Murad Şahin oğlu Quliyev (11 avqust 1998; Birinci Şahsevən, Beyləqan rayonu, Azərbaycan — 3 oktyabr 2020; Aşağı Seyidəhmədli, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Murad Quliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Birinci Şahsevən, Beyləqan rayonu, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Aşağı Seyidəhmədli, Füzuli rayonu, Azərbaycan |
Dəfn yeri | Birinci Şahsevən, Beyləqan rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Şahin Quliyev |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2016—2018 / 2020 |
Rütbəsi | Əsgər |
Vəzifəsi | atıcı |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri |
Murad Quliyev 11 avqust 1998-ci ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində Şahin Quliyevin ailəsində anadan olmuşdur.[1] 2004-2015-ci illərdə Əli Rüstəmov adına Beyləqan rayon Birinci Şahsevən kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi.
Murad Quliyev 2016-cı ilin oktyabrında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Bakı şəhərində yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Döyüş hazırlığı səviyyəsinin yüksək olmasına görə və hərbi xidmətdə fərqləndiyinə görə bir neçə dəfə fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir. 2018-ci ilin aprelində hərbi xidmətdən tərxis olunmuşdur və kənd təsərrüfatı ilə məşğul olaraq mülki fəaliyyətinə qayıtmışdır. 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Hərbi hissə təlimlərində və hərbi xidmətdə fərqləndiyinə görə bu zaman ərzində fəxri fərmanlarla təltif edilmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Murad Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində qumbaraatan olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Füzuli rayonunun Alxanlı kəndi istiqamətində keçirilən hərbi əməliyyatlarda fərqlənmişdir. Bir dəfə yaralansa da, yenidən hərbi əməliyyatlara davam etmişdir. Murad Quliyev 3 oktyabr 2020-ci ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Doğulduğu Beyləqan rayonunun Birinci Şahsevən kəndində dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Quliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]