Namiq Natiq oğlu Quliyev (29 dekabr 1994; Bakı, Azərbaycan — 8 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Namiq Quliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Dəfn yeri | II Fəxri Xiyaban |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2016—2017 / 2020 |
Rütbəsi | Çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2020 2020 |
Namiq Quliyev 1994-cü il dekabrın 29-da Bakı şəhərində anadan olub.[1] Ailənin yeganə övladı idi. 1996-cı ildə — Namiq Quliyevin 2 yaşı olanda Quliyevlər ailəsi Moldovanın Kişinyov şəhərində yaşamağa başlayırlar. 2000-ci ildə Kişinyov şəhərində N. Qoqol adına Liseyin birinci sinfinə qəbul olan Namiq Quliyev, 2005-ci ilə qədər orada təhsil alıb. 2005-ci ildə Namiq Quliyevin anası Gülarə Quliyeva oğlunu məhz Azərbaycanlı ruhunda böyütmək istədiyindən, onunla birgə Moldovadan Azərbaycana qayıtmaq qərarına gəlir. Vətənə döndükdə ən böyük istəyi Azərbaycan dilini mükəmməl səviyyədə öyrənmək olan Namiq, qısa müddətdə buna nail olur. Namiq Quliyev təhsilini 2 nömrəli Texniki Humanitar Liseydə davam edib və 8-ci sinfə qədər burada təhsil alıb. 9-11-ci siniflərdə Zərifə Əliyeva adına Liseydə təhsil alıb və 2012-ci ildə məzun olub. 2012-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "Tətbiqi Riyaziyyat" fakultəsinə daxil olan Namiq Quliyev, 2016-cı ildə "Kompüter elmləri" ixtisası üzrə ali təhsilini başa vurub. Hərbi xidmətini başa vurduğdan sonra "Uber" və "Simbrella" firmalarında çalışıb. Subay idi.
Namiq Quliyev 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdə artilleriyaçı olub və çavuş rütbəsi alıb. Namiq Quliyev hərbi xidmət zamanı da fərqlənib. O, aztəminatlı ailədən olan və bu səbəbdən universitetə qəbul ola bilməyən əsgərin birinə 12 ay ərzində riyaziyyat fənnindən dərs verib. Nəticədə həmin əsgər hərbi xidmətini başa vurduğdan sonra ATU-ya qəbul oldu.
Azərbaycan Ordusunun çavuşu olan Namiq Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qanunlara əsasən, tək övladlara edilən mümkün güzəştlərin ona olunmaması üçün, ailəsində tək övlad oluğunu hər kəsdən gizlədir, könüllü olaraq ön cəbhədə vuruşur.
Namiq Quliyev noyabrın 8-də Hadrutun azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Quliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]