq, Zeyvə və sairləri aşkar edilmişdir. Bu abidələrin tədqiqi Xocalı – Gədəbəy mədəniyyətini yaradan tayfaların qədim dövrdən bu ərazilərdə məskunlaşmış aborigenlərdən ibarət olduğunu göstərmişdir.[20] Bu dövrdə Naxçıvan ərazisi üçün əsas təhlükə qonşuluqda olan Urartu dövləti tərəfindən yaranmışdır. Culfa rayonu ərazisindəki İlandağda e.ə. 820 – 810-cu illərə aid mixi yazılı kitabə aşkar olunmuşdur. Kitabədən məlum olur ki, Urartu çarları İşpuini və onun oğlu Minuanın dövləti birgə idarə etdikləri dövrdə bu əraziyə basqınlar edilmişdir.[21] İşğalçılara qarşı mübarizə məqsədilə regionun qədim yaşayış yerlərində möhtəşəm müdafiə istehkamları (Oğlanqala, Qalacıq, Govurqala və sair) inşa edilmiş, Etiunu tayfa birliyi formalaşmışdır.[22]
E.ə. IX–VI əsrlərdə Naxçıvan ərazisi Azərbaycan ərazisində ilk mərkəzləşmiş dövlət olan Mannanın,[23] daha sonra isə, onun tarixi və mədəni varisi olan Midiyanın[24] tərkibində olmuşdur. Qazıntılar nəticəsində əldə olunmuş materiallar Naxçıvan ərazisinin, həmçinin, Manna mədəniyyətinin təsir dairəsinə daxil olduğunu sübut etmişdir.[25] Midiyanın süqutundan sonra Əhəmənilərin hakimiyyəti altına düşən Naxçıvan, e.ə. IV əsrin sonlarından Atropatenanın,[26] eramızın III əsrindən isə Sasanilər imperiyasının[27] tərkibinə daxil olmuşdur.
Atropatena hökmdarlarının əsas iqamətgahı olan Qazaka şəhəri Naxçıvana yaxın ərazidə — Güney Azərbaycanın Marağa şəhəri yaxınlığında yerləşdiyindən Naxçıvan, Yaxın Şərqin bir sıra şəhərləri ilə iqtisadi və mədəni əlaqələri gücləndirmiş, antik dünya xalqları ilə sıx ticarət əlaqələri yaratmışdı. Bu barədə, qədim yunan, Roma, ərəb, erməni, Suriya müəlliflərinin əsərlərində məlumatlar vardır. Şərur rayonun Püsyan kəndi yaxınlığındakı yaşayış yeri və nekropoldan, Oğlanqala, Qoşatəpə, Babatəpə və s., Babək rayonu ərazisində Meydantəpə, Nurudərəsi abidələrindən antik dövr mədəniyyətinin izləri qeydə alınıb, ilkin tədqiqat işləri aparılmışdır. Naxçıvan nekropollarından əldə edilən saxsı məmulatı, metal, şüşə, bəzək əşyaları, qliptika nümunələri, Şahbuz rayonu ərazisindən tapılan Makedoniyalı İskəndərin adından kəsilmiş gümüş pullar (e.ə. IV əsr) bu bölgədə küp qəbirlərinin e.ə. IV əsrdən gec olmayaraq yayıldığını göstərir.[28]
Naxçıvan bölgəsinin orta əsrlər dövrünün ayrı-ayrı mərhələlərinə aid abidələr öz zənginliyi ilə xüsusilə diqqəti cəlb edir. Əlincəçay vadisindəki Zoğala abidəsindən tapılmış sütun altlıqları, tunc qrifon, Cavanşirin tunc heykəli[29] (Naxçıvan şəhəri), onun üzərindəki kitabə, yaxınlığından keçən qədim karvan yolu və bir çox abidələrdən aşkar olunmuş materialların müqayisəli təhlili göstərmişdir ki, Naxçıvan orta əsrlərdə Azərbaycanın əsas ticarət mərkəzlərindən biri olmuş, Yaxın Şərq və Qafqazla iqtisadi, mədəni əlaqələrin daha da genişlənməsində önəmli rol oynamışdır.
Midiya dövləti dövründə E. ə. IX–VI əsrlərdə Naxçıvan tanınmış şəhərlərdən biri idi. E. ə. 633-cü ildə Naxçıvan skiflərin hücumu bu ərazini Urartu işğalından qorumuşdu. E. ə. VI əsrin ortalarından (e. ə. 550-cii ildə Midiya dövləti tənəzzülə uğradıqdan sonra) e.ə. IV əsrin 30-cu illərinədək Əhəmənilər dövlətinin hakimiyyəti altında olan Naxçıvan IV əsrin sonlarından e. ə. I əsrin 1-ci yarısınadək Atropatenanın (Kiçik Midiyanın) tərkibində olmuşdur. Eramızın əvvəllərində Naxçıvan Albaniyada (Qafqaz) şəhər və vilayət olmuşdur. Qafqaz Albaniyasının Araksena (Arazın orta və aşağı axarı boyunda yerləşirdi) vilayəti Naxçıvan ərazisini də əhatə edirdi.[30] Naxçıvan MR ərazisinin cənub – qərb hissəsi Vaspurakan tarixi vilayətinə daxil edildi.[31] Naxçıvan MR-in qalan ərazisi isə Sünik (mərkəzi müasir Naxçıvan şəhəri) və Qoğtən (mərkəzi müasir Ordubad ərazisi) vilayətlərinin tərkibinə daxil idi.[32] Eyni zamanda Sünikin öz alban mənşəli yerli hakim sülaləsi və kilsəsi də olmuşdur.[33] Naxçıvan IV əsrdən isə Sasanilər İmperiyasının tərkibində olmuşdur. Sasani hökmdarı II Şapur [309–379] yürüşü zamanı (364–367 illər) Naxçıvanı dağıtmış, şəhərdən 18 min ailə əsir aparmışdı. Bəzi vaxtlarda Albaniya Sasanilərin nüfuz dairəsində olduğuna görə Naxçıvan da Sasani canişinləri–mərzbanlar tərəfindən idarə edilmiş, Sasani mərzbanlarının iqamətgahı Dəbildən (Dvin) Naxçıvana köçürülmüşdür. VI əsrin 1-ci yarısından Naxçıvanda Sasanilərə məxsus zərbxana olmuşdur. Bu, Azərbaycanda ən qədim zərbxanalardan biri sayılır.[34] Mehranilər sülaləsinin Qafqaz Albaniyasında yenidən dövlətçiliyi bərpa etməsindən sonra isə Naxçıvan və Qoğtən qəti şəkildə Albaniyanın tərkibinə qatılmışdır.[35]
VII əsrin II yarısından başlamış ərəb istilaları nəticəsində yaranan Xilafətin tərkibinə daxil edilmiş Vaspurakan ərəb mənbələrində Basfurcan adı ilə qeydə alınmışdır. Ərəb istilalarına xüsusi əsər həsr etmiş ərəb tarixçisi əl-Bəlazurinin[36] (IX əsr) məlumatına görə Basfurcan ərəblərin Cənubi Qafqazda tutduqları yerləri özündə birləşdirən yeni ərəb inzibati bölgüsünə daxil edilir. Burada və digər ərəb mənbələrində Nəşavə (Naxçıvan) həmin bölgüyə əsasən, Arran vilayətinə daxil edilən Basfurcanın əsas şəhəri adlandırılır. Bu dövrdə Azərbaycanda yayılmış Xürrəmilər hərəkatı Naxçıvanı da əhatə etmiş[37], Naxçıvan ərazisi həm xürrəmilərin, həm də əsasən xristian dinli əhali arasında yayılmış Pavlikan hərəkatının[38] əsas dayaq nöqtələrindən biri olmuşdur.
IX əsrdə Naxçıvan Sacilər dövlətinin tərkibinə daxil edilir və X əsrin 30-cu illərinədək bu sülalənin hakimiyyəti altında qalır. Sacilər xanədanı süquta uğradıqdan sonra (942) Naxçıvan bir müddət bu sülaləyə sadiq olan Deysəm ibn İbrahimin hakimiyyəti altında qalmışdır. 942–981-ci illərdə Naxçıvan Salarilər dövlətinin tərkibinə daxil olmuşdur.[39] X əsrin sonundan XI əsrin 60-cı illərinə kimi Naxçıvan şəhəri əsasən müasir Naxçıvan MR və qismən də indiki Ermənistan (Qərbi Azərbaycan) ərazisini əhatə edən və ərəb mənşəli Əbudüləfilər sülaləsi tərəfindən idarə olunan Naxçıvanşahlıq dövlətinin mərkəzi olmuşdur.[40]
XI əsrin I yarısından Azərbaycan, eyni zamanda Naxçıvan bölgəsi Səlcuqluların başçılıq etdikləri oğuzlar və başqa türk tayfaları tərəfindən ələ keçirilir. 1018–1021-ci illərdə Araz çayını keçən oğuzlar cənub istiqamətindən Arran torpaqlarına yürüş edərək, Naxçıvan, daha sonra isə Azərbaycanın qədim şəhəri olan Dəbil şəhərini ələ keçirirlər.[41]
1038-ci ildə Səlcuq dövləti yarandı.[42] Onun ilk hökmdarı Toğrul bəyin (1038–1063) varisi Alp Arslan (1063–1072) Azərbaycanın cənub vilayətlərində Rəvvadilər sülaləsinin hakimiyyətinə son qoyduqdan sonra səlcuqlular bütün Naxçıvana yiyələndilər.[43] (1064) Səlcuqlular imperiyasının süqutundan sonra 1136-cı ildə oğuz mənşəli[44][45] Eldənizlər sülaləsinin idarə etdiyi Azərbaycan Atabəyləri dövləti (1136–1225) yaranmış və Naxçıvan şəhəri bu dövlətin ilk paytaxtı[46] olmuşdur.
Atabəylərin xəzinəsi həmişə atabəyin olduğu yerdə saxlanırdı. Əsas dövlət xəzinəsi isə Naxçıvan şəhəri yaxınlığındakı Əlincə qalasında mühafizə olunurdu. Şəmsəddin Eldənizin dövründən başlayaraq dövlətin bütün gəlirləri burada toplanırdı.[47] Bu dövrdə Naxçıvan paytaxt kimi xeyli inkişaf edir, şəhərdə qiymətli memarlıq abidələri – qalalar, saray, məscid, hamam və xatirə abidələri inşa edilirdi.
Eldənizlərdən sonra Naxçıvan bir müddət xarəzmşah Məhəmmədin oğlu Cəlal əd-Din Məngburninın nüfuz dairəsində qalır.[48] Həmin dövrdə Naxçıvanın hakimi Məhəmməd Cahan Pəhləvanın Zahidə Xatundan olan qızı Cəlaliyyə Xatun idi.[49]
XIII–XIV əsrlərdə Naxçıvan bölgəsi Azərbaycanda və ümumiyyətlə, Yaxın Şərqdə gedən siyasi – iqtisadi, mədəni proseslərin mərkəzlərindən birinə çevrilir. Hülakülərin, Çobanilərin, Cəlairilərin nüfuz dairələrində olan Naxçıvan bu dövlətlərin siyasi həyatında da yaxından iştirak edir. Əmir Teymurun Azərbaycana yürüşləri və Naxçıvanda ona göstərilən müqavimət bölgənin tarixində mühüm yer tutur. Dövrün mənbələrindən aydın olur ki, inzibati ərazi baxımından 9 tümənə ayrılan Azərbaycanın bir tüməni olan Naxçıvan bölgəsi dövlətə 10.000 döyüşçü vermək qüdrətində idi.[50] Tarixçi Həmdullah Qəzviniyə görə, Azərbaycanın 27 şəhərindən 5-i Naxçıvan, Ordubad, Azad, Əncan və Makuyə Naxçıvan tüməninə daxil idi və o, geniş ərazini – Araz çayının şimal və cənub tərəflərini əhatə edirdi.[51]
XV əsrdə Naxçıvan ərazisi əvvəlcə Qaraqoyunlu, daha sonra isə Ağqoyunlu dövlətlərinin tərkibində idi. 1501-ci ildə Şərur döyüşündə qızılbaşların Ağqoyunlular üzərində qələbəsindən sonra Naxçıvan Səfəvilərin hakimiyyəti altına keçdi. Səfəvilərin hakimiyyəti dövründə 280 – 300 min km² ərazini əhatə edən tarixi Azərbaycan vilayəti inzibati-ərazi baxımından dörd bəylərbəyliyə bölünmüşdü: Şirvan, Gəncə (Qarabağ), Çuxursəd və Təbriz bəylərbəylikləri. Naxçıvan ərazisindən yalnız Ordubad şəhəri Təbriz bəylərbəyliyinin tərkibinə daxil idi. Naxçıvan MR – in digər əraziləri isə Çuxursəd bəylərbəyliyinin tərkibinə daxil olmuşdur.[52]
Çuxursəd bəylərbəyliyinin mərkəzi İrəvan şəhəri idi. İrəvan, eləcə də Naxçıvan şəhəri qızılbaş ustaclılar tayfasının iqamətgahı olmuşdur. Səfəvi-Osmanlı müharibələri dövründə (XVI–XVII əsrlər) Naxçıvan ərazisi döyüş meydanına çevrildi. Dəfələrlə əldən-ələ keçən Naxçıvan şəhəri isə dağıntılara məruz qaldı. Dövrün hərbi-siyasi hadisələri üzündən Naxçıvan şəhəri əski əzəmətini, Azərbaycanın iqtisadi-siyasi, mədəni həyatındakı rolunu və mövqeyini itirmişdi. Culfa, Ordubad, Əylis kimi mərkəzlərə də xeyli zərər dəymişdi. I Şah Abbasın hakimiyyəti dövründə (1587–1629) isə Naxçıvandan İrana çoxlu əhali sürgün olundu.[53]
XVII–XVIII əsrlərdə Naxçıvan ərazisi ustaclılar tayfasının idarəsinə verilmişdi. Bu tayfanın tərkibinə daxil olan Kəngərlilər Naxçıvanın siyasi və mədəni həyatında aktiv iştirak edirdilər.
XVIII əsrin əvvəllərində Azərbaycana sahib olmaq uğrunda iki türk sülaləsi – Osmanlılar və Səfəvilər arasında mübarizə yenidən gücləndi. 1724-cü ilin sentyabrında osmanlılar Naxçıvan şəhərini, bir neçə gün sonra isə Ordubad şəhərini tutdular. Naxçıvan vilayətinin böyük bir hissəsi yeni təşkil olunmuş Naxçıvan sancağının tərkibinə daxil edildi. Osmanlılar dövründə Naxçıvan sancağı 14 nahiyyəyə bölünmüşdü: Naxçıvan, Əlincə, Sair Məvazi, Dərəşahbuz, Mülki-Arslan, Məvazeyi-Xatun, Qarabağ, Qışlağat, Dərəşam, Azadciran, Şorlut, Dərəşürgüt, Sisyan, Dərələyəz. Ordubad ayrıca nahiyyə təşkil etməyərək Azadciran nahiyəsinə daxil idi.[54]
1735-ci ildə Azərbaycanın digər əraziləri kimi, Naxçıvan da Nadir xanın hakimiyyətinə keçdi. 1736-cı il Muğan qurultayında özünü şah elan edən Nadir şah Əfşar Səfəvilər sülaləsinin hakimiyyətinə son qoydu. Mərkəzləşdirmə siyasəti yeridən Nadir şah inzibati — ərazi bölgüsünü dəyişdi., bəylərbəylikləri ləğv edərək Azərbaycanın bütün ərazisini vahid Azərbaycan vilayəti (mərkəzi Təbriz şəhəri) adı altında birləşdirdi və vilayətin idarəsini qardaşı İbrahim xana həvalə etdi. Naxçıvan bölgəsində yaşayan Kəngərli tayfası Nadir şaha itaətsizlik göstərdiyinə görə bu tayfanın bəzi üzvləri Əfqanıstana sürgün edildi. Nadir şah Naxçıvan əyalətinə eyni zamanda iki hakim təyin etdi: "Hakim-e ölkə-ye Naxçıvan" (tayfa vəkili və əyalətdən toplanan qoşunun rəisi) və "Hakim-e tümən-e Naxçıvan" (şah tərəfindən təyin olunur, iqtisadi-inzibati idarə işlərinə rəhbərlik edirdi).
1747-ci ildə Nadir şah Əfşarın sui – qəsd nəticəsində öldürülməsindən sonra Kəngərli tayfasının başçısı Heydərqulu xan özünü Naxçıvanın müstəqil xanı elan edərək Naxçıvan xanlığının əsasını qoydu.[55] Zəngəzur dağlarından Araz vadisinə qədər ərazini əhatə edən xanlığın mərkəzi Naxçıvan şəhəri oldu. Xanlıq inzibati cəhətdən Əlincə, Xok, Dərələyəz, Ordubad, Əylis, Dəstə, Çənnəb və Biləv mahallarına bölünmüşdü.[56]
1826–1828-ci illər Rusiya – Qacar müharibəsi dövründə Naxçıvan rus qoşunları tərəfindən işğal olundu, Türkmənçay müqaviləsinə əsasən isə xanlığın ərazisi Çar Rusiyasına ilhaq olundu.[57] İstiladan sonra çar hökuməti İrandan və Türkiyədən 10 minlərlə erməni ailəsini Naxçıvana köçürmüş[58][59] və diyarın demoqrafik quruluşunu ciddi surətdə dəyişmiş,[60] Naxçıvan və İrəvan xanlıqları ərazisində Erməni vilayəti yaradılmışdı.[61][62] Naxçıvan diyarı, çar hökumətinin Qafqazda apardığı inzibati islahata (1840, 10 aprel) əsasən Gürcüstan-İmeretiya quberniyasının tərkibində Naxçıvan qəzası kimi təşkil edildi. 1849-cu ildən isə İrəvan quberniyasının tərkibinə keçirildi.[63]
1917-ci ilin fevralında Rusiyada çar mütləqiyyəti devrildikdən sonra imperiyanın bir çox əyalətlərində olduğu kimi, Naxçıvanda da ikihakimiyyətlilik meydana gəldi. Naxçıvanda yerli hakimiyyət orqanlarının – qəza və kənd ictimai təşkilatları icraiyyə komitələrinin təşkilinə başlanıldı. Naxçıvan diyarında vəziyyət daha da mürəkkəbləşdi. 1918-ci ildə erməni-daşnak hökumətinin maddi və mənəvi yardımına arxalanan "erməni milli komitəsi" Naxçıvan bölgəsində qarşıdurmanı, qırğınları daha da artırdı.[64]
1918-ci ilin payızında yerli əhalini erməni qırğınlarından qorumaq və Naxçıvanın yad əllərə keçməsinin qarşısını almaq məqsədilə Araz-Türk Respublikası yaradıldı. Türk ordusunun polkovniki Xəlil bəy Araz-Türk Respublikasında səlahiyyətli nümayəndəliyin başçısı təyin olundu. Araz-Türk Respublikasının ərazisində Naxçıvan, Şərur, Mehri, Vadibasar, Qəmərli dairələri daxil idi.[65] Araz-Türk Respublikasının silahlı qüvvələrinin köməyi ilə və yerli əhalinin fəal müqaviməti nəticəsində Ermənistanın daşnak hökumətinin Naxçıvanı ilhaq etmək siyasətinin qarşısı alındı. 1919-cu ilin əvvəllərində ingilislər Naxçıvanı işğal edərək Araz-Türk Respublikasını və Naxçıvan Milli Komitəsini ləğv etdilər.
