Elməddin Fərman oğlu Hüseynzadə (24 mart 1998; Divanlı, Bərdə rayonu, Azərbaycan — 29 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Elməddin Hüseynzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Divanlı, Bərdə rayonu, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Suqovuşan, Tərtər rayonu, Azərbaycan |
Dəfn yeri | Bərdə Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Fərman Hüseynzadə |
Anası | Arzu Hüseynzadə |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2016—2018 / 2020 |
Rütbəsi | Əsgər |
Vəzifəsi | atıcı |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Elməddin Hüseynzadə 24 mart 1998-ci ildə Bərdə rayonunun Divanlı kəndində Fərman və Arzu Hüseynzadələrin ailəsində anadan olmuşdur. 2004-2015-ci illərdə Bərdə şəhər 1 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi.
Elməddin Hüseynzadə 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə şəhər üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2018-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. Bir müddət mülki fəaliyyət göstərdikdən sonra yenidən hərbi xidmətini müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq davam etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Elməddin Hüseynzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elməddin Hüseynzadə 29 sentyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Bərdə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Hüseynzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[1]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Hüseynzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Hüseynzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]