Şahlar Nüsrət oğlu Nağıyev (31 dekabr 1987; Gəncə, Azərbaycan — 2 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Şahlar Nağıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan |
Vəfat tarixi | (32 yaşında) |
Vəfat yeri | Suqovuşan, Tərtər rayonu, Azərbaycan |
Dəfn yeri | Gəncə Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Nüsrət Nağıyev |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2006—2007 / 2014—2020 |
Rütbəsi | Əsgər |
Vəzifəsi | atıcı |
Döyüşlər | |
Təltifləri |
Şahlar Nağıyev 31 dekabr 1987-ci ildə Gəncə şəhərində Nüsrət Nağıyevin ailəsində anadan olmuşdur.[1] 1995-2006-cı illərdə Gəncə şəhər 24 nömrəli tam orta məktəbdə təhsil almışdır. Ailəli idi, 2 övladı yadigar qaldı.
Şahlar Nağıyev 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon üzrə Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2014-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Şahlar Nağıyev müddətdən artıq həqiqi hərbi xidmət edirdi. O, döyüşlərdə atıcı olaraq vuruşmuşdur. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.
Döyüşlərdən sonra Şahlar Nağıyev hərbi xidmətinə davam etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Şahlar Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şahlar Nağıyev 2 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahlar Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahlar Nağıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahlar Nağıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]