Mirzəyev Elyar Cəlal oğlu (6 sentyabr 1984, Bahar - 14.10.2020, Hadrut) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu, əsgər, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Şəhid Mirzəyev Elyar | |
---|---|
Mirzəyev Elyar Cəlal oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bahar, Beyləqan rayonu |
Vəfat tarixi | (36 yaşında) |
Vəfat yeri | Hadrut |
Dəfn yeri | Bahar, Beyləqan rayonu |
Vətəndaşlığı | Azərbaycanlı |
Uşağı | 2 övladı var |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Xüsusi təyinatlı Həmlə taboru |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Ağoğlan döyüşləri |
Təltifləri |
Elyar Mirzəyev 1984-cü il senytabrın 6-da Beyləqan rayonunun Bahar qəsəbəsində dünyaya gəlib. O, 1990-cı ilə Sərdar İmrəliyev adına Bahar tam orta məktbin 1-ci sinfinə daxil olub. Uşaqlıqdan futbola xüsusi marağı və həvəsi olan Elyar oxuduğu illər ərzində Bahar futbol komandasında çıxış edib. Elyarın kapitanı olduğu komanda məktəblilər arasında keçirilən çempionatlarda birincilik qazanıb. 2001-ci ildə məktəbi bitirən Elyar artıq professional futbolçu kimi tək Beyləqanda yox, ölkə futbolunda da tanınan sima idi. O, bir neçə futbol klubundan təklif alsa da, hərbi xidmətə getməyi seçir.
Əsgər Mirzəyev xidməti ərzində də futboldan ayrılmayıb, o, Ədliyyə nazirliyinin "Ədliyyə" futbol klubunda futbolu davam etdirib. Hərbi xidməti başa vurduqdan sonra 2004-cü ilin aprelindən Bakının "Bakılı" futbol klubunda çıxış edib. Sonra ailə qurması ilə əlaqədar olaraq rayona qayıdıb xırda bizneslə məşğul olan Elyar həm də Beyləqanın "Mil" komandasında oynayıb. O, 2006-2007-ci illərdə "Mil" futbol klubunun tərkibində Respublika həvəskarlar liqasında Azərbaycan çempionu olub, eyni zamanda ölkə kubokunu qazanıb. Bir müddətdən sonra yenidən Bakıya qayıdaraq EKOL MFK-da (mini futbol klubu) məşqlər keçib, sonra yenidən rayona gəlib. Hərbi xidməti dövründə də futbol karyerısanı davam etdirən Elyar 2019-cu ildə Gəncədə keçirilən Azərbaycan Silahlı Qüvvələrinin futbol üzrə ordu çempionatında ikinci ordu korpusunun komandası tərkibində ordu çempionu olub.
Elyar ailəlidir, 2 övladı var, oğlu Əşrəf 2005-ci ilin iyulun 21-də, futbolçu olub atasının yolunu davam etdirmək istəyən qızı Xanım isə 2006-cı ilin noyabrın 3-də anadan olub.
2002-ci ilin oktyabrın 10-da Beyləqan rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Elyar Ədliyyə Nazirliyinin Penitensiar xidmətində hərbi xidmətdə olub. Sonradan 2016-cı ildə isə ailə üzvlərinə xəbər vermədən sənədlərini "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı" kursuna verir. Kursu uğurla bitirən Elyar Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissənin "Həmlə" taborunda pulemyotçu kimi xidmətə başlayıb. Yaxınlarının sözlərinə görə, Elyarın hərb sənətinə uşaqlıqdan xüsusi marağı olub. Lakin o, evin tək uşağı olduğuna görə, hərbçi olmaq istəyinə valideynlərinin verəcəyi reaksiyadan çəkinirmiş. Buna görə də, bu barədə ailəsinə işə başladıqdan sonra məlumat verir. Elyar qısa müddət ərzində peşəkar hərbçi kimi formalaşır, dəfələrlə fəxri fərman və təşəkkürnamələr ilə təltif olunur.
2020-ci ilin 27 sentyabrından başlayan İkinci Qarabağ müharibəsində Elyarın döyüş yolu cəbhənin Füzuli istiqamətindən başlayır. Təmsil etdiyi "Həmlə" taborunun tərkibində döyüşlərə qatılan Elyar elə ilk günlərdən xüsusi qəhrəmanlıqları ilə fərqlənir. O, müharibənin birinci günündə düşmənin illərlə möhkəmləndiyi "Ohanyan" xətti adlandırılan istehkamı keçib, bir neçə kəndin işğaldan azad edilməsində iştirak edir. Həmin vaxtlar ailəsi ilə də əlaqə saxlamağı da unutmur, onlara zəng vurub, ürək-dirək verir, hər şeyin yaxşı olacağını deyirdi. Füzuli, Cəbrayıl və Ağoğlan (Hadrut) istiqamətində gedən döyüşlərin fəal iştirakçısı olan Elyar pulemyotçu kimi işinin öhdəsindən peşəkarlıqla gəlir. O, dəfələrlə özünü təhlükəyə ataraq, döyüş anında atəş altında qalan yaralı yoldaşlarını qorxmadan, igidcəsinə xilas edib. Daim düşmənin hədəfində olan qəhrəman pulemyotçumuz oktyabrın 14-də səhər saatlarında Ağoğlan istiqamətində yerləşən Şaban dağının ətəklərində başlayan açıq döyüşdə snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Elyar oktyabrın 16-da Bahar qəsəbəsində uğrunda canını fəda etdiyi Vətən torpağına tapşırılıb.
Füzuli istiqaməti
Cəbrayıl istiqaməti
Şəhid məzarı
Elyar və komanda yoldaşları