1919-cu ilin iyulunda daşnak hərbi dəstələri ingilislərin köməyi ilə Şərur mahalını tutdular. Yerli əhali canını xilas etmək üçün Güney Azərbaycana qaçmalı oldu. Az sonra Naxçıvan Milli Komitəsinin hərbi dəstələri daşnakların hərbi birləşmələrini Naxçıvandan qovdu.[66][67] 1919-cu ilin yay və payızında Şərur–Dərələyəzdə və Naxçıvanda Amerika general – qubernatorluğunun yaradılması təşəbbüsü də uğursuzluqla nəticələndi.
1920-ci il 28 apreldə Azərbaycan Sovet Sosialist Respublikası bərqərar oldu. Naxçıvan əhalisi kömək üçün Azərbaycan SSR hökumətinə müraciət etdi. 28 iyul 1920-ci ildə Naxçıvan Sovet Respublikası elan olundu. Naxçıvanda əmin-amanlığın yaradılmasında, diyarın daşnak ünsürlərindən təmizlənməsində A. Şadlinskinin başçılığı ilə "Qırmız tabor" fəal iştirak etdi. Bu dövrdə tarixi Azərbaycan ərazisi olan Zəngəzur mahalı Ermənistan respublikasına verildi.[68][69] Naxçıvan ərazisini Azərbaycandan ayıran Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etdi. Ermənistan SSR hökuməti dəfələrlə Naxçıvanı özünə ilhaq etmək üçün siyasi cəhdlər göstərdi. Lakin, 1921-ci ilin yanvarında Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü ilə keçirilmiş rəy sorğusunda Naxçıvan əhalisinin 90 faizdən çoxu Naxçıvan mahalının muxtariyyət statusunda Azərbaycan SSR – in tərkibində qalmasına səs verdi. Naxçıvanın Azərbaycanın himayəsi altında muxtariyyət statusu RSFSR və Türkiyə Cümhuriyyəti arasında bağlanmış Moskva müqaviləsində[70] (1921) daha sonra isə, Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasında bağlanmış Qars müqaviləsində[71] (1921) təsbit edildi. Hər iki müqavilə Türkiyəyə Naxçıvan ərazisinə Azərbaycan ordusundan başqa bir ordunun daxil olması halında, Naxçıvanın təhlükəsizliyini özü üzərinə götürmək hüququ verdi.[72][73]
I Zaqafqaziya Sovetlər Qurultayı (1922, dekabr) Naxçıvan məsələsi üzrə qəbul etdiyi xüsusi qərarında Naxçıvanın muxtariyyət statusunda Azərbaycan SSR – in ayrılmaz tərkib hissəsi olduğunu təsdiq etdi.[74] Azərbaycan MİK Naxçıvan Muxtar Diyarının Azərbaycan SSR – in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi haqqında qərar qəbul edərək, onun təsdiq olunmasını Zaqafqaziya MİK – dən xahiş etdi. 1924-cü il, 8 yanvarda Zaqafqaziya MİK – in plenumu Q. Musabəyovun məruzəsini və Azərbaycan MİK – in qərarını müzakirə edərək, Azərbaycan SSR – in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası elan olunmasını təsdiq etdi. Azərbaycan SSR MİK – in 1924-cü il, 9 fevral tarixli dekreti ilə Naxçıvan Muxtar Diyarının Azərbaycan SSR – in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi rəsmiləşdirildi.[75]
1929-cu ildə Zaqafqaziya MİK–in qərarı ilə Naxçıvanın 657 km² ərazisi — Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, habelə Kilit kəndinin torpaqlarının bir hissəsinin, əkin sahələri və torpaqları ilə birlikdə Ermənistan SSR — ə verildi. 1930-cu ildə isə Aldərə, Lehvaz, Astazur, Nüvədi və sair yaşayış məntəqələri Ermənistana verilmiş və həmin ərazilərdə Ermənistan SSR – in Mehri rayonu yaradılmışdır.[76]
Naxçıvanın muxtar ərazi ststusunun möhkəmləndirilməsində 18 aprel 1926-cı ildə V Ümumnaxçıvan Sovetlər Qurultayında qəbul olunmuş Naxçıvan MSSR-in birinci Konstitusiyasının, 17 sentyabr, 1937-ci ildə Naxçıvan MSSR-in X fövqəladə Sovetlər Qurultayında qəbul olunmuş Naxçıvan MSSR-in ikinci Konstitusiyasının, 30 may, 1978-ci ildə Naxçıvan MSSR Ali Sovetinin IX çağırış növbədənkənar VIII sessiyasının qəbul etdiyi üçüncü Konstitusiyasının mühüm əhəmiyyəti olmuşdur.
Naxçıvan MSSR SSRİ dövründə sosial-iqtisadi və mədəni inkişaf sahəsində əldə etdiyi nailiyyətlərə görə Lenin ordeninə, Xalqlar Dostluğu və Oktyabr İnqlabı ordenlərinə layiq görülmüşdür.
1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya yeridilməsindən 8 saat əvvəl sovet-erməni silahlı dəstələri Naxçıvan MR ərazisinə hücuma keçdi və ermənilər Sədərək rayonunun Kərki kəndini işğal etdilər.[77] Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində vaxtilə ümumittifaq şəbəkəsinə daxil olan, Azərbaycanı Naxçıvanla bağlayan dəmir yolu xəttləri kəsildi, Naxçıvan Azərbaycandan təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamağa başladı. 1992-ci ilin mayında Azərbaycanda hakimiyyət dəyişikliyi, Azərbaycan Xalq Cəbhəsinin və onun rəhbəri tanınmış alim və siyasətçi Əbülfəz Elçibəyin iqtidara gəlməsi də Naxçıvanın vəziyyətini dəyişdirmədi. Əksinə Rusiya və Ermənistanın hərbi – iqtisadi blokadaya aldığı Naxçıvan siyasi blokada ilə üzləşdi.
Hələ 1990-cı ilin yayında seçilmiş Naxçıvan MSSR Ali sovetinin 17 noyabrda keçirilən I sessiyasının qərarı ilə "Sovet" və "Sosialist" sözləri Muxtar Rrespublikanın adından çıxarıldı, Ali Sovetin adı dəyişdirilərək Ali Məclis adlandırılması qərara alındı, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qəbul edilmiş üçrəngli bayrağı Naxçıvan MR-in də bayrağı kimi qəbul olundu. Elə həmin vaxtdan H. Əliyevin təşəbbüsü ilə Naxçıvan MR–in ali qanunvericilik orqanı Qarabağda vəziyyət, Bakıda fövqəladə vəziyyətin aradan götürülməsi, habelə, 1990-cı ilin 19 – 20 yanvar hadisələrinə siyasi qiymət verilməsi haqqında qərarlar qəbul etdi.[78] Muxtar respublika ərazisində kommunist partiyasının fəaliyyətinin dayandırılması, Naxçıvan əhalisinin SSRİ–nin saxlanması barədə referendumda iştirakdan imtina etməsi, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması kimi siyasi aksiyalar həyata keçirildi.[79]
Muxtar respublikanın əhalisi müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmləndirilməsi, Azərbaycanda demokratik dəyərlərin bərqərar olması kimi amallara qovuşmaq üçün Heydər Əliyevin respublika rəhbərliyinə qayıtması uğrunda mübarizənin ön sıralarında getmişdir. 3 sentyabr 1991-ci ildə Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsini öhdəsinə götürmüşdür. 1992-ci ilin noyabrında isə Azərbaycanın bir çox ziyalıları Naxçıvan şəhərinə üz tutur. Naxçıvan şəhərində H. Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının əsası qoyuldu.[80]
12 noyabr 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi, Azərbaycan və Naxçıvan Parlamentlərində ilk demokratik seçkilər keçirildi. V. Y. Talıbov Naxçıvan Ali Məclisinin sədri seçildi. Azərbaycan Konstitusiyası Naxçıvan MR-ə Azərbaycanın tərkibində muxtar dövlət statusu verdi. Azərbaycan Konstutusiyası əsasında Naxçıvan MR-in Konstitusiyası hazırlandı və 28 aprel 1998-ci ildə muxtar respublikanın Ali Məclisində qəbul edilərək, həmin il 29 dekabrda Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiqləndi.
2004-cü ildə Azərbaycan və İran arasında əldə olunan razılaşmaya görə Azərbaycanın İran Astarasını qazla təmin etməsi müqabilində İran Naxçıvanı qazla təmin etməyə başladı.[81] 2020-ci ildə Türkiyə və Azərbaycan arasındakı razılaşma ilə Iğdır-Naxçıvan qaz xəttinin çəkilməsi və TANAP layihəsindən ötürüləcək qaz ilə Naxçıvanın təmin edilməsi qərarlaşdırıldı.[81][82] 2021-ci ildə əldə olunan Azərbaycan, İran və Türkmənistanın qaz sazişinin Naxçıvanın qazla təmin edilməsinə müsbət rol oynayacağı düşünülür.[83]
2020-ci ildə imzalanan Dağlıq Qarabağ atəşkəs bəyanatı ilə Ermənistan Azərbaycan və Naxçıvan arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyini təmin etməyi boynuna götürdü. Razılaşmaya görə nəqliyyat əlaqələrinə nəzarəti isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları təmin etməlidir.[84][85][86] 2022-ci ildə Azərbaycanla İran arasında "İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu" imzalandı. Azərbaycan tərəfi bu layihəyə quru və dəmir yolları, həmçinin elektrik xətlərinin daxil olduğunu bildirdi.[87] Bundan başqa Türkiyənin Qars-Iğdır-Naxçıvan istiqamətində dəmiryolu çəkməsi planlaşdırılır.[88]
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, 2024-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olur:"Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir. Strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf etmişdir. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində Naxçıvanın uzun müddət tam təcrid və ağır blokada şəraitində olduğu vaxtlarda belə, qəhrəman əhalisi bu qədim Azərbaycan torpağını işğal təhlükəsindən qurtarmış, Azərbaycanın müstəqilliyi uğrunda atdığı cəsarətli addımlarla milli dövlətçiliyin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsi naminə fədakarlıq nümayiş etdirmişdir.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanın igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazmışlar. Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olmuşdur. Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsi dövrün mürəkkəb ictimai-siyasi proseslərinə həlledici təsir göstərmiş və Azərbaycanı müstəqilliyə sürətlə yaxınlaşdırmışdır. Naxçıvan Muxtar Respublikası bu gün dövlət proqramlarını və infrastruktur layihələrini uğurla gerçəkləşdirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir. Hazırda Naxçıvan beynəlxalq miqyaslı mötəbər tədbirlərin ardıcıl keçirildiyi məkanlardandır. Azərbaycanın ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində muxtar respublika yaşıl enerji zonası elan olunmuşdur. Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində çox mühüm hadisə olduğunu nəzərə alaraq qərara alıram:
Naxçıvan MR Kiçik Qafqazın Cənub–Qərbində yerləşir. Azərbaycan Respublikası ərazisinin geomorfoloji rayonlaşdırılması bölgüsündə Naxçıvan MR–in ərazisi Kiçik Qafqaz geomorfoloji vilayətinin Arazyanı dağlar və Naxçıvan (Orta Araz) çökəkliyi yarımvilayətlərinə aid edilir. Arazyanı dağlar yarımvilayəti muxtar respublika ərazisində Dərələyəz və Zəngəzur silsilələrini, Naxçıvan çökəkliyi geomorfoloji yarımvilayəti isə, əsasən, Arazboyu düzənlikləri əhatə edir. Dəniz səviyyəsindən orta yüksəkliyi 1450 m-dir. Ərazinin üçdə iki hissəsi hündürlüyü 1000 m–dən yuxarı olan dağlıq sahələrdir. Ərazinin üçdə bir hissəsi isə bir-birindən dağ qolları və tirələri ilə ayrılan maili Arazboyu düzənliklər (Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Culfa, Yaycı, Kəngərli, Dəstə, Ordubad və s.) tutur. Bu düznliklərin ümumi sahəsi 10 min hektara qədərdir. Arazboyu düznliklərin ən geniş yeri Şərqi Arpaçayın mənsəb hissəsində olub, bu ərazidə bir tərəfdən tektonik çökmənin, digər tərəfdən isə akkumulyasiya prosesinin getməsi nəticəsində yaranmışdır.
Muxtar Respublika ərazisinin çox hissəsini Kiçik Qafqazın Zəngəzur və Dərələyəz silsilələri və onların Araz çayının dərəsinə doğru uzanan və müasir relyefdə orta və alçaq dağlıq yaradan qolları əhatə edir. Zəngəzur silsiləsi Kiçik Qafqazın ən yüksək silsilələrindəndir; ən hündür zirvəsi Qapıcıq dağı (3906 m) eyni zamanda Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisindəki ən yüksək zirvəsidir və daimi qar xəttindən 41 m yuxarıda yerləşir. Alt Pliosen yaşlı kiçik intruzivlər və ekstruzivlər silsilənin cənub-qərb yamacında konusvari, gümbəzvari çıxıntılar yaradaraq təkrarolunmaz relyef əmələ gətirir. Hündür zirvələri Yağlıdərə dağı – 3827 m, Qazangöldağ – 3814 m, Sarıdərə dağı – 3754 m, Dəvəboynu dağı – 3560 m və sairdir. Dağ aşırımlarının mütləq hündürlüyü 2346 metrlə (Biçənək aşırımı), 3362 metr (Ayçonqal aşırımı) arasındadır.[90]
Dərələyəz silsiləsi muxtar respublika ərazisinin şimal-qərb hissəsində yerləşir və Zəngəzur silsiləsinə nisbətən alçaqdır (ən uca zirvəsi Küküdağ – 3120 m). Silsilənin Cəhriçaydan qərbdəki hissəsi qövs şəklində cənuba doğru uzanaraq alçalır. Burada ən hündür zirvə Keşəltəpə dağıdır (2740 m). Silsilənin muxtar respublika ərazisinə daxil olan hissəsi mürəkkəb oroqrafik quruluşa malikdir. Bu mürəkkəblik relyefdə, xüsusilə Keçəltəpə dağından cənubda daha aydın nəzərə çarpır. Silsilədən Qaranquş, Cəhri, Qaraultəpə, Rəmlər və Buzqov qolları ayrılır. Dərələyəz silsiləsinin Cəhriçaydan şimaldakı əsas hissəsi şərqə və cənub – qərbə doğru uzanır. Burada mütləq yüksəklik 2900–3110 m-dir (Sipər dağı – 3117 m, Keçəldağ – 3118 m, Küküdağ 3120 m). Silsilənin suayırıcısı bəzən ensiz, bəzən də geniş və hamardır. Dərələyəz silsiləsinin şimal – şərq qurtaracağı hündürlüyü 3087 m olan adsız zirvənin yaxınlığında Zəngəzur silsiləsi ilə birləşir. Silsilənin cənub – qərb hissəsi isə Cəhri və Naxçıvan çaylarının arası ilə uzanır.[91]
Muxtar respublika ərazisinin şimal-qərb qurtaracağı mürəkkəb oroqrafik quruluşa malikdir. Buradakı dağ zirvələrinin hündürlüyü 2000–2100 m-dən artıq deyildir (Kömürlü – 2064 m, Ardıc – 2034 m, Mehridağ – 1869 m, Qabaqyal – 1824 m); əsasən alçaq və orta dağlıqdan ibarətdir. Respublikanın orta və alçaq dağlıq zonalarında müasir relyefdə tam əksini tapmış Miosen – Alt Pliosen yaşlı qalxmalar (Paradağ, Nurs, Tirkeş) inkişaf etmişdir.
