Güloğlan Nurəddin oğlu Qədimov (18 iyul 1997, Qıvraq, Naxçıvan Muxtar Respublikası – 27 sentyabr 2020 (30 sentyabr)) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Güloğlan Qədimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (23 yaşında) |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2014—2020 |
Rütbəsi | Leytenant |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 2020 |
Güloğlan Qədimov 1997-ci il iyulun 18-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olmuşdur.[1] 2003-2011-ci ildə Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbində, 2011-2014-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil almışdır. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil almışdır.
Güloğlan Qədimov 2018-ci ildə ali hərbi məktəbi "motoatıcı" ixtisası ilə bitirmiş və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsi ilə xidmətə başlamışdır. Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.
Azərbaycan Ordusunun leytenantı olan Güloğlan Qədimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Güloğlan Qədimov sentyabrın 30-da şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Dekabrın 12-də Kəngərli rayon Qıvraq qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Güloğlan Qədimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Güloğlan Qədimov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]