Mirsədi Mircəfər oğlu Bağırlı (12 iyun 2000; Tərtər, Azərbaycan — 10 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Mirsədi Bağırlı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tərtər, Azərbaycan |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Cəbrayıl rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Sərhəd Qoşunları |
Hərbi hissə | Çevik Hərəkat Dəstəsi |
Xidmət illəri | 2018—2020 |
Rütbəsi | K/gizir |
Döyüşlər | |
Təltifləri |
Mirsədi Bağırlı 2000-ci il iyunun 12-də Tərtər şəhərində anadan olub.[1] 2006-2015-ci illərdə Kəlbəcər rayonunun 66 nömrəli tam orta məktəbində təhsil alıb. 2015-2018-ci illərdə isə Bərdə Peşə Liseyində "təmirçi çilingər və avtomobil sürücüsü" ixtisası üzrə təhsil alıb. Subay idi.
Mirsədi Bağırlı 2018-ci ildə Tərtər Hərbi Komisarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Dövlət Sərhəd Xidmətinin əvvəlcə Zaqatala rayonunda, sonra isə Xızı rayonunda yerləşən "N" saylı hərbi xidmət edib. 2019-cu ildə Dövlət Sərhəd Xidmətinin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsində Gizir Kurslarında təhsil alıb. 2020-ci il yanvarın 28-dən "gizir" hərbi rütbəsində hərbi xidmətini başa vurub. 2020-ci il martın 30-dan isə Dövlət Sərhəd Xidmətinin Xızı rayonunda yerləşən "N" saylı hərbi hissəsində ÇHD-nın xüsusi təyinatlı qrupunun sıralarında snayperçi olaraq müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb.
Mirsədi Bağırlı 2020-ci ilin 17-18 avqustunda Azərbaycan–Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində Babaqar dağı istiqamətində gedən hərbi əməliyyatda savaşıb. Həmin əməliyyat nəticəsində Dövlət Sərhəd Xidmətinin mövqelərinin 1700 metr irəliyə gəlməsinə nail olunub.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Mirsədi Bağırlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı əvvəlcə Kəlbəcər istiqamətində, sonra isə Hadrutun və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirsədi Bağırlı oktyabrın 10-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirsədi Bağırlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirsədi Bağırlı ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirsədi Bağırlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]