Naxçıvan Muxtar Respublikası ərazisində Yerin müxtəlif yaşlı geoloji qatlarının aydın çıxışları, təkrarolunmaz və cazibədar intruziv süxurların mövcudluğu geoloq və səyyahların diqqətini hələ XVIII əsrdən cəlb etmişdir. Bu, istər Qərbi Avropa, istərsə də Rusiya geoloji ədəbiyyatında Alp qurşağının stratiqrafik məsələlərinin həllində öz əksini tapmışdır. Alp qurşağında bənzəri olduqca az tapılan Naxçıvan lakkolitləri və Culfa dərəsində Paleozoyun ardıcıl qatları dünya şöhrəti qazanmış və bu günədək klassik qiymətini itirməmişdir. Faydalı qazıntı sahələrində (Duzdağ, Darıdağ, Şəkərdərə, Gömür, Quyuludağ, Qızılqaya və s.) mağaraların, quyuların aşkar olunması, ibtidai əmək alətlərinin tapılması Naxçıvan ərazisində hələ qədim vaxtlardan duz, mərgümüş, mis, qızıl, kükürd və sair çıxarıldığını göstərir. Orta əsrlərdə Azərbaycanda elmi-təsviri mineralogiya traktatları – "Cəvahirnamə" yaranmışdır. Ərazidə ilk geoloji tədqiqatlar və mineral sərvətlərin öyrənilməsi XVIII əsrin II yarısından başlamış, planauyğun surətdə, müntəzəm öyrənilməsi isə Naxçıvan MR-in yaranmasından sonrakı dövrə aiddir.[92]
Muxtar respublikanın ərazisi geoloji cəhətdən Kiçik Qafqazın Naxçıvan qırışıqlıq tektonik zonasında yerləşir. Digər tektonik zonalardan fərqli olaraq, geoloji quruluşu ümumi qalınlığı 14 km-ə qədər Kaynozoy, Mezozoy, Paleozoy dövrlərinin çökmə, vulkanogen – çökmə, yerüstü vulkanların püskürmə qatlarından və intruziv, metamorfik komponentlərindən təşkil olunmuşdur. Bunların yer üzərində çıxışları ərazinin 400 milyon illik geoloji tarixini bərpa etməyə imkan vermişdir. Naxçıvan qırışıqlıq zonasının tektonik quruluşunda Hersen qırışıqlığını təmsil edən Şərur-Culfa antiklinoriumu, Alp qırışıqlığında yaranmış Ordubad sinklinoriumu və Naxçıvan çuxuru iştirak edir. Tektonik quruluşunun özülü isə Baykal tektonik siklində (600 milyon il bundan əvvəl) yüksək dərəcədə metamorfizmə uğramış müxtəlif mənşəli və tərkibli (çöküntü, maqmatik və sair) süxur qatları təbəqələrindən, Yer qabığının "qranit" qatından ibarətdir. Onların yer səthinə yaxın yatımlarında Devon–Trias çöküntülərinn çıxışları sahəsində təsadüf olunur və Dəhnə dayaq quyusunda 331 m dərinlikdə 1414 m-ə qədər kəsiliblər. Dəhnə qalxıntısının Arazın sağ sahilində metamorfik süxurlar Yer səthinə çıxır. Ərazinin dərinlik quruluşunda Yer qabığının qalınlığı 48–54 km olaraq, "qranit" qatı 15–20 km-ə, "bazalt" qatı 20–25 km-ə çatır.[93]
Şərur–Culfa antiklinoriumu terrigen-karbonat və karbonat fasiyası və qalınlığı 3000–3600 metrə çatan Devon, Alt Karbon, Perm və Triasın lay qatları Dərələyəz qitəkənarı açıq dəniz hövzəsinin (400–211 milyon illər arasında) çökmə süxurlarıdır. Dərələyəz dənizi ərazidə uzun sürən kontinental quru paleocoğafi şəraiti əvəz etmişdir. Orta və Üst Karbon dövründə hövzənin geotektonik inkişafını təmsil edən boksit təzahürləri Yer qatının laterit aşınmasının məhsuludur. Dərinlik qırılmalarında yerləşən kvarslı qabro-dolerit kiçik intruziyaları ilə Gümüşlü sink-qurğuşun yatağı və təzahürləri əlaqədardır. Paleozoy və Triasın çökmə süxurlar qatında geniş yayılmış məmulat daşları (çəhrayı dolomit, araqonit) tikinti daşları (qara mərmər, mozaika lövhələri üçün rəngli üzlük daşlar) və şüşə məmulatı (kvarsitlər, kvarsitli qumdaşılar) yerli sənaye üçün əhəmiyyət kəsb edir.[94] Ordubad sinklinoriumu muxtar respublika ərazisinin şimal və şimal-şərq sahələrini əhatə edərək, kənar sərhədləri qərbdə Culfa–Əznəbürt qırılması, şərqdə isə Zəngəzur silsiləsindən sonra Giryataq qırılması ilə izlənir. Sinklinoriumun müstəqil geotektonik inkişafı Mezotetisin dərya qabıqlı Zəngəzur troqunun Üst Tabaşirdə başlanmasından sonra davam etmişdir. Onun quruluşunda iştirak edən Mezokaynozoy qatları müxtəlif geodinamik şəraiti təmsil edir. Sinklinoriumun qərb kənarındakı Alt Yura yaşlı bazalt vulkanizmi ərazidə riftogen proseslərin başlanğıcından və Zəngəzur dərya qabıqlı dərin hövzənin əmələ gəlməsindən xəbər verirsə, Yura dövrünün aalen – kellovey mərtəbələrinin ardıcıl gilli-qumlu qatları dərin dəryavari hövzəni passiv kontinental ətəyinin çöküntüləridir.
Naxçıvan çuxuru Ordubad sinklinoriumu və Şərur–Culfa antiklinoriumunun üstünü örtür və bu prosesdə qərbə doğru miqrasiya qeyd olunur. Dağarası çuxurun əmələ gəlməsi bir neçə qırılmanın, əsasən, onun şimal-şərq kənarı boyu izlənən Naxçıvan dərinlik qırılmasının Oliqosen və Miosen dövrlərində aktiv fəaliyyəti ilə əlaqədardır. Naxçıvan çuxuru ətrafında baş verən zəlzələlər bu qırılma ilə bağlıdır. Həmin qırılma çöküntü qatlarının qalınlığına nəzarət etməklə bərabər, maqmatik proseslərin fəaliyyət mərkəzi olmuşdur. Oliqosenin ekstruziv avtoplastik kütlələri (Qaracəlal, Qurddağ, Xalxal, Qutandağ, Quyuludağ) qırılma boyu nüfuz etmiş və Miosenin vulkanogen qatı (14,8–15,9 mln. il) Əsədkəf, Kaşırdağ və Qırxlardağ sahələrini əhatə edir. Antropogendə isti mineral bulaqlar gölündə travertinlər əmələ gəlmişdir. Travertinlərdən başqa Naxçıvan çökəkliyinin təbii sərvətlərindən zəngin duz (Duzdağ, Püsyan və Nehrəmdə), Palıqroskit gili (Yurdçu, Kabullu), gips – antihidrit – qaja və teşenit üzlük daşı yataqları və onun şimal-şərq kənarı boyu səpələnmiş filiz (uran, mis, bor) təzahürləri aşkar olunmuşdur. Darıdağ sürmə-mərgümüş yatağı da bu dövrdə əmələ gəlmişdir.[95]
Mineral su bulaqlarının rəngarəngliyinə görə Naxçıvan MR dünyanın ən diqqətəlayiq bölgələrindəndir. Muxtar respublikanın 5,5 min km2 – lik sahəsində 250–dən artıq mineral su mənbəyi qeydə alınmışdır. Bu bulaqların böyük əksəriyyəti Şərqi Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilançay, Ordubadçay, Qaradərə və Əylis çaylarının vadilərində və yaxınlıqlarındadır.[96] Onlar kimyəvi tərkiblərinə görə müxtəlif tipli olub təsərrüfatda, içməli su təchizatında, müalicə məqsədilə və sənayedə istifadə edilir. Ərazidə suların təbii formalaşmasında relyefin, çay şəbəkəsinin, yarandıqları geoloji mühitin, iqlimin böyük əhəmiyyəti vardır. Naxçıvanın müalicə suları müxtəlif tərkibli və yaşlı çöküntülərdən çıxır və bu onların kimyəvi – balneoloji xassələrini müəyyənləşdirir. Ərazidə ən qədim su daşıyan süxurların yaşı 400 milyon illə 500–700 milyon il arasında dəyişir. Tarixi qaynaqlardan məlum olur ki, həmişə dirilik suyu, şəfa suyu olan bulaqlardan bəhrələnib, onların müalicə qüdrətinə "Tanrı ocağı" deyə inanmışlar.
Naxçıvanın mineral suları ta qədim zamanlardan insanların diqqətini cəlb etmişdir. Naxçıvan MR-də mineral su bulaqlarının və onların formalaşdığı mühitin – geologiyası və tektonikasının öyrənilməsinə 1843-cü ildən başlanılmışdır. Lakin bu sahədə planlı kəşfiyyat işləri XX yüzillikdən aparılmışdır. Müəyyən edilmişdir ki, Naxçıvanda mineral suların 6 tipi, 16 sinfi və 33 müxtəlif növü mövcuddur. Bu suların 98%-i karbon qazlı olub, hidrokarbonat tipli sulara aid edilir. Yer səthinə təbii çıxışları olan mineral su bulaqlarından yüksək hərarətlisi demək olar ki, yoxdur. Mineral suların əksəriyyətinin tempraturu 8 °C – 22 °C arasındadır. Sirabda və Darıdağda buruq quyularının hərarəti 50 °C və daha yuxarı olan sular aşkar edilmişdir. Azərbaycanda olan karbon qazlı suların 35%-i Naxçıvan MR ərazisindədir. Mineral-müalicə su bulaqlarının ion tərkibinin əsas komponentlərini kalsium-ca, qələvilər – Na + K və maqnezium – Mg kationları və hidrokarbonat – HCO3, sulfat — SO4 və xlor-cl anionları təşkil edir. Muxtar respublikanın mineral su mənbələri gün ərzində yer səthinə 24 milyon litr su axıdır. Əsas mineral su mənbələri ərazi üzrə aşağıdakı şəkildə yerləşmişdir:[91]
Ordubad rayonunda təqribən 1000 km² sahədə 29 mineral su bulağı vardır. Onların tərkibində suların müalicə xassələrini müəyyənləşdirən qələvilər mühüm rol oynayır. Rayonun qələvili – hidrokarbonatlı sularının bir qismi məşhur "Narzan" suyunun tərkibi ilə oxşardır.
Culfa rayonunda 900 km² sahədə 85 mineral su bulağı qeydə alınmışdır; onlardan 42 – si buruq quyuları vasitəsiylə aşkar edilmişdir. Bu sular qiymətli karbonat-mərgümüşlü olub, mieral suların karbonatlı – mərgümüşlü – dəmirli – xlorlu – hidrokarbonatlı – natriumlu tipinə aid edilir. Burada 37 mənbə, o cümlədən, 32 quyu vardır. Darıdağ mineral sular qrupunun debiti üst – üstə 3125783 l/gün, tempreturu 17 – 52 °C arasındadır. Mənbələrin bir çoxu qaynayır və fontanla yer üzünə çıxır.
Şahbuz rayonu ərazisindəki çay vadiləri boyu 40 km² sahədə 50–dək mineral su mənbəyi kəşf olunmuşdur. Rayonun mineral bulaqları arasında məşhur Badamlı mineral sular qrupu xüsusi yer tutur. Bu sular, olduqca şəffaf, iysiz və rəngsizdir. İçmək üçün çox dadlıdır. Debiti üst – üstə 2750640 l/gündür. Kimyəvi tərkibinə görə əsasən, karbon turşulu – hidrokarbonatlı – natriumlu – xloridli – kalsiumludur. Badamlının müalicə əhəmiyyəti tədqiq edilmiş və onun qaraciyər və öd kisəsi xəstəliklərində müsbət təsir göstərməsi müəyyənləşdirilmişdir.
Babək rayonunun 1200 km² ərazisi daxilində 50 mineral su – müalicə mənbəyi öyrənilmiş, onların 27-si buruq quyuları vasitəsiylə aşkar olunmuşdur. Rayon ərazisindəki məşhur Sirab mineral sularının debiti 2247265 l/gündür. Temperaturu 16–24 °C-dir. Müalicə əhəmiyyətinə görə Sirab, Qahab, Vayxır, Cəhri və Qızılvəng bulaqları üstündür.
Şərur rayonu mineral su bulaqları baxımından zəngin deyildir. Rayonun 1316 km² ərazisində cəmi 7 mineral su mənbəyi öyrənilmişdir.
Muxtar respublikanın iqliminə onun coğrfi mövqeyi — ərazinin hər tərəfdən dağ silsilələri (Koqnur – Alangöz, Zəngəzur və Dərələyəz) ilə əhatə olunması və iri su hövzələrindən (Qara dəniz və Xəzər dənizi) uzaqda yerləşməsi çox təsir göstərir. Ərazinin iqlimi beş tipə ayrılır:[97]
IV və V iqlim tiplərinin hakim olduğu ərazilərdəki günəş radiasiyasının ümumi miqdarı (150 – 160 k/kal sm2 ) bütün Cənubi Qafqaz regionu üçün maksimum miqdar hesab edilir.
Ərazidə yüksəklik artdıqca havanın tempraturu azalır. Ən aşağı tempratur yancar ayında müşahidə olunur. Tepratur fevraldan marta doğru artmağa başlayır. Gilançaydan qərbdə tempratur 7,3 – 8,3 °C, şərqdə (Ordubad – Bist) 6,7 – 6,8 °C təşkil edir. Martdan aprelə doğru artım 7,1 – 7,5 °C – yə çatır. Yayda tempratur daha müntəzəm dəyişir. Havanın maksimum tempraturu avqust ayında olur. Sentyabrdan başlayaraq isə tempratur intensiv şəkildə aşağı düşür. Mütləq minimum tempratur – 31C (Dərvişlər), mütləq maksimum tempratur 44C – dir (Culfa). Bu eyni zamanda Azərbaycan respublikası ərazisində ən yüksək və ən alçaq tempraturdur.
Muxtar respublikanın ərazisi, xüsusilə Araz dərəsi böyük su hövzələrindən uzaqda olduğundan buraya rütubətli hava kütlələri daxil olmur, ona görə də Azərbaycanın digər regionları ilə müqayisədə bu ərazi atmosfer yağıntılarının azlığı ilə səciyyələnir. Yağıntının çox hissəsi yaz mövsümündə düşür, iyul, avqust və sentyabr ayları demək olar ki, tamamilə yağıntısız olur. Güclü leysan yağışları çox təsadüfi hallarda baş verir. Əsasən yerli dağ – dərə küləkləri əsir. Onların istiqamətləri çox vaxt relyef xüsisyyətlərindən asılı olur. Küləyin orta illik surəti 2 – 4 m/san – dir. Küləklər əsasən yayda şərq və cənub – şərq, qışda qərb istiqamətli olur.
Muxtar respublika ərazisinin 1500 m – dən yüksəkdə yerləşən dağlıq hissəsində qar oktyabr – noyabrda düşür və martadək yerdə qalır, 2000 m – dən yüksək yerlərdə isə aprelin axırı, mayın ortalarınadək qalır. Dağlıq hissədə qar örtüyünün qalınlığı 0,2 – 1 m olur. Ərazinin düzənlik hissəsində qar dekabrda yağmağa başlayır və martadək yerdə qalır. Burada qar örtüyünün qalınlığı və davamlığı kənd təsərrüfatı bitkilərinin inkişafında, səth və yeraltı sularının artmasında, torpağın nəmliyinin çoxalmasında mühüm əhəmiyyət kəsb edir.
İllik yağıntı Arazboyu düzənliklərdə 200 – 300 mm, yüksək dağlıq yerlərdə 500 – 800 mm – dir.
Naxçıvan MR hidroqrafik cəhətdən Araz çayı hövzəsinə aiddir. Ərazinin mərkəzi və cənub-şərq hissəsində çaylar başlanğıcını Zəngəzur və Dərələyəz silsilələrindən götürür. Muxtar respublikanın hidroqrafik şəbəkəsi uzun geoloji dövrdə yaranmış və bu müddətdə xeyli dəyişikliyə uğramışdır. Zəngəzur silsiləsinin cənub-qərb yamacında Naxçıvan çökəkliyinə doğru istiqamətlənən qədim çay dərələrinin qalıqları izlənilir. Zəngəzur silsiləsində — Sağarsuyun yuxarı axarında, Qazangöldağ, Qapıcıq, Gəmiqaya bölgələrində qədim buzlaq relyefi formaları (troq, kar, moren), həmçinin zirvələrdə yayda əriməyən qar kütlələri vardır. Süni su arxları (kanallar) və su anbarları da hidroqrafik şəbəkəyə aid edilir. Çayların bir çoxundan suvarmada və su təchizatında istifadə edildiyindən aşağı axarında onların suyu mənsəbə çatmır, tam quruyur.
Muxtar respublika ərazisində ümumi uzunluğu 1,8 min km olan təqribən 400 böyük və kiçik çay var. Bunlardan 334 – nün uzunluğu 5 km – dək, 31 – ki 6 – 10 km, 24 – kü 11 – 25 km, 7 – ki 25 – 50 km, 3 – kü (Naxçıvançay, Əlincəçay, Gilançay) 51 – 100 km, 1 – ki (Şərqi Arpaçay) isə 100 km – dən artıqdır.
Çay şəbəkəsinin inkişafına və dəyişməsinə müxtəlif fiziki-coğrafi amillər – iqlim, relyef, geoloji quruluş, torpaq və bitki örtüyü təsir göstərir. Ərazidə çay şəbəkəsi bərabər inkişaf etməmişdir. Naxçıvançaydan qərbdə son dərəcə zəif, ondan şərqdə, Zəngəzur silsiləsindən axan çaylar isə sıx şəbəkə təşkil edir. Ərazinin şimal – qərbindən cənub – şərqinə doğru dağlar Araza yaxınlaşdığından bu istiqamətdə çayların uzunluğu , sutoplayıcı sahələri və axımları azalır. Dağlıq hissədə çay şəbəkəsi daha çox inkişaf etmişdir ki, bu da yağıntının bol olması ilə əlaqədardır.
Çaylar yeraltı sular və qar-yağış suları ilə qidalanır. Çay hövzələrində əsas rütubət ehtiyatı (35–50 %) qış dövründəki yağıntılar hesabına yaranır. Ərazidən axan çayların əsas xüsusiyyəti onların qidalanmasında yeraltı suların nəzərə çarpacaq dərəcədə (35–45 %) iştirakıdır. Çaylar ilin 6 – 8 ayı ərzində, başlıca olaraq yeraltı sular hesabına qidalanır.
Yazda və yayda daşqınlar olur. Azərbaycan Respublikasında baş verən sellərin 33–35 %-i Naxçıvan MR-in payına düşür. Muxtar respublika çaylarının ehtiyatları həm suvarma, həm də enerji mənbəyi kimi istifadədə böyük əhəmiyyət kəsb edir. Bu çayların ümumi enerji gücü 183,4 min kvt-dır. Onların suyundan isə mənbəyindən başlamış mənsəbinə kimi bütün çaylar boyunca suvarma məqsədi üçün istifadə edilir.
Muxtar respublikanın ərazisi quru iqlimə malik olduğundan burada göllərin sayı az, sahəsi və həcmi kiçikdir. Əksər göl çalalarının formalaşmasında tektonik hərəkətlərin və bulaqların rolu olmuşdur. Ərazinin təbii gölləri, əsasən, Naxçıvançayın və Gilançayın hövzələrinə aiddir. Qanlıgöl və Salvartı gölləri eyniadlı çayların mənbələrində yerləşir. Naxçıvan MR ərazisində iyirmiyədək göl (əksəriyyətinin sahəsi 10 hektardan azdır) var.
