Əmrah Rəcəbov (11 dekabr 2000, Gəncə – 8 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Əmrah Rəcəbov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 dekabr 2000(2000-12-11) |
Doğum yeri | |
Vəfat tarixi | 8 oktyabr 2020(2020-10-08) (19 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzuli əməliyyatı |
Təltifləri | 2020 |
Əmrah Rəcəbov 11 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur.[1] Kiçik yaşlarında atasını itirmişdir. Anası tərəfindən Gəncə şəhərində yerləşən internat tipli məktəbə verilmişdir.
Orta təhsilini Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbində alır. Gəncə İnternat məktəbindən məzun olduqdan sonra, dövlət tərəfindən Masazır məzunlar evindən ev hədiyyə olunur. 2019-cu ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmət keçmək üçün orduya çağrılmışdır.
Xidməti fəaliyyətini Beyləqan rayonunu N saylı hərbi hissəsində icra etmişdir. 2020-ci ilin 27 sentyabr tarixində İkinci Qarabağ müharibəsinin başlmasından sonra Füzuli əməliyyatına cəlb olunmuş və Füzuli rayon mərkəzinin azad edilməsi uğrunda aparılan şiddətli döyüşlərdə iştirak etmişdir.
Əmrah Rəcəbov 2020-ci ilin 8 oktyabr tarixində Füzuli əməliyyatının gedişatında yaralanmış əsgər yoldaşını, döyüş mövqeyindən çıxartmağa çalışarkən yaxınlığına düşən mərmi nəticəsində həlak olmuşdur. Uzun müddət itkin olaraq axtarılan Əmrah Rəcəbovun nəşi 23 fevral 2021-ci ildə tapılmış və Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Rəcəbov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[2]