Qalası Müslüm oğlu Kərimli (8 yanvar 2000; Muğan, Hacıqabul rayonu, Azərbaycan — 2 noyabr 2020; Daşaltı, Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Qalası Kərimli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Muğan, Hacıqabul rayonu, Azərbaycan |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Daşaltı, Şuşa rayonu, Azərbaycan |
Dəfn yeri | Muğan, Hacıqabul rayonu, Azərbaycan |
Dəfn tarixi | 20 aprel 2021 |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Müslüm Kərimli |
Anası | Anaxanım Kərimli |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2018—2019 / 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Zəngilanın azad edilməsi • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
Qalası Kərimli 8 yanvar 2000-ci ildə Hacıqabul rayonunun Muğan qəsəbəsində Müslüm və Anaxanım Kərimlilərin ailəsində anadan olmuşdur.[1] 2006-2017-ci illərdə Hacıqabul rayon Muğan qəsəbə tam orta məktəbdə təhsil almışdır. Subay idi.
Qalası Kərimli 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 2019-cu ilin iyul ayında hərbi xidmətini başa vurmuş və mülki fəaliyyətinə davam etmişdir.
2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Qalası Kərimli səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Qalası Kərimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Xocavənd rayonunun Tuğ kəndində və Hadrut qəsəbəsində keçirilən əməliyyatlarda fərqlənmişdir. Qalası Kərimli 2 noyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuş, itkin düşmüşdür.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalası Kərimli "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[2]
Onun nəşi 5 ay tapıla bilməmişdir. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur. Edilən intensiv axtarışlar və görülən zəruri tədbirlər nəticəsində Qalası Kərimlinin nəşi 20 aprel 2021-ci ildə tapılmışdır. Doğulduğu Hacıqabul rayonunun Muğan qəsəbəsində dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qalası Kərimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qalası Kərimli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Qalası Kərimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]