Naxçıvan MR–də bir neçə su anbarı (Arpaçay, Uzunoba, Nehrəm, Heydər dəryaçası, Qahab, Xok və sair) yaradılmış, suvarma kanalları çəkilmişdir. Araz su qovşağı su anbarının bir hissəsi Naxçıvan MR ərazisindədir. Araz çayı üzərində hidrotexniki kompleksin, su anbarlarının, suvarma sisteminin tikilməsi və genişmiqyaslı meliorasiya-irriqasiya işlərinin görülməsi sayəsində kənd təsərrüfatının suvarma imkanları və təchizatı yaxşıdır.
Naxçıvan MR ərazisində torpaq tipləri, yarımtipləri və sair taksonomik vahidlər relyef xüsusiyyətlərinin, torpaqəmələgətirən proseslərin təsiri altında formalaşmışdır. Müəyyən edilmiş torpaq tipləri fiziki-coğrafi şəraitə uyğun olaraq bir-birindən aydınşəkildə fərqlənməklə bütün səciyyəvi-zonal əlamətlərə malikdirlər. Bölgədə yayılmış dağ və düzən torpaqlarını əsasən ibtidai və torflu dağ-çəmən, çimli dağ-çəmən, bozqır dağ-çəmən, yuyulmuş qəhvəyi dağ-meşə, karbonatlı və qismən bozqırlaşan qəhvəyi dağ-meşə, mədəniləşmiş tünd və aid dağ-şabalıdı, qismən çürüntülü-sulfatlı (əhəngli) və tam inkişaf etməmiş dağ şabalıdı, suvarılan tipik-boz, açıq və ibtidai boz-çəmən, suvarılan sibasar-allüvial-çəmən, tipik və şoranlı şorakətlər tiplərinə bölürlər.[98]
Naxçıvan MR ərazisində dağ-mədən tullantıları ilə pozulmuş torpaqlar, çaqıldaşı çay yataqları, həmçinin çılpaq qayalıqlar və səthə çıxmış gilli süxurların arealları da mövcuddur.
Torpaqların mexaniki tərkibi, yüngül mexaniki tərkibdən (qumsal), ağır mexaniki tərkibə (gilli) qədər dəyişir. Suvarılan tipik boz, açıq və ibtidai boz, çəmən boz, yüksək humuslu boz-çəmən, orta və al humuslu boz-çəmən torpaqları müxtəlif dərəcədə şoranlaşmaya məruz qalmışdır.
Torpaqların eroziyaya uğraması prosesinə görə Naxçıvan MR ərazisi Azərbaycan Respublikasının digər bölgələrindən fərqlənir. Burada minlərlə hektar sahə bitki örtüyündən məhrumdur. Dağlıq ərazilərdə torpaqların şiddətli eroziyası əsasən, bozqır-dağ-meşə, tipik qəhvəyi dağ-meşə, karbonatlı və qismən bozqırlaşan qəhvəyi dağ-meşə, mədəniləşmiş tünd və aid dağ-şabalıdı, açıq dağ-şabalıdı torpaqlarda baş verir.
Naxçıvan MR ərazisi zəngin floraya və rəngarəng bitki örtüyünə malikdir. Bu, ilk növbədə burada təbii şəraitin, geoloji və geomorfoloji quruluşun son dərəcə mürəkkəb olması ilə əlaqədardır. Bitki örtüyünün formalaşmasında fiziki amillərdən başqa, antropoloji amillər də müəyyən rol oynamışdır. Muxtar respublikada iqlimin quraqlığı və kontinentallığı ilə əlaqədar bitki örtüyü və onun şaquli və üfüqi zonallığı Azərbaycanın digər rayonlarından kəskin şəkildə fərqlənir. Belə ki, bitki örtükləri eynilik təşkil etdiyi halda, Kür-Araz ovalığında səhralar hündürlüyü 28–350 m arasındakı əraziləri, muxtar respublikada isə 600–700 m-lə 1100 m arasındakı əraziləri əhatə edir. 1100–1200 m-lə 1500 m arasında friqana tipli kserofit bitkiliyi, 1500–1700 m-lə 1900 m arasında dağ-bozqır bitkiliyi, 1900–2350 m-də qarika, yaxud, çəmən-bozqır bitkiliyi, kserofit kollu çəmənliklər, bəzən kiçik meşəliklər (Biçənək meşəliyi), 2350–2400–2500 m-də subalp bitkiliyi, 2400–3000 m və 3500 m hündürlüklərdə isə subalp və xırda boylu Alp çəmənliyi və Alp xalıları geniş ərazilərdə öz müxtəlifliyi ilə fərqlənir.[99]
Muxtar respublikanın florası Azərbaycanın digər botaniki-coğrafi rayonlarına nisbətən zəngindir. Ərazi cəhətdən çox da geniş olmayan buregionda ali bitkilərin 2782 növünə rast gəlinir; onlar da 773 cins və 134 fəsilədə cəmləşmişdir. Bu növlərdən 68-i mədəni halda becərilir. Yabanı bitkilərin 123 fəsiləsi və 697 cinsdi mövcuddur. Floristik bolluğuna görə ərazi 3 regiona bölünür: Arazboyu düzənliklər, orta dağlı və yüksək dağlıq qurşaqları. Ən çox bioloji müxtəliflik orta dağlıq qurşağa mənsubdur. Belə ki, Arazboyu düzənliklərdə 732 növ, orta dağlıqda 1326 növ, yüksək dağlıqda isə 640 növ floraya rast gəlinir.
Muxtar Respublikanın ərazisi təbii şəritinə görə Azərbaycanın digər bölgələrindən kəskin surətdə fərqlənir və bu bölgənin heyanlar aləminin zənginliyində öz əksini tapır. Burada olan heyvanların növ tərkibi və miqdarı Azərbaycan faunasının 60–80 %-ni təşkil edir.[100] Muxtar respublikada endemik və yeni növlər məkən salmışlar; yalnız bu əraziyə xas olan çoxsaylı endemik və relikt, hətta, elm üçün yeni olan heyvan növləri mövcuddur. Belə çoxsaylılıq, ərazidə rast gəlinən bütün hüyvan qruplarında nəzərə çarpır. Buna görə də Naxçıvan MR ərazisi hələ qədimdən bir sıra yerli və xarici alimlərin marağına səbəb olmuşdur. Muxtar respublikanın faunası XIX əsrin II yarısından başlayaraq tədqiq olunur.[101]
Bir sıra xarici və rus alimlərinin Cənubi Qafqazda cücüləri öyrənilməsi ilə əlaqədar apardıqları tədqiqatlar nəticəsində toplanmış materiallarda Naxçıvan bölgəsinə, xüsusilə Ordubad rayonuna daha çox diqqət yetirilir. Sonralar, 1911-ci ildə alman alimi Y. Miller Ordubad rayonunda xeyli kəpənək növü toplamışdır.[103] Bu alimlər bölgədə 117, Azərbaycan alimləri isə əlavə olaraq2 813 kəpənək növü aşkar etmişlər. Bunların da 150 növü yalnız Naxçıvan MR ərazisi üçün səciyyəvidir.[104]
Ərazidə 4 növ qulağagirən, 3 növ yüyrük (1 növü elm üçün yeni), 4 növ dəvədəlləyi, 67 növ düzqanadlı (4 növü elm üçün yeni), və 75 növ cırcırama, 480 növ yarımsərtqanadlı (7 növü endemik) qeydə alınmışdır. Burada yayılmış 2250 böcək növünün 25 növü Cənubi Qafqaz üçün, 51 növü isə Naxçıvan bölgəsi üçün endemikdir. Böcəklər içərisində faydalı sayılan 46 pərəbüzən növündən 39-na Naxçıvan ərazisində rast gəlinir.[105]
Ərazidə kənd təsərrüfatı heyvanları və insanlar arasında bir sıra qorxulu yoluxucu xəstəliklər yayan 42 növ nəm milçəyi qeydə alınmışdır ki, bunlardan da 5 növü elm üçün yeni, 10 növü isə endemikdir.[106]
Muxtar Respublikanın çay və göllərində sümüklü balıqlar sinfinə daxil olan 29 növ balıq aşkara çıxarılmışdır ki, onlar da 4 dəstə, 8 fəsilə və 24 cinsdə cəmləşirlər. Həmin növlərə Kür altağızı, Kür qumlaqçası, Araz xramulyası, Kür şirbiti, Cənubi Qafqaz gümüşçəsi, qaraqaş, şərq qıjovçusu, Cənubi Qafqaz yastıqarını, anqor çılpaqcası, zərtəpər, qızılxallı, həşəm, mursa, çəki, naxa və s. aiddir.[107]
Naxçıvan MR-də amfibiyaların 6 növü: Suriya sarımsaq iyli qurbağası, yaşıl quru qurbağası, göl qurbağası, Cənubi Qafqaz qurbağası və Kiçik Asiya qurbağası; sürünənlərin 19 növü (Xəzər tısbağası, Aralıq dənizi tısbağası, Qafqaz kələzi, yovşanlıq girdəbaşı, zolaqlı kərtənkələ, ştraux, Cənubi Qafqaz kərtənkələsi, koramal, cılız koramal, kor ilan, kiçik yatağan, adi suilanı, İran suilanı, suilanı, xaltalı kontiya, kələz ilan, gürzə və Naxçıvan gürzəsi) qeydə alınmışdır.[108]
Azərbaycan respublikasında qeydə alınmış 366 növ quşun yarıdan çoxuna (218 növ) muxtar respublika ərazisində rast gəlinir. Burada səciyyəvi quşlardan qırmızıbaş alacöhrə, iri zəvzək, oxuyan silvi, dovdaq, bala dovda (cek), çillər, Suriya ağacdələni, səhra muymulu kəkliyi, Xəzər uları, quzuqapan və s. göstərmək olar[109]. Ərazidə məməlilərin 61 növü məlumdur. Bunlar dörd qrupa bölünür: cücülərlə qidalanan məməlilər-adi kirpi, kiçik qonurdiş, su kutoru; yarasalar – böyük nalburun, nalburun, blazaus, uzunqanad yarasa, palazqulaq yarasa, cırtdan yarasa, payız palazqulağı; yırtıcı məməlilər-çaqqal, canavar, tülkü, qonur ayı, çöl donuzu, gəlincik, ağdiş dələ, bəbir, porsuq, qamış pişiyi, manul, vaşaq; cütdırnaq məməlilər-cüyür, bezoar keçisi, muflon; gəmirici məməlilər-meşə süleysini, kiçik rəb dovşanı, qara siçovul, boz siçovul, siçovul, Qafqaz siçanı, meşə siçanı, Asiya dağsiçanı, Vinoqradov qum siçanı, adi korca, dağ korcası, tirəndaz[110].
Muxtar respublikada yayılan 350 növ onurğalı heyvanlardan 45 növü Naxçıvan MR-in "Qırmızı kitab"ına salınmışdır[111].
İl | Azərbaycanlılar | % | Ermənilər | % | Digərləri 1 | % | CƏMİ |
---|---|---|---|---|---|---|---|
1831[112] | ▲ 17,1383 | 56.1 | ▲ 13,3424 | 43.7 | 1.2 | 30,507 | |
1896[113] | ▲ 49,425 | 56.9 | ▲ 36,671 | 42.2 | ▲ 583 | 0.7 | 86,878 |
1897[114] | ▲ 64,151 | 63.7 | ▼ 34,672 | 34.4 | ▲ 1,948 | 1.9 | 100,771 |
1917[115][116] | ▲ 81,1003 | 60 | ▲ 53,900 | 40 | 135,000 | ||
1926[117] | ▲ 88,433 | 84.3 | ▼ 11,276 | 10.8 | ▲ 4,947 | 4.7 | 104,656 |
1939[118] | ▲ 108,529 | 85.7 | ▲ 13,350 | 10.5 | ▼ 4,817 | 126,696 | |
1959[118] | ▲ 127,508 | 90.2 | ▼ 9,519 | 6.7 | ▼ 4,334 | 3.1 | 141,361 |
1970[119] | ▲ 189,679 | 93.8 | ▼ 5,828 | 2.9 | ▲ 6,680 | 3.3 | 202,187 |
1979[118] | ▲ 229,968 | 95.6 | ▼ 3,406 | 1.4 | ▲ 7,085 | 2.9 | 240,459 |
1989[118] | ▲ 281,807 | 95.9 | ▼ 1,858 | 0.6 | ▲ 10,210 | 3.5 | 293,875 |
1999[120] | ▲ 350,806 | 99.6 | ▼ 17 | 0 | ▲ 3,249 | 0.9 | 354,072 |
2009[121] | ▲ 396,709 | 99.6 | ▼ 6 | 0 | ▼ 1,608 | 0.4 | 398,323 |
2019[122] | ▲ 457,619 | 99.7 | ▼ 5 | 0 | ▼ 1,286 | 0.3 | 458,910 |
1 Ruslar, Kürdlər, Türkiyə türkləri, Ukraynalılar, Gürcülər, Farslar və başqaları. 2 bunların 404 (11.1%) nəfəri yerli və 1,228 (33.6%) gəlmə olub. 3 Azərbaycan türklərinin sayı digər müsəlmanlarla birlikdə göstərilmişdir. 4 bunların 2,690 (8.7%) nəfəri yerli və 10,652 (34.9%) gəlmə olub. 5 ana dilinə əsasən. |
Naxçıvan MR-in əhalisi (99,6 %) Azərbaycan türklərindən ibarətdir.[123] Burada həmçinin ruslar, gürcülər, kürdlər və sair xalqların nümayəndələri də yaşayır. Naxçıvan MR Azərbaycan Respublikasının özünəməxsus demoqrafik inkişaf xüsusiyyətlərinə malik regionlarından biridir.
Muxtar respublikanın 486,6 min əhalisi var (2024, 1 yanvar). Əhalinin 96, 2 min nəfəri, yaxud 26,6 %-i şəhər, 265 min nəfəri, yaxud 73,4 %-i isə kənd əhalisidir; 178,1 min nəfəri, yaxud 49,3 %-i kişilərdən, 183,1 min nəfəri, yaxud 50,7 %-i qadınlardan ibarətdir. Naxçıvan MR-in yarandığı 1924-cü ildən keçən dövr ərzində bütünlükdə Azərbaycanda olduğu kimi, burada da əhalinin doğum, ölüm və təbii artım göstəricilərində, həmçinin miqrasiyası prosesində tədricən müəyyən müsbət dəyişikliklər yaranmağa başlamış və bu dəyişikliklər əhalinin artımına zəmin yaratmışdır.
Muxtar respublikanın mövcud olduğu dövrdə əhalinin ən sürətli orta illik artımı bütünlükdə Azərbaycanda əhalinin demoqrafik inkişaf səviyyəsinin ən yüksək göstəriciyə malik olduğu 1960–1970-ci illərə təsadüf etmişdir. 1959–1970-ci illərin əhali siyahıyaalması dövründə Naxçıvan MR-də əhalinin sayı 43 % (Azərbaycan SSR-də 38,4 %) artmışdır. Həmin dövrdə bütünlükdə Azərbaycan SSR-də əhalinin orta illik artım surəti 3,5 % olduğu halda, Naxçıvan MSSR-də 3,9 % təşkil etmişdir. Bu, hər şeydən əvvəl həmin dövrdə muxtar respublikada əhalinin hər 1000 nəfərinə düşən doğum və təbii artım göstəricilərinin Azərbaycan SSR-dən xeyli yüksək olması ilə əlaqədar idi.
Muxtar respublikada 1970–1990-cı illərdə əhalinin sayı 48,6 % artaraq 205,7 min nəfərdən 305,7 min nəfərə, o cümlədən şəhər əhalisi 99,2 % artaraq 51,0 min nəfərdən 101,6 min nəfərə, kənd əhalisi isə 31,9 % artaraq 154,7 min nəfərdən 204,1 min nəfərə çatmışdı. 1990-cı illərin sosial-iqtisadi çətinliklərinə baxmayaraq, bu dövrdə burada əhalinin sayı 15,8 % artaraq 305,7 min nəfərdən 361,2 min nəfərə çatmışdır. Orta sıxlıq 1 km²-də 66 nəfərdir (2001, yanvar).
Azərbaycanın Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı 2013-cü il mayın 1-nə olan statistikaya əsasən 430103 nəfərə çatıb.[124] 2013-cü il mayın 1-nə olan statistikaya əsasən muxtar respublikada əhalinin sayı 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 8728 nəfər və ya 2,1% artıb. 2013-cü ilin yanvar-aprel aylarında Naxçıvanda 3500 uşaq anadan olub.
Muxtar respublika əhalisinin sayı 1 oktyabr 2021-ci il tarixə bir il öncəyə nisbətdə 1306 nəfər artaraq 462 min 716 nəfər olub.[125]
Azərbaycan Respublikasının iqtisadi-coğrafi rayonlaşdırılmasında Naxçıvan MR ərazisi bütövlükdə ölkədaxili iqtisadi rayonlardan biri kimi qeyd olunmuşdur. Lakin o, özünün çoxsahəli strukturu ilə fərqlənir. Bu, muxtar respublikanın Azərbaycan Respublikasının əsas ərazisindən təcrid edilmiş coğrafi məkanda yerləşməsi və bununla əlaqədar burada yerli tələbatı müvafiq istehsal sahələri yaratmaq hesabına təmin etmək zərurəti ilə izah olunur. Son 80 ildə muxtar respublikada yeni istehsal sahələri yaradılmış, zəngin təbii ehtiyatlar aşkara çıxarılaraq istismara cəlb olunmuş, sənaye müasir texnika və texnologiya ilə təchiz edilmişdir. Naxçıvan MR inkişafda olan çoxsahəli sənaye və aqrar-sənaye respublikasıdır. Sənayedə yerli kənd təsərrüfatı məhsullarının emalı və faydalı qazıntı hasilatı xüsusi yer tutur. Elektronika, metal emalı, yüngül, tikinti materialları sənayesi var. Kənd təsərrüfatı, əsasən, üzümçülük, tütünçülük və bağçılıq sahəsində ixtisaslaşmışdır. Taxılçılıq və heyvandarlıq inkişaf etmişdir.
Son illərdə muxtar respublikada iqtisadi islahatlar həyata keçirilmiş, torpaq islahatı başa çatdırılmış, azad sahibkarlığın, xüsusi mülkiyyətin və kiçik biznesin inkişafı üçün az da olsa imkanlar yaradılmışdır.
