Babək Meyvəddin oğlu Ramaldanov (9 avqust 1982, Bakı – 16 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Babək Ramaldanov | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | Şahin |
Doğum tarixi | 9 avqust 1982 |
Doğum yeri | |
Vəfat tarixi | 16 oktyabr 2020 (38 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Uşaqları | Ramaldan, Süleyman |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2000–2020 |
Rütbəsi | Polkovnik-leytenant |
Komandanlıq edib | Hərbi Hissənin Qərargah Rəisi |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi |
Təltifləri |
|
Babək Ramaldanov 1982-ci il avqustun 9-da Bakı şəhərində anadan olub.[1] Əslən Qusar rayonundan idi. Milliyyətcə ləzgi idi. 1989–1996-ci illərdə Xətai rayonunda 59 nömrəli tam orta məktəbdə, 1996–1999-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1999–2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, 2017–2019-cu illərdə isə Rusiya Silahlı Qüvvələrinin Ümumqoşun Liseyində ali hərbi təhsil alıb. Ailəli idi. Ramaldan və Süleyman adında 2 oğlu yadigar qaldı. Onun dayısı — Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Qarabağ müharibəsinin qazisi Şair Ramaldanovdur.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Babək Ramaldanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Babək Ramaldanov oktyabrın 16-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Ramaldanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Ramaldanov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[3]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Ramaldanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Babək Ramaldanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]