Əhməd Anar oğlu Əhmədli (20 yanvar 2001; Poladtuğay, Sabirabad — 3 oktyabr 2020; Kəlbəcər rayonu) — Azərbaycan Quru Qoşunlarının müddətli həqiqi hərbi xidmət qulluqçusu, əsgər. İkinci Qarabağ müharibəsinin iştirakçısı və şəhidi.
Əhməd Əhmədli | |
---|---|
Əhməd Anar oğlu Əhmədli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Poladtuğay, Sabirabad, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Kəlbəcər rayonu, Azərbaycan |
Dəfn yeri | Poladtuğay, Sabirabad, Azərbaycan |
Dəfn tarixi | 6 yanvar 2021 |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Anar Əhmədov |
Anası | Güləbətin Əhmədova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Hərbi hissə | Goranboy rayonu |
Xidmət illəri | 2019—2020 |
Rütbəsi | Əsgər |
Vəzifəsi | Atıcı |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri • Madagizin azad edilməsi |
Təltifləri | 2020 |
Əhməd Əhmədli 2001-ci il yanvarın 20-də Sabirabad rayonunun Poladtuğay kəndində Anar bəy və Güləbətin xanımın ailəsində anadan olub. 2007-ci ildə Salyan rayonu Azad İbadov adına Pambıqkənd kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olan Əhməd Əhmədli, daha sonra təhsilini Sabirabad rayonu Mahir İsmayılov adına Poladtuğay kənd tam orta məktəbində davam etdirib və 2018-ci ildə elə həmin məktəbdən də məzun olub.
2019-cu il yanvarın 6-da, 18 yaşının tamam olmasına 14 gün qalmış Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərildi. Hərbi xidmətini Quru Qoşunlarının Goranboy rayonunda yerləşən hərbi hissəsində atıcı vəzifəsində keçirdi.
Azərbaycan Ordusunun əsgəri olan Əhməd Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ, Suqovuşan və Talış döyüşlərində savaşıb. Əhməd Əhmədli oktyabrın 3-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşinin tapılmaması səbəbindən uzun müddət itkin düşmüş hesab edilib. Şəhid olduqdan 3 ay 3 gün sonra Sabirabad rayonunun Poladtuğay kənd məzarlığında dəfn edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Əhməd Əhmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.