Naxçıvan MR sənayesi tarixən Azərbaycan iqtisadiyyatında önəmli yerlərdən birini tutmuşdur. Hələ 1970–1980-ci illərdə muxtar respublikada istehsal olunan yüzlərlə məhsul növünün xeyli hissəsi xarici ölkələrə ixrac olunurdu. 1990–2000-ci illərdə muxtar respublikada aparılmış elmi ixtisaslaşma və ictimai əmək bölgüsü sayəsində emal və hasilat sənayesi formalaşmışdır. Naxçıvan MR-in xarici ölkələrlə, xüsusilə İran və Türkiyə, MDB ölkələri ilə ticarət-iqtisadi əlaqələri genişlənmişdir. Sənayenin ümumi məhsulunun həcmi 1924-cü ildəkinə nisbətən 1990-cı ildə 200 dəfədən çox, 2001-ci ildə isə 1995-ci illə müqayisədə 1,7 dəfə artmışdır. Bütünlükdə, regionun sənayesi yerli xammala əsaslanır və yüngül və yeyinti sənayesi müsissələri əksəriyyət təşkil edir.
Üzümçülüyün inkişafı, eyni zamanda şərabçılığın təşəkkül tapmasına şərait yaratmışdır. Badamlı-Vayxır-Naxçıvan mineral su kəmərinin çəkilməsi Naxçıvan MR-in mineral su istehsalını artırmışdır. Keyfiyyətinə və müalicəvi xüsusiyyətlərinə görə məşhur olan mineral sular Badamlı, Sirab, Vayxır, Darıdağ və Nəhəcir mineral su zavodlarında xüsusi şəkildə qablaşdırılaraq satışa çıxardılır.
Maşınqayırma, metal və ağac emalı, elektrotexnika müəsissələri muxtar respublikanın sosial-iqtisadi inkişafında və əhalinin məşğulluğunun təmin edilməsində əsaslı rol oynayır. Naxçıvan MR-in 4 hasilat və 14 emal sənaye müəsissəsi diyarda ümumi məhsulun 2/3 hissəsini istehsal edir.
Zəngin və çoxsaylı tikinti materiallarına məxsus muxtar respublikanın ərazisi, burada tikinti materialları, dəmir-beton, kərpic, travertin, mərmər və s. sənaye müəsissələrinin yaradılmasına və nadir tikinti məhsullarının dünya bazarına çıxarılmasına imkan vermişdir. Muxtar respublikada 91 tikinti-quraşdırma şirkəti fəaliyyət göstərir.
1999-cu ildə Ordubad rayonunun Parağaçay və Ağdərə mədən yataqlarının kəşfiyyat və istismarı üzrə Böyük Britaniya şirkətləri ilə bağlanmış müqavilə Naxçıvan MR-də mədən sənayesinin bərpası işlərinə başlamağa imkan vermişdir.
Muxtar respublikanın iqtisadiyyatının əsasını çoxsahəli kənd təsərrüfatı təşkil edir. Buranın iqlim-torpaq şəraiti kənd təsərrüfatının inkişaf etdirilməsinə əlverişli şərait yaradır. Bu inkişaf istifadəsiz qalmış yararlı torpaqların mənimsənilməsi, mövcud su ehtiyatlarından səmərəli istifadə edilməsi və suvarmanın təkmilləşdirilməsindən asılıdır. Araz çayı üzərində hidrotexniki kompleksin, Arpaçay, Sirab su anbarlarının, Sədərək, Naxçıvan, Əlincəçay suvarma sistemlərinin işə salınması, Fərhad, Nehrəm su anbarlarının tikilməsi və genişmiqyaslı meliorasiya işlərinin görülməsi sayəsində kənd təsərrüfatının suvarma imkanları və təchizatı yaxşı vəziyyətə gətirilmişdir.
2000-ci il muxtar respublikada torpaq islahatında həlledici il olmuş, nəzərdə tutulan 54,9 min ha torpağın hamısı xüsusi təsərrüfatçılara paylanmışdır. Özəlləşdirilmiş torpaq sahələrinin su təchizatını təmin etmək məqsədilə Sədərək, Şərur, Babək və Ordubad rayonlarının kəndlərində yeni nasos stansiyaları tikilmiş və köhnələri bərpa edilmiş, Şərur kollektor-drenaj şəbəkəsi yenidən qurulmuş Daşarx (Culfa), Quru arx və Şamlar (Şahbuz) kanallarında bərpa işləri aparılmış, Cəhriçayda (Babək) 2,5 km-lik kaptaj qazılmış, 17 nasos stansiyası, 80 subartezian quyusu bərpa edilərək istifadəyə verilmişdir.
Muxtar respublikanın düzənlik yerlərində, əsasən, ətlik-südlük və yunluq, dağlıq yerlərdən ətlik-yunluq heyvandarlıqla məşğul olunur. Balbas cinsli qoyunlar yetişdirilir. Muxtar respublikada quşçuluq, baramaçılıq və arıçılıqla da məşğul olunur.
Naxçıvan diyarının xarici iqtisadi, xüsusilə ticarət əlaqələri ta qədim zamanlardan təşəkkül tapmış, onun nadir məhsulları bir sıra xarici ölkələrin də tələbatını ödəmiş və diyar müəyyən səviyyədə ölkələr arası inteqrasiyaya qoşula bilmişdir. Bunu Naxçıvan ərazisindən qədim dünyanın bir sıra dövlətlərinə məxsus sikkələrin, maddi-mədəniyyət nümunələrinin tapılması da sübut edir.
1991-ci ildə Türkiyə ilə birgə Ümid körpüsünün tikilib istifadəyə verilməsi, muxtar respublika ilə Türkiyə və İran arasında 3 gömrükxana və keçid məntəqəsinin yaradılması Azərbaycanın müstəqillik qazanmasından sonra blokada vəziyyətində olan Naxçıvanın xarici iqtisadi əlaqələr qurmasına imkan vermişdir. Naxçıvan MR-də istehsal olunan şəkər çuğunduru İran və Türkiyənin fabriklərində, şərab məmulatı isə Türkiyə müəsissələrində emal olunur. Təbrizdə İranla bağlanmış protokola görə muxtar respublikanın quşçuluq fabrikləri İranla müştərək müəsissələr kimi işlədilir.
Yüklərin əsas hissəsi avtomobil nəqliyyatı vasitəsilə daşınır. Yüksək manevretmə qabiliyyəti, həm bərk örtüklü, həm də torpaq yollarda məhsulların bir məntəqədən digərinə qısa müddətdə çatdırılması bu nəqliyyat növünün əhəmiyyətini artırır.
1985-ci ilə nisbətən 1999-cu ildə minik avtomobillərinin sayı 30 dəfədən çox, yük avtomobillərinin sayı 2 dəfə, bütün növlərdən olan avtomobillərin sayı təqribən beş dəfə artmışdır.
Naxçıvan MR-da avtomobil yollarının ümumi uzunluğu 1473 km olub, Azərbaycan Respublikası üzrə olan avtomobil yollarının 7,7%-ni təşkil edir. Bunun da 945 km-i bərk örtüklü yolların, 528 km-i torpaq yolların payına düşür (cədvəl 11.9).
İqtisadi-coğrafi rayonda ümumi istifadədə olan avtomobil yolları, km (2012)
Cəmi | Dərəcəsinə görə | |||||
I | II | III | IV | V | ||
Naxçıvan MR | 1473 | 3 | 251 | 419 | 299 | 501 |
Azərbaycan Res | 14851* | 330 | 1128 | 3764 | 8724 | 905 |
· — Respublika üzrə yolların ümumi uzunluğuna işğal altında olan rayonlardakı yollar daxil deyil |
[Azərbaycanın nəqliyyatı – 2012].
Təsərrüfatın inkişaf etməsi ilə əlaqədar MR-də daşınan yüklərin və sərnişinlərin sayı daim artır. 2000–2012-ci illərdə daşınan yüklərin miqdarı 3,8 dəfə sərnişinlərin sayı 2,8 dəfə artmışdır.
Əsasən dağlıq ərazilərdə yerləşən Ordubad və Şahbuz rayonları həmçinin Şərur və Babək rayonlarının payına daha çox avtomobil yolu düşür. Bərk örtüklü asfalt yollarda yük daşımaların maya dəyəri qrunt yollara nisbətən bir neçə dəfə ucuz başa gəlir.[126] Cədvəl 11.10
İqtisadi-coğrafi rayonda avtomobil nəqliyyatının əsas göstəriciləri
Ərazilər | 2000 | 2005 | 2010 | 2012 |
Daşınan yüklərin miqdarı, min t | ||||
Naxçıvan MR | 3721 | 7033 | 11153 | 13952 |
Azərbaycan Res. | 40434 | 69518 | 99891 | 118123 |
Daşınan yüklərin dövriyyəsi, mln. ton-km | ||||
Naxçıvan MR | 236,0 | 423,7 | 678,3 | 783,1 |
Azərbaycan Res. | 3513,0 | 7536,1 | 11325,1 | 13307,1 |
Daşınan sərnişinlərin sayı, min nəfər | ||||
Naxçıvan MR | 31695 | 39185 | 66684 | 87429 |
Azərbaycan Res. | 743301 | 845910 | 1200330 | 1417413 |
Sərnişin dövriyyəsi, sərnişin-km | ||||
Naxçıvan MR | 126,8 | 137,3 | 176,3 | 197,7 |
Azərbaycan Res. | 9154,0 | 10892,1 | 16633,0 | 20034,0 |
Blokada vəziyyətində olması ilə əlaqədar Muxtar Respublikanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən dəmir yolu xətti işləmir.
Naxçıvan MR–də dəmir yolu nəqliyyatı mühüm əhəmiyyət daşıyır. Araz çayı boyunca Bakı–İrəvan dəmir yolu keçir (Naxçıvan MR–də təqribən 190 km-dir). Həmin dəmir yolunun Culfa–İrəvan hissəsi 1906-cı ildə, Culfa–Mincivan (Zəngilan rayonu) hissəsi 1941-ci ildə istifadəyə verilmişdir. Culfadan Təbrizə qol (1916-cı ildə Rusiya hökuməti çəkmişdir) ayrılır. Qarabağ müharibəsi nəticəsində vaxtilə ümumittifaq şəbəkəsinə daxil olan və muxtar respublikanı Azərbaycanla bağlayan (Zəngəzurun Ermənistana verilməsindən sonra) dəmir yolu xətti 1992-ci il, 24 apreldə tamamilə kəsildi və həmin vaxdan Naxçıvan MR Azərbaycandan təcrid olunmuş şəkildə, blokada vəziyyətində yaşayır.
1990-cı ildən dəmir yolları bütün istiqamətlərə işləmədiyi üçün avtomobillərin sayı xeyli artmışdır.
Muxtar respublikanın yeganə əlaqələri təyyarə nəqliyyatı vasitəsiylə həyata keçirilir. 1993–1995-ci illərdə Naxçıvan Hava Limanı genişləndirilərək yenidən qurulmuş, sərnişin və ağır yüklü nəqliyyat təyyarələrinin qəbul olunmasına imkan yaranmışdır.
1920-ci ilin oktyabrında Naxçıvanda ilk səhiyyə şöbəsi təşkil edilmiş, sonralar bu şöbə səhiyyə komissarlığına çevrilmişdir. 1920–1924-cü illərdə Naxçıvanda tibb müəsissələrinin açılmasına başlanmışdır. Naxçıvan şəhərində xəstəxana, şəhər ambulatoriyası, Ordubad şəhərində həkim məntəqəsi, Çənnəb, Culfa, Əbrəqunis, Cəhri, Qıvraq və Baş Noraşendə (indiki Cəlilabad kəndi) feldşer məntəqələri işə başlamışdır.
1950–1960-cı illərdə muxtar respublikada səhiyyə ocaqlarının sayı sürətlə artmağa başlamışdı. Malyariyaya qarşı tədbirlər nəticəsində, 1958-ci ildə muxtar respublikada bu xəstəliyin kökü kəsilmişdir. 1970–1990-cı illərdə də Naxçıvan səhiyyəsi inkişaf etmişdir.
2000-ci ildə Naxçıvan MR-də 55 xəstəxana müəsissəsi, 5 poliklinika, 49 ambulatoriya, 123 feldşer-mama məntəqəsi, 8 gigiyena və epidemiologiya mərkəzi, 3 təcili-tibbi yardım stanisyası və 62 aptek fəaliyyət göstərirdi.
Naxçıvanda xalq arasında güc, çeviklik və bacarıq tələb edən milli idman oyunları qədimdən yaranmışdır. Güləş, at çapmaq, qılınc və gürz oynatmaq, nizə və ox atmaq, üzmək, qaçış və s. üzrə keçirilən yarışlarda əsas məqsəd gəncləri əməyə və hərbi işə hazırlamaq idi. Naxçıvanda pəhləvanların hazırlanmasında zorxanalar mühüm rol oynamışdı.
1924-cü ildə Naxçıvanda Bədən Tərbiyəsi və İdman Şurası yaradılmışdır. 1931–1934-cü illərdə Naxçıvan MSSR ƏMH və ƏMHO kompleksi nişançılarının hazırlanmasında mühüm işlər görmüşdü. 1937-ci ildə ağır atletika üzrə Azərbaycan birinciliyi Naxçıvan şəhərində keçirilmişdi. 1962-ci ildə Naxçıvan voleybol komandası Azərbaycan birinciliyində ikinci yeri, futbol komandası isə üçüncü yeri tutmuşdu.[127]
Naxçıvanda maarif və təhsil hələ orta əsrlərdən inkişaf etmiş, məktəb və mədrəsə təhsili geniş yayılmışdı. Elxanilər dövrünə aid bir fərmandan məlum olur ki, hələ XII əsrin sonlarında Naxçıvanda iki mədrəsə mövcud idi. Orta əsr mənbələrinə görə, XIII əsrin sonlarında Naxçıvanda 4 ali tipli mədrəsə, məscidlərin nəzdində mollaxana adlanan 60-a qədər ibtidai mədrəsə fəaliyyət göstərirdi. Dünyəvi fənlərin də təlim edildiyi Naxçıvan və Ordubad mədrəsələrindəYaxın Şərq ölkələrindən gəlmiş tələbələr də təhsil alırdı. Naxçıvan şəhərində ilk dünyəvi məktəb Ehsan xan Kəngərlinin XIX əsrin 30-cu illərinin sonlarında açdığı rus-tatar qəza məktəbidir. Həmin məktəb 1879-cu ildə üçsinifli şəhər məktəbinə çevirilmişdi.[128]
XIX əsrin sonlarında bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da üsuli-cədid məktəbləri yaranmağa başladı. M. T. Sidqi Ordubadda "Əxtər" (1892), "Qız məktəbi" (1896) məktəbləri təsis etdi. 1920-ci ilədək Naxçıvanda 45 məktəb fəaliyyət göstərirdi. Sonrakı dövrlərdə Naxçıvanda təhsil daha da inkişaf etmiş, müxtəlif sahəli elm ocaqları yaradılmışdı.
1991–2001-ci illərdə muxtar respublikada 45 yeni məktəb binası inşa edilmiş, 18 məktəb binası isə əsaslı təmir edilərək yenidən qurulmuşdur. Hal hazırda muxtar respublikada 106 daimi məktəbəqədər uşaq tərbiyə müəsissəsi, 26 məktəbdənkənar müəsissə, 233 orta təhsil müəsissəsi, 14 uşaq idman və şahmat məktəbi fəaliyyət göstərir. Bundan əlavə 6 peşə litseyi və 3 kollec(Naxçıvan Musiqi Kolleci, Texniki Kollec və Tibb Kolleci)də vardır. Naxçıvan MR-də ali təhsil sistemi də yaradılmışdır. Naxçıvan Dövlət Universiteti və Naxçıvan Universiteti muxtar respublikanın müxtəlif elm sahələrində olan mütəxəssislərə olan tələbatının ödənilməsində mühüm rol oynayır.
Naxçıvan orta əsrlərdə Azərbaycan elminə, bütün Yaxın və Orta Şərqdə şöhrət qazanmış onlarla alim, mütəfəkkir, filosof, hüquqşünas, tarixçi, filoloq, təbib və ilahiyyatçı bəxş etmişdir. Əbu Əbdüllah əl-Müfərric Nəşəvi, Əhməd ibn Hacəf Nəşəvi, Əkmələddin Naxçıvani, Hinduşah Naxçıvani, Məhəmməd Naxçıvani, Fəxrəddin Naxçıvani, Baba Nemətullah Naxçıvani, Kəmaləddin Naxçıvani, Nəcməddin Naxçıvani, İzzəddin Naxçıvani, Həsən ibn Ömər Naxçıvani, Fəzlullah Nəimi və başqa naxçıvanlı alimlər dünya elm xəzinəsinə dəyərli töhfələr vermişlər.
XX əsrin 20-ci illərindən Azərbaycanda, o cümlədən də Naxçıvan MR-də müasir elmin əksər sahələri böyük inkişaf yoluna qədəm qoydu. "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti"nin Naxçıvan şöbəsinin yaradılması diyarın zəngin təbii sərvətlərinin aşkara çıxarılmasında, tarix, elm və mədəni irsin öyrənilməsində əhəmiyyətli rol oynadı. Azərbaycan Milli Elmlər Akademiyasının yaradılması (1945) muxtar respublikada da elmin inkişafına güclü təkan verdi. Muxtar respublikada elmi idarələr, o cümlədən Araz (Naxçıvan) Kompleks Zona Təcrübə Stansiyası, Naxçıvan Elmi-Tədqiqat Baytarlıq Stansiyası, AMEA – nın Naxçıvan Regional Elmi Mərkəzi, Elm və Texnika Mərkəzi, Şamaxı Astrofizika Rəsədxanasının Günəşi Müşahidə Stansiyası (Batabat rəsədxanası) yaradıldı. 1972-ci ildə təşkil olunmuş Naxçıvan Elm Mərkəzində fundamental elmin müxtəlif sahələri üzrə tədqiqatlar aparılır. Burada muxtar respublikanın təbii sərvətlərinin, tarix və mədəniyyət abidələrinin tədqiqi və öyrənilməsi sahəsində çoxlu işlər görülür. 1999-cu ildə yaradılmış Naxçıvan Elm və Texnika Mərkəzində muxtar respublikada yayılmış dərman bitkilərinin toplanması, öyrənilməsi, onlardan dərman preparatlarının hazırlanması işləri aparılmaqdadır.
Muxtar Respublikada təxminən 300-ə yaxın məscid mövcuddur. Onlardan 100-ə yaxını daimi fəaliyyətdədir. 1993–2003-cü illər ərzində burada səksənə yaxın məscid inşa olunmuş və ya əsaslı bərpa edilmişdir. 2003–2013-cü illərdə tikilmiş və ya bərpa olunmuş məscidlərin sayı təxminən 15-dir.
