Tural Arif oğlu Rəhimov (1 yanvar 1993; Cəlilabad rayonu, Azərbaycan — 22 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Tural Rəhimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Cəlilabad rayonu, Azərbaycan |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Qubadlı rayonu, Azərbaycan |
Dəfn yeri | Cəlilabad rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2014—2018 / 2020 |
Rütbəsi | Leytenant |
Döyüşlər |
Aprel döyüşləri İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Qubadlının azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Tural Rəhimov 1993-cü il yanvarın 1-də Cəlilabad rayonunun Söyüdlü kəndində anadan olub. Əslən Lerik rayonunun Orand kəndindəndir.[1] 1999-2003-cü illərdə Söyüdlü kənd tam orta məktəbində, 2003-2008-ci illərdə Muğan kənd tam orta məktəbində, 2008-2010-cu illərdə isə Cəlilabad şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2010-2014-cü illərdə Lənkəran Dövlət Universitetində (LDU) "Kimya-biologiya" ixtisası üzrə ali təhsil alıb. 2016-cı ildən müəllim olaraq çalışırdı. Ailəli idi. Bir övladı yadigar qaldı.
Tural Rəhimov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduğdan sonra isə 2015-2018-ci illərdə Azərbaycan Ordusunun sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə olub və "leytenant" hərbi rütbəsi alıb. 2016-cı il aprelin 1-də məzuniyyətə göndərilsə də, 2-5 apreldə baş verən Aprel döyüşlərinin başlaması ilə hərbi hissəyə geri dönən Tural Rəhimov, Aprel döyüşlərində savaşdı.
Azərbaycan Ordusunun leytenantı olan Tural Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Rəhimov oktyabrın 22-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Rəhimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Rəhimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Rəhimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[4]