Faiq Hüseyn oğlu Həsənov (28 iyul 1990, Bakı – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Faiq Həsənov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 iyul 1990(1990-07-28) |
Doğum yeri | |
Vəfat tarixi | 5 oktyabr 2020(2020-10-05) (30 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Daxili İşlər Nazirliyi |
Qoşun növü | Daxili Qoşunlar |
Xidmət illəri | 2020-ci ildən |
Rütbəsi | Gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 |
Faiq Həsənov 1990-cı il iyulun 28-də Bakı şəhərində anadan olub. Hüseyn Həsənov və Yeganə Həsənovanın qurduğu ailənin böyük övladı idi. Onun iki bacısı, bir qardaşı var. Faiq paytaxtın Səbail rayonunda yerləşən Osman Mirzəyev adına 190 saylı tam orta məktəbi bitirib. Həmin məktəbdə, yaşadığı məhəllədə, birgə məşq etdiyi və yarışdığı idmançılar arasında keyfiyyətlərinə görə özünə şəxsi hörmət qazanmışdır. Yeniyetməlik yaşlarından idmana həvəslə yanaşıb, fiziki hazırlığına daim diqqət yetirib. Yunan-Roma güləşi üzrə Bakı şəhəri birinciliyi uğrunda yarışlarda qalib yerləri tutub. Bununla yanaşı "Şahin " hərbi-idman oyunlarında da iştirak edərək, müvafiq dərəcəli diplomlarla mükafatlandırılıb.2008–2012-ci illərdə Faiq Mingəçevir Politexnik İnstitutunda (hazırda Mingəçevir Dövlət Universiteti) ali təhsil alıb. Burada iqtisadiyyatın tənzimlənməsi ixtisasına yiyələnib. 2012–2013-cü illərdə Faiq Həsənov Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Həmin vaxtdan etibarən gələcək həyatını iqtisadçı peşəsinə deyil, hərbi xidmətə bağlamaq fikirlərini yaxınları ilə bölüşüb. 2015-ci ilin avqust ayında Faiq Daxili Qoşunların sıralarına hərbi xidmətə qəbul edilib.[1][2]
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Faiq Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Faiq Həsənov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Həsənov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]