Kənan Sadıq oğlu Süleymanlı (30 yanvar 1991; Bakı, Azərbaycan — 9 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Kənan Süleymanlı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (29 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Dəfn yeri | II Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2020 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri |
Kənan Süleymanlı 30 yanvar 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur.[1] Əslən Qərbi Azərbaycanın Zəngibasar rayonunun Rəncbər kəndindəndir. Orta təhsilini Bakı şəhər 94 saylı tam orta məktəbdə bitirmişdir. Azərbaycan Kooperasiya Universitetində ali təhsil almışdır. Subay idi.
Kənan Süleymanlı bir müddət Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində zabitlik kursu keçmişdir. Kursu başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsi ilə xidmət etmişdir.[2] Xidmətini başa vurduqdan sonra ehtiyatda olan zabit kimi ordudan tərxis olmuş, mülki fəaliyyətini davam etdirmişdir.[3]
Azərbaycan Ordusunun leytenantı olan Kənan Süleymanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü ehtiyatda olan zabit kimi iştirak etmişdir.[4] Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur[5]. Kənan Süleymanlı 9 noyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində Üçtəpə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Şəhid olduğu 21 noyabr tarixində müəyyənləşmiş, nəşi II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Süleymanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamına əsasən Kənan Süleymanlı ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.[7]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Süleymanlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Süleymanlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[9]
İkinci Qarabağ müharibəsində vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021 - ci il tarixli Sərəncamına əsasən Kənan Süleymanlı ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi .[10]