Zamin Vahid oğlu Rəhimov (21 aprel 1988; Məzrə, Cəbrayıl rayonu, Azərbaycan — 8 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Zamin Rəhimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Məzrə, Cəbrayıl rayonu, Azərbaycan |
Vəfat tarixi | (32 yaşında) |
Vəfat yeri | Cəbrayıl rayonu, Azərbaycan |
Dəfn yeri | Biləcəri, Binəqədi rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Vahid Rəhimov |
Təhsili | orta |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2006—2008 / 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi |
Təltifləri |
Zamin Rəhimov 21 aprel 1988-ci ildə Cəbrayıl rayonunun Məzrə kəndində anadan olmuşdur.[1] 1993-cü ilin 23 avqust tarixində Cəbrayıl rayonu erməni hərbi birləşmələri tərəfindən işğal edildiyi üçün Zamin Rəhimov ailəsi ilə birgə Biləsuvar rayonuna köçmüşdür. 1995-ci ildə Biləsuvar rayonunda orta təhsil almağa başlamışdır. Sonra ailəsi ilə birgə Bakı şəhərinə köçmüşdür. Orta təhsilini 2006-cı ildə Ə. Veysəlov adına Cəbrayıl rayon Sirik kənd tam orta məktəbdə başa vurmuşdur. Şuşa Musiqi Texnikumunda "Qarmon" ixtisası üzrə təhsilini davam etdirmişdir. Təhsilini başa vurduqdan sonra 2012-ci ildən Cəbrayıl rayon Mahmudlu kənd Uşaq Musiqi Məktəbində qarmon müəllimi kimi fəaliyyətə başlamışdır. 2017-ci ilin 24 aprel tarixində Leyla adlı xanımla ailə həyatı qurmuş və bu evlilikdən 2018-ci ilin 1 sentyabr tarixində bir qız övladı dünyaya gəlmişdir.
Zamin Rəhimov 2006-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Şəmkir rayonunda yerləşən "N" saylı hərbi hissələrin birində rabitə üzrə hərbi xidmət keçməyə başlamışdır. 2008-ci ildə hərbi xidmətini başa vuraraq mülki fəaliyyətinə davam etmişdir.
16 iyul 2020-ci il tarixdə Ermənistan hərbi birləşmələrinin Tovuz rayonunda başlatdığı təxribatlar zamanı Zamin Rəhimov könüllü olaraq orduya yazılmış və Azərbaycan Respublikası Prezidentinin 28.09.2020-ci il tarixli Sərəncamına və Azərbaycan Respublikasında Səfərbərlik hazırlığı və Səfərbərlik haqqında Qanuna əsasən 1 oktyabr 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsi tərəfindən qismən səfərbərliyə cəlb edilmiş və həmin gündən İkinci Qarabağ müharibəsində iştirak etməyə başlamışdır.
Azərbaycan Ordusunun əsgəri olan Zamin Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Zamin Rəhimov 8 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 1 gün sonra nəşi Binəqədi rayonunun Biləcəri qəsəbəsində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamin Rəhimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zamin Rəhimov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zamin Rəhimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zamin Rəhimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]