Naxçıvan MR–də ilk mətbuat orqanı Muxtar Respublika Ali Məclisinin və Nazirlər Kabinetinin orqanı olan "Şərq qapısı" qəzetidir. 1921-ci ildən nəşr olunan qəzetin "Cavanlar həyatı" (1921 noyabr – dekabr) və "Füqəra səsi" (1922 yanvar – mart); 1980–1990-cı illərdə isə "Sovet Naxçıvanı" və "Sovetskaya Naxiçevan" adları ilə Azərbaycan və rus dillərində çıxmışdır. 1996-cı ildən Naxçıvan Şəhər İcra Hakimiyyətinin "Nuh Yurdu" adlı qəzeti nəşr edilir. 30-cu illərdən muxtar respublikada yaradılmış inzibati rayonlarda Rayon İcra Hakimiyyətlərinin orqanları olan "Şərurun səsi" (Şərur), "El Həyatı" (Ordubad), "Şərqin səhəri" (Babək), "Arazın səsi" (Culfa), "Oğuz səsi" (Şahbuz), "Oğuz Yurdu" (Sədərək) qəzetləri çıxır. 2004-cü ildə yaradılmış Kəngərli rayonunda isə "Yeni Həyat" qəzeti çıxır.
1921-ci ildə yaradılmış Naxçıvan mətbəəsi 1938-ci ilə kimi "Şərq qapısı" qəzeti redaksiyasının tabeliyində fəaliyyət göstərmiş, həmin ildən müstəqil müəsissəyə çevrilmişdir. 1976-cı ildə mətbəə üçün xüsusi bina tikilmişdir. Muxtar respublikada çıxan qəzetlər burada rotasiya üsulu ilə çap edilmişdir. Mətbəə 1985-ci ildən Azərbaycan Nəşriyyat-Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin (sonralar Mətbuat və İnformasiya Nazirliyi) strukturuna daxil edilərək, Naxçıvan Şəhər Poliqrafiya Müəsissəsi adlandırılmışdır. 1997-ci ildən müəsissə "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi kimi fəaliyyət göstərir. Bununla bərabər Naxçıvan Dövlət Universiteti nəzdində "Qeyrət" nəşriyyatı – mətbəəsi də fəaliyyət göstərir.
Naxçıvan MR – də radio verilişlərinə 1926-cı ildən, yerli radio verilişlərinə isə 1930-cu ildən başlanmışdır. 1963-cü ildə isə Naxçıvanda televiziya mərkəzi fəaliyyətə başlamışdır. Həmin il muxtar respublikanın Nazirlər Sovetinin qərarı ilə yerli radionun bazasında Naxçıvan MR Televiziya və Radio Verilişləri Komitəsi yaradılmışdır. Hal-hazırda Naxçıvan ərazisində 2 televiziya(Naxçıvan Televiziyası və Kanal 35) və 2 radiostansiya (Naxçıvanın səsi) fəaliyyət göstərir.
Azərbaycanın qədim yaşayış və mədəniyyət beşiklərindən olan Naxçıvan diyarı qədim və zəngin ədəbi ənənələrə malikdir. Azı 5 minillik şəhər mədəniyyətinə və dünyanın ən qədim duzçıxarma sənayesinə sahib olan Naxçıvan yerləşdiyi əlverişli geostrateji mövqeyinə və burada yaranmış müxtəlif dövlət və dövlət tipli qurumların fəaliyyətinə görə mədəni inkişafın da mərkəzlərindən olmuşdur. Azərbaycan şifahi xalq ədəbiyyatında Naxçıvan motivləri əhəmiyyətli yer tutur.
Naxçıvanda yerləşən Gəmiqayada aşkara çıxarılan qayaüstü rəsmlər Qobustan da daxil olmaqla dünyanın az sayda abidə örnəklərilə uyğunlaşaraq bu diyarın ən qədim yaşayış yerlərindən olmasına işıq tutur. Gəmiqaya qayaüstü rəsmləri göstərdi ki, Naxçıvanda bədii yaradıcılığın tarixi insanlığın tarixi ilə üst-üstə düşür.[129]
Ana abidəmiz kimi dəyərləndirilən "Kitabi Dədə Qorqud" dastanının boylarında da Naxçıvan bölgəsi ilə səsləsən süjetlərə və toponimlərə rast gəlinir. Xüsusilə dastanın "Səgrək boyunu bəyan edər" boyundakı hadisələr Naxçıvanda Əlincə qalası və onun ətrafında baş verir. Qorqudşünaslar dastandakı "Basatın Təpəgözü öldürdüyü boy" və "Bəkil oğlu İmran" boylarında da cərəyan edən hadisələrin, əsasən, Naxçıvanla bağlı olduğunu göstərmişlər. Əlincə qalası, Dərəşam və bir sıra Naxçıvanla bağlı toponimlər dastanın süjetlərində yer almışdır.
Naxçıvan süjetləri və toponimləri "Koroğlu", "Əsli və Kərəm" və "Qaçaq Nəbi" dastanlarında da özünə yer almışdır.
Naxçıvan folklorunda Azərbaycan Şifahi Xalq Ədəbiyyatının bütün janrları təmsil olunmuşdur. Əsasən bu diyara xas olan janrlar (haxışta, gülümey, mahnılar) və nümunələr də vardır. Naxçıvan həm də zəngin xalq ədəbiyyatı örnəklərinə malikdir. Naxçıvandan toplanan çoxsaylı bayatılar, haxıştalar, atalar sözləri, məsəllər, nağıl və dastanlar və s. bu diyarın zəngin bədii yaradıcılıq materiallarına malik olmasından xəbər verir. Dünya tufanı və yaşayışın yaranması haqqında mif və əfsanələr də bu torpağın qədim tarixinə işıq tutan mənbələrdəndir. Naxçıvandan toplanmış Nuhla bağlı olan "Nuhun tufanı", "Nuhun gəmisi", "Oğuz oğlu və qurd", "Nuhdaban" və başqa mif və əfsanələr bədii düşüncədə Naxçıvanın qədim tarixinə və ilk yaşayış məskəni olmasına dəlalət edir.
Diyarda xalq ədəbiyyatının mühüm qollarından olan aşıq sənəti də inkişaf etmişdir. Bu sahədə Şərur və Şahbuz rayonları fərqlənməkdədir. Naxçıvanın şöhrətli aşıq sənətkarları və sırf Naxçıvanla bağlı olan aşıq-saz havaları, mahnıları və dastanlar da Naxçıvanın qədim yaradıcılıq ənənələrinə malik olduğunu təsdiqləyir. "Ordubadlı Kərim", "Kərim-Süsən", "Ağ Aşıq-Süsənbər" kimi dastanlar sırf Naxçıvanla bağlıdır. "Naxçıvani", "Naxçıvan gülü", "Badamı", "Köhnə Naxçıvan" kimi saz havaları da Naxçıvan aşıq sənətinin məhsuludur. Ağ Aşıq Kosacanlı, Aşıq Süleyman, Aşıq Məmmədcəfər, Çobankərəli Aşıq Cəfər, Ululu Kərim və başqa aşıq sənətkarlar Naxçıvana şöhrət gətirmiş görkəmli aşıqlardandırlar. Ağ Aşıq Kosacanlı Azərbaycanda aşıq sənətinin korifeylərindən hesab olunan Aşıq Alı kimi azman bir aşığın ustadı olmuş, ona aşıqlığın sirləri və elmini öyrətmişdir. Aşıq Alı da öz növbəsində Dədə Ələsgər kimi bir nəhəngə ustadlıq etmişdir. Bu zəncir Naxçıvandan başlanan aşıq ənənələrinin nə qədər möhkəm və dərin olduğunu ifadə edir.[130]
Naxçıvan qədim dövrlərdən mədəniyyət mərkəzi olmuş, yazılı ədəbiyyatın da inkişaf etdiyi bölgələrdən olmuşdur. X–XI əsrlərdə mövcud olmuş Naxçıvanşahlıq dövlətinin paytaxtı olan Naxçıvanda şah sarayında elm və ədəbiyyat adamları üçün ən münbit şərait yaradılmış, müxtəlif şair və peşə-sənət adamları burada yaşayıb fəaliyyət göstərmişlər. Naxçıvan şahı Əbu Düləf özü da şair olmuş, şeir-sənət adamlarına həmişə qayğı göstərmişdir. O dövrün görkəmli dilçi alimi, lüğətçisi və şairi Qətran Təbrizi və Əsədi Tusinin də Naxçıvanşahlıq sarayı ilə yaxın əlaqələri olmuş, onlar müxtəlif vaxtlarda burada qısamüddətli olsa da, yaşamışlar.
Azərbaycan Atabəylər dövlətinin uzun illər paytaxtı olmuş Naxçıvanda elm, şeir və sənət daha da inkişaf etmişdir. Hətta Atabəylərin əsas xəzinəsi də Naxçıvanda Əlincə qalasında saxlanılmışdır.[131] Elmə, şeir və sənətə göstərilən münbit qayğı nəticəsində burada ən görkəmli adamlar yaşayıb fəaliyyət göstərmişlər. Sarayda mərkəzləşən və saray maraqları üzərində meydana gələn ədəbiyyat olmaqla Azərbaycan Atabəyləri paytaxtı olmaqla geniş bir zaman çərçivəsində müəyyənləşən Naxçıvan ədəbi mühiti özünün əvəzsiz şəxsiyyətləri və qiymətli ədəbi əsərləri ilə Azərbaycan intibahını və bu intibaha xidmət edən zəngin ədəbi xəzinəni yaratmışdır. Bu dövrlər ərzində paytaxtı Naxçıvan olan Azərbaycan Atabəyləri dövləti ərazisində formalaşan mədəniyyət məhz bu mərkəz ətrafında müəyyənləşmiş, Naxçıvan mədəniyyət hadisəsinin özündə əks etdirmiş, onun təsirləri və istiqamətləndirməsi şəraitində meydana çıxmışdır. Məhəmməd Cahan Pəhləvanın dövründə Əcəmi Əbubəkiroğlu zamanın humanizm təcəssümü olan Möminə Xatun türbəsini inşa etmişdir. Hətta o zaman gənclik dövrünü yaşayan, Atabəylər sarayına yaxın olan Nizami Gəncəvi həm dövrün hökmdarı, həm də memarlar memarı olan Əcəmi Əbubəkiroğlunu görmək üçün Naxçıvana gəlmiş, Batabat yaylağı yaxınlığında görüşləri olmuşdur. Bundan başqa saraya yaxın olan, "təbiblər sultanı" kimi şöhrət qazanmış Kəmaləddin (Əkmələddin də yazılır) Naxçıvani şair kimi də məşhur olmuşdur. Əbubəkr ibn Xosrovun Atabəylər sarayında xidməti dövründə yazdığı məşhur "Munisnamə" əsəri mühüm sosial-əxlaqi motivləri və humanizmi ilə seçilir. Orta əsrlərdə Əhməd ən–Nəşəvi, Nəcməddin Naxçıvani, Hinduşah Naxçıvani, Nemətullah Naxçıvani, Fəzlullah Nəimi, Bayrək Quşçuoğlu, Sadiq bəy Ordubadi və başqa mütəfəkkir Azərbaycan alimləri eyni zamanda bədii əsərləri ilə də Azərbaycan ədəbiyyatını zənginləşdirmişlər.[132]
Azərbaycanda ümumən XVI əsrdən sonra, yəni Azərbaycan Səfəvilər dövlətinin yaranmasından sonra bütün sahələr kimi ədəbiyyat sahəsi də inkişaf etmiş, ədəbi mühitin canlanması və inkişafı üçün münbit şərait yaranmışdır. I Səfəvi hökmdarı Şah İsmayıl özü elmə, sənətə, mədəniyyət və ədəbiyyata maraqlı olan və onun inkişafına dəstək verən çox istedadlı və qüdrətli bir hökmdar olmuşdur. Bu inkişaf Şah İmayılın oğlu I Təhmasibin dönəmində uğurla davam etmişdir. Ədəbi inkişaf XVII–XVIII əsrlərə də daşınmışdır. Belə münbit bir ədəbi mühit və inkişaf, əlbəttə, Naxçıvanda da özünü təzahür etdirmişdir. Burada yetişən çoxsaylı elm adamları da əhalinin elmə olan marağının təzahürü kimi çıxış edirdi. Bəhs olunan dövrdə Naxçıvanda inkişaf edən sahələrdən biri də məhz elm sahəsi idi. Bu barədə qaynaqlar konkret və dəqiq məlumatlar əks etdirməsə də, müəyyən mənada bu inkişafı göstərməyə qabil məlumatlar əks olnumuşdur. Hətta Naxçıvana səyahət edən, bu diyarın gözəllikləri və zənginliklərindən ağızdolusu bəhs edən məşhur türk səyyahı Övliya Çələbi özünün "Səyahətnamə" əsərində ümumiləşdirilmiş şəkildə Naxçıvanda bütün elm sahələrində mükəmməl biliyə malik olan alimlər və şairlərin olduğunu göstərmişdir. Naxçıvan hakimi ilə görüşən Övliya Çələbiyə tanış olması və onunla həmsöhbət olması üçün 40–50 nəfərə qədər uzaqgörən alim və nədim, müdrik adamlar dəvət edilmişdir.[133] Səfəvilər dövründə yetişən və yüksək rütbələrə çatan görkəmli alimlərdən biri olaraq Xacə Ətiq Ordubadinin adı çəkilir. Xacə Ətiq Ordubadi I Şah İsmayılın sarayında yaşayaraq burada dəftərxanada katiblik təcrübəsi almış və "Tüğrayi-şah" adlanan yazını ixtira etmişdir. XVII əsrdə yaşamış Məhəmməd İbrahim Nəsiri də dövrün tanınmış alimlərindən olub. Nəsiri sarayda salnaməçi olmaqla bərabər, ədəbi yaradıclıqla da məşğul olmuşdur. Şeirləri ilə də tanınan Məhəmməd İbrahim Nəsiri "dövrünün tanınmış şəxslərindən olan Məlik Bəhram Ordubadinin nəvəsi olmuşdur". Məhəmməd Nəsiri Şah Sultan Hüseynin hakimiyyətindən bəhs edən və 500 səhifəlik bir həcmə malik olan "Dəsturi-Şəhriyarən" ("Şahların qanunları") əsərini yazmışdır. Bu dövrün digər tanınmış alimlərindən biri, tibb sahəsində tanınmış alimlərdən olan İbrahim İbn Zeynəddin Naxçıvani idi. Belə ki, bu mötəbər şəxs XVII əsrdə yaşayıb-yaradaraq "Təbiblər rəisi" kimi şöhrət qazanmışdır. İbrahim Naxçıvani hənçinin tibb sahəsindən başqa fiqh elmi ilə də məşğul olmuş, özünü din alimi kimi də tanıtmışdır. Mirzə Sadiq Ordubadi yaradıcılığında rübai janrına daha çox rəğbət göstərən Mirzə Sadiq Ordubadi orijinal əsərlər yazıb ortaya qoymuşdur. Nəsirəddin Tusinin törəmələrindən olduğu deyilən Mirzə Hatəm bəy həm dövlət xadimi olmuş, I Şah Abbasın vəziri kimi çalışmış və böyük hörmət sahibi olmuş, həm də şeirlər yazdığı da qeyd edilmişdir.
XIX əsrdə maarifçilik hərəkatının geniş yayılması bu bölgədə də ədəbiyyat və mədəniyyətin sürətli inkişafına təkan verdi. Heyran xanım və Qönçəbəyimin yaradıcılığında məhəbbət lirikası ilə yanaşı, zəmanədən şikayət, zülmə, sosial ədalətsizliyə qarşı etiraz motivləri də güclüdür. Bu dövrdə Naxçıvan ədəbi mühitində ciddi canlanma nəzərə çarpır. Ordubadda yaradılmış "Əncüməni – şüəra" ədəbi məclisi (1838) klassik ədəbi ənənələrlə yanaşı, yeni maarifçi ədəbiyyatın da inkişafına müəyyən təsir göstərmişdir. Məclisin fəal üzvlərindən Qüdsi Vənəndi, Fəqir Ordubadi, Əhmədağa Şəmi və başqalarının yaradıcılığında klassik məhəbbət lirikasının ənənəvi mövzuları ilə yanaşı, maarifçilik ideyaları, tənqidi – realistik – stairik meyllər də əhəmiyyətli yer tutur. M. T. Sidqinin (1854–1903) ədəbi pedaqoji irsinin də Azərbaycanın maarifçi – realist ədəbiyyatında özünəməxsus yeri var.[134]
XX əsrdə Naxçıvan diyarı Azərbaycanın ictimai, ədəbi-bədii fikrinə və mədəniyyətinə bir sıra böyük şəxsiyyətlər bəxş etmişdir. Məhəmmadağa Şahtaxtılı (1846–1931) ilk dəfə Avropa təhsili alan, 7 dil bilən istedadı bir poliqlot, əlifba islahatçısı olmuşdur. Onun təşəbbüsü və baş redaktorluğu ilə nəşrə başlayan "Şərqi-rus" qəzeti XX əsrdə ilk anadilli və gündəlik çıxan mətbuat orqanı olmuşdur. Onun sahibi olduğu "Qeyrət" nəşriyyatı bir sıra nəşrlərlə də yadda qalmışdır. M. Şahtaxtılı həm də siyasi publisistika və silsilə məqalələrin əsasını qoymuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın ilk ali təhsil məktəbi olan Bakı Dövlət Universitetinin yaradılmasında da Məhəmməd ağa Şahtaxtılı çox yaxından iştirak etmiş, həmçinin Azərbaycanın həmin ilk ali məktəbində Şərq dilləri və ədəbiyyatından dərs demişdir. Sovet hakimiyyəti dövründə isə Azərbaycanda ilk professor adına layiq görülən şəxslərdən biri də məhz Məhəmməd ağa Şahtaxtılı olmuşdur.
