Samir Sabir oğlu Mikayıllı (1 yanvar 1993; Ağcabədi rayonu, Azərbaycan — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi.
Samir Mikayıllı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağcabədi rayonu, Azərbaycan |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Şuşa rayonu, Azərbaycan |
Dəfn yeri | Salmanbəyli kəndi,Ağcabədi rayonu |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2015—2020 |
Rütbəsi | Kapitan |
Döyüşlər |
Günnüt əməliyyatı İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
Samir Mikayıllı 1993-cü il yanvarın 1-də Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olub.[1] 1999-2007-ci illərdə Ə. Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbində, 2007-2010-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali hərbi Məktəbinə daxil olmuşdur. Həmin il seçim prosesinə qatılmış, bütün müsbət göstəricilərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin göstərişi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Kara Harp Okuluna (Quru Qoşunları üzrə Ali Hərbi Məktəb) daxil olmuş və 2014-cü ildə həmin məktəbi motoatıcı ixtisası üzrə üzrə bitirmişdir. Ona "leytenant" hərbi rütbəsi verilmişdir. 2014-cü ilin sentyabr ayından 2015-ci ilin aprel ayına qədər Türkiyə Respublikası Tuzla Piyada Məktəbində zabit ixtisas kursunu keçmişdir.
2015-ci ilin aprel ayının 3-dən iyul ayının sonunadək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində zabit ixtisas kursu keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təyinatı ilə xidməti vəzifəsini yerinə yetirmək üçün 2015-ci ilin avqust ayından 2015-ci ilin noyabr ayına qədər "N" saylı hərbi hissədə motoatıcı taqım komandiri, 2015-ci ilin noyabr ayından 2018-ci ilin oktyabr ayına qədər "N" saylı hərbi hissədə xüsusi təyinatlı kəşfiyyat qrup komandiri, 2018-ci ilin oktyabr ayından 2020-ci ilin sentyabr ayının 22-dək "N" saylı hərbi hissədə Qərargah və təchizat bölüyünün komandiri, 2020-ci ilin sentyabr ayından şəhid olduğu tarixədək "N" saylı hərbi hissədə Xüsusi Təyinatlı bölük komandiri vəzifəsində xidmət etmişdir.Samir Mikayıllı 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi.
2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında Azərbaycan və Ermənistan arasında Günnüt kəndi uğrunda döyüşlər baş verib.[2] Bu döyüşlər Azərbaycan-Ermənistan münaqişəsi tarixinə Günnüt əməliyyatı kimi yazılmışdır. Samir Mikayıllı bu zaman Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun təcrübəli zabiti idi və özü bu döyüşlərdə yaxından iştirak edirdi, döyüş tapşırıqlarını dəqiq yerinə yetirirdi. 7 gün davam edən bu döyüşlər və Əlahiddə Ümumqoşun Ordusunun əks-həmləsi nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı və Qaraqaya dağı azad olunub[3], Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun atəş nəzarəti altına keçib.[2]
Samir Mikayıllıya döyüşdə fərqlənməyinə görə 2018-ci ildə vaxtından əvvəl "baş leytenant" hərbi rütbəsi verilib.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Samir Mikayıllı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 2020-ci ilin oktyabr ayınnın 17-də Naxçıvan Xüsusi Təyinatlı Qüvvələri tərkibində İkinci Qarabağ müharibəsində iştirak üçün Qarabağa gəlmiş, 18 oktyabr 2020-ci ildən döyüşə başlamışdır. Füzuli, Qubadlı və Xocavənd rayonları ərazisində gedən döyüşlərdə rəşadət göstərmişdir. Şuşa şəhərinin alınması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Göstərdiyi igidliklərə görə komandanlıq tərəfindən vaxtından əvvəl 8 noyabr 2020-ci ildə "kapitan" hərbi rütbəsi verilmişdir. Daşaltı kəndi, Laçın koridoru ərazisində gedən döyüşlərdə igidlik göstərmişdir. Samir Mikayıllı noyabrın 9-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Ağcabədi rayonunun Salmanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. Həmin kənddə Samir Mikayıllı adına xatirəsinə park salınmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mikayıllı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mikayıllı ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Mikayılı ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Samir Mikayıllı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Samir Mikayıllı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Samir Mikayıllı ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[9]
Şəhid Samir Mikayıllıya məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.[10]