Arif İsmayıl oğlu Qeybiyev (6 iyun 1997, Səncərədi, Astara rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Kros qaçışı üzrə üçqat Azərbaycan Çempionu, Atletika üzrə gənclər arasında Azərbaycan çempionu, Avropa Olimpiya təsnifat yarışlarının iştirakçısı, Yeniyetmələr arasında Respublika Birinciliyinin qalibi, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi.[1][2]
Arif Qeybiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Arif İsmayıl oğlu Qeybiyev |
Doğum tarixi | 6 iyun 1997 |
Doğum yeri | |
Vəfat tarixi | 27 sentyabr 2020 (23 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Həyat yoldaşı | İranə Qeybiyeva |
Uşağı | Gülnur Qeybiyeva |
Atası | İsmayıl Abidinov |
Anası | Rəna Qeybiyeva |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2016–2020 |
Rütbəsi | Əsgər |
Vəzifəsi | Tankçı |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri |
Arif Qeybiyev 1997-ci il iyunun 6-da Astara rayonunun Səncərədi kəndində anadan olub. 2002-ci ildə E. Ağayev adına Səncərədi kənd tam orta məktəbinə daxil olmuşdur. 2012–2016-cı illərdə Astara Pedaqoji Kollecinin idman fakültəsində orta ixtisas təhsili alıb.
Ailəli idi, Gülnur adında 1 qız övladı yadigar qaldı.
Arif Qeybiyev orta məktəb dövründə idmanın atletika növü ilə məşğul olub. Rayon və ölkə üzrə yarışlarda ilk üçlüyə düşüb. Bundan başqa atletika üzrə 50-dən çox diplomu var, onlardan 30-u birincilik üzrədir. 2015 Avropa Oyunlarının iştirakçısı olub. Tarixi İpək yolu üzərində yerləşən qədim Astarada alovqoruyanların müşayəti ilə keçirilən məşəl yürüşündə Arif Qeybiyev də iştirak etmişdir.[3][4][5][6][7][8][9][10]
Arif Qeybiyev 2016-cı ilin iyul ayında Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İlk xidmət yeri Bakı şəhərində Daxili İşlər Nazirliyinin Daxili Qoşunları olsa da, daha sonra xidmətini Naxçıvan Muxtar Respublikasında xüsusi təyinatlıların bölüyündə davam etdirmişdir. Hərbi xidməti müddətində 2 dəfə tərifnamə ilə təltif olunub. Hərbi xidmətini 2018-ci ilin yanvar ayında başa vurub. Ordu sıralarında xidmət etmək üçün 3 dəfə sənəd verib, lakin qəbul olmayıb. Ancaq 4-cü dəfə sənəd verərkən istəyinə nail olmuşdur. 2018-ci ilin oktyabr ayında hərbi kursa çağırıldı. 2019-cu ilin yanvar ayında Ağcabədi rayonunda yerləşən hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq tankçı kimi xidmət etməyə başlamışdır. 2019-cu ilin avqust ayında təyinatı Füzuli rayonunda yerləşən hərbi hissəyə verilir və şəhadətinə qədər xidmətini orada davam etdirir.
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, tankçı Arif Qeybiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 27-də Füzulinin azad edilməsində Arif Qeybiyevin dostu, tankçı Mirrahil Teymurlunun tankı minaya düşür və Arif öz tankından düşüb 100–200 metr aralıda olan dostunun tankına çatıb dostunu xilas etmək istəyərkən erməni snayperinin gülləsinə tuş gəlir və şəhid olur.[11] Astara rayonunun Ərçivan qəsəbəsində dəfn olunub.[2][12][13][14][15][16][17][18][19]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Qeybiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Qeybiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Qeybiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Arif Qeybiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.