Dahi yazıçı, dramaturq və publisist, "Molla Nəsrəddin" jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin yaradıcılığı realist-demokratik Azərbaycan ədəbiyyatı tarixində müstəsna yer tutur. Ədib "Çay dəstgahı", "Kişmiş oyunu", "Danabaş kəndinin əhvalatları",[135] "Poçt qutusu" kimi əsərlərini Naxçıvanda yaşadığı illərdə (1903-cü ilə kimi) yazmışdır. C. Məmmədquluzadə özünün dərin ideyalara malik əsərlərilə ədəbiyyatımızda azərbaycançılıq məfkurəsini ortaya qoymuş, yeni tipli satirik ədəbiyyatın yaradıcısı kimi yaddaşlarda qalmış, həm də satira və yumora əsaslanan yeni forma və məzmuna malik publisistikanın meydana çıxmasında mühüm xidmətlər göstərmişdir. Əlifba islahatçılığı, muzey fəaliyyəti və qızların məktəbə cəlbi sahəsində də ədibin xidmətləri əvəzsiz olmuşdur. Naxçıvandan olan Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi onun açdığı yeni yaradıcılıq yolunda davamçıları olaraq çıxış etmişlər.
Əliqulu Qəmküsar (1880–1919) Azərbaycan ədəbiyyatında mollanəsrəddinçi şeirin qüvvətli ardıcıllarından, yenitipli satirik publisistikanın nəhəng nümayəndələrindın biri olaraq onun inkişafı və qüvvətlənməsinə xidmətlər göstərmişdir. Ə. Qəmküsar Naxçıvanda teatrın yaranmasında da fəal iştirak edənlərdən biri olmuşdur. O özünün yaddaqalan aktyorluq işi ilə "Ölülər"in Şeyx Nəsrullah obrazını misilsiz ustalıqla yaratmış və yaddaşlara əbədi həkk olunmuşdur. Böyük romançı Məmməd Səid Ordubadi (1872–1950) Azərbaycan ədəbiyyatında mollanəsrəddinçilərdən biri, mətbuat və publisistikanın görkəmli nümayəndəsi və ustad yazıçı olaraq şöhrətlənmişdir. O, Azərbaycan ədəbiyyatında tarixi roman janrının əsasını qoymuş və onun kamil nümunələrini (dörd cildlik "Dumanlı Təbriz" epopeyası, "Qılınc və Qələm" və s.) yaratmışdır. "Dumanlı Təbriz" romanındakı süjet və hadisələrin əksəriyyəti ədibin şəxsi həyat və fəaliyyətinin Naxçıvan dövrü ilə yaxından bağlıdır. Hüseyn Cavid (1882–1941) Azərbaycan milli romantik şeiri və dramaturgiyasının korifeyi, romantizm ədəbi cərəyanının bayraqdarı kimi şöhrət qazanmışdır. Onun humanist lirikası, yaratdığı möhtəşəm əsərlər Azərbaycan romantik ədəbiyyatının ən dəyərli nümunələrini və qızıl fondunu təşkil etmişdir.
1920-ci illərdən sonra Naxçıvanda da yeni forma və məzmunlu ədəbiyyatın yaranması işi güclənmişdir. 1921-ci ildən Naxçıvanda fəaliyyətə başlayan "Şərq qapısı" mətbuat orqanı (öncə "Cavanlar həyatı" adı ilə nəşr olunmuş, sonradan dəyişdirilmişdir) Naxçıvanda şair və yazıçıların çap işinə təkan vermiş və ədəbi mühitin çiçəklənməsinə şərait yaratmışdır. Naxçıvanda Azərbaycan Yazıçılar İttifaqının filialıənın yaradılması, müxtəlif görkəmli ədiblərin buraya ezam olunması və təşkilati işlər şeir və sənətin inkişafını sürətləndirmişdir. Əyyub Abbasov, Müzəffər Nəsirli, Nağı Nağıyev, Hüseyn İbrahimov, Məmmədəli Tarverdiyev, Əkbər Məftun, Əkbər Məşkur, Qurban Qurbanov, Hüseyn Razi, Həsən Elsevər və başqaları Naxçıvanda ədəbi mühitin inkişafına öz töhfələrini vermişlər. Naxçıvandan ədəbi fəaliyyətə başlayan İ. Səfərli, M. Araz kimi şairlər çağdaş Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələri sırasına qatılmış və onun inkişafına yaddaqalan xidmət etmişlər.
Azərbaycan yazıçılarının böyük bir hissəsi Naxçıvanda yaşayıb-yaratmaqdadır. Naxçıvan Yazıçılar Birliyinin yaradılması da Naxçıvanda ədəbi mühitin inkişafına mühüm təsir göstərmişdir. Kəmalə, Elman Həbib, Asim Yadigar, Vaqif Məmmədov, Xanəli Kərimli, Rüstəm Behrudi, İbrahim Yusifoğlu, Əbülfəz Muxtaroğlu, Ələsgər Nehrəmli, Vüqar Zeyqəm və başqaları müasir Naxçıvan ədəbi mühitinin inkişafında özünəməxsus xidmət göstərmişlər.
Naxçıvan Azərbaycanın əsas memarlıq mərkəzlərindən biridir. E.ə. III minilliyin sonu – II minilliyin əvvəllərinə aid yaşayış məskənlərindən Naxçıvanın qədim memarlığına aid çiy kərpic və möhrədən inşa edilmiş bina qalıqları, Naxçıvan ərazisində möhtəşəm qala divarları, düzbucaqlı və yarımdairəvi bürclərlə əhatə olunmuş erkən şəhər yerləri (I və II Kültəpə, Govurqala, Qarabağlar, Oğlanqala, Plovtəpə, Qazançı, Vayxır, Çalxanqala və s.) meydana gəlmişdir. Bu abidələr Azərbaycanın, eyni zamanda Naxçıvanın, Qafqaz və Yaxın Şərqin inkişaf tapmış mədəniyyət mərkəzləri ilə əlaqələrini aşkara çıxarmışdır. Naxçıvanın ayrı – ayrı yaşayış dövrlərinə aid yaşayış məskənləri, siklop tikililəri, maddi-mədəniyyət və memarlıq abidələri, qalaları, istehkamları, inşaat materialları, tikinti texnikası və s. zənginliyi ilə diqqəti cəlb edir.
Naxçıvan XII əsrdə qüdrətli Azərbaycan Atabəylər dövlətinin paytaxtı olaraq əzəmətli bir şəhər, Azərbaycanın iqtisadi, siyasi və mədəniyyət mərkəzlərindən biri idi. Burada memarlıq sənəti yüksək səviyyəyə çatmışdı. Çoxsaylı dini memarlıq abidələri və mülki binalar, zəngin ornamentlər və boyalarla bəzədilmiş əzəmətli məscidlər, öz möhtəşəmliyi, mozaikaları və incə tərtibatı ilə diqqəti cəlb edən monastır və kilsələr, türbələr, saraylar, karvansaralar, körpülər, qala və bürclər, mədrəsələr, bəzəkli yaşayış evləri, zəngin tərtibatlı hamamlar və s. inşa edilmişdi. Məşhur Atabəylər Memarlıq Kompleksi də məhz bu dövrün məhsuludur.
Azərbaycanda orta əsr xatirə memarlığının ən geniş yayılmış tipi olan qülləvari türbələrin yaradılmasında naxçıvanlı memarlar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin və Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvaninin böyük xidmətləri olmuşdur. Memar Əcəminin XII əsrin II yarısında Naxçıvanda ucaltdığı və dövrümüzədək salamat qalmış Yusif Küseyir oğlu türbəsi və Möminə Xatun türbəsi dünya memarlığında insan xatirəsini monumental biçimlərlə əbədiləşdirən ən uğurlu örnəklərdəndir. Təkcə Azərbaycan memarlığında deyil, ümumilikdə İslam memarlığında ən uca və incə kompozisiyalı türbələrdən olan Möminə Xatın türbəsinin belə uzunömürlülüyü, onun mühəndis həllinin bitkinliyi ilə izah olunur. Memar Əcəminin fəaliyyəti ilə Azərbaycan memarlığı tarixində Naxçıvan – Marağa memarlıq məktəbi kimi tanınan üslub yaranmış və formalaşmışdır. Bu məktəbin təsiri ilə Yaxın Şərq ölkələrində bir sıra memarlıq kompozisiyaları yaradılmışdır.
Memar Əcəmi Naxçıvaninin əsasını qoyduğu bu memarlıq məktəbinin üslub xüsusiyyətləri Qarabağlar türbəsində, Gülüstan türbəsində, Bərdə türbəsində, Göy Günbəzdə, Qırmızı Günbəzdə, Şeyx Babı Yaqubi türbəsində, Mirəli türbəsində, Axsadan baba türbəsində, Gilan türbəsində, Duzal türbəsində, Səlim karvansarasında, Pir Hüseyn türbəsində, Nuh türbəsində, Salmas türbəsində, Göy məsciddə, Şeyx Səfi Kompleksində, Ordubad Cümə məscidində, Naxçıvan xan sarayında, Bəhnam evində, Memar Sinan əsərlərində öz əksini tapmışdır.
Naxçıvan memarlığı yalnız daş memarlıq abidələri ilə deyil, əsas inşaat materialı qırmızımtıl bişmiş və firuzeyi kaşılı kərpiclər olan abidələrlə də məşhurdur (Naxçıvan İmamzadə kompleksi, Qarabağlar türbəsi və s.). Monqol istilaları nəticəsində əvvəlki əzəmətini itirmiş, Elxani hökmdarları dövründə digər Azərbaycan şəhərləri kimi dirçəlmiş, XIV əsrin II yarısında Çobani və Cəlairi əmirləri arasındakı dağıdıcı müharibələrdən zərər çəkmiş, Qızıl Orda xanları və Əmir Teymurun yürüşləri zamanı qətl-qarətlə üzləşmiş, XVI əsrdə dəfələrlə əldən ələ keçmiş, XVII əsrdə iki dəfə ciddi dağıntılara məruz qalmış Naxçıvan əski əzəmətini, Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatındakı aparıcı rolunu itirmişdi. Hərbi-siyasi hadisələr Cuğa, Ordubad, Əylis kimi mədəni mərkəzlərə də xeyli zərər yetirmişdi. Görkəmli memarların yaratdıqları yüzlərlə qiymətli tikinti və abidə ara müharibələri zamanı dağıdılmış, dövrümüzə qədər gəlib çatmamışdır. Çox zaman bunları yaradan sənətkarların və xalq ustalarının adı belə unudulmuşdur.
XVII əsrin ikinci yarısından başlayaraq Naxçıvanın, Ordubadın, Culfanın şəhər həyatında müəyyən canlanma hiss olunur. Türk tarixçisi Övliya Çələbinin məlumatına görə, XVII əsrdə Naxçıvanda 20 min ev, 70 dini bina, 20 karvansara, 7 hamam və bazar olmuşdur. Daha sonra İmamzadə Memarlıq Kompleksi (XVI XVII əsrlər), İsmayıl xan hamamı (XVIII–XIX əsrlər), Naxçıvan xan sarayı (XIX əsr), Ordubad Cümə məscidi və Ordubad mədrəsəsi, zorxana, hamam və karvanasaralar tikilmişdir.
Naxçıvan dahi memarlar yetişdirən müqəddəs diyar olmuşdur. Bu gözəl məkanda Əcəmi Naxçıvani və Əhməd əl-Hafiz Naxçıvani ilə yanaşı, Əmirəddin Məsud Naxçıvani, Hacı Məhəmməd Nəqi, Xacə Cəmaləddin, İmamqulu Nəzərəli oğlu, Məhəmməd Təqi, Məhəmməd bəy Hacı oğlu, Şeyx Cühənna oğlu və b. görkəmli memarlar da yaşayıb yaratmışlar. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təşkilatçılığı, təşəbbüsü ilə 2008-ci ildə Naxçıvan memarlığına, buradakı memarlıq abidələrinə, dahi memarlarına dair "Naxçıvan abidələri ensiklopediyası" nəşr olunmuşdur.
Naxçıvanın tarixi memarlıq abidələri: (soldan sağa)
1. Əbrəqunis monastırı, 2. Yusif Küseyir oğlu türbəsi, 3. Əlincəçay xanəgahı |
Naxçıvan diyarı hələ qədim zamanlardan sənətkarları ilə Yaxın Şərqdə tanınmışdır. Qədim xalq sənəti sahələri olan dulusçuluq, metalişləmə, misgərlik, daşişləmə, ağacişləmə, toxuculuq, zərgərlik və s. Eneolit və İlk Tunc dövrlərindən Naxçıvanda inkişaf etmişdir. Burada əkinçiliyin və maldarlığın intensiv inkişafı sənətkarlığın təkamülünə inkişaf yaratmışdır. Mədəni tələbatın artması bəzək əşyalarının, hətta əmək alətlərinin, məişət avadanlıqlarının, silahların müəyyən hissəsinin gözəl bədii təribatla hazırlanması ilə nəticələnmişdir.
Arxeoloji qazıntılar nəticəsində qədim yaşayış yerlərindən (I Kültəpə və II Kültəpə, Sədərək, Maxta, Ovçular təpəsi, Daşarx, Şahtaxtı, Qarabağlar, Külüs, Kolanı və s.) müxtəlif əmək alətləri, məişət və bəzək əşyaları aşkara çıxarılmışdır. Arazın sol sahilində yaşamış qədim tayfaların sosial həyat tərzi, dini – ideoloji dünyagörüşləri, inamları və adət — ənənələri bu dövrün sənətkarlığında öz əksini tapmışdır.[137]
Naxçıvanın Tunc dövrü mədəniyyəti üçün səciyyəvi sayılan yüksək ustalıqla hazırlanmış bədii tərtibatlı boyalı gil qabları (bu dövrdə Naxçıvanda bir sıra xüsusiyyətləri ilə fərqlənən Boyalı Qablar mədəniyyəti təşəkkül tapmışdır), rəngarəng motivli bəzəklər, həmçinin tunc və gümüşdən nəfis zərgərlik məmulatı, qızıl bəzək əşyaları, müxtəlif minerallardan hazırlanmış muncuqlar, metal, ağac, sümük, gil və daşdan zərif sənətkarlıq əsərləri, gil və daş heykəlciklər buna parlaq sübutdur.[138]
Qədim sənətkarlığın mühüm sahəsi olan dulusçuluq Naxçıvan ərazisində e.ə. IV minillikdə yaranmışdır. Arxeoloji materiallar göstərir ki, Eneolit və Tunc dövrlərinə aid gil qablar dulus çarxlarında hazırlanmış və xüsusi kürələrdə bişirilmişdir. Dulus kürələrinin ən qədim qalıqları I Kültəpə yaşayış yerində aşkar olunmuşdur. Tunc dövrünə aid II Kültəpə yaşayış yerindən əl ilə, qismən də dulus çarxında hazırlanmış müxtəlif formalı sadə, həndəsi və nəbati naxışlar, insan, heyvan və quş təsvirləri ilə bəzədilmiş boyalı qab nümunələri tapılmışdır. Yüksək keyfiyyəti, rəngarəngliyi və çeşidli formaları ilə seçilən dulus qablarının bəzədilməsi, şüyrələnməsi, şirlənməsi xalq sənətinin mühüm sahələridir.[139]
Naxçıvan eyni zamanda dünyanınən qədim metal işləmə ocaqlarından biridir. I Kültəpənin ən qədim mədəni təbəqəsindən müxtəlif mis – mərgümüş, nikel – mərgümüş qatışığı olan alətlər və bəzək nümunələri əldə edilmişdir. Ordubad rayonunun Plovdağ nekropolundan çoxlu tunc sancaqlar, Kültəpədən tunc dövrünə aid başı ilgəkli dörd sancaq, bıçaq parçası və sair tapılmışdır. Arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılmış materiallar Naxçıvanın qədim sakinlərinin sümükdən və daşdan əmək alətləri və bəzə əşyaları hazırlamaq məharətinə malik olduqlarını göstərmişdir.[140]
Bu bölgələrdə toxuculuq peşəsinə aid daş, sümük və gil iy başlıqlarına, həmçinin, çox zərif parça qalıqlarına rast gəlinmişdir. Orta əsrlərdə misgərlik, zərgərlik, ipəkçilik, xalçaçılıq kimi sənətlər xüsusilə vüsət almış, yüksək sənətkarlıq və zövq ilə hazırlanmış müxtəlif məişət əşyaları və zərgərlik məmulatları şöhrət qazanmışdı. Bu sənətkarlıq məhsulları xarici bazarlara da ixrac edilirdi. Bədii metal ustası Osman ibn Salman Naxçıvaninin oyma naxışlarla bəzədilmiş bürünc dolçası (1190) Fransanın məşhur Luvr muzeyində sərgilənməkdədir.[141]
Erkən orta əsrlərdən başlayaraq istehsal texnikası təkmilləşmiş, ipək istehsalında ayaqla hərəkətə gətirilən təkərli mancanaqlar (baramaaçan dəzgahlar), ipək karxanalarında mütəhərrik toxucu dəzgahları tətbiq olunmuşdur. Ordubad şəhəri Azərbaycanın ipək parça istehsal edən əsas mərkəzlərindən biri idi. Culfa, Ordubad və Naxçıvanda bez istehsalı (bəzzazlıq) sənəti də geniş yayılmışdı.
Azərbaycanın qədim xalçaçılıq ənənəsinin formalaşmasında Naxçıvanın da öz rolu vardır. Orta əsrlərdə xalçaçılıq sənəti Naxçıvanda daha da inkişaf etmiş, sonrakı dövrlərdə bölgə əhalisinin məişət və iqtisadiyyatında mühüm yer tutmuşdur. X əsrə aid "Hüdud əl-aləm" kitabında Naxçıvan, Xoy və Salmas şəhərləri öz zili, xalça, bel bağı və digər şeyləri ilə məşhurlaşması qeyd olunur.[142]
Azərbaycanın xalça sənətinin inkişaf tarixində bir çox xalça məktəbləri yaranmışdır. Bu gün Naxçıvan xalça sənətinin özünəməxsus xüsusiyyətləri onu bir məktəb kimi formalaşdırıb. Naxçıvanda bu gün xalçalar fabrikada və evlərdə fərdi şəkildə istehsal olunur.
Orta əsrlərdə isə Azərbaycanda eləcə də Naxçıvanda daşyonma sənəti inkişaf edir. Daşyonma sənətinin ən gözəl nümunələri qəbirüstü abidələrdə sənduqə və qoç heykəllərində görürük. Bu qəbirüstü abidələr eyni zamanda plastik sənətin (heykəltəraşlığın) bir nümunəsidir. Qədim dövrdən fərqli olaraq orta əsrlərdə bu heykəllər kult xarakterli deyildi, yalnız xalq arasında at və qoça olan xüsusi hörmətin göstəricisi idi. Bunu 1926–1927-ci illərdə Naxçıvan və Ordubadda da olmuş rus alim V. M. Sısoyev yazılarında bu yerlərdə tez-tez daş qoç heykəllərə rast gəldiyini və insanların onlara hörmət göstərdiyini qeyd edir. Qəbirüstü abidə kimi qoçun və atın seçilməsi təsadüfi deyil. Qoçun dadlı ətindən, gözəl yunundan, dərisinəndən məşiətdə geniş şəkildə istifadə olunurdu. Türk xalqları arasında at şərəfin, qəhrəmanlığın, qoç isə qələbənin və bərəkətin simvolu olmuşdur. Dünyasını dəyişmiş şəxsin cəmiyyətdəki mövqeyni, peşəsini, kişi və ya qadın olmasında nəzərə alaraq daş qoçun üstünə müxtəlif təsvirlər həkk edilirdi. Daş qoçların üzərinə əsasən qılınc, qalxan, hana, qayçı, insan, heyvan, mərhum haqqında məlumat, müxtəlif dini və fəlsəfi fikirlər, sözlər həkk olunurdu. Onların üzərində qılıncın, qalxanın yer alması mərhumun döyüşçü, əsgər, hananın, qayçının təsviri isə xalçaçı, toxucu qadın olduğunu bildirir.
XIX ərsdə Naxçıvanda bəzi sənətkarlıq növləri zəifləsə də bir çox sənətkarlıq sahəsi inkişaf etməkdə idi. Bu dövrdə misgərlik, toxuculuq, ipəkçilik, dulusçuluq, zərgərlik və s. sənətkarlar fəaliyyət göstərməkdə idi. XIX əsrdə Naxçıvanda olmuş fransız səyyah İ. Şopen yazır: "Buradakı (Naxçıvandakı) sənətkarların əksəriyyətini toxucular təşkil edir, hər ailənin öz dəzgahı vardı ki, bu dəzgahlarda qadınlar ipdən bez toxuyur və pambıq parça hazırlayırlar". Toxuculuq və xalça sənəti ilə sıx bağlı olan boyaqçılıqda bu dövrdə fəaliyyət göstərirdi. XIX əsrin sonlarında bütün Naxçıvan qəzasında 14 boyaqxana fəaliyyət göstərmişdir. Bu baxımdan Ordubad qəzası daha yaxşı inkişaf etmişdi. Belə ki, XIX əsrin 30-cu illərində Ordubadda 8, 1863-cü ildə 5 boyaqxanın fəaliyyət göstərirdi.
XIX əsrdə Naxçıvanda inkişaf etmiş sənətkarlıqdan biri də misgərlik idi. XIX əsrin birinci yarısında Naxçıvan Azərbaycanın mis əşyaların istehsal çoxluğu ilə fərqlənən şəhərlərindən biri olaraq qalırdı. 1865-ci ildə Naxçıvan şəhərində 19, Ordubad rayonunda 42, 1867-ci ildə isə 47 nəfər misgərlik sənəti ilə məşğul olmuşdur.
Naxçıvanda təsviri sənətin kökləri qədim Gəmiqaya rəsmlərinə (e.ə. VII–I minilliklər) gedib çıxır. Bu diyarın qədim sakinlərinin dünyagörüşünü, bədii – estetik təfəkkürünü əks etdirən həmin rəsmlərdə onların təsərrüfat həyatı və məişəti əbədiləşdirilmişdir. Ərazidən tapılmış maddi mədəniyyət nümunələri, xüsusilə Əlincəçay vadisindəki Zoğala yaşayış yerindən tapılmış sütun altlıqları, orijinal tunc qrifon fiqurları (VI – VII əsrlər), Cavanşirin tunc heykəli və s. sənət əsərləri Naxçıvanda təsviri sənətin qədim tarixindən xəbər verir.
Orta əsrlərdə bütün müsəlman şərqində olduğu kimi Naxçıvanda da xəttatlıq, kitabşünaslıq və miniatür sənəti inkişaf etmişdir. Naxçıvanın məşhur sənətkarlarından Nəşəvi Həddad ibn Asim (XI əsr), İzzəddin Əbülfəzl Dövlətşah əs – Sahibi (XII əsr), Ətiq Ordubadi, Mirzə Məhəmməd Ordubadi (XVI – XVII əsrlər) və başqaları bütün Yaxın Şərqdə məşhur olmuşdu. Görkəmli şair Usta Zeynal Nəqqaş (XIX əsr) həm də məşhur nəqqaş idi.[143]
Naxçıvanda peşəkar rəssamlıq sənəti XX əsrin əvvəllərində yaranmışdır. Realist Azərbaycan rəssamlığının banisi Bəhruz Kəngərlinin əsərlərində dövrün kaloriti, öncül mövzuları əksini tapmışdır. Azərbaycan boyakarlığında mənzərə və portret janrlarının təşəkkülü onun adı ilə bağlıdır.
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım nəticəsində doğma yurdundan didərgin düşmüş insanların portretlər silsiləsi olan "Qaçqınlar" ("Qaçqın qadın", 1921-ci il, Azərbaycan Dövlət İncəsənət Muzeyi və sair əsərlər) təkcə rəssamın yaradıcılığında deyil, həm də Azərbaycan boyakarlığında əhəmiyyətli yer tutur.[144]
Bəhruz Kəngərlinin 1920-ci ildə fırçaya aldığı "Sınıq minarəli məscid" (onu "Zədələnmiş minarəli məscid" də adlandırırlar) əsəri rəssamın ən az "Qaçqınlar" silsilə rəsmləri qədər tarixi dəlildir.
Əsər zaman-zaman xalqımıza qarşı törədilən erməni vəhşiliyinin danılmaz gerçəyi olaraq kifayət qədər yaddaqalandır.
Eyni zamanda, görkəmli sənətkarın yaradıcılığı Naxçıvan memarlıq tarixinin öyrənilməsi üçün də olduqca əhəmiyyətlidir. Belə ki, rəssam Azərbaycan incəsənətinə tarixi-dini abidələrin ən yaxşı təsvirçisi kimi adını yazdırmış, bu sahəyə layiqli töhfə vermişdir. Bu mənzərələrə misal olaraq Azərbaycan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin XII əsrdə inşa etdiyi "Möminə xatun", "Yusif Küseyir oğlu" türbələri, "Naxçıvanda sınıq minarəli məscid", "İmamzadə", "Nuhun qəbri" və başqalarını göstərmək olar.
Bəhruz Kəngərlinin çəkdiyi "Nuhun qəbri" silsilə rəsmləri bu məkanın sonradan aşkarlanmasına zəmin yaradan əsas amillərdən biri olaraq bu gün də öz tarixi əhəmiyyətini qoruyub saxlamaqdadır.
Məşhur Azərbaycan və türk boyakarı İbrahim Səfi, xalq rəssamları Hüseyn Əliyev, Elmira Şahtaxtinskaya, Cəmil Müfidzadə, əməkdar incəsənət xadimi Əyyub Hüseynov, AMEA-nın müxbir üzvü Kərim Kərimov, sənətşünas Cəmilə Novruzova və başqaları bu torpağın yetirmələridir.
Əməkdar incəsənət xadimləri Şamil Qazıyev, Əyyub Fətəliyev, Məmməd Qasımov isə əsasən teatr rəssamları kimi tanınmışdırlar. Şamil Qazıyevin "Çoban" portreti Tretyakov qalereyasında (Moskva) sərgilənməkdədir (1931).
Rəngkarlar Yuran Məmmədov, Şəmil Mustafayev, Sabir Qədimov, Abuzər Qardaşbəyov, Mir Cəlil Seyidov, Məmməd Şirzadov, Telman Abdinov, Məhəmmədəli Ələkbərov, Aydın Rəcəbov, Əbülfəz Axundov, Əli Səfərli və heykəltaraşlar Akif Əsgərov, Hüseynqulu Əliyev, Elman Cəfərov və başqaları da bir sıra uğurlu əsərlər yaratmışlar.
Naxçıvanda yaradıcılıq fəaliyyəti ilə məşğul olan hər bir rəssamın özünəməxsus üslubu, texnikası var. Şüphəsiz ki, Naxçıvan rəssamlarının bu sahədə əldə etdiyi nailiyyətlər uzun illəri əhatə edən yaradıcılıq axtarışlarının nəticəsi olaraq ortaya çıxıb. Naxçıvanda yaşayıb-yaradan rəssamların müxtəlif dövlət təltifləri ilə mükafatlandırılması, o cümlədən xalq rəssamı və digər mötəbər adlara layiq görülməsi ümummilli lider Heydər Əliyevin bu sahəyə verdiyi böyük qiymətin təzahürüdür. Ulu öndərimiz Naxçıvan rəssamlıq sənətinin inkişafı üçün bir sıra tarixi əhəmiyyətli qərarlara imza atmışdır. Məhz onun təşəbbüsü ilə 1971-ci ildə Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatı fəaliyyətə başlamışdır.
Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatının ilk sədri Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Məmməd Qasımov olmuşdur. Müxtəlif illərdə Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatının sədri vəzifəsində muxtar respublikanın tanınmış rəssamları – Şəmil Mustafayev (1971–1976), Abuzər Qardaşbəyov (1976–1987), Mircəlil Seyidov (1987–1989), Babək Abazərli (1989–2000) çalışmışlar. 2000-ci ildə təşkilatın Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə çevrilməsi Naxçıvanlı rəssamların daha böyük nailiyyətlər əldə etməsinə imkan yaratmışdır. Birliyin sədri vəzifəsinə Azərbaycan Respublikasının əməkdar rəssamı Hüseynqulu Əliyev (sonralar xalq rəssamı) seçilmişdir (2000–2011). 15 fevral 2001-ci ildə Naxçıvan Rəssamlar Birliyinin Sərgi Salonuna Bəhruz Kəngərlinin adı verilmişdir. 2011-ci ildə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva Naxçıvan Rəssamlar Birliyinin sədri seçilmişdir.
2022-ci ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən hazırlanan ensiklopediya naxçıvanlı rəssamların yaradıcılığından, Naxçıvanda rəssamlıq sənətinin inkişafından bəhs edən dəyərli nəşrdir. Ensiklopediyada Naxçıvan rəssamlıq məktəbinin üslub xüsusiyyətləri, bu məktəbə aid hər bir nailiyyət Naxçıvan rəssamlarının simasında xronoloji şəkildə sıralanır. Ensiklopediyada Bəhruz Kəngərli, İbrahim Safi kimi rəssamlarla yanaşı, müxtəlif janrlarda sənət əsərləri yaradan istedadlı rəssamlara, hətta yaradıcılıq yollarına yenicə qədəm qoyan, lakin böyük gələcək vəd edən gənc rəssamlara da yer ayrılıb.
Naxçıvanda meydan teatrı və şəbeh tamaşaları formasında teatr sənəti hələ qədim dövrdən mövcud olmuşdur. Peşəkar teatrın isə 140 yaşı var.
1882-ci ildə tanınmış ziyalı E. Sultanovun təşəbbüsü ilə Naxçıvanda "Ziyalı məclisi" (1882), "Naxçıvan müsəlman şiə incəsənəti və dram cəmiyyəti" (1883) yaradılmışdı. Cəmiyyət üzvlərinin və müəllimlərin iştirakı ilə həmin ildə M. F. Axundovun "Müsyo Jordan və dərviş Məstəli şah" komediyası oynanıldı. Bu tamaşa ilə Naxçıvan teatrının əsası qoyuldu.[145]
Eynəli bəy Sultanovun "Tatarka" ("Azərbaycan qızı") pyesi 1884-cü ildə oynanılmışdır. Cəmiyyət və məclis üzvlərinin təşəbbüsü ilə 12 avqust 1886-cı ildə mütərəqqi ziyalılardan Hacı Nəcəf Zeynalovun Naxçıvanın Zaviyə məhəlləsindəki evində M. F. Axundovun "Müsyo Jordan və dərviş Məstəli şah" komediyası yenidən oynanıldı. Naxçıvan teatrının təşəkkülündə Eynəli bəy Sultanovla yanaşı C. Məmmədquluzadə, M. T. Sidqi, Q. Şərifov, Ə. Sultanov, M. C. Şürbi, sonralar isə B. Naxçıvani, R. Təhmasib, Ə. Qəmküsar, R. İsfəndiyarlı və başqalarının da rolu olmuşdur.[146]
Azərbaycan teatrının müqtədir ustadları Hüseyn Ərəblinski, Mirzəağa Əliyev, Mərziyyə Davudova və Sidqi Ruhullanın tez-tez Naxçıvana gələrək, yerli aktyor və rejissorlarla birgə tamaşalar göstərməsi, Naxçıvan teatrının peşəkarlıq səviyyəsinin artmasına və püxtələşməsinə güclü təsir göstərmişdir. XX əsrin 20-ci illərindən Naxçıvan teatrı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu dövrdə Naxçıvan aktyorları vahid truppada birləşdi. 1922-ci ildə Naxçıvan şəhərində Naxçıvan Dövlət Dram Teatrı yaradıldı.[147]
H. Cavid və C. Cabbarlının pyeslərinin tamaşaya qoyulması Naxçıvan teatrına yeni ab-hava gətirdi. Teatr sonrakı dövrdə M. F. Axundov adına Naxçıvan Dövlət Dram Teatrı (1938), daha sonralar C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı (1965) adını daşımağa başladı. Naxçıvan teatrının yeni binası (1964) istifadəyə verildi. Naxçıvan teatrının 100 illik yubileyi 1987-ci ilin 13 iyununda keçirildi.
Azərbaycan hökumətinin 14 sentyabr 1989-cu il tarixli qərarı ilə uşaq və yeniyetmələrin milli-mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyəsini gücləndirmək, dünyagörüşünü formalaşdırmaq məqsədilə Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 4 oktyabr 2006-cı il tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Uşaq Teatrı yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci ilin 31 yanvarında Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyinin keçirilməsi haqqında Sərəncam verib. Teatrın yubileyi 27 sentyabr 2008-ci il tarixdə təntənə ilə qeyd olunub.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 aprel tarixli Qərarı ilə C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına "Milli" status verilib.
Naxçıvan teatrı yarandığı ilk gündən daim yüksək ideyalılıq, hümanist, bəşəri duyğular, həm də xəlqilik mövqeyindən çıxış etmiş, milli klassik və müasr dramaturgiyamızın, eləcə də dünya dramaturgiyasının ən dəyərli əsərlərini nümayiş etdirməklə, görkəmli aktyor, rejissor, rəssam, bəstəkar kadrların ərsəyə gəlməsinə nail olmuşdur.
Naxçıvan diyarında ta qədimdən həm xalq musiqisi, həm də klassik musiqi (muğam) yanaşı şəkildə yayılmışdı. Musiqi mədəniyyətinin inkişafında xalq yaradıcılığının – xalq mahnı və rəqs havalarının, aşıq sənətinin mühüm rolu olmuşdur. Mövsüm və mərasimlərlə (üzərliksalma, xan bəzəmə, cangülüm, duvaqqapma və s.), əmək fəaliyyəti ilə bağlı nəğmələr (qodu-qodu, sayaçı sözləri, xırman nəğmələri) Naxçıvanın musiqi folklorunun qədim nümunələridir.
Xalq mahnıları, habelə, toy mərasimi ilə bağlı haxıştalar, gülümeylər, rəqs havaları, xüsusilə xalq yaradıcılığının sintetik janrı, vokal və instrumental musiqini özündə birləşdirən yallı və yallıbaşı mahnılar (bu sahədə Şərur bölgəsi seçilir) geniş yayılmışdı. Xalq yaradıcılığında özünəməxsus yeri olan aşıq sənəti, əsasən, Şərur və Şahbuz bölgələrində yayılmış və inkişaf etmişdir.
Peşəkar klassik musiqi – muğam ifaçılığı, xanəndəlik isə əsasən, Ordubad və Naxçıvanda yayılmışdı. Məşhur çalğıçı Muradağa Naxçıvanlı Osmanlı sultanı IV Muradın saray musiqiçisi kimi fəaliyyət göstərmişdir.
XIX əsrin sonu – XX əsrin əvvəllərindən Naxçıvanda da müasir musiqi formalarına maraq artdı. Həmin dövrdə bu bölgədə dramatik və musiqili teatr yarandı, açıq konsertlər təşkil edilməyə başlanıldı.
XX əsrin 20-ci illərindən başlayaraq Naxçıvan şəhərinin mərkəzi istirahət parkında nəfəsli alətlər orkestrı və Şərq üçlüyü konsertlər verirdi. Sonralar onları xalq çalğı alətləri ansamblı əvəz etdi.
1937-ci ildə Ü. Hacıbəylinin təşəbbüsü ilə Naxçıvanda musiqi məktəbi (indiki musiqi texnikumu) açıldı, dahi bəstəkar məktəbə notlar bə "Berlin" markalı piano hədiyyə etmişdi. XX əsrin 50-ci illərindən başlayaraq muxtar respublikada musiqi mədəniyyətinin inkişafı yeni vüsət aldı.
Naxçıvan musiqi məktəbinin yetirmələri təhsillərini Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyasında) davam etdirirdilər. 1958-ci ildə Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblı (1983-cü ildən Naxçıvan Dövlət Filarmoniyası) yaradıldı. Filarmoniyada instrumental ansambl, xalq çalğı alətləri orkestrı, simfonik heyət, rəqs kollektivi fəaliyyət göstərir.
1978-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan Təşkilatı yaradılmışdır. 2008-ci il iyul ayının 29-da isə Naxçıvan Bəstəkarlar Təşkilatının 30 illik yubileyi təntənə ilə qeyd olunmuşdur.
1994-cü ildən Naxçıvan Dövlət Universitetində musiqi ixtisası üzrə mütəxəssislərin hazırlanmasına başlanıldı. 1998-ci ildə universitetin incəsənət fakültəsi nəzdində konservatoriya açılmışdır.
ATĀBAKĀN-E ĀḎARBĀYJĀN, an influential family of military slave origin, also called Ildegozids, ruled parts of Arrān and Azerbaijan from about 530/1135–36 to 622/1225; as "Great Atābaks" (atābakān-e aʿẓam) of the Saljuq sultans of Persian Iraq (western Iran), they effectively controlled the sultans from 555/1160 to 587/1181; in their third phase they were again local rulers in Arrān and Azerbaijan until the territories which had not already been lost to the Georgians, were seized by Jalāl-al-dīn Ḵᵛārazmšāh in